Məhkəmə qərarları › İş №2(103)-2658/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2658/2024

14.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2658/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5337/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli, 219/K nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə (təssərrüfat işləri üzrə mütəxəssis) bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1984-cü ildən 1994-cü ilədək keçmiş Qırmızı Oktyabr adına Sovxozda aqronom və s. vəzifələrdə işləmiş, 20 iyun 2002- ci il tarixdən 13 iyun 2023-cü il tarixədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif idarələrində faziləsiz olaraq 21 il işləmişdir. Sonuncu iş yeri cavabdeh Xidmətdə olmuşdur ki, o, həmin idarədə təsərrüfat işləri üzrə aparıcı mütəxəssis vəzifəsində işləmişdir. 16 fevral 2023-cü il tarixdə ona müraciət edilərək, bildirilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Mərkəzinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə etdilməsini daha da təkmilləşdirmək məqsədilə struktur dəyişiklikləri aparılacaq və mərkəzin yeni ştat cədvəlinə əsasən tutduğu vəzifə əmək qanunvericiliyinə əsasən ləğv ediləcək və bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. 13 iyun 2023-cü il tarixli, 219/K nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, 21 il fasiləsiz olaraq işlədiyi yerdə ixtisar olunmağının səbəbi əsaslandırılmamışdır. Belə ki, məlum ixtisardan sonra cavabdeh təşkilatda ştat sayı azaldılmamış, əksinə artırılmışdır. Hal-hazırda isə xeyli sayda vakant vəzifə vardır. Həmin vəzifələr isə məhz onun bugünə qədər orada işlədiyi əmək funksiyalarına uyğundur. Cavabdeh qurum onu ixtisar edərək heç bir təcrübəsi olmayan işçiləri işə qəbul edir. İşəgötürənin işçilərin sayını ixtisar etmək hüququndan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. İxtisarın aparılmasının zəruriliyi əsaslandırılmalıdır. İşçilərin ixtisarı barədə qərar qəbul edilməsi üçün fəaliyyətin analizi aparılır, müzakirə olunur və bundan sonra hansı işçilərin ixtisar olunmasına zərurət olduğu müəyyən edilir, müzakirə olunur və qərar verilir. Lakin, iddiaçının ixtisar olunma məsələri üzrə cavabdeh qurumda, o cümlədən Həmkarlar təşkilatında hər hansı müzakirə yaxud aşadırmanın aparılması barədə ona məlumat verilməmişdir. Həmkarlar təşkilatının razılığı olmadan, müvafiq qərar qəbul edilmədən struktur dəyişikliyi ilə əlaqədar olaraq hər hansı bir işçinin işdən çıxarılmasına yol verilmir. Həmkarlar ittifaqının razılığı olsa belə, iddiaçının məlumatı olmamış, iclasda onun iştirakı təmin olunmamışdır.

2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-586/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 70, 71, 77, 78, 80; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində işçilərin sayının və ştatların ixtisarının səbəbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 975 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək tapşırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 140/Ü saylı əmrə əsasən Azərbaycan Respublikasl Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin funksional tabeliyində fəaliyyət göstərən X3 Mərkəzinin yeni strukturu təsdiq edilərək, Mərkəzin işçilərinin sayı 38 ştat vahidi müəyyən edilmişdir. Məhkəmə cavabdeh tərəfindən işçilərin sayının və ştatların ixtisar edilməsi prosesinin əmək qanunvericiliyinin tələblərinə uyğunluğu ilə bağlı qeyd edir ki, aparılmış struktur dəyişikliyi nəticəsində ştat cədvəli üzrə 47 işçi sayı olan Xidmətin strukturu dəyişdikdən sonra işçilərin sayı 38-ə endirilmişdir. Bununla bağlı iddiaçıya 16 fevral 2023-cü il tarixli məktubla iddiaçıya xəbərdarlıq edilmiş, həmin məktubla iddiaçı tanış olaraq bildirişə imza etmişdir. Eyni zamanda X3 Mərkəzinin strukturunun təkmilləşdirilməsi ilə bağlı Nazirliyin xx.xx.2023-cü il tarixli, 140/Ü nömrəli əmrinə əsasən nəzərdə tutulmuş tədbirlərin görülməsinə dair işçilərlə birgə keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 16 fevral 2023-cü il tarixli iclası keçirilmiş, iclasda 41 nəfər, o cümlədən həmçinin İddiaçı iştirak etmişdir. Həmin iclasda Mərkəzin bütün işçilərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən rəsmi qaydada xəbərdarlıqlar paylanmasının tövsiyyə edilməsi qərara alınmış, qərarın leyhinə 41 nəfər (yəni bütün iştirakçılar) səs vermişlər. Həmçinin Meşə xəstəlik və zərərvericiləri ilə mübarizə vəzifəsi üzrə 09 iyun 2023-cü il tarixli imtahan hesabatından görünür ki, iddiaçı həmin vəzifə üzrə imtahanda keçid nisbəti 66 faiz olduğu halda 26,7 faizlik nəticə göstərərək, imtahandan keçməmişdir. İddiaçı 01 noyabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X3 Mərkəzinə (X6 qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətə) təsərrüfat işləri üzrə aparıcı mütəxəssis vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. Göründüyü cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququndan istifadə edərək, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırdığı halda, iddiaçı bunun əksini təsdiq edən dəlillər təqdim edə bilməmişdir.Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini rəhbər tutub, habelə bu tələblərə uyğun aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, belə qənaətə gəlir ki, iddia tələbi 13 iyun 2023-cü il tarixli, 219/K nömrəli əmrin ləğv edilməsi hissəsində əsassızdır və bu səbəbdən rədd edilməlidir. Məhkəmə, iddia üzrə "əmrin ləğv edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia üzrə "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələblərinin törəmə tələb olduğunu və bu tələblərin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" tələbinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia üzrə "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbləri də əsassızdır və bu səbəbdən rədd edilməlidir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01 noyabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X3 Mərkəzinə (X6 qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətə) təsərrüfat işləri üzrə aparıcı mütəxəssis vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir; - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 140/Ü saylı əmrdə göstərilmişdir ki, “Azərbaycan Respublikasl Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin funksional tabeliyində fəaliyyət göstərən X3 Mərkəzinin yeni strukturu təsdiq edilsin. Mərkəzin işçilərinin sayı 38 ştat vahidi müəyyən edilsin...”; - X3 Mərkəzinin strukturunun təkmilləşdirilməsi ilə bağlı işçilərlə birgə keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 16 fevral 2023-cü il tarixli iclasının protokoluna əsasən, iclasda 41 nəfər, həmçinin İddiaçı iştirak etmiş, Mərkəzin strukturunun təkmilləşdirilməsi ilə bağlı Nazirliyin xx.xx.2023-cü il tarixli, 140/Ü nömrəli əmrinə əsasən nəzərdə tutulmuş tədbirlərin görülməsi iclasın gündəliyini təşkil etmiş, Mərkəzin bütün işçilərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən rəsmi qaydada xəbərdarlıqlar paylanmasının tövsiyyə edilməsi qərara alınmış, qərarın leyhinə 41 nəfər (yəni bütün iştirakçılar) səs vermişlər; - Cavabdeh tərəfindən iddiaçıya ünvanlandırılmış 16 fevral 2023-cü il tarixli "işçilərin sayının və ya ştatların optimallaşdırılması ilə bağlı xəbərdarlıq”da göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 975 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək tapşırılmışdır. Bu məqsədlə X3 Mərkəzinin funksional fəaliyyəti araşdırılmış və mövcud strukturun yenilənməyə ehtiyacı olduğunu və bu səbəbdən yenidən təşkilatlanmasını zəruri etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Mərkəzinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədi ilə struktur dəyişikliklərinin aparılacağı və mərkəzin yeni ştat cədvəlinə əsasən tutduğunuz vəzifənin əmək qanunvericiliyinə əsasən ləğv ediləcəyi nəzərinizə çatdırılır. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığınız olduğu halda, xəbərdarlıq müddəti əvəzinə bu müddətə uyğun orta aylıq əmək haqqınız müvafiq misli məbləğini birdəfəyə ödəməklə müvafiq əsasla Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Nəzərinizə çatdırırıq ki, xəbərdarlıq müddəti ərzində ixtisasınıza uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər qurumlarında mövcud olan müvafiq vakant yerlər müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləəckdir. Bildirişin verilməsi üçün əsas: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 140/ü nömrəli, xx.xx.2023-cü il tarixli əmri.” Həmin bildirişlə tanış olması barədə iddiaçı bildirişə imza etmişdir; - Meşə xəstəlik və zərərvericiləri ilə mübarizə vəzifəsi üzrə 09 iyun 2023-cü il tarixli imtahan hesabatına əsasən, iddiaçı həmin vəzifə üzrə imtahanda keçid nisbəti 66 faiz olduğu halda 26,7 faizlik nəticə göstərərək, imtahandan keçməmişdir; - Cavabdeh tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli, 219/K nömrəli əmrdən çıxarışa əsasən, X3 Mərkəzinin müvəqqəti təyin edilmiş təsərrüfat işləri üzrə aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, həmin tarixdə ləğv edilmiş, əmrin verilməsi üçün əsas kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 140/ü nömrəli, 14 fevral 2023-cü il tarixli əmri göstərilmişdir; - Cavabdehə aid ştat cədvəllərinə əsasən, cavabdeh Mərkəzin 06 mart 2023-cü il tarixindən ştat cədvəlində 47 işçi sayı göstərilmiş, 05 iyun 2023-cü il tarixindən isə bu say 38-ə endirilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 5337/2023 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.1, 78.2, 80; Mülki Prosessual Məcəllənin 217.1, 217.3-cü maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, qanunun tələbindən göründüyü kimi işəgötürən tərəfindən ixtisasları və peşə səviyyəsi eyni olan şəxslərdən işdə saxlanmasına üstünlük verilməli olan şəxslərin siyahısı qanunda birbaşa göstərilmiş və həmin şəxslərin sırasında müharibə iştiraçıları da ixtisar zamanı işdə saxılanmasına üstünlük verilən şəxslərə aid edilmişdir, İddiaçı 1-ci Qarabağ müharibəsində iştirak etmiş və buna görə müharibə veteranı vəsiqəsi ilə də təmin edilmişdir. Buna baxmayaraq, işəgötürən yuxarıda qeyd olunan Qanunun tələbini pozaraq İddiaçı ixtisara salmış və bununla belə iddiaya etiraz edən cavabdeh hansı meyarlara görə işdə saxlanılmasına üstünlük verilən şəxslərin İddiaçıa müqayisədə daha yüksək səviyyədə olmalarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, o cümlədən iddiaçının ixtisara salınmasının qanunun tələblərinə uyğun olub-olmaması, onun işdə saxlanılan işçilərlə müqayisədə peşəkarlığının daha aşağı səviyyədə olmasının nə ilə sübut olmasını araşdırmamış, əksinə iddaçının işdə saxlanılmasına üstünlük verilən şəxslərin siyahısında olmasını, yəni müharibə iştirakçısı olmasını nəzərə almamış, bu barədə qətnamədə qeyd belə etməmişlər.Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi Qanunun həmin tələbinə də əməl edilməmiş, iddaçının həmkarlar ittifaqının iclasında iştirakı təmin edilməmiş, qeyd olunan iclasda guya 41 nəfərin içərisində iddiaçının da iştirak etməsi bildirilsə də, həmin sənəddən göründüyü kimi 41 nəfərdən sonra iddaçının da adı qeyd olunmuş, lakin sıra nömrəsi, yəni 42-ci olması belə göstərilməmiş, həmin hal da qeyd olunan sənədin saxtalaşdırılması və sonradan tərtib olunmasını təsdiq edir. Bununla belə, birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının meşə xəstəlik və zərərvericiləri ilə mübarizə vəzifəsi üzrə xx.xx.2023-cü il tarixli imtahanda keçid balı 66 faiz olduğu halda, 26,7 faizlik nisbət göstərərək imtahanı keçməməsi göstərilsə də, qeyd olunmalıdır ki, iddiaçı qeyd olunan vəzifədə 7 ay müddətində işləmiş və Qanunun tələbinə görə 1 ildən az müddətə müəyyən vəzifədə işləyən işçinin hətta attestasiyadan keçiriliməsi qadağan olunmasına baxmayaraq, iddiaçı qeyd olunan imtahana cəlb edilmişdir. Digər tərəfdən də, İddiaçı qeyd olunan İdarədə 21 ildən artıq müddət əmək fəaliyyəti ilə məşğul olmuş və işlədiyi müddət ərzində daim vəzifələrini layiqincə icra etmiş buna görə də işlədiyi uzun müddət ərzində barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Beləliklə, iddiaçı AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən işdən çıxarılarkən yuxarıda qeyd olunan Qanunun tələbləri pozulmuş, birinci instansiya məhkəməsi isə işə baxarkən qeyd olunan maddi hüquq normalarını tətbiq etmədən, əsassız olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. İddiaçının vəsatətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2024-cü il tarixli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş, X3 Mərkəzinin sturukturunun təkmilləşdirilməsi ilə bağlı işçilərlə birgə keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmmkarlar İttifaqı Komitəsinin iclasında iştirak edən şəxslərin siyahısında və X3 Mərkəzində struktur dəyişikliyi ilə bağlı imtahanda iştirak edənlərin siyahısında İddiaçı adından olan imzalar- İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 (bir yüz iyirmi yeddi ) manat məbləğində müəyyən edilmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, şikayətin məzmununa uyğun izahat verməklə, işlə təmin olunmasını istədiyini bildirmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 11. (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. 71. 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78. 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 300 .1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

11. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 975 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək tapşırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 140/Ü saylı əmrə əsasən Azərbaycan Respublikasl Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin funksional tabeliyində fəaliyyət göstərən X3 Mərkəzinin yeni strukturu təsdiq edilərək, Mərkəzin işçilərinin sayı 38 ştat vahidi müəyyən edilmişdir və bununla bağlı iddiaçıya 16 fevral 2023-cü il tarixli məktubla iddiaçıya xəbərdarlıq edilmiş, həmin məktubla iddiaçı tanış olaraq bildirişə imza etmişdir. Eyni zamanda X3 Mərkəzinin strukturunun təkmilləşdirilməsi ilə bağlı Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 16 fevral 2023-cü il tarixli iclası keçirilmiş, iclasda 41 nəfər, o cümlədən həmçinin İddiaçı iştirak etmiş, mərkəzin bütün işçilərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən rəsmi qaydada xəbərdarlıqlar paylanmasının tövsiyyə edilməsi qərara alınmış, 41 nəfər qərarın leyhinə səs vermişlər. Həmçinin Meşə xəstəlik və zərərvericiləri ilə mübarizə vəzifəsi üzrə 09 iyun 2023-cü il tarixli imtahan hesabatına əsasən müəyyən edilir ki, iddiaçı həmin vəzifə üzrə imtahanda keçid nisbəti 66 faiz olduğu halda 26,7 faizlik nəticə göstərərək, imtahandan keçməmişdir. 12 avqust 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, X3 Mərkəzinin sturukturunun təkmilləşdirilməsi ilə bağlı işçilərlə birgə keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak edən şəxslərin siyahısında və X3 Mərkəzində struktur dəyişikliyi ilə bağlı imtahanda iştirak edənlərin siyahısında İddiaçı adından olan imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Eyni zamanda diqqətə çatdırılmalıdır ki, Meşə xəstəlik və zərərvericiləri ilə mübarizə vəzifəsi üzrə imtahan hesabatından görünür ki, Xalıqov İltifat imtahanda 76.7 faiz nisbəti ilə uğurlu nəticə göstərmişdir. İddiaçı isə həmin vəzifə üzrə imtahanda 26,7 faizlik nəticə göstərərək, imtahandan keçməmişdir. Apellyasiya şikayətinin müharibə veteranlarına dair üstünlüyünə münasibətdə qeyd edilməlidr ki, qanunvericilik bu halı yalnız ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müharibə iştirakçılarına işdə saxlanmasına üstünlük verilməsini ehtiva edir. Hazırki mübahisə üzrə belə hallar müəyyən edilmədiyindən qanunvericiliyin bu tələbi tətbiq edilə bilməz.

12. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. Qeyd edilənlərə görə, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilmir.

13. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan ekspertiza xərci iddaçıya aid edilməlidir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5337/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertiza xərci olan 127(bir yüz iyirmi yeddi ) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar