Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2656/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Şirinov Ziya Allahverdi oğlu, Hakimlər: X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı “Xəzər Mənzil Servis” MMM-nin cavabdehlər İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı1, İddiaçı8, X2, İddiaçı3 və İddiaçı11 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Xəzər Mənzil Servis” MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddia tələbində qeyd olunan məbləğlərdə borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, yığılmış kommunal xidmət haqqı qismində cavabdehlər: İddiaçı1 216 manat, İddiaçı2 420.39 manat, İddiaçı8 345,33 manat, İddiaçı9 677,43 manat, İddiaçı3 837,76 manat, İddiaçı11 5102,4 manat, İddiaçı5 4985,51 manat, İddiaçı6 472,50 manat borcun tutularaq “Xəzər Mənzil Servis” MMM-ə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehlərdən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 10-1.4-cü, 10-1.5-ci və 10-1.8-ci maddələrinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. Bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İşdə olan elektron xəbərnamədən (İİİ cild, səh.398) görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi iddiaçının nümayəndəsi Nümayəndə elektron kabinetində xx.xx.2020-ci il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq, iddiaçı apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə poçt xidmətinə təqdim etmiş və şikayət rayon məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, apelyasiya şikayətinin qanunla müəyyən edilmiş bir aylıq müddət ötürüldükdən sonra verməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır. Odur ki, apelyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apelyasiya mümkün sayıla bilməz. Ona görə də, həmin apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 363.1.3-cü maddəsinə əsasən isə, apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “Xəzər Mənzil Servis” MMM tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2656/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2656/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver