Məhkəmə qərarları › İş №2(103)-2655/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2655/2020

31.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2655/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X3, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X8, Cavabdeh2n nümayəndəsi Həbibli X16 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-7108/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli "İddiaçı X6 Mərkəzinin baş həkimi vəzifəsindən azad edilməsi barədə” əmrinin ləğv edilməsi və onun X6 Mərkəzinin baş həkimi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət X12 İdarə edilməsi Komitəsi ilə Azərbaycan Respublikası Dövlət X18 X13 rayon Tibb Mərkəzinin Baş həkimi vəzifəsinə təyin edilməsi barədə xx xxxx 2011-ci il tarixli 26 saylı əmək müqaviləsi bağlanmış, o, Azərbaycan Respublikası Dövlət X12 İdarə Edilməsi Komitəsinin xx xxxx 2011-ci il tarixli 610 saylı Qərarı ilə Azərbaycan Respublikası Dövlət X18 X13 rayon Tibb Mərkəzinin Baş həkimi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət X18 İnkişaf İdarəsi rəisinin xx xxxx 2011-ci il tarixli 114-K saylı əmri ilə Füzuli rayon Tibb Mərkəzinin Baş həkimi vəzifəsinə (17-ci dərəcə) təyinatı rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2011-ci il tarixli 428 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X14 balansında olan X2, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı diaqnostika mərkəzləri onlara aid daşınmaz və daşınar əmlaklarla birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansına verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Elsevər Ağayev tərəfindən imzalanmış xx xxxxxx 2012-ci il tarixli 2-K saylı əmrlə X6 Mərkəzinin Baş həkimi hesab edilmişdir. 2019-cu ilin oktyabr ayının 10-dək həmin vəzifədə çalışmış, işlədiyi müddət ərzində hər hansı intizam və inzibati cəza almamışdır. Tutduğu vəzifəni layiqincə yerinə yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx xxxxxxx 2019-cu il tarixli 94-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx xxxxxxx 2019-cu il tarixli 94-K saylı əmri qanunsuzdur. Ərizəni məcburi yazmış, xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə teleqramla müraciət edərək verdiyi ərizənin etibarsız sayılmasını xahiş etmişdir. Lakin xx xxxxxxx 2019-cu il tarixdə tutduğu vəzifəyə yeni şəxsin təyin edilməsini eşitmişdir. Cavabdehdən həmin əmrin etibarsız sayılmasını tələb etməsinə baxmayaraq, müraciətlərinin bir nəticəsi olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi onunla yazılı formada müddətsiz əmək müqaviləsi bağlamış, işəgötürən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardım İdarəsinin rəisi Gülmirzə Poladov tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək onun iradəsi əleyhinə əmək müqaviləsini ləğv etmə barədə ərizə yazdırılmışdır, o, xx.xx.2019-cu il tarixdə teleqramla yazdığı ərizədən imtina etməsi və ərizənin etibarsız sayılması barədə qabaqcadan işəgötürəni xəbərdar etmiş, lakin işəgötürən bir aylıq xəbərdarlıq müddətini gözləmədən, tutduğu həmin vəzifəyə yeni işçinin götürülməsi barədə ona rəsmi qaydada yazılı xəbərdarlıq etmədən, onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 7108/2019 saylı ilə iddia təmin olunmamışdır. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilən dəlillərlə eynilik təşkil edir. Cavabdeh2n tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə xx xxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən xx xxxxxx 2020-ci il tarixdən bir sıra tibb müəssisələri, o cümlədən X6 Mərkəzi Cavabdeh2n tabeliyinə keçmişdir. Bu səbəbdən Məhkəmə Kollegiyası tərəfindən Cavabdeh2 hazırki iş üzrə əlavə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun məzmuna uyğun izahat verib, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Səhiyyə Nazirliyinin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər cavabdehin nümayəndəsi də apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin faktiki halları ilə aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Dövlət X19 İdarə edilməsi Komitəsinin xx xxxx 2011-ci il tarixli, 610 №-li Qərarının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixli əmək müqaviləsi əsasında xx.xx.2011-ci il tarixdən Sosial X13 rayon Tibb Mərkəzinin Baş həkimi vəzifəsinə təyin edilməsi qərara alınmış, X14 xx xxxx 2011-ci il tarixli 114-K №-li əmri ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli 610 saylı qərarı ilə xx.xx.2011-ci il tarixdən Sosial X13 rayon Tibb Mərkəzinin baş həkimi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İddiaçı arasında xx xxxx 2011-ci il tarixdə bağlanan əmək müqaviləsindən (kontrakt) görünür ki, işçi İddiaçı Azərbaycan Respublikası Dövlət X18 X13 rayon Tibb Mərkəzinin Baş həkimi vəzifəsinə təyin edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tutduğu baş həkim vəzifəsindən azad edilməsini xahiş etmişdir. “İddiaçı X6 Mərkəzinin baş həkimi vəzifəsindən azad edilməsi haqqında” xx.xx.2019-cu il tarixli N94-K saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq X6 Mərkəzinin baş həkimi İddiaçı xx.xx.2019-cu il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının “X7 Mərkəzi” publik hüquqi şəxsin yaradılması barədə xx xxxxxx 2019-cu il tarixli 113 №-li Qərarının surətindən görünür ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.7.1-ci yarımbəndini, 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 aprel tarixli 16/1785,16/6044-10/08 nömrəli razılığını nəzərə alaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X6 Mərkəzi” əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “X6 Mərkəzi” publik hüquqi şəxsi yaradılmasını və X5 Mərkəzin direktoru təyin edilməsini qərara almışdır. İddiaçı hazırda vəzifədən azad edilməsi barədə əmrin ləğv edilməsini, vəzifəsinə bərpa olunmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2019-cu il tarixli 94-K saylı əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası müəyyən edilmişdir. Həmin maddəyə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (69.1). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (69.2). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur (69.4). İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir (69.5). Hazırki işdən göründüyü kimi qanunvericiliyin qeyd olunan normasının tələblərinə riayət edilməmişdir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə vəzifəsindən azad edilməsi barədə ərizə ilə müraciət etmiş, lakin həmin ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmişdir. Qanunverciliyin tələbinə əsasən belə olan halda işəgötürən tərəfindən xəbərdarlıq müddəti gözlənilməli idi. İşçinin xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürmək və ya onun etibarsız hesab edilməsi barədə yeni ərizə vermək hüququ olmuşdur, hansıki iddiaçı xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə teleqramla müraciət edərək, verdiyi ərizənin etibarsız sayılmasını xahiş etmiş, həmin teleqram xx.xx.2019-cu il tarixdə Həmidova soyadlı şəxs tərəfindən qəbul edilmişdir (iş.v.24). Lakin işəgötürən tərəfindən qeyd olunan normanın tələbləri gözlənilmədən xx.xx.2019-cu il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanaraq X6 Mərkəzinin baş həkimi İddiaçı xx.xx.2019-cu il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmiş, həmçinin işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etmədən xx.xx.2019-cu il tarixli əmrlə X9 xx.xx.2019-cu il tarixdən X6 Mərkəzinə baş həkim vəzifəsinə təyin etmişdir. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilən xüsusatlar məhkəmə kollegiyasına, iddiaçının dəlillərini inandırıcı hesab edərək, belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh təşkilat iddiaçını işdən azad etmək üçün qanunla tələb olunan şərtlərə əməl etməmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 113 №-li Qərarı ilə həmin vaxt nazirliyinin tabeçiliyində olan “X6 Mərkəzi”nin bazasında “X6 Mərkəzi” publik hüquqi şəxsi yaradılmış və səhiyyə nazirinin xx xxxxxxx 2019-cu il tarixli 95-K saylı əmri ilə Mərkəzin baş həkimi təyin olunmuş X1 direktoru təyin edilmşdir. xx xxxxxx 2020-ci il tarixdən isə Mərkəz TƏBİB-in tabeçiliyinə keçmişdir. Ona görə də qətnamə icra olunarkən göstərilən xüsusatlar nəzərə alınmaqla, qətnamənin icrası TƏBİB-ə aid edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, iddia təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli "İddiaçı X6 Mərkəzinin baş həkimi vəzifəsindən azad edilməsi barədə” əmri ləğv edilməli və iddiaçı X6 Mərkəzinin baş həkimi (hazırki direktor) vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı Cavabdeh2 publik hüquqi şəxsdən tutularaq onun xeyrinə odənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7108/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli "İddiaçı X6 Mərkəzinin baş həkimi vəzifəsindən azad edilməsi barədə” əmri ləğv edilsin, İddiaçı X6 Mərkəzinin (hazırki X6 Mərkəzi publik hüquqi şəxsin) baş həkimi (hazırki direktor) vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı Cavabdeh2 publik hüquqi şəxsdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar