Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2666/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən, Cavabdeh 8000,25 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 8030,25 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Cavabdeh, ərizə verərək, borcun hissə-hissə olaraq, hər ay 50 manat ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh, həmin qərardaddan şikayət verərək, onun ləğv, ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, hazırda “xxxx” MMC-də işləyir və əmək haqqı 368 manatdır. Həyat yoldaşı, 2 azyaşlı övladı var, həmçinin yaşlı ata və anası da onun himayəsindədir. Bundan başqa, “xxxx” ASC-dən aldığı kreditə görə aylıq 329.33 manat ödəniş edir. Həmçinin, heç bir daşınar və daşınmaz əmlakı, bankda hər hansı hesabı yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçısını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunverici, qətnamənin icrasına möhlət verməyi və ya onun hissə-hissə icra etdirməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion prinsipi məhdudlaşdırdığına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə ərizələrin təmini müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının pozulmasına yönəlməməlidir. Hazırkı işdə Cavabdeh ərizəsində istinad etdiyi hallar (himayəsində azyaşlı uşaqlarının və yaşlı valideynlərinin olması, icra edilməmiş kredit öhdəliyinin olması) icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi üçün kifayətedici əsas deyil. Əks yanaşma, tələbkarın da etirazı nəzərə alındıqda, məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına səbəb olardı. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-617/2018 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2666/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2666/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver