Məhkəmə qərarları › İş №2(103)-2664/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2664/2024

02.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2664/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2361/2024 nömrəli 13 fevral 2024-cü il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehdən 10283,45 manat məbləğində pul vəsaitinin, mediasiya xərci kimi ödənilmiş 60 manat pul vəsaitinin tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2361/2024 nömrəli 13 fevral 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda şikayətə əlavə ünvanlanaraq, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət və əlavə onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan münasibətlər işçi-işəgötürən arasında olan əmək münasibətləri olmuş, işəgötürənə vurulmuş maddi ziyan da məhz işçinin əmək fəaliyyəti zamanı yaranmışdır. Azadolma təkcə işçiyə münasibətdə deyil, işəgötürənə münasibətdə də tətbiq edilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü tələb maddi ziyanın ödənilməsi barədə olmaqla, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblərə daxil deyildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunur. Göründüyü kimi iddiaçının tələbi cavabdeh tərəfindən MMC-yə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Hazırki tələb əmək fəaliyyəti ilə bağlı tələb olmadığından iddiaçının tələbi istinad etdiyi maddənin təsiri altına düşmür. Ona görə də məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı hazırki iddia ərizəsi ilə müraciət etməsi üçün Sabunçu Rayon Məhkəməsinin hesabına qanunla müəyyən edilmiş məbləğdə (121,03 manat) dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunması dedikdə, qanun işçini nəzərdə tutmuşdur, çünki əmək mübahisəsinin həmin tərəfi daha zəif və az təminatlıdır. Məhz işçi həmin mübahisəyə səbəb olmuş hərəkətlər nəticəsində maddi qazancdan məhrum olmuşdur və qanunverici də belə vəziyyətdə işçini əlavə olaraq dövlət rüsumu ilə yükləmək niyyətində deyil. İşə götürən isə maddi cəhətdən təminatlıdır və onun da dövlət rüsumundan azad olunmasına ehtiyac yoxdur. Qanunun tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra maraqlı şəxsə ümumi qaydada ikinci dəfə iddia ilə məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2361/2024 nömrəli 13 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar