Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2656/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2656/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa,məcburi işəburaxmaya görə kompensasiya tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 537/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi ,işə bərpa, məcburi işəburaxmaya görə kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli K-1208 saylı əmrinin ləğv edilməsi, İddiaçı Abşeron rayonu. Xırdalan şəhəri 10 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, ona xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işəburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 23.09 2021 -ci il tarixli K-1208 saylı əmri ilə, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri 10 nömrəli lam ona məktəbin direktoru vəzifəsindən xx.xx.2021-ci il tarixdən azad edilmişdir. Cavabdehin həmin əmri ləğv edilməsi, İddiaçı işlədiyi vəzifəyə bərpa olunması, xx.xx.2021 -ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməldir. Əmrin mətnində, yalnız iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd edilmişdir. Lakin, öhdəliklərin icra edilməməsinin məhz nə ilə ehtiva olunduğu əmrdə şərh edilməmişdir. İddiaçının işdən azad edilməsinə dair əmrdən göründüyü kimi, iddiaçı ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndində və 2-ci maddəsində nəzərdə tutulmuş əsaslar əmrdə qeyd olunmamış və əsaslandırılmamışdır. Göründüyü kimi, İddiaçı Faxrəl qızı, Abşeron rayonu, Xırdalan şəhər 10 nömrəli tam ona məktəbin direktoru vəzifəsinə bərpa olunmalı, ona xx.xx.2021-ci tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməlidir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli K-1208 saylı əmrinin ləğv edilməsi, İddiaçı Abşeron rayonu. Xırdalan şəhəri 10 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, ona xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işəburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 537/2025 saylı qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilməmişdir
4. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 42.1, 43.1, 44, 68, 69.3, 70-ci maddəsinin “Ç” bəndi, 71.2, 71.3, 72, 80.1, 186, 187 və 311-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmrin mətnində yalnız iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd edilmişdir. Lakin öhdəliklərin icra edilməməsinin məhz nədə ehtiva olunduğu əmrdə şərh edilməmişdir. İddiaçı tərəfindən Xırdalan şəhər 10 nömrəli orta məktəbin direktoru olarkən, onun tərəfindən texniki işçilərin işdə olmaması, sağlamlıq imkanı məhdud şagirdlərin tədris prosesinin qanunvericilikdə nəzərdət utulan qaydada keçirilməməsi, dərnəklərin və dərsdənkənar məşğələlərin təşkil edilməməsi və s. kimi nöqsanlara yol verilməsi halları sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən “Elektron məhkəmə” portalı vasitəsilə iş materiallarına çoxsaylı sənədlər yüklənmiş, lakin həmin sənədlər iddiaçının direktor işlədiyi 10 saylı məktəbə deyil, Abşeron rayonunda yerləşən digər məktəblərə aid olmuşdur. İddiaçının göstərilən nöqsanlara yol verdiyinə dair bir mötəbər sübut belə iş materiallarında yoxdur.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışı zamanı İddiaçı verilmiş apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi (əmək müqaviləsinə xitam verildiyi vaxt qüvvədə olan redaksiyada)
11. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.
12. Maddə 7.2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.
13. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
14. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
15. Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
16. Maddə 44.1. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır.
17. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
18. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər.
19. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
20. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
21. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
22. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
23. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
24. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
25. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
26. Maddə 311. İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
34. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işə ilk növbədə tətbiq edilməli olan maddi hüquq normasını düzgün seçməmişdir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
36. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmadan birbaşa iddianın əsaslılığına mahiyyəti üzrə qiymət verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.
37. Belə ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
38. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsinin aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır.
39. Hazırki iş üzrə isə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi yekun məhkəmə aktı çıxarılan zaman həmin ərizəyə, ümumiyyətlə, münasibət bildirməmiş, işə sırf mahiyyəti üzrə baxaraq iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Buna görə də qanunvericiliyin tələblərinə əsasən kollegiya ilk növbədə iddia müddəti ötürülməsi ilə bağlı məsələyə münasibət bildirməyi zəruri hesab edir.
40. Qeyd olunduğu kimi Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçı hüququnun pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 1 aydan az müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran və ya müddət ötürülmüşdürsə, bunu üzrlü hesab etməyə əsas verən hallar mövcud olmuşdurmu?
41. İş materiallarında olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, K-1208 saylı əmrdən aydın olur ki, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə,əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 23 sentyabr 2021-ci il tarixdən ləğv edilməsi barədə göstəriş vermişdir. xx.xx.2021-ci il tarixli əmr ilə İddiaçı Faxvət qızı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.
42. Məhkəmə ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsini müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
43. Kollegiya ilk növbədə birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqinə dair ərizəyə yalnız iddianın əsaslı olduğu zaman münasibət bildirilməsinə dair mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Əmək Məcəlləsinin 296.6-cı maddəsinin məzmunundan da göründüyü kimi işçinin hüququnun pozulduğunu, yəni indiki halda onunla bağlanılan əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsini bilməsi üçün heç də iddia tələbinin əsaslı olub-olmaması ilə şərtləndirilməmişdir. Çünki cavabdeh tərəfindən təqdim olunan iddia müddətinin tətbiqinə dair ərizənin hazırda mövcudluğu artıq kifayət edir ki, məhkəmə ilk növbədə qeyd olunan əsasla iddia tələbinə müvafiq qaydada qiymət versin.
44. İşin mübahisəsiz halıdır ki, iddiaçı artıq 3 ilə yaxındır ki, hazırda bərpa olunmasını xahiş etdiyi vəzifədə çalışmır və şəxsin bu qədər uzun müddətdə bunun səbəbini bilməməsi mümkünsüzdür. Bu isə o deməkdir ki, iddiaçının nəinki 1 ay, çox uzun müddət öncə Məcəllə ilə təsbit olunmuş hüququnun pozulduğunu aşkar etmək imkanı olmuş, həmin vaxtdan etibarən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır.
45. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırki iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, beləliklə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır.
46. Beləliklə, kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət olunma ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən və bunun üzrlü hesab olunmasına dair hər hansı əsas mövcud olmadığından iddia tələbi onun mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq rədd edilməli, apelyasiya şikayəti qalan hissələrdə təmin edilməməlidir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
48. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 537/2025 saylı ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev