Məhkəmə qərarları › İş №2(103)-2658/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2658/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2658/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Ərizəçi və ərizəçilərin nümayəndəsi (vəkili) Alışov Rafiq Talış oğlunun, Maraqlı şəxs3 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi, İddiaçı1 Əli oğlunun, İddiaçı2, İddiaçı3 (maraqlı şəxs qismində cəlb olunan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsi,Maraqlı şəxs1 və Maraqlı şəxs3) qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizəyə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-341/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi və qeyriləri (maraqlı şəxs qismində cəlb olunan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsi,Maraqlı şəxs1 və Maraqlı şəxs3) qarşı qohumluq faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 tərəfindən tərtib olunmuş xx.xx.1967-ci il tarixli, 1875 nömrəli ölüm haqqında akt qeydinə əsasən vəfat etmiş X1 babaları olması, yəni xx.xx.1996-cı ildə vəfat etmiş ataları (Mən İddiaçı3 mərhum X2 atası) Səli Nəhmət oğlunun doğumu haqqında arxiv arayışında ata qarafasında adı yazılmış Nəhmət İsmayıl oğlu olmasının müəyyən edilməsi, Maraqlı şəxs1 tərəfindən tərtib olunmuş xx.xx.1967-ci il tarixli, 1875 nömrəli ölüm haqqında akt qeydinə əsasən vəfat etmiş X1, xx.xx.2005-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 nömrəli Bakı Ərazi İdarəsinin məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu Qədirli küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinin payçısı kimi qeyd edilmiş Naxmet İsmayıl oğlu olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-341/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) ərizə təmin olunmamışdır. Ərizəçilər qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellasiya şikayəti xüsusi icraat qaydasında verilmiş ərizədə göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması və s. göstərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı2 və ərizəçilərin nümayənəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişlər ki, hazırki vəziyyətdə maraqlı şəxslər arasında mirasla bağlı mübahisə vardır. Aralarında məhkəmə mübahisələri də olmuşdur. Eyni zamanda, ərizəçilər analoji məsələ (hazırki ərizədə göstərilən faktla bağlı) ilə bağlı inzibati orqanının hərəkətindən inzibati məhkəməyə də müraciət etmişlər. Ərizənin baxılmamış saxlanmasına münasibətdə isə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu, ərizəçilərin faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmədiklərindən şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda ərizəçilərlə hüquqlarını müdafiə etdiyi maraqlı şəxs arasında mirasla bağlı mübahisə vardır. Aralarında məhkəmə çəkişmələri də gedir. Hesab edir ki, ərizəçilər xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında məhkəməyə müraciət etməli idilər. Bu səbəbdən də ərizənin baxılmamış saxlanması məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, məruzəni və izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv olunmalı, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.1-ci və 307.2.1-ci maddələrinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinin tələbinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Mülki iş materiallarına əsasən baxılan iş üzrə ərizəçilər qeyd olunan faktın müəyyən edilməsi üçün müraciət etsələr də, Maraqlı şəxs3 ərizənin təmin olunmasına etiraz edərək ərizəçilərin mübahisəli mirasa dair vərəsə olmadıqlarını və onların miras qoyan Əhməd İsmayıl oğlunun vərəsəsi olmasını və onunla hər-hansı qohumluq münasibətdə olduğunu təsdiq edən sənədlərlərin məhkəməyə təqdim olunmadığını bildirmişdir. Bununla da iddia edilən hüququn ərizəçilərə məxsus olması barədə proses iştirakçıları arasında fikir ayrılığının olduğu müəyyən olunmuşdur. Beləliklə, aydın olur ki, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların ərizəçilərə də məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı mövcuddur. Eyni zamanda tərəflər arasında analoji məsələlərlə bağlı (miras və s.) məhkəmə çəkişmələri də mövcuddur. Dolayısı ilə hazırki xüsusi icraat çəkçivəsində ərizənin verilməsi də məhz tərəflər arasında mirasla (daşınmaz əmlaka vərəsəlik hüquqları və s.) bağlı hüquqi mübahisənin tərkib hissəsidir. Qeyd edilməlidir ki, hüquqların mübahisələndirilməsi maddi hüquq münasibətlərinin iştirakçıları arasında onların hüquq və vəzifələri, bu hüquq və vəzifələrin həjmi və s. barədə yaranan fikir ayrılığında ifadə olunur (nəzərə alınmalıdır ki, hüquq haqqında mübahisə xüsusi icraat qaydasında baxılan iş çərçivəsində həll edilə bilmir). Belə olan halda isə, MPM-in 259.0.10-ci maddəsinin tələbinə uyğun olaraq ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır. Həmin maddəyə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılmalıdır. «Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Birinci instansiya məhkəməsi isə, prosessual nomaların tələblərini tam yoxlamadan işə mahiyyəti üzrə baxaraq, ərizənin rədd olunması barədə qənaətini belə əsaslandırmışdır ki, ərizəçilər tələblərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, birinci instansiya məhkəməsindəki icraat zamanı proses iştirakçıları arasında hüquq haqqında mübahisənin olduğu aşkar olmuşdur. Məhkəmə isə belə olan halda ərizəçilərə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarını izah etməklə, prosessual qanunvericiliyin tələbləri baxımından ərizəni baxılmamış saxlamalı idi. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.8-ci və 387.3-cü maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. MPM-in 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. İzah edilməlidir ki, ərizəçilər qanunvericiliyin tələblərinə tam riayət etdikdən sonra, ümumi əsaslarla iddia verməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi, İddiaçı1 Əli oğlunun, İddiaçı2, İddiaçı3 (maraqlı şəxs qismində cəlb olunan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsi,Maraqlı şəxs1 və Maraqlı şəxs3) qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizəyə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-341/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-341/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin, ərizə baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar