Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2657/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxslər qismində Maraqlı şəxs1və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə) işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“hüquqi faktın müəyyən edilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, ərizəçinin və maraqlı şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər qismində Maraqlı şəxs1və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə) “hüquqi faktın təsdiq edilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1874/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, o, 1986-cı il tarixdən 1996-cı il tarixədək "Bakı Çinar” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində işlədiyi və 1997-ci ildən 2001-ci ilədək "Elvin” firmasının direktoru işlədiyi dövrün faktın təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1874/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (Mülki Prosessual Məcəllənin 305.1.1, 307.2.11, 308, 310, 311-ci maddələrinə; "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 13.2, 13.3, 13.4-bəndlərinə istinadən) Ərizəçi (maraqlı şəxslər qismində Maraqlı şəxs1və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə) əmək stajının bərpa edilməsi tələbinə dair ərizəsi rədd edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, ərizəçi 1986-cı il tarixdən 1996-cı il tarixədək "Bakı Çinar” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində işləməsi iddia etsə də, onun əmək kitabçasında bu barədə heç bir qeydiyyat aparılmamışdır. "Bakı Çinar Soyuducuları” ASC tərəfindən verilmiş arayışında göstərilən Ərizəçi əmək haqqının ümumi məbləğ 1990-cı il tarixdən 1993-cü il tarixədək 73799,38 manat ödənilməsi ilə bağlı isə, həmin dövrdə ərizəçinin "Bakı Çinar” İB-nin Həmkarlar İttifaqı Komitəsində işləməsi barədə təsdiqedici arayışın mövcudluğu halında əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bu hüquqi əsaslandırma ərizəçinin 1997-ci ildən 2001-ci ilədək "Elvin” firmasının direktoru işləməsi faktının müəyyən edilməsi tələbinə də aiddir, qanunvericiliyin tələbinə görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırkı vəziyyətdə ərizəçi qeyd olunan dövrlərdə "Bakı Çinar” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini və "Elvin” firmasının direktoru işləməsi vəzifəsində işləməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini və bu faktın yalnız məhkəmə qaydasında müəyyən edilməli olmasını sübuta yetirə bilməmişdir. Halbuki MPM-in 310-cu maddəsinə görə ərizəçi lazımi sənədləri ala bilməməsinə, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünə dair sübutlar təqdim etməlidir. 3.İşin icraatı zamanı aşağıdakı sübutlar təqdim (məhkəmə tərəfindən təmin) edilmişdir: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, dövlət reyetsrində Ərizəçi təsisçisi olduğu "Elvin” Firmasının xx.xx.1997-ci il tarixdə 220 nömrə ilə dövlət qeydiyyatından keçməsi, hüquqi ünvanının AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, X17 küçəsi, ev 1V, mənzil 51, rəhbərinin X11 və fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Firmanın arxiv sənədlərində Ərizəçi rəhbər təyin olunmasına dair hər hansı sənəd mövcud deyildir; Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunun surətinə əsasən, X2 İttifaqı Respublika Komitəsi ləğv olunduqdan sonra onlara aid olan sənədlər AHİK-in arxivinə təhvil verilməmişdir. Məsələ ilə bağlı Respublika Dövlət Arxivinə müraciət etməyi tövsiyə edilmişdir; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunun surətinə əsasən, Bakı Elektrik Məişət X1 Həmkarlar Komitəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir; - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, X2 İttifaqı Respublika Komitəsinin, o cümlədən onun üzv təşkilatı olan Bakı Elektrik Məişət X1 həmkarlar ittifaqı komitəsinə aid olan sənədlər AHİK-in arxivinə təhvil verilməmişdir; - Əmək kitabçasının surətinə əsasən, Ərizəçi xx.xx.1972-ci il tarixdə kolxozlar arası tikinti idarəsinə 3-cü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş və xx.xx.1972-ci il tarixdə ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1973-cü il tarixdə kolxozlar arası tikinti idarəsinə ikinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş və xx.xx.1973- cü il tarixdə ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1973-cü il tarixdə işə qəbul edilmiş və xx.xx.1975-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1977-ci il tarixdə işə qəbul edilmiş və xx.xx.1986-cı il tarixdə işdən azad edilmiş, xx.xx.1986-cı il tarixdə işə qəbul edilmiş və xx.xx.1986-cı il tarixdə işdən azad edilmiş, xx.xx.1986-cı il tarixdə sədr müavini vəzifəsinə qəbul edilmişdir; - Azərbaycan Respublikası Müdafiə X7 İttifaqının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, Azərbaycan Respublikasının Hərbi Sənaye Kompleksinin inkişaf etdirilməsi məqsədi ilə ölkə Prezidentinin 16 dekabr 2005-ci il tarixli fərmanına əsasən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilərək onun bazasında Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Respublika Prezidentinin digər fərmanları ilə bir sıra müəssisələr Nazirliyin tabeliyinə verilərək, onun strukturu təsdiq edilmişdir. Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan zavod və müəssisələrdə çalışan işçilərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəçiləri olan ilk həmkarlar ittifaqı təşkilatlan 2007-ci ildə 4 müxtəlif X9 tərkibində fəaliyyət göstərirdi. Nəzərə alınmalıdır ki, 2007-ci ildə yenidən formalaşan Müdafiə X7 İttifaqı cəmi 2 üzv təşkilatla "Alov” zavodu və “Dalğa" X10 X3 ilə təmsil olunurdu. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Müdafiə X5 X8 07 aprel 1992-ci il tarixində dövlət qeydiyyatına (Şəhadətnamə №174) alınmışdır. 2007-ci il ərzində 14 ilk həmkarlar ittifaqı təşkilatı digər Həmkarlar İttifaqlarından çıxaraq Müdafiə X7 İttifaqına üzv qəbul edilmişdir. Belə ki, 12 təşkilat X14 İttifaqı Federasiyasından, 1 təşkilat Milli Elmlər Akademiyası X15 İttifaqından və 1 təşkilat X16 Həmkarlar İttifaqından üzv qəbul edilmişdir. Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində 10 yeni yaradılmış birlik, idarə və müəssisədə X3nın təsis yığıncaqları keçirilərək Həmkarlar İttifaqına üzv qəbul olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, 10 yanvar 2008-ci ildə Müdafiə X7 İttifaqının İ Qurultayı keçirilmişdir. Qurultayda digər məsələlərlə yanaşı İttifaqın 26 təşkilatdan ibarət strukturu və tam yeni redaksiyada Nizamnaməsi təsdiq edilmişdir (23 aprel 2008-ci il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır). Bildirilmişdir ki, sorğuda göstərilən Bakı Elektrik Məişət X1 Həmkarlar Komitəsi 2007-ci ildə yenidən formalaşan Azərbaycan Respublikası Müdafiə X7 İttifaqının strukturuna daxil edilməmişdir; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, Ərizəçi Bakı Soyuducuları Zavodunda Həmkarlar İttifaqı komitəsində işlədiyi dövrlərdə ona əmək haqqının hesablanması cədvəllərində məhsulun xaricə eksport edilməsi, planın yerinə yetirilməsi və digər səbəblərə görə mükafatlar hesablanıb ödənilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2022-ci il tarixli 83 saylı Sərəncamı ilə Bakı Soyuducular Zavodu "xxxx" ASC-yə çevrilmişdir; - "Bakı Çinar Soyuducuları” ASC tərəfindən verilmiş arayışa əsasən, Ərizəçi əmək haqqının ümumi məbləğ 1990-cı il tarixdən 1993-cü il tarixədək 73799,38 manat təşkil edir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, "Elvin” firmasının (VÖEN: **********) nizamnaməsinə əsasən dövlət qeydiyyatına alındığı xx.xx.1997-ci il tarixdən rəhbəri Ərizəçidur. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 4.Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 1874/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, şikayətdə göstərdiyi onunla birlikdə işləyən şahidləri AR MPM-də nəzərdə tutulmuş qaydada izahatlarını dinləyərək, ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125; Mülki Prosessual Məcəllənin 106.1, 385.1.4cü maddələrinə istinadən qeyd edilmişdir ki, o, uzun müddət "xxxx" İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. Pensiya yaşına çatdığına görə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 üzrə Mərkəzi Filialır müraciət edərək ona pensiya təyin edilməsini xahiş etmiş, lakin müraciətimə məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” AR qanunun tələblərinə görə müəyyən olunmuş əmək stajının təsdiq edilməsinə dair sənədlər təqdim edilməlidir. Bundan sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından həmin Konfederasiyada işlədiyinin təsdiq edilməsi barədə arayış verilməsin xahiş etmişdir. Oradan məktubla bildirilmişdir ki, Konfederasiya həmin illər üzrə sənədləri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verdiyi üçün ora müraciət etməlidir. Milli Arxiv İdarəsinin Bakı filialı isə məktubla bildirmişdir ki, işlədiyi dövr üzrə sənədlər məlum olmayan səbəblərdən itirilmiş və bərpa edilməsi qeyri-mümkündür. Pensiya yaşına çatsa da, əmək kitabçasını itirdiyinə görə əmək stajını bərpa edə bilmədiyi üçün ərizə ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir, məhkəmə İqtisadiyyat Nazirliyi yanırıda Dövlət Vergi Xidmətini işə cəlb edərək bir neçə dəfə məhkəmə iclasında araşdırma aparmışdır. Məhkəmə iclasında "xxxx" İB-nin Həmkarlar İttifaq Komitəsinin sədr müavini vəzifəsində işlədiyini onunla birlikdə fəaliyyət göstərən şəxslərin şahid qismində dindirilməsini xahiş etmiş və həmin şəxslərin dəhlizdə gözlədiklərini qeyd etmiş, eyni zamanda bildirmişdir ki, əvvələr 1997-ci ilin noyabr ayından "xxxx" firmasının təsisçisi və direktoru vəzifəsində də fəaliyyət göstərmişdir. Məhkəmə, şahidlərin dindirilməsinə ehtiyac olmadığını və lazımi idarələrə sorğular verib, cavablar aldığını demişdir. Eyni zamanda ona izah etmişdir ki, əmək stajının bərpa edilməsinin çıxış yolu yalnız sorğulara verilən cavabları əlavə etməklə ərizə ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilsə əmək stajı bərpa ediləcəkdir. Məhkəmə, qətnamə qəbu edərkən AR MPM-nin tələblərinə, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarix S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarına əhəmiyyət verməmişdir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında göstərilmişdir ki, prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); - həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); - hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur. Hesab edir ki, məhkəmə, ərizəni qanunda nəzərdə tutulmuş qaydada araşdırmamış və həqiqətin müəyyən edilməsini təmin etməmişdir, ərizədə göstərilən faktlar və iş materiallarına əlavə edilən sənədlər işin hallarına uyğun olmadığına görə həmin qətnamə qanuni və əsasslı sayıla bilməz. Məhkəmə heç bir əsas olmadan onun tərəfindən təqdim edilən şahidləri dinləmədən əsassız nəticəyə gəlmişdir. İş materiallarında görünür ki, onun əmək kitabçası itdiyinə və işlədiyi müəssisədən onun bərpa edilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət edərək bildirmişdir ki, onunla fəaliyyət göstərən şəxslərin əksər hissəsi hal-hazırda həmin müəssisədə işləyirlər və onlar həqiqətəndə uzun müddət birlikdə işlədiklərini təsdiq edə bilərlər. Lakin, məhkəmə təqdim edəcəyi şəxsləri şahid kimi didirmədən qanunsuz və əsassız nəticəyə gəlmişdir. O, "xxxx" İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. Fəaliyyət göstərdiyi otağın dəhlizinin digər hissəsində müəssisənin hüquq şöbəsinin hüquqşünaslarının otağı yerləşirdi. Həmin hüquqşünaslardan 3 (üç) nəfəri sonradan hakim vəzifəsində işləmişlər və hal-hazırda pensiyaya çıxmışlar. Onlardan Nərimanov rayon məhkəməsinin keçmiş hakimi Yunus Vəliyev, Sabunçu sonradan Nizami rayon məhkəməsinin hakimi Fikrət Mirzəyev, Kürdəmir rayon məhkəməsinin hakimi Rafiq Bağırov, Vəkillər Göllegiyasının keçmiş üzvü Hidayət Süleymanov, Həmkarlar Komitəsinin sədri Kamal İdayətov, zavodun digər işçisi İlyas Sadıxov və Elxan Baxşəliyev uzun müddət onlarla birlikdə işlədiyini təsdiq edə bilərlər. Bundan başqa həmin müəssisədə 3000 (üç min) nəfər şəxs Həmkarlar Təşkilatının üzvü olmuşdur və onlardan da, bir çoxu ilə əlaqəsi vardır. Göstərilən şəxslərin Əmək kitabçaları var və əvvələr həmin müəssisədə işlədikləri təsdiq oluna bilər. Məhkəmə iş üzrə əhəmiyyətli olan halların təsdiq edilməsi üçün lazımi şahidlərin dindirilməsinə şərait yaratmamışdır. Məhkəmə zamanı şahidlərin dəhlizdə gözlədiyini bildirərək, onların dindirilməsini xahiş etmiş, lakin məhkəmə ehtiyac olduqda onları dəvət edəcəyini bildirmişdir. Sonuncu məhkəmə iclasında isə şahidlərin gəlib-gəlmədiyini soruşmuş və o, şahidlərin gəlməsinə dair əvvəlcədən məlumat verilmədiyinə görə gəlmədiklərini demişdir. Göndərilmiş sorğulara cavab olaraq müvafiq qurumlardan gələn cavab məktublarına hüquqi qiymət verilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iştirak edən ərizəçi apellyasiya şikayəti ilə eyni məzmunda izahat vermiş, iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədinin pensiya almaq üçün əmək stajının bərpa edilməsi olduğunu bildirmiş, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını maraqlı şəxs kimi qoymasına səbəb kimi Həmkarlar İttifaqları Konfederasiyasının işçisi olduğunu göstərmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə şifahi formada müraciət etdiyini, hər hansı rəsmi cavab almadığını, ona əmək stajının məhkəmə yolu ilə bərpa edilməli olunduğunun şifahi şəkildə bildirildiyini qeyd etmişdir. Müvafiq sənədləri əldə etmək üçün müxtəlif qurumlara müraciət etsə də, müsbət nəticə əldə etmədiyini əlavə etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Nümayəndə2 ərizəçinin Həmkarlar İttifaqı Konfederasiyasının işçisi olmadığını, “Çinar” İB-nin sərbəst, azad komitə olduğunu və komitə ləğv edildikdən sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının arxivinə heç bir sənəd təqdim edilmədiyini bildirmişdir. 7.Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2. 77.1, 78.1, 88, 217, 307-310, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, mülki icraat (hüquqi faktın təsdiqi) qaydasında və ərizənin tələb üzrə sübuta yetirilməyən dəlillərinə münasibətdə mahiyyəti üzrə ziddiyyətlərin mövcudluğu xüsusi olaraq diqqətə çatdırılmalıdır. Qeyd edilməlidir ki, qanunvericiliklə müəyyən edilmiş halların mümkün olmadığının sübutetmə yükü ərizəçiyə mənsub olduğu halda sübut etməyə və sübutların təmin edilməsi qaydasında müraciətlər etmədən, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasın və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin maraqlı şəxslər kimi qeyd etməklə birbaşa məhkəmə müraciət etmişdir. Halbuki işin birinci insansiya məhkəməsində araşdırılmış hallarından görünür ki, ərizəçi məhkəməyə müraciət etməzdən və məhkəmə icraatı zamanı müəyyən sübutlar əldə etmiş, bu sübutları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna təqdim etməmişdir. Diqqətə çatdırılmalıdır ki, müvafiq icra hakimiyyəti səlahiyyətləri (inzibati icraat) həddində şəxsin stajının müəyyən edilməsi müvafiq araşdırma vəzifələrinə sahibdir. Belə ki, iş üzrə təqdim edilmiş bəzi sübutlardan ərizəçinin ərz (iddia) etdiyi məsələlər istisna edilmir, lakin buna müvafiq icra hakimiyyəti öz səlahiyyəti çərçivəsində qiymət vermədən və müvafiq olaraq sonuncu tərəfindən faktların müəyyən edilməsi mümkünsüzlüyü müəyyən edilmədən birbaşa məhkəmənin mahiyyəti üzrə qiymət verməsi səlahiyyətdən kənardır. 10.Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 11.Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilən müddəaların nəzərdən keçirilməsini və diqqətə çatdırılmasını kollegiya zəruri hesab edir: «…13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.14. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər.» 12.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 iyun 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər.Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); - həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); - hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur. 13.Qanuvericilikdən (dispozitiv imkan və diskression səlahiyyətlərdən) sui-istifadə və buna şərait yaradan hallarının mümkünlüyü məhkəmə icraatının nəticəsi üzrə istisna edilməlidir. Hazırki halda ərizəçinin faktın müəyyən edilməsi məqsədi pensiya təminatı olmuş və bu məqsədinə müvafiq faktların başqa qaydada təsdiqini müəyyən edən sübutlar təqdim edilmədiyindən, o cümlədən sübutların təmin edilməsi və inzibati icraat qaydasında qaydasında müvafiq müraciətlər etmədən məhkəməyə hüquqi faktın təsdiqi növündə mülki icraatın mümkünlüyünə və müraciətin təmin edilməsinə əsaslar yaratmır. 14.Apellyasiya şikayəti əsasız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir. 15.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ : Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1874/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2657/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2657/2024
13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver