Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2666/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin nisbətinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin nisbətinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(005)- 608/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədə iddia qaldırmağı ilə bağlı hüquqi yardıma, dövlət rüsumuna və məhkəmədə iştiraka görə sərf etdiyi xərclərin əvəzi kimi cavabdehdən onun xeyrinə 1000 manat məbləğində vəsait tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binadan ümumi sahələri 154 kv.m olan yaşayış və 204 kv.m olan qeyri-yaşayış sahəsi əldə etmişdir və həmin sahələr hazırda onun mülkiyyətindədir. Bildirmək istəyir ki, həmin çoxmənzilli binanın Cavabdeh MMMC-nin yaradılması ilə bağlı sahə mülkiyyətçilərinin ümumi yığıncağında təşkil edilən qiyabi səsvermədə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasının lehinə səs vermişdir. İddiaçı qeyd edir ki, binada yerləşən mənzil mülkiyyətçiləri binanın saxlanması və cari təmiri üçün ödənişləri onlara məxsus mənzillərin sahəsinə mütənasib olaraq ödəyirlər və malik olduğu mənzilin sahəsi çox olan mülkiyyətçi daha çox pul ödəyir. Buna görə də hesab edir ki, mənzilinin sahəsi çox olan mülkiyyətçi daha çox pul ödədiyindən eyni zamanda mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında onların səslərinin sayı da çox olmalıdır. Bununla bağlı onun tərəfindən Cavabdeh MMMC-nin X4 müraciətlər edilsə də, lakin verilən cavaba əsasən mülkiyyətçisi olduğu sahənin ölçüsündən asılı olmayaraq eyni bərabər səsə yəni bir səsə malik olduğu bildirilmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(005)- 608/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
4. Qətnamə onunla əsaslandırılmışdır ki, Mənzil Məcəlləsində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ali idarəetmə orqanı olan ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər sadalanmış, eyni zamanda səlahiyyətlər çərçivəsində bu Məcəllə ilə və ya qanunla nəzərdə tutulmuş digər məsələlərin də həllinin mümkünlüyü təsbit edilmişdir. Bu da öz növbəsində ümumi yığıncağın səlahiyyətlərinin göstərilən məsələlərlə məhdudlaşdırılmadığını təsdiq edir və cəmiyyətin, o cümlədən onun üzvlərinin maraqlarına uyğun olmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər məsələlərin də yığıncağın müzakirəsinə çıxarılmasının mümkünlüyünə təminat verir. Belə olanda məhkəmə hesab edir ki, Mənzil Məcəlləsində iddia üzrə qaldırılmış məsələnin mənzil mülkiyyətçisi tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının müzakirəsinə çıxarılması imkanı nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürüb hesab edir ki, hazırda məhkəmədə mübahisələndirilən ümumi yığıncaqda səslərin 1 kv.m = 1 səs hesabı ilə müəyyən edilməsinin dispozisiya şərtləri mövcud deyil. Belə ki, qüvvədə olan Mənzil Məcəlləsində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayının onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasib olması barədə müddəa təsbit edilmişdir. Başqa sözlə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayının 1 kv.m = 1 səs hesabı ilə müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından, iddiaçı belə bir iddia tələbini irəli sürməkdə haqlı olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
5. İddiaçı qətnamədən şikayət verərək ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlımənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Bildirir ki, məhkəmə iş üzrə keçirilən hazırlıq iclaslarında bir növ mübahisənin məhkəməyə aidiyyatının olmaması mövqeyindən çıxış edirdi. Təsadüfü deyil ki, qətnaməsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlımənzil qanunvericiliyinin yuxarıda göstərilən normalarına istinad etmişdir. Lakin nümayəndəsi vasitəsilə məhkəmədə dəfələrlə bildirmiş ki, hazırki mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün olmadığına cavabdeh tərəfindən müraciətə imtina cavabı verildiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin hazırki mübahisənin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında səsverməyə və müzakirəyə çıxarılmasının mümkünlüyü barədə mövqeyinə münasibətdə bildirmişdir ki, onun iddia tələbi qanunda təsbit olunmuş hüququnun məhkəmə tərəfindən təsdiqinə əsaslanır. Başqa sözlə mənzil qanunvericiliyində binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayının 1 kv.m = 1 səs hesabı ilə müəyyən edilmişdir. Qanunun tələbi olduğuna görə bu məsələnin ümumi yığıncağın müzakirəsinə çıxarılması nəinki mümkündür, əskinə yolverilməzdir. Çünki ümumi yığıncaq qanunda imperativ qaydada təsbit olunmuş maddəni dəyişə və ya fərqli təfsir edə bilməz. İddia tələblərinin mahiyyəti qanunla tanınan hüququmun cavabdeh tərəfindən pozulmasının qarşısının alınması və məhkəmə tərəfindən mübahisənin qanuna müvafiq qaydada həllinə nail olmaq təşkil etmişdir. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir. İddia ərizəmdən də göründüyü kimi iddia tələblərim əsasən yuxarıda istinad olunan normaların üzərində qurulmuşdur. Maddənin məzmunundan da göründüyü kimi sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. Mülkiyyətçi məhz binanın saxlanması üçün zəruri olan ödənişləri sahəsinin ölçüsünə müvafiq qaydada ödəyir. Bildirirəm ki, məhz bu məsələ ilə bağlı cavabdehlə aramızda hər hansı fikir ayrılığı yoxdur. Belə ki, cavabdeh tərəfindən kommunal ödənişlər mülkiyyətimdə olan əmlakların sahəsinə uyğun olaraq hər ay hesablanır və mənim tərəfimdən vaxtı-vaxtında ödənilir. Cavabdehlə aralarında mövcud olan əsas mübahisə onun tərəfindən Mənzil Məcəlləsinin yuxarıda istinad olunan normasını fərqli başa düşməsi və payların sahənin ölçüsünə uyğun yox, bir mülkiyyətçi bir pay hesabı ilə hesablaması təşkil edir. Halbuki açıq –aşkar surətdə istinad olunan normada göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir. Lakin məhkəmə qətnamədə onun əsaslandığı normalara və faktlara münasibətdə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayının 1 kv.m = 1 səs hesabı ilə müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmamasını qeyd etməklə kifayətlənmişdir. Bütün bu hallar onun iddia tələblərinin qanuni və əsaslı olmasını, cavabdehin və onun mövqeyi ilə razılaşan məhkəmənin mövqeyinin qanunazidd olmasını, həmçinin məhkəmə tərəfindən göstərilən normaların tələblərinin düzgün tövsüf və tətbiq olunmamasını təsdiq edir. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Məhkəmə öz əsassız mövqeyini əsaslandırmaq üçün yuxarıda göstərilən normalara istinad etmiş və mübahisənin həlli məqsədilə həmin normaları tətbiq etmişdir. Halbuki qeyd olunan normaların hazırki mübahisəyə heç bir aidiyyatı yoxdur, tərəflər arasında ümumi əmlakının saxlanması qaydalarına riayət olunması və ödəmələrlə bağlı heç bir mübahisə yoxdur. Bu hal məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etməməsini təsdiq edir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 36.1. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 47.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir. Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: Maddə 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; Maddə 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; Maddə 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; Maddə 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; Maddə 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; Maddə 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; Maddə 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. Maddə 122.2. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: Maddə 122.2.1. çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; Maddə 122.2.2. qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; Maddə 122.2.3. torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; Maddə 122.2.4. qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; Maddə 122.2.5. əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 123.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri aşağıdakılardır: Maddə 123.0.1. bu fəslin, digər qanunların, başqa normativ hüquqi aktların, habelə cəmiyyətin nizamnaməsinin tələblərinin yerinə yetirilməsini təmin etmək; Maddə 123.0.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq; Maddə 123.0.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə üzrə öhdəlikləri yerinə yetirmək; Maddə 123.0.4. çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək; Maddə 123.0.5. çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri tərəfindən onların çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq ümumi əmlakının saxlanılması və təmiri üzrə vəzifələrinin yerinə yetirilməsini təmin etmək; Maddə 123.0.6. ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək qaydası müəyyən edilərkən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə riayət edilməsini təmin etmək; Maddə 123.0.7. sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək; Maddə 123.0.8. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
10. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, tələbin, yəni, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin nisbətinin müəyyən edilməsinin ümumi yığıncağın səlahiyyəti olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi mövqe əsassızdır.
11. Birinci instansiya məhkəməsi bu barədə mövqeyini onunla əsaslandırmışdır ki, “... Mənzil Məcəlləsində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ali idarəetmə orqanı olan ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər sadalanmış, eyni zamanda səlahiyyətlər çərçivəsində bu Məcəllə ilə və ya qanunla nəzərdə tutulmuş digər məsələlərin də həllinin mümkünlüyü təsbit edilmişdir. Bu da öz növbəsində ümumi yığıncağın səlahiyyətlərinin göstərilən məsələlərlə məhdudlaşdırılmadığını təsdiq edir və cəmiyyətin, o cümlədən onun üzvlərinin maraqlarına uyğun olmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər məsələlərin də yığıncağın müzakirəsinə çıxarılmasının mümkünlüyünə təminat verir. Belə olanda məhkəmə hesab edir ki, Mənzil Məcəlləsində iddia üzrə qaldırılmış məsələnin mənzil mülkiyyətçisi tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının müzakirəsinə çıxarılması imkanı nəzərdə tutulmuşdur.”
12. Məhkəmənin də qeyd etdiyi kimi qanunvericilikdə bu məsələnin həlli mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında həll edilməli olan məsələlərə aid olunmamışdır. Həmçinin, hüquq və vəzifələrin məzmununda da bu məsələyə dair hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Belə olduğu təqdirdə məhkəmənin məhz bu əsasla iddianın rədd etməsi əsaslı hesab edilə bilməz. Əgər həqiqətən də bu məsələnin həlli qanunvericiklə konkret olaraq ümumi yığıncağın səlahiyyətinə aid edilsə idi, bu hal, iddianın rədd edilməsi üçün deyil, “işə məhkəmədə baxılmalı deyildirsə” əsası ilə iş üzrə icraata xitam verilməsinin əsası kimi çıxış edə bilərdi.
13. Mübahisənin həlli ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ümumi yığıncağında səslərin nisbətinin müəyyən edilməsinin qaydası Mənzil Məcəlləsinin 36.1-ci maddəsi ilə tənzimlənir və həmin normanın məzmunu aşağıdakı kimidir: “Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir.”
14. Bundan başqa, Cavabdeh sahə mülkiyyətçilərinin 28 dekabr 2023-cü il tarixli protokolundan görünür ki, “səsvermə zamanı səslərin mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun (1 kv.m = 1 səs) hesablanması” ilə bağlı qərar qəbul olunmuşdur, yəni, tərəflər arasında mübahisə mövcud deyildir.
15. Buna görə məhkəmə kollegiyası bu qənaətə gəlir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir.
16. MPM-nin 262.3-cü maddəsinə əsasən həmin Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
17. Mübahisənin həllinə dair konkret norma və sahə mülkiyyətçilərinin 28 dekabr 2023-cü il tarixli qərarı mövcud olduğundan məhkəmə kollegiyası iddiaçıya izah edir ki, ümumi yığıncaqda səsvermə zamanı səslər qanunvericilyin və cəmiyyətin özü tərəfindən qəbul edilmiş qərara uyğun olaraq mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun (1 kv.m = 1 səs) hesablanmadığı təqdirdə onun həmin qərarları və səsvermənin nəticələrini mübahisələndirmək hüququ vardır.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(005)- 608/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(005)- 608/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin nisbətinin müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.