Məhkəmə qərarları › İş №2(103)-2664/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2664/2021

24.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2664/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4962/2020 saylı, iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2008-ci il təvəllüdlü azyaşlı oğlu X2 ilə birlikdə ünvan 1 mənzil 57 ünvanında yerləşən 9 mərtəbəli evin 2-ci mərtəbəsində 38,6 kv.m. sahəyə malik 3 otaqlı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək ünvan 1 mənzil 57 ünvanında yerləşən mənzildən Cavabdeh və oğlu X1 qətnamə çıxarıldığı andan 6 ay müddətində yaşamasına icazə verilməklə, yəni müddət bitdikdən sonra mübahisəli mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 2 mənzi 57 ünvanında yerləşən 9 mərtəbəli evin 2-cü mərtəbəsində 38,6 kv.metr sahəyə malik 3 otaqlı mənzil Azərbaycan Respubılikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən onun mülkiyyətindədir, hazırda isə həmin çıxarış cavabdehdədir, Cavabdeh onun keçmiş həyat yoldaşı olmuşdur, 2002-ci il tarixində Cavabdeh ilə ailə həyatı qurduqdan sonra o həmin vaxt order əsasında onun anasına məxsus olan hazırkı iş üzrə mübahisəli mənzilə gəlin köçərək yaşamağa başlamışdır, o isə işləri ilə əlaqədar Rusiya Federasiyasına gedib-gəlsə də mütəmadi olaraq Bakı şəhərinə qayıtmış və ailəsinin yanında olmuşdur, eyni zamanda Cavabdeh, həm də birgə nikahdan anadan olan övladları 2001-ci il təvəllüdlü X6 və 2008-ci il təvəllüdlü X2 2008-ci il tarixdə mübahisəli mənzildə pasport qeydiyyatına düşmüşlər, mübahisəli mənzil 1996-cı il alqısatqı müqaviləsi əsasında alınarkən qeydiyyat vəsiqəsinə əsasən, onun anasının xüsusi mülkiyyətində olmuş, cavabdeh də məhz rəsmi qaydada onun anasının mülkiyyətində olan evə gəlin köçmüşdür və məhz mərhum anası tərəfindən onun razılığı ilə həmin mənzilə pasport qeydiyyatına alınmışdır, ev anasının xüsusi mülkiyyətində olduğundan cavabdehin mübahisəli mənzilə heç bir hüququ olmamışdır, daha sonra anası 2013-cü ildə aprel ayında vəfat etdikdən sonra ünvan 1 mənzil 57 ünvanında yerləşən mənzil miras əmlak kimi ona ötürülmüşdür, bununla bağlı o, xx.xx.2013-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək öz hüquqlarını rəsmi qaydada qeydiyyata aldırmış və buna dair çıxarış almışdır, özü Rusiya Federasiyasında işlədiyindən hər dəfə Bakıya qayıtdıqda ailəsinə, övladlarına baş çəkmişdir, həmin mənzildə yaşamışdır, lakin 2015-ci il tarixində cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulduqdan sonra münasibətləri gərginləşdiyindən həmin mənzildə birlikdə yaşamaqları artıq mümkün olmamış, bu səbəbindən o, mənzili sataraq övladlarına və özünə ayrı mənzillər almağı qərarlaşdırmış, bunun üçün cavabdehə dəfələlə müraciət etmişdir, lakin cavabdeh bu təklifdən imtina edərək mənzildən çıxmaqdan boyun qaçırmış və ümummiyyətlə həmin mənzilə onun heç bir haqqı olmadığını bildirmişdir, bu səbəbdən də cavabdeh hal-hazırda mənzilin mülkiyyətçisi kimi onun həmin mənzil barəsində sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4962/2020 saylı, iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən 6 ay müddətinə möhlət verilməklə, ünvan 1 57 saylı mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi, dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki işə baxarkən kobud şəkildə maddi hüquq normalarını pozmuş, əsassız olaraq Müşfiq Hüseynovun iddiasını qismən olsa da, təmin etmişdir. X7 iddia ərizəsində və məhkəmədə verdiyi izahatda özü etiraf edir ki. anasının razılığı ilə anasının mülkiyyətində olmuş hazırkı mübahisəli yaşayış sahəsinə gəlin gəlib, 2000-ci ildən bu günə qədər həmin mənzildə yaşayır. İddiaçının qeyd etdiyi kimi, uzun illər Rusiyada olub, ailə ilə maraqlanmayıb, arada bir gəlib və qısa müddətdə gedirdi. Həmin dövrdən bu günə kimi ailənin qayğısına qalan və bütün ehtiyaclarını qarşılayan atam olmuşdur. Ailənin böyüyü iddiaçı deyil, atası olmuşdur. Bundan başqa, iddiaçının anası, hazırda məhkəmə mübahisəsi olan mənzilin mülkiyyərçisi olmuş Hüseynova Hura uzun müddət baş-beyin xəstəsi olmuş Hura Hüseynova özünü idarə edə bilmədiyi üçün ona övladından da artıq baxıb, onun altınıüstünü yığışdırıb, ömrünün axırına kimi ona qulluq etmişdir. 2013-cü ildə qayınanası vəfat etmişdir. İddiaçı-oğlu anası ilə maraqlanmamış, onun anasına qulluq edərək nə kimi çəkdiyi zülümə qiymət verməmişdir. O iddiaçından nə ər, nə dəki, ailə başçısı kimi ailəsinə qayğı göstərməsini görməmişdir. Onun Rusiyada olduğu müddətdə hərdən 200-300 ABŞ dolları uşaqlarının və onun anasının aylıq ehtiyacını görmürdü. Onun isə ailə qurandan sonra qazandığı tək bir şey başının üstündə da olması və uşaqları ilə birlikdə həmin damın altında yaşamağı olmuşdur. Hazırda isə iddiaçı bundan da onu məhrum etmək istəyir ki, bu ən mənəvi cəhətdən, nə də ki qanunvericilyin tələbinə uyğun deyil. Bu işlə bağlı birinci instnasiya məhkəməsinin mövqeyi bundan ibarət olmuşdur ki, anasının 2013-cü ildə ölümündən sonra ünvan 1 mənzil 57 iddiaçı Müşfiq Hüseynovun mülkiyyətinə keçmiş və həmin vaxtdan etibarən onun iddiaçı ilə mənzildən istifadə edilməsi münasibətləri yaranmış, buna görə həmin münasibətlər xx xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin təsiri altına düşür. Məhkəmə hesab etmişdir ki, xx xxxxxxx 2009-cu il tarixədək onun mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaransa da, sonradan həmin mənzil 2013-cü il tarixdə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçdiyinə görə həmin mənzildən istifadəyə dair mənzilin yeni mülkiyyətçisi olmuş iddiaçı ilə razılaşma olmalıdır. Belə razılaşma olmadığı təqdirdə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən iddiaçının küçmiş ailə üzvü kimi o həmin mənzildən çıxarılmalıdır. Məhkəmənin işin hallarına görə bu cür yanaşması səhvdir. İşin əsas hallarına gəlincə bir daha qeyd edilməlidir ki, 2000-ci ildə cavabdehlə ailə quraraq mübahisələndirilən yaşayış sahəsinə köçüb, iddiaçı, onun anası birlikdə həmin mənzildən istifadə etmiş və 2008-ci ildən qeydiyyata düşməklə, həmin mənzilə rəsmi olaraq istifadə hüququnu rəsmiləşdirilmişdir. Bundan aydın olur ki, mübahisələndirilən yaşayış sahəsinə istifadə hüququ xx xxxxxxx 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinə qədər əmələ gəlmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Buna görə də məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh mübahisələndirməklə həmin hissə ilə bağlı apelyasiya şikayəti vermişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4962/2020 saylı, iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 57 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1994 saylı reyestr kitabının 184256-ci vərəqində xx.xx.2013-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-12/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə 21 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 anaları Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2013cü il tarixli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, 40 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş, 2-V-1-201 nömrəli vəsiyyətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçı miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 1 mənzil 57 ünvanında yerləşən 3 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan Xətai rayon MKTB-nin 27 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 471 saylı Arayışdan görünür ki, ünvan 1 mənzil 57 İddiaçı məxsusdur. Həmin ünvanda qeydiyyatda olan şəxslər Cavabdeh, X6, X2, X4r. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 mənzil 57 ünvanında qeydiyyatdadır. İş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 57 saylı mənzilə vərəsəlik hüququ əsasında xx.xx.2013-cü il tarixdə mülkiyyət hüququ əldə etmişdir, Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır, cavabdeh həmin mənzilə 2000-ci ilin oktyabr ayndan etibarən köçərək yaşamışdır, tərəflər rəsmi nikaha 2003-cü ildə daxil olmuşlar, Cavabdeh həmin mənzilə 2008-ci ildə pasport qeydiyyatına alınmışdır və hazırda həmin mübahisəli mənzildə yaşayır, xx.xx.2001-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X2 tərəflərin birgə nikahdan olan uşaqları olmaqla iddiaçının ailə üzvləridir və həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar, İddiaçıla G.Hüseynov arasında nikah münasibətlərinə xx.xx.2015-ci il tarixdən xitam verilmişdir, tərəflər arasında hüquq münasibətləri iddiaçının əmlaka dair miras payının tanındığı 2013-cü il tarixdən yaranmışdır. Bununla belə, Cavabdeh mübahisəli mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququna əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi anlayış verilmişdir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Plenum Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası, iddia tələbinin “Cavabdeh mənzildən çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh mübahisəli mənzilə 2000-ci ilin oktyabr ayından etibarən köçdüyündən, o, qüvvədə olan Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, mənzilin həmin dövrdə mülkiyyətçisinin ailə üzvü hesab olmamaqla, həmçinin mülkiyyətçinin notariat qaydada razılğı olmadığından onun mənzilə istifadə hüququ yaranmamışdır. Buna baxmayaraq, Cavabdeh ailə üzvü kimi mənzilə istifadə hüququ, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnun əldə edildiyi 2013-cü ildən yaransa da, onun mülkiyyətçi ilə nikah münasibətlərinə xx.xx.2015-ci il tarixdən etibarən xitam verilmişdir ki, bu da, həmin zaman qüvvədə olan qanunvericiliyə əsasən, onun mənzilə istifadə hüququnun itirilməsinə əsas vermişdir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh nikah münasibətlərinə xitam verildiyi tarixdən etibarən mənzilə istifadə hüququ itirildiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə, iş üzrə təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən 6 ay müddətinə möhlət verilməklə ünvan 1 57 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində göstərilənlər formal mülahizələrdir və yuxarıda qeyd edilənlərlə təkzib edilməklə həmin qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4962/2020 saylı, iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4962/2020 saylı, iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar