Məhkəmə qərarları › İş №2(103)-2667/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2667/2023

22.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2667/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X19, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: işçilərin ixtisarı, işçinin peşəkarlıq səviyyəsi, işdə saxlanmağa üstünlük hüququ, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6, cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X13, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X36 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X30 1997-ci ildə Sumqayıt Musiqi Texnikumuna daxil olmuş, 13 iyun 2001-ci il tarixdə “xalq çalğı alətləri-qarmon” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının 13 iyun 2001-ci il tarixli qərarı ilə ona “Artist, müəllim, özfəaliyyət kollektivinin rəhbəri” ixtisası verilmişdir.

2. Bakı Mədəni-Maarif Texnikumunun (hazırda Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) k-663 saylı xx.xx.2001-ci il tarixli əmri ilə İddiaçı1ov həmin texnikuma qarmon üzrə müəllim vəzifəsinə qəbul edilmişdir.

3. 29 mart 2007-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən verilmiş İB 027650 nömrəli vəsiqənin surətindən görünür ki, X30 qeyd olunan institutda qarmon üzrə ixtisasını artırmışdır.

4. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin İddiaçı1 ünvanladığı xəbərdarlıq-bildirişdə göstərilmişdir ki, onun çalışdığı Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi - vəzifə ştatı 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrlə əlaqədar ixtisara düşür, əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir.

5. Həmin bildiriş İddiaçı1 tərəfindən qəbul edilmişdir.

6. X30 məcburi köçkün və müddətsiz ikinci qrup əlildir, əlilliyin səbəbi ümumi xəstəlik-gözdən əlil, əmək zəmanəti - yüngül işlərdə işləyə bilər. Onun 16 iyun 2008-ci il təvəllüdlü Minarə və 08 yanvar 2012-ci il təvəllüdlü Hüseyn adlı övladları var.

7. İddiaçı2 1994-cü ildə Sumqayıt Musiqi Texnikumuna daxil olmuş, 13 iyun 2001-ci il tarixdə “xalq çalğı alətləri-qarmon” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının 13 iyun 2001-ci il tarixli qərarı ilə ona “Artist, müəllim, özfəaliyyət kollektivinin rəhbəri” ixtisası verilmişdir.

8. Bakı Mədəni-Maarif Texnikumunun (hazırda Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) k-663 saylı xx.xx.2001-ci il tarixli əmri ilə İddiaçı2 həmin texnikuma qarmon üzrə müəllim vəzifəsinə qəbul edilmişdir.

9. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş birinci dərəcəli diplomun surətindən görünür ki, orta ixtisas musiqi məktəblərinin Vİİİ Respublika müsabiqəsinin iştirakçısı İddiaçı2 diplomla təltif olunmuşdur.

10. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin İddiaçı2 ünvanladığı xəbərdarlıq-bildirişdə göstərilmişdir ki, onun çalışdığı Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi - vəzifə ştatı 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrlə əlaqədar ixtisara düşür, əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir.

11. Həmin bildiriş İddiaçı2 tərəfindən qəbul edilmişdir.

12. İddiaçı2 27 avqust 2008-ci il təvəllüdlü Laləndər və 26 may 2014-cü il təvəllüdlü Cavidan adlı övladları vardır.

13. İddiaçı3 1984-cü ildə Hüseynli adına Kirovabad orta ixtisas musiqi məktəbinə daxil olmuş, 1988-ci ildə “fortopiano” ixtisasını bitirmiş, Dövlət ixtisas komissiyasının 22 iyun 1988-ci il tarixli qərarı ilə ona “musiqi məktəbinin müəllimi konsertmeyster” ixtisası verilmişdir.

14. 24 mart 2000-ci il tarixdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının artırılması, yenidən hazırlanması Baş İnstitutu tərəfindən verilmiş İA 024195 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı3 qeyd olunan institutda “fortepiano” ixtisası üzrə tam ixtisasartırma kursunu bitirmişdir.

15. 24 noyabr 2007-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən verilmiş İB 036968 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı3 qeyd olunan institutda fortepiano üzrə ixtisasını artırmışdır.

16. İddiaçı3 11 noyabr 1985-ci il - 01 noyabr 1988-ci il tarixlərdə Qasım İsmayılov Şəhər musiqi məktəbində, 20 iyun 1990-cı il - 01 sentyabr 1997-ci il tarixlərdə Kirov rayonu 272 nömrəli uşaq bağçasında, 01 sentyabr - 30 sentyabr 1997-ci il tarixdə Binəqədi rayonu 158 nömrəli məktəbdə, 01 oktyabr 1997-ci il tarixdən etibarən Bakı Mədəni Maarif Texnikumunda (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) fortepiano üzrə müəllim vəzifəsində çalışmışdır.

17. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X15 Arifə Nadir qızına ünvanladığı xəbərdarlıq-bildirişdə göstərilmişdir ki, onun çalışdığı Ümumi fortepiano fənn birləşməsinin müəllimi - vəzifə ştatı 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrlə əlaqədar ixtisara düşür, əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir.

18. Həmin bildiriş İddiaçı3 tərəfindən qəbul edilmişdir.

19. 25 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə görə, İddiaçı3 26 noyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək arterial hipertenziya diaqnozu ilə əmək qabiliyyətsiz olmuşdur.

20. X41 1980-ci ildə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinə daxil olmuş, 1984-cü ildə “fortepiano” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının 26 iyun 1984-cü il tarixli qərarı ilə ona “müəllim və konsertmeystr” ixtisası verilmişdir.

21. 24 noyabr 2012-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən verilmiş İB 042057 nömrəli sertifikatın surətindən görünür ki, İddiaçı6 fortepiano ixtisasını elmi-nəzəri, metodiki və praktiki məsələləri üzrə ixtisasartırma təhsilini yekunlaşdırmışdır.

22. X25 ilə İddiaçı6 arasında bağlanmış nikah 08 iyul 2010-cu il tarixdə ləğv edilmişdir.

23. İddiaçı6 18 fevral 1986-cı il - 10 sentyabr 1991-ci il tarixlərdə “Yelkən” bağçasında, 03 oktyabr 1991 - 01 may 1995-ci il tarixlərdə “Günəş” bağçasında musiqi qrupunun rəhbəri vəzifəsində çalışmış, 15 oktyabr 1997-ci il tarixdə Bakı Mədəni Maarif Texnikumuna (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) fortepiano müəllimi vəzifəsinə təyin edilmişdir.

24. X31 1992-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumuna daxil olmuş, 22 iyun 1996-cı il tarixdə fortepiano ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının 22 iyun 1996-cı il tarixli qərarı ilə ona “müəllim, konsertmeyster” ixtisası verilmişdir.

25. Babayeva (Səlimova) Səidə Rasim qızı 26 avqust 1996-cı il - 07 oktyabr 2002-ci il tarixlərdə Neftçala şəhər musiqi məktəbində fortepiano üzrə müəllim işləmiş, 09 oktyabr 2002-ci il tarixdən isə Bakı Mədəni Maarif Texnikumuna (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) konsertmeyster vəzifəsinə təyin edilmişdir.

26. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X16 Səidə Rasim qızına ünvanladığı xəbərdarlıq-bildirişdə göstərilmişdir ki, onun çalışdığı Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi - vəzifə ştatı 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrlə əlaqədar ixtisara düşür, əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir.

27. Həmin bildiriş İddiaçı4 tərəfindən qəbul edilmişdir.

28. İddiaçı4 həyat yoldaşı X26 əmək qabiliyyətini 55% itirmiş şəxs olmaqla üçüncü qrup əlildir.

29. İddiaçı5 30 iyun 2011-ci il tarixdə Azərbaycan Milli Konservatoriyası tərkibində musiqi kollecini bitirmiş, Dövlət Attestasiya komissiyasının 20 iyun 2011-ci il tarixli qərarı ilə ona “instrumental ifaçılıq, fortepiano” ixtisası verilmişdir.

30. İddiaçı5 06 iyul 2011-ci il - 29 avqust 2013-cü il tarixlərdə Ləki qəsəbə musiqi məktəbində ixtisası üzrə müəllim vəzifəsində, 01 sentyabr 2013-cü il - 15 sentyabr 2018-ci il tarixlərdə Ağdaş şəhər musiqi məktəbində fortepiano müəllimi vəzifəsində işləmiş, 17 sentyabr 2018-ci il tarixdən Bakı Humanitar Kollecində konsertmeyster vəzifəsinə təyin edilmişdir.

31. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin İddiaçı5 ünvanladığı 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq- bildirişdə göstərilmişdir ki, onun çalışdığı Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi - vəzifə ştatı 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrlə əlaqədar ixtisara düşür, əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 112 saylı Qərarına əsasən, Bakı Mədəni-Maarif Texnikumunun adı “Bakı Humanitar Kolleci” olaraq dəyişdirilmişdir.

33. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli F-355 saylı əmrinə əsasən, Bakı Humanitar Kolleci Cavabdeh adlandırılmışdır.

34. Azərbaycan Respublikası Təhsil Nazirinin 04 avqust 2020-ci il tarixli əmrində, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial - İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X54 Kollecinin, X28 Kollecinin, X60 Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 nömrəli Qərarının icra və rəhbərlik üçün qəbul edilməsi, Bakı Humanitar Kollecinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi əmr edilmişdir.

35. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat Rəhbəri tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoruna ünvanlanmış “tədbirlərin görülməsi barədə” məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 26 fevral 2021-ci il tarixli F-65 nömrəli əmrinə əsasən Təhsil Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin 2019-2020-ci illər üzrə maliyyətəsərrüfat fəaliyyəti araşdırılmış, nəticəsi müvafiq arayışla rəsmiləşdirilmişdir. Araşdırma zamanı kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərs-məşğələ jurnallarının tərtibi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, kredit sistemi ilə tədrisin təşkili, dərs bölgülərinin aparılması, təcrübənin inkişafı, əsas vəsaitlərin uçotu və qorunub saxlanılması, ştatların komplektləşdirilməsi istiqamətlərində bir çox sayda nöqsan və pozuntular aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq, nöqsanlara yol vermiş və səbəbkar olmuş şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi, əsassız ödənilmiş əməkhaqlarının günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilməsi, tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi və kollecin səlahiyyətləri daxilində digər nöqsanların aradan qaldırılması və bu kimi pozuntuların gələcəkdə təkrarlanmaması üçün zəruri addımların atılması, görülmüş tədbirlərin nəticələri barədə 1 ay ərzində Təhsil Nazirliyinə məlumat verilməsi sonuncuya tapşırılmışdır. Həmçinin nəzərə çatdırılmışdır ki, əsassız ödənilmiş əməkhaqları qeyd edilən müddətdə günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilmədiyi halda araşdırma materialları hüquq mühafizə orqanlarına təqdim ediləcəkdir.

36. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 05 iyul 2021-ci il tarixli məktubda göstərilmişdir ki, kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv nəaliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədilə sonuncuya yeni ştat cədvəli təqdim edilmişdir, təklif olunan ştat cədvəlinə münasibət göstərilməsi xahiş olunur.

37. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə ünvanladığı 17 iyul 2021-ci il tarixli ştat cədvəli barədə məktubda göstərilmişdir ki, Təhsil Nazirliyi vəsatəti nəzərə alaraq kollecin ştat cədvəlinin təsdiq olunmasına etiraz etmir. Eyni zamanda ştat cədvəli üzrə ixtisara düşən ştat vahidlərində çalışan işçilərə qanunvericiliyin tələblərinə uyğun qaydada xəbərdarlıq olunması, eləcə də mövcud imkanlar daxilində başqa işlə təmin olunmaları məsələsinə baxılması tövsiyyə edilir.

38. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ünvanlanmış 23 iyul 2021-ci il tarixli məktubda göstərilmişdir ki, kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv nəaliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədilə yeni ştat cədvəli Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilmiş, Təhsil Nazirliyinin 17 iyul 2021-ci il tarixli 04-26-718/15 nömrəli məktubuna əsasən ştat cədvəli təsdiq olunmuşdur.

39. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli 141 saylı əmrlə, ADMİU-nun nəzdində Humanitar Kollecdə səmərəli idarəetmənin təşkili, strukturun optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə 2021-2022-ci tədris ili üçün ştat cədvəlinin təsdiq edilməsi əmr edilmişdir.

40. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrlə, əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi, bu əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-in 79-cu maddəsinin tələbləri nəzərə alınmaqla) xəbərdarlığın edilməsi, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştatın təklif edilməsi, əmrin icrasına nəzarətin tədris işləri üzrə direktor müavini Kamran Mənsimova tapşırılması əmr edilmiş, əmrə əlavə edilmiş siyahının 6-cı bəndində İddiaçı5, 9-cu bəndində İddiaçı1, 10-cu bəndində İddiaçı2, 11-ci bəndində İddiaçı6, 12-ci bəndində İddiaçı3, 14-cü bəndində İddiaçı4 göstərilmişdir.

41. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən X17 Komitəsinə ünvanlanmış 30 iyul 2021-ci il tarixli məktubda, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial - İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X54 Kollecinin, X28 Kollecinin, X60 Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildiyi, bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədilə işçilərin sayının və ya ştatların ixtisar edilməsi zərurəti yarandığı göstərilmiş, ona görə də məktuba əlavə edilmiş işçilərin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi xahiş edilmiş, məktuba əlavə edilmiş ixtisar edilməsi nəzərdə tutulan ştat üzrə işçilərin siyahısının 8-ci bəndində İddiaçı5, 11-ci bəndində İddiaçı1, 12-ci bəndində İddiaçı2, 14-cü bəndində İddiaçı6, 15-ci bəndində İddiaçı3 və 18-ci bəndində İddiaçı4 göstərilmişdir.

42. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X11 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixində keçirilmiş iclasının 29 saylı protokolundan çıxarışda göstərilmişdir ki, “gündəlik məsələ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin işçilərinin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi haqqındadır. X17 Komitəsinə daxil olmuş 30 iyul 2021-ci il tarixli 58A02-12 nömrəli məktubu müzakirə edildi, ixtisarla bağlı adları siyahıda qeyd olunan işçilərin sənədləri və fəaliyyətləri araşdırıldı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinin və Azərbaycan Təhsil işçiləri X44 ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin X44 Komitəsi arasında bağlanmış kollektiv müqaviləni rəhbər tutaraq bu məktuba əlavə edilən cədvəldə qeyd olunan işçilərin ixtisar edilməsinə razılıq bildirilməmişdir. Məktuba əlavə edilmiş siyahıda İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı3 və İddiaçı4 ixtisar edilməsinə etiraz edilməmişdir”.

43. Azərbaycan Təhsil İşçiləri X44 Respublika Komitəsinin sədr müavininin Bakı Humanitar Kollecinin sabiq işçilərinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, “ATİAHİ Respublika Komitəsinin 19 noyabr 2012-ci il tarixli Məclisində təsdiq edilmiş “İşəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair Təlimat”ına əsasən, bu məsələ ilə əlaqədar həmkarlar ittifaqı təşkilatının iclasına əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuş işçi, işəgötürənin nümayəndəsi, lazım gəldiyi hallarda şahidlər, mütəxəssislər rəsmi dəvət olunmalıdır. İclasın keçirilməsi barədə işçi və ya işəgötürənin nümayəndəsi vaxtına xəbərdarlıq edilməmişdirsə, iclasın keçirilməsi başqa vaxta təxirə salınmalı, bu barədə tərəflərə məlumat verilməlidir. İşçi və ya işəgötürənin nümayəndələri üzrsüz səbəbdən təkrarən iclasa gəlmədikdə, həmkarlar ittifaqı komitəsi təqdimata onların iştirakı olmadan baxa bilər. Təlimata əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə işçinin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi məsələsinə baxılarkən, işçilərin sayının azalması və ya ştatların ixtisar edilməsinin hansı məqsədlər üçün aparılması, ştat ixtisarının həqiqətən aparılacağı və ya aparılmayacağı araşdırılmalıdır. Bundan sonra Əmək Məcəlləsinin 78-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçinin işdə saxlanılmaqla üstünlük hüququna malik olubolmaması, Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq işəgötürən tərəfindən əmək müqaviləsini ləğv etməzdən əvvəl işçinin xəbərdar edilibedilməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələlər araşdırıldıqdan, tərəflərin izahatları dinləndildikdən sonra səs çoxluğu ilə əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməli və ya verilməməsi barədə yazılı formada qərar qəbul edilməlidir”.

44. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin tədris işləri üzrə direktor müavini X32, inzibati təsərrüfat işləri üzrə direktor müavini X33, baş mühasib X20, hüquqşünas X8 və İnsan resursları və informasiya şöbəsinin müdiri X46 tərəfindən tərtib edilmiş aktın təsdiq olunmuş surətindən görünür ki, 24 sentyabr 2021-ci il tarixdə kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmiş, müəllimlərə ştatların ixtisar edilməsi barədə xəbərdarlıq edilmiş, xəbərdarlıq bildirişləri təqdim olunmuşdur. Müəllimlər xəbərdarlıqla tanış olsalar da, xəbərdarlıq bildirişlərini qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, iclası tərk etmişlər.

45. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktorunun 25 oktyabr 2021-ci il tarixli 276 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə; 26 noyabr 2021-ci il tarixli 333 saylı əmri ilə kollecin instrumental ifaçılıq fənn birləşməsinin müəllimi İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə; 26 noyabr 2021-ci il tarixli 334 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə; 08 dekabr 2021-ci il tarixli 342 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə; 08 dekabr 2021-ci il tarixli 343 saylı əmri ilə kollecin instrumental ifaçılıq fənn birləşməsinin müəllimi İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə 08 dekabr 2021-ci il tarixli 344 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

46. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 (iddiaçılar) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə ərizədə olan texniki yanlışlığın aradan qaldırılması barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmələri barədə əmrlərin ləğv edilərək vəzifələri üzrə işə bərpa olunmaları, işsiz qalma dövrü üçün əmək haqqlarının cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

47. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, işdən azad olunma barədə əmrlər verilərkən İddiaçı1 qarmon müəllimi kimi 21 il əmək stajına malik olması, qüsursuz fəaliyyət göstərməsi, məcburi köçkün, 2-ci qrup əlil və ailənin yeganə gəlir gətirəni, himayəsində iki azyaşlı uşağının olması, İddiaçı4 qüsursuz fəaliyyət göstərməsi, həyat yoldaşının 3-cü qrup əlil olması, İddiaçı3 ümumilikdə 34 il pedaqoji staja malik olmaqla 1997-ci ildən Bakı Humanitar Kollecində işləməsi, işdən çıxarılma barədə əmr verilən tarixin onun müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyi dövrə təsadüf etməsi, İddiaçı2 21 ilə yaxın pedaqoji staja malik olması, ailənin yeganə gəlir gətirəni olmaqla himayəsində iki azyaşlı uşağının olması, İddiaçı5 ailənin yeganə gəlir gətirəni olması, İddiaçı6 31 ildən artıq pedaqoji staja malik olmaqla qüsursuz fəaliyyət göstərməsi nəzərə alınmamışdır. Əmək müqavilələrinə işçilərin sayı və ştatlarının ixtisar edilməsi əsası ilə xitam verilsə də, ştatların ixtisarının zəruriliyi əsaslandırılmamış, əmək müqavilələri ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının razılığı alınmamışdır. Bundan əlavə, ixtisar aparıldığı halda, ixtisar aparılmış vəzifələr üzrə tədris prosesi davam etdirilir. Müəssisələrdə əmək qanunvericiliyinə əsasən ştatların ixtisarı həmin vəzifələrə ehtiyac olmadığı halda aparılır. Lakin hazırda kollecdə ixtisar aparılmış vəzifələr üzrə tədris prosesi davam etdirilir, aldıqları məlumata əsasən tutduqları vəzifələr üzrə ştatlar yenidən bərpa edilmiş və müvafiq vəzifələrə yeni işçilər götürülmüşdür. Onlar daxil olmaqla 67 nəfərin ixtisar edilməsi zərurətinin necə müəyyən edildiyi də heç kimə məlum deyildir. İxtisar zamanı onlara işəgötürən tərəfindən ştatların ixtisarı zərurəti barədə hər hansı izahat verilməmişdir. Nərmin Qaralova direktor təyin edildiyi vaxtdan bu günə kimi xeyli sayda müəllimin işdən azad edilməsi üçün hər formada təzyiq göstərmiş və son olaraq onları kütləvi işdən çıxarmaq üçün əsassız ixtisar prosesinə əl atmışdır. Nəzərə alınsa ki, hazırda pandemiya dövrüdür, belə bir dövrdə 67 nəfərin kütləvi işdən azad edilməsi həm hüquqi, həm də sosial baxımından olduqca ədalətsiz bir addımdır. Həmçinin, yol verilən bu ədalətsiz addım nəticəsində onlara həm mənəvi, həm psixoloji, həm də maddi zərər vurulmuşdur. Həmçinin, Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən cavabdeh tərəfindən onlara göndərilən bildirişlər hüquqi cəhətdən etibarsızdır. Belə ki, bildirişlərin göndərildiyi dövrdə direktor işdə olduğu halda, bildirişləri rəhbər şəxs deyil, tədris işləri üzrə direktor müavini imzalamış, həmçinin bildirişlər müəssisənin rəsmi blankına daxil edilməmiş və möhür vurulmamışdır.

48. İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh tərəfindən verilmiş xəbərdarlıq-bildirişdə, o cümlədən guya keçirilmiş iclas barədə aktda vəzifə ştatlarının ləğv olunduğu üçün onların işdən azad edildiyi qeyd edilmiş, daha sonra isə cavabdeh, kollecin publik hüquqi şəxsə çevrilməsini əsas gətirərək işçilərin sayının ixtisarına zərurəti yarandığını bildirmişdir. Lakin cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, onların vəzifə ştatları ləğv edilməmiş, əksinə ştatları olduğu kimi qalmışdır. Bundan əlavə, necə ola bilər ki, işçilərin sayı ixtisara düşür, o, və digər qarmon müəllimi işdən azad edilir, eyni zamanda isə iki qarmon müəllimi işə qəbul edilir?. Göründüyü kimi bu, işçilərin sayının ixtisarı deyil, cavabdehin rəhbərinin onlara qarşı qərəzli mövqeyi və tətbiq etdiyi ayrı-seçkilikdir. Cavabdeh tərəf etirazında bildirir ki, onlar ali təhsilli olmadığına görə qarmon dərslərini tədris edə bilməzlər. Onun tədris etdiyi dərs xüsusi qabiliyyət tələb etdiyindən ali təhsilin olması mühüm əhəmiyyət kəsb etmir. Həmçinin, onun təhsil aldığı illərdə qarmon üzrə ali təhsil mövcud olmamışdır. Kollecdən işdən azad olduğu ərəfədə bir neçə ay əvəzçilik üzrə başqa kollecdə qarmon müəllimi kimi işləmişdir. Necə olur ki, digər kolleclərdə orta ixtisas dərəcəli müəllimlər qarmon müəllimi kimi çalışa bilir, yalnız cavabdeh kollecdə buna icazə verilmir? 21 illik iş fəaliyyəti vardır, işdən azad edilərək əvəzinə stajı olmayan şəxslərin müəllim kimi işə qəbul edilməsi qəbuledilməzdir. Kollecdə ştat vahidləri, işçilərin sayı və dərs saatlarının olduğu kimi qalması, lakin onların işdən azad edilməsinin hər hansı bir səbəbi olmalıdır. Əgər onun peşəkarlığına şübhə var idisə, bu zaman əmək qanunvericiliyin tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən attestasiya keçirilərdi və müvafiq qərar qəbul edilərdi. Cavabdehin nümayəndəsi qarmon dərslərinin 2700 saat olduğunu bildirir. Bir müəllimin də dərs yükünün 500 saat olduğu nəzərə alınarsa, 200 saat da artıq dərs yükü qalır. Kollecdə çalışdığı vaxt Təhsil Nazirliyinin müvafiq icazəsi ilə öz dərs saatlarından əlavə 250 saat dərs yükünün tədris edilməsinə də icazə verilmişdir. Orta ixtisas təhsilli olduğu üçün müəllim kimi fəaliyyətə başlayarkən 9-cu dərəcədən başlamış 12-ci dərəcəyə qədər yüksəlmişdir. Ali təhsilli müəllimlərin isə dərəcələri 11-ci dərəcədən başlayır. Həmçinin, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarında göstərilmişdir ki, həmin qərar qəbul edildikdən sonra işə qəbul edilmiş müəllimlərə şamil edilir. O, isə həmin qərarın qəbul edilməsindən qabaq işə qəbul edilmişdir və ona görə də həmin qərar ona şamil edilə bilməz.

49. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ona 2021-ci ilin iyun ayında bildiriş verilərkən bildirişdə orta ixtisas təhsilli olduğu üçün işdən azad edildiyi qeyd olunmuş, sonra bildirişi dəyişərək həmin səbəbin işdən azad edilməyə uyğun olmadığı deyilmiş, daha sonra isə ona ştatların ləğv olunması səbəbi ilə işdən azad edildiyi bildirilmişdir. Halbuki, onların vəzifə ştatları ləğv olunmamış, əksinə onları işdən çıxardaraq yeni müəllimlər işə qəbul edilmişdir. Onun əvəzinə qəbul edilmiş qarmon müəllimləri ali təhsillərini yeni bitirmişlər, iş stajları yoxdur. Göründüyü kimi, cavabdeh kollecin rəhbərinin onları işdən azad etməyinin hər hansı hüquqi əsası yoxdur, bu yalnız onlara qarşı olan ayrı-seçkilikdir.

50. Məhkəmə iclasında iştirak edən İddiaçı6 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ona 2021-ci ilin iyun ayında bildiriş verilərkən bildirişdə qeyd edilmişdir ki, o, orta ixtisas təhsilli olduğu üçün işdən azad edilmişdir. Sonra bildirişi dəyişərək həmin səbəbin işdən azad edilməyə uyğun olmadığı deyilmişdir. O, rəhbərliyə yaxınlaşaraq xahiş etmişdir ki, əgər onun təhsili pedoqoji fəaliyyətə imkan vermirsə, onda konsertmeyster olaraq Kollecdə fəaliyyət göstərsin. Rəhbərlik isə ona bildirmişdir ki, o, bu barədə ərizə yazaraq müraciət etsin. O, Kollecə konsertmeyster kimi işə qəbul edilməsi ilə bağlı ərizəni yazmış və kadrlar şöbəsində çalışan xanıma təqdim etmişdir. Həmin xanım onun ərizəsini qeydiyyata alsa da, daha sonra həmin ərizədən bir xəbər çıxmamışdır. Ərizəsinin nəticəsi barədə məlumat almaq istədikdə isə ona bildirilmişdir ki, qeydiyyat kitabçası işdə deyil, yenidən yazılması üçün evə aparılmışdır. Əgər qayda belədirsə, bu zaman orta ixtisas təhsilli bütün müəllimlər işdən azad edilməli idi, ama necə olursa onunla çalışan bəzi orta ixtisas təhsilli müəllimlər hələ də öz fəaliyyətlərini davam edirlər. Bununla bağlı cavabdeh kifayət qədər sənədlər də təqdim etmişdir.

51. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, işdən azad edilərkən bülletendə olmuş, buna baxmayaraq onu da işdən azad etmişlər. Hazırda kollecdə fortepiano müəllimi kimi fəaliyyət göstərən Məleykə xanımın ali təhsil diplomu yoxdur və o, Sumqayıt Dövlət Texnikumunun “xalq çalğı alətləri” ixtisası üzrə təhsil almışdır. Samirə Quliyeva orkestr rəhbəri, mədəni maarif işi ixtisası üzrə təhsil alsa da, hazırda kollecdə fortepiano müəllimi kimi fəaliyyət göstərir. Ulduz Aşımova və Nigar Şərifova da mədəni maarif işi ixtisası üzrə təhsil alsalar da, hazırda kollecdə fortepiano müəllimi kimi fəaliyyət göstərirlər. Günel Ömərova-Acalova “xalq çalğı alətləri” ixtisası üzrə təhsil alsa da, hazırda kollecdə fortepiano müəllimi kimi fəaliyyət göstərir. Nailə Rizvanova-Quliyeva orta məktəbdə musiqi müəllimi ixtisası üzrə təhsil alsa da, hazırda kollecdə fortepiano müəllimi kimi fəaliyyət göstərir. Aynurə Xəlilova və Nərminə Səfərli musiqişünas, etnomusiqişünaslıq ixtisası üzrə təhsil alsalar da, hazırda kollecdə fortepiano müəllimləri kimi fəaliyyət göstərirlər. Bundan əlavə, Pərvanə Məmmədova- Eyvazova Səlahəddin qızının adı iki arayışda fərqli soyadla göstərilmişdir ki, ali təhsilli şəxslərin sayı çox görünsün. Halbuki, həmin xanım da fortopiano ixtisası üzrə təhsil almamışdır. Bunlardan əlavə, bir nəfəri də 2021-ci ildə onları işdən azad etdikdən sonra işə qəbul ediblər. Göründüyü kimi, hazırda ixtisasları fortepiano üzrə olmayan müəllimlər həmin dərsi tədris edirlər, lakin onun 25 il iş stajı ola-ola işdən azad ediblər. Bu rəhbərliyin ona qarşıq qərəzli mövqeyidir. Bülletendə olduğunu təsdiq edən sənədi ona görə kollecə təqdim edə bilməmişdir ki, o, ümumiyyətlə kollecə buraxılmamış, ixtisar zamanı verilmiş xəbərdarlıq müddəti ərzində iş saatları verilməmişdir. Həmçinin, bülleteni xəstəliyi qurtardığı zaman təqdim edə bilərdi cavabdehə, başladığı vaxt deyil. Bundan başqa, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017ci il tarixli 18-1 nömrəli qərarına istinad etsə də, həmin qərarın geriyə qüvvəsi ola bilməz, çünki qərar onların vəziyyətini pisləşdirir.

52. Məhkəmə iclasında iştirak edən İddiaçı4 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ilk dəfə kadrlar şöbəsində mütəxəssis ona işdən azad edilməsi barədə xəbərdarlıq-bildiriş vermiş, mütəxəssisə həmin bildirişi imzalamağa səlahiyyəti olmadığını bildirdikdə ona bildiriş verilməmişdir. Daha sonra ona poçt vasitəsilə direktor müavini Kamran Məsimovun imzaladığı xəbərdarlıq-bildiriş gəlmişdir. İşdən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə şikayətlə müraciət etdikdə ona bildirmişlər ki, konsertmeysterlərdən ali təhsil tələb olunmur, çünki bu istedad tələb edən sahədir. Onun bu sahə üzrə 25 illik təcrübəsi var, onun işdən bu səbəbə görə çıxarılması yolverilməzdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, kollecdə 15 konsertmeysterlərdən yalnız 4-ü işdən azad edilmişdir, digərləri isə müəllim kimi çalışmaqda davam edirlər. Necə olur ki, cavabdeh tərəfindən təqdim edilmiş arayışda həmin fənnin tədris edilmədiyi qeyd olunur?.

53. Məhkəmə iclasında iştirak edən İddiaçı5 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin rəhbərliyi onları 2021-ci ilin sentyabr ayında kollecə buraxmamaqla onlara qarşı qərəzli mövqeyini nümayiş etdirmiş, dərhal sonra da onları ixtisar edərək işdən azad etmişdir. Lakin işdən azad edilmələri üçün heç bir tutarlı əsas gətiriləmişdir.

54. Cavabdehin nümayəndəsi iddiaya etiraz göndərərək iddia tələblərinin əsassız olduğunu bildirmiş, etirazda aşağıdakıları göstərmişdir: “İddiaçı1 münasibətdə bildirilir ki, iddiaçı nəzərə almamışdır ki, məcbur köçkün statusuna malik olması, ikinci qrup əlil olması, eləcə də himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. İddiaçı4 münasibətdə bildirilir ki, o, nəzərə almamışdır ki, ərinin ücüncü qrup əlil olması Əmək Məcəlləsinin 79cu maddəsinin müddəaları altına düşmür. İddiaçı3 münasibətdə bildirilir ki, 26 noyabr 2021-ci il tarixdə xəstə olduğu dövrdə (bülletendə) əmək müqaviləsinə xitam verilməsi ilə bağlı arqumentə və əlavə etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsinə dair etiraza əlavə etdiyi ərizədə münasibət bildirmişlər. İddiaçı2 münasibətdə bildirilir ki, o, nəzərə almamışdır ki, evdə tək gəlir gətirən şəxs olması və öhdəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. İddiaçı5 münasibətdə bildirilir ki, o, nəzərə almamışdır ki, ailədə işləyənin olmaması və evdə tək işləyənin onun olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. İddiaçı6 münasibətdə isə bildirilir ki, o, nəzərə almamışdır ki, tək yaşaması Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. Bundan başqa, iddiaçıların cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinin pozulması ilə bağlı arqumenti ilə bağlı qeyd edilməlidir ki, 24 sentyabr 2021-ci il tarixdə kollecin ixtisarın həyata keçirilməsinə nəzarət komissiyasının üzvləri (tədris işləri üzrə direktor müavini X32, inzibati-təsərrufat işləri üzrə direktor müavini X33, baş mühasib X20, hüquqşünas X8 və İnsan resursları və informasiya şöbəsinin müdiri X46) tərəfindən kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ixtisarlarla bağlı xəbərdarlıq edilmiş və xəbərdarlıq bildirişləri rəsmi qaydada təqdim edilmişdir. Müəllimlər xəbərdarlıqla tanış olsalar da, xəbərdarlıq bildirişlərini qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol verərək iclası tərk etmişlər. Xəbərdarlıq məktubu 30 sentyabr 2021-ci ıl tarixdə göndərilmiş və Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan müddətlər gözlənildikdən sonra mübahisələndirilən əmr verilmişdir. İddiaçıların cavabdeh qurumda 67 nəfərin ixtisara düşməsi, tutduqları vəzifələr üzrə ştatların yenidən bərpa edilərək müvafiq vəzifələrə yeni işçilərin götürülməsi, direktor tərəfindən hər formada təzyiqlərin göstərilməsi ilə bağlı qeyd etdikləri arqumentlərin heç bir faktiki və hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilib. Qeyd olunan qərarın icrası barədə Azərbaycan Respublikası Təhsil Naziri 04 avqust 2020-ci il tarixli F-355 saylı əmr imzalamışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 05 iyul 2021-ci il tarixli 38/1-12 saylı məktubu ilə kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi və uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədilə yeni ştat cədvəli təqdim edilərək təklif olunan ştat cədvəlinə münasibət göstərilməyi vurğulanmışdır. Təhsil Nazirliyinin 17 iyul 2021-ci il tarixli 04-26-718/15 saylı məktubuna əsasən həmin ştat cədvəlinin təsdiq edilməsinə etiraz edilməmişdir. Cavabdehin 29 iyul 2021-ci il tarixli 141 saylı əmri ilə 2021- 2022-ci tədris ili üçün yeni ştat cədvəli təsdiq edilmişdir. Göstərilən struktur dəyişikliyi ilə əlaqədar normadan artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədilə işçilərin sayı və ya ştatların ixtisar edilməsi, aşkar edilən bir çox sayda nöqsan və pozuntuların aradan qaldırılması istiqamətində işlərin yerinə yetirilməsinə başlamışdır. Təhsil Nazirliyinin 26 fevral 2021-cı il tarixli F-65 nömrəli əmrinə əsasən Audit şöbəsinin şöbə müdiri müavini (Audit sektorunun sektor müdiri) X9, həmin şöbənin böyük məsləhətçisi X5, məsləhətçisi X42 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə (Bakı Humanitar Kollec) 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021-cı il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli arayış tərtib edilmişdir. Sözügedən arayışda normativ sənədlərin (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu kitabçasının orta ixtisas təhsili müəssisələri ilə bağlı V bəndi”) tələblərinin pozulması nəticəsində 2019-2020-ci tədris ilində 19 orta ixtisas təhsil müəllimə 10.260 saat dərs yükünə görə 77 292 manat, 2020-2021-ci tədris ilinin İ yarısında isə 17 müəllimə 3325 saat dərs yükünə görə 24 361,1 manat əmək haqqı ödənilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu kitabçasının orta ixtisas təhsil müəssisələri ilə bağlı V bəndində müəllimlərin ödənişi dərəcələrinə ixtisas tələbləri ilə bağlı müvafiq ixtisas üzrə ali təhsilin olması tələb olunur. Lakin iddiaçıların heç birinin ali təhsili yoxdur. Eyni zamanda, orta ixtisas təhsil müəssisəsinin əmək stajının ali təhsil diplomuna bərabər tutularaq onlara orta ixtisas təhsil müəssisələrində dərs keçmək hüququ verilməsi barədə də heç bir sənəd yoxdur. Qeyd olunanlar nəinki 16 mart 2021-ci il tarixli arayışda, eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvanladığı 04 avqust 2021-ci il tarixli 11- 01/302 saylı və 22 noyabr 2021-ci il tarixli 10-01/134 saylı məktubda ətraflı şəkildə öz əksini tapmışdır. 2020/2021-ci tədris ilində orta ixtisas təhsilli şəxslərin pedaqoji fəaliyyətlərinin davam etdirilməsinə icazə verilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə 25 sentyabr 2020-ci il tarixli 772/1-12 saylı məktubla müraciət olunmuş, sonuncu da 25 noyabr 2020-ci il tarixli xx-xx-1236/15 saylı razılıq məktubu ilə cavab vermişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçılar və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciətlər etmişlər və həmin müraciətlərə aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X36 Xidmətinin Bakı Şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçılarla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əsasları çoxdur və bu səbəbdən iddiaçıların tələbləri təmin edilə bilməz.

55. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, İddiaçı3 bülletendə olduğu barədə məlumatı kollecə bildirməmiş, habelə bu barədə rəsmi sənədi də təqdim etməmişdir. Halbuki, iddiaçı tərəfindən həmin sənəd təqdim edilsəydi, bu məsələyə baxılıb hüquqi qiymət verilərdi. Onların iddiaçıların peşəkarlıq səviyyəsinə şübhələri yoxdur, lakin iddiaçıların ali təhsili olmadığına görə onlar kollecdə müəllim kimi işləyə bilməzlər. Bundan əlavə, iddiaçılara Təhsil Nazirliyinin razılığı alındığı təqdirdə müddətli müqavilə bağlanması ilə tədris etdikləri fənnlərin tədrisinə davam etdirmələri təklif edilmişdir, lakin iddiaçılar müddətli müqavilə bağlamaqla çalışmaq istəməmişlər. Həmçinin, iddiaçılar həmkarlar ittifaqının qərarına əsasən işdən çıxarılmışlar, başqa sözlə, həmkarlar ittifaqı hansı işçilərin işdən azad edilməsinə etiraz etməmişdirsə, həmin işçilər də işdən azad edilmişlər. İddiaçılar həmkarlar ittifaqının qərarı ilə razı deyillərsə, onlar həmin qərarı mübahisələndirməlidirlər. Neçə illərdir ki, dövlət büdcəsindən iddiaçılara görə zəruət olmadan vəsaitlər xərclənmişdir.

56. Cavabdehin digər nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmiş, çevrilmədən sonra yeni ştat cədvəli təsdiq olunmuş, dərs saatları azaldılmış, bəzi fənnlərin tədrisi isə ümumiyyətlə ləğv edilmişdir. Belə ki, çevrilmədən əvvəl 9 illiklər 4 il kollecdə təhsil alırdırsa, çevrilmədən sonra 3 il təhsil müddətinə azaldılmışdır. 11 illiklər isə 3 il kollecdə təhsil alırdırsa, çevrilmədən sonra 2 il təhsil müddətinə azaldılmışdır. İddiaçılara müddətli əmək müqaviləsi bağlanması yolu ilə kollecdə qalmaları təklif edilsə də, onlar buna razılıq verməmişlər. Bundan əlavə, iddiaçıların işdən azad edilməsinə həmkarlar ittifaqı etiraz etməmişdir. Əmək qanunvericiliyinə əsasən ixtisarla bağlı xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Buna baxmayaraq, iddiaçılara iş axtarmaq üçün kollec tərəfindən azı bir iş günü deyil, bütöv xəbərdarlıq müddətində belə şərait yaradılmış, onlar işə cəlb edilməmişlər.

57. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin (Elm və Təhsil Nazirliyi) nümayəndəsi Nümayəndə3 cavabdehin mövqeyini əsaslı hesab etdiyini bildirərək izahatında qeyd etmişdir ki, Təhsil Nazirliyinin iddiaçıların işdən azad edilməsində hər hansı rolu yoxdur. Belə ki, Nazirlik tərəfindən yalnız yoxlama aparılmış və nəticələri barədə arayış tərtib edilmişdir. Həmin arayışda yol verilmiş nöqsanlar göstərilmiş və aradan qaldırılması tələb edilmişdir. Bundan əlavə, iddiaçıların ali təhsili olmadığına görə onlar kollecdə müəllim kimi işləyə bilməzlər. İstinad edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli qərarı ondan öncə də mövcud idi, lakin həmin ildə yeni redaksıyada verilmişdir. Digər kolleclərdə orta ixtisas dərəcəli müəllimlərin çalışmasının hazırki iddiaya hər hansı aidiyyəti yoxdur.

58. Birinci instansiya məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 26 noyabr 2021-ci il tarixli 334 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı1 öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 08 dekabr 2021-ci il tarixli 342 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı2 öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi, İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 26 noyabr 2021-ci il tarixli 333 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı3 öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi, İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 08 dekabr 2021-ci il tarixli 344 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı4 öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi, İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 25 oktyabr 2021-ci il tarixli 276 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı5 öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi, İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 08 dekabr 2021-ci il tarixli 343 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı6 öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi qət edilmişdir.

59. Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar İddiaçı3 və İddiaçı6 01 və 15 oktyabr 1997-ci il tarixlərdən fortepiano üzrə müəllim vəzifəsinə, iddiaçılar İddiaçı1 və İddiaçı2 01 sentyabr 2001-ci il tarixdən qarmon üzrə müəllim vəzifəsinə, İddiaçı4 09 oktyabr 2002-ci il tarixdən, İddiaçı5 17 sentyabr 2018-ci il tarixdən konsertmeyster vəzifəsinə işə qəbul edilmişlər. Cavabdeh kollecin rəhbərinin 14 sentyabr 2021-ci il tarixli əmri ilə vəzifə ştatlarının ləğv edilməsi və işçilərin sayının azaldılması əmr edilmiş, bununla bağlı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmış və iddiaçılar rəsmi qaydada xəbərdar edilmiş, sonra isə iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir.

60. Məhkəmə hesab etmişdir ki, əmək qanunvericiliyinə əsasən işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmasına baxmayaraq, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək işəgötürənin vəzifəsidir. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür.

61. Məhkəmə cavabdeh kollecdə qarmon üzrə müəllim vəzifəsində işləmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh 14 sentyabr 2021-ci il tarixli əmr imzalamaqla “qarmon” ixtisası üzrə beş müəllimdən iddiaçılar da daxil olmaqla dördünün ixtisar prosesinə cəlb edilməsini dərs saatlarının azalması ilə əsaslandırsa da, iş materialları ilə müəyyən olunur ki, həmin əmrin qəbul edilməsindən sonra 11 və 12 oktyabr 2021-ci il tarixlərində X47 və X48 qarmon üzrə müəllim işinə qəbul edilmişlər. Göründüyü kimi, işçilərin sayı faktiki olaraq azalmamış, əksinə iddiaçıların yerinə digər işçilər işə qəbul edilmişlər. Bundan əlavə, cavabdeh iddiaya etirazda, həmçinin onun nümayəndələri məhkəmə iclasında bildirmişlər ki, iddiaçıların əmək müqavilələrinə xitam verilməsinin digər səbəbi də iddiaçıların müvafiq ixtisas üzrə ali təhsillərinin olmamasıdır və bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif- Sorğu Kitabçasının orta ixtisas təhsili müəssisələri ilə bağlı V bəndi” ilə əsaslandırmışlar. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həmin Kitabçanın "giriş” hissəsində göstərilmişdir ki, bu Kitabçada müəyyən edilmiş təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda), əlavə təhsilə və digər ixtisas tələblərinə malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər attestasiya olunanadək və ya attestasiyadan sonra işçilərin attestasiya komissiyasının rəyi əsasında tutduqları vəzifədə çalışa bilərlər. Kitabçanın qüvvəyə mindiyi vaxtdan sonrakı dövrdə işə qəbul edilən işçilərə bu Kitabça ilə müəyyən edilmiş müvafiq ixtisas tələbləri tətbiq edilir. İşdə olan Təhsil Nazirliyi tərəfindən iddiaçılara ünvanlanmış məktubda və cavabdehin nümayəndələri tərəfindən məhkəmə iclasında bildirilmişdir ki, iddiaçıların peşəkarlıq səviyyəsinə şübhələri yoxdur. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, iddiaçılar 20 ildir ki, həmin vəzifədə işləmiş və onların üzərinə qoyulan vəzifələrin keyfiyyətlə yerinə yetirilməsi və onların lazımı praktiki təcrübəyə malik olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

62. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıların peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə əmək müqaviləsinin ləğv edilməsi işçilərin sayının ixtisarı yolu ilə deyil, Əmək Məcəlləsinin “c” bəninə əsaslanmaqla və bununla bağlı əmək qanunvericiliyinin tələblərinə riayət etməklə həyata keçirilə bilərdi.

63. Məhkəmə cavabdeh kollecdə fortepiano üzrə müəllim vəzifəsində işləmiş iddiaçılar İddiaçı3 və İddiaçı6 iddia tələbləri ilə bağlı yuxarıda göstərilənlərdən əlavə olaraq həmçinin qeyd etmişdir ki, 17 müəllimdən 8-i ixtisara cəlb edilsələr də, sonradan X34 ali təhsil haqqında diplom aldığına görə müddətli əmək müqaviləsi bağlanılmaqla işdə saxlanılmış, X4 tənha yataqxanada yaşaması və 60 yaşında olması ilə əlaqədar işdə saxlanılmış, yaş həddi ilə əlaqədar işdən azad edilmiş X27 isə əlavə dərs yükü və ali təhsili olduğu üçün yenidən işə qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən faktiki olaraq işçilərin sayı, habelə iş yükü də azaldılmamış, lakin qeyd olunan iddiaçılara münasibətdə əmək qanunvericiliyi ilə qadağan edilmiş ayrı-seçkiliyə yol verilmişdir. Bundan başqa, iş materialları ilə həmçinin müəyyən olunur ki, ixtisara cəlb edilməmiş fortepiano üzrə müəllimlərdən X14 diplom üzrə ixtisası “mədəni maarif işçisi, özfəaliyyət teatr kollektivi rəhbəri”, X3 ixtisası “xalq çalğı alətləri orkestri dirijorluğu”, X10 ixtisası “maarif musiqi”dir, lakin iddiaçılar “fortepiano” ixtisası üzrə təhsil almışlar. Halbuki, Əmək Məcəlləsin yuxarıda istinad olunan 78-ci maddəsinin tələblərinə əsasən işçilərin sayı azaldılarkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyini nəzərə almamış, bununla da Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozmuşdur.

64. Məhkəmə cavabdeh kollecdə konsertmeyster (musiqi müşayətçisi) üzrə müəllim vəzifəsində işləmiş iddiaçılar İddiaçı5 və İddiaçı4 iddiaları ilə əlaqədar həmçinin qeyd etmişdir ki, 15 müəllimdən 4-ü ixtsara cəlb edilsələr də, ixtisara cəlb edilməmiş müəllimlərdən Qoşqarova (Aşumova) Ulduz Azad qızının diplom üzrə ixtisası "mədəni maarif işinin təşkilatçı metodisti”, Ağayeva (Quliyeva) Samirə Nəriman qızının ixtisası "mədəni maarif işi və özfəaliyyət yaradıcılığının təşkili (xalq çalğı alətləri orkestrinin rəhbəri)”, X6 ixtisası “musiqişünaşlıq”dır, lakin iddiaçıların ixtisası “konsertmeyster və fortepianodur. Göründüyü kimi, burada da cavabdeh tərəfindən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələbləri pozulmuşdur.

65. Gəldiyi nəticəni məhkəmə, Əmək Məcəlləsinin 11-ci maddəsinin 1 -ci hissəsinin “a”, “b”, “ə”, 12-ci mddəsinin 1-ci hissəsinin “b”, “c”, 16-cı maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “b”, “c” bəndi, 71-ci maddəsinin 1-ci hissəsi, 77-ci maddəsinin 1ci hissəsi, 78, 79.1, 80-ci maddəsinin 1-ci hissəsi, 300-cü maddəsinin 1-ci hissəsi Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

66. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

67. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən onun icrasında çətinliklər yaranacağını, iddiaçıların tədris etdikləri dərs saatlarının azalmasını, bəzi dərslərin isə ümumiyyətlə tədrisdən çıxarılmasını, iddiaçıların orta təhsilli olmalarının ixtisar prosesinə cəlb üçün əsas olsa da, əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmadığını nəzərə almamışdır. Məhkəmə qətnamə qəbul edərkən sübutlara yalnız iddiaçıların mənafeyi hissəsində qiymət vermiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur.

68. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

69. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların orta təhsilli olmalarının əmək müqaviləsinə xitam verilməsinə əsas olmadığı barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçılarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin faktiki əsası onların orta təhsilli olmaları olmuşdur. İxtisar aparılmasına əsas kimi həmin ştatlar üzrə dərs saatlarının azalması, qeyd olunan ştatlara ehtiyac olmaması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır. İddiaçı3 verilmiş əmək qabiliyyətinin müvəqqəti olmaması barədə vərəqənin həqiqiliyinin şübhə doğurması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, cavabdeh təşkilat həmin vərəqənin etibarsız olması barədə məhkəməyə sübut təqdim etməmiş, həmin vərəqənin etibarlılığını mübahisələndirməmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

71. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə cavabdehin nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

72. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrində qeyd edilmişdir ki, Bakı Humanitar Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Respublikası Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Bakı Humanitar Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması, işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi zərurətinin yaranması ilə əlaqədar müvafiq işçilərin say və ştatlarının ixtisar edilməsi əmr edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 05 iyul 2021-ci il tarixli məktubu ilə təklif olunan ştat cədvəlinə münasibət bildirilməsi Təhsil Nazirliyinə, 23 iyul 2021-ci il tarixli məktubu ilə X12 və İncəsənət Universitetinə və müvafiq həmkarlar ittifaqı komitəsinə göndərilmişdir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, ixtisar formal xarakter daşımamış, istinad olunan Nazirlər Kabinetinin 25 nömrəli xx.xx.2020-ci il tarixli qərarı əsas götürülmüşdür. Ştat ixtisarının hansı zərurətdən irəli gəlməsi məsələsi isə müəssisədə ştat ixtisarının aparılmasına dair əmrin özündə əsaslandırılır ki, yuxarıda qeyd edildiyi kimi, 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrdə də bu əsaslandırma öz əksini tapmışdır. İşə baxan məhkəmələr nəzərə almamışdır ki, iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsinə əsas məhz 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli ştat ixtisarına dair əmr olmuş, baxılan işin icraatında və digər icraatda həmin əmr mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində, eyni zamanda kassasiya şikayətində eyni dəlillərə istinad edərək göstərmişdir ki;

- “Qarmon” ixtisasına dair işə əlavə edilən arayışlarla müəyyən olunur ki, ixtisas prosesinə qədər 5 nəfər müəllim çalışmışdır. İxtisar prosesinə cəlb olunmalarının əsas səbəbi dərs saatlarının azalması olmuşdur. İxtisar prosesinə cəlb olunmayan şəxslər ali təhsilli olmuşlar. 2021/2022-ci tədris ili üzrə xalq çalğı alətləri ifaçılığı (qarmon) ixtisası üzrə qəbul aparılmamış, 2022/2023-cü il tədris ili üzrə qəbul nəzərdə tutulmamışdır. - Müşayiət fənn birləşməsinə ixtisara qədər 15 nəfər müəllim çalışmışdır. 2021/2022-ci tədris ili üçün təsdiq edilmiş fənn birləşmə sərtləri və tərkibi haqqında əmrdə artıq “Musiqi müşayiəti” fənn birləşməsi olmadığından ixtisar zərurəti yaranmışdır. İxtisar zamanı ali təhsili olan şəxslərə üstünlük verilmişdir və sair.

İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ci il tarixli əmrinə əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə 01 yanvar 2019-cu il tarixdən 01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli arayış tərtib olunmuşdur. Həmin arayışda normativ sənədlərin (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqcu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçası”nın orta ixtisas təhsilli müəssisələri ilə bağlı V bəndi) tələblərinin pozulması nəticəsində 2019-2020-ci tədris ilində 19 orta ixtisas təhsilli müəllimə 10260 saat dərs yükünə görə 77292,0 manat, 2020- 2021-ci tədris ilinin 1 yarısında isə 17 müəllimə 332 saat dərs yükünə görə 24361,1 manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqcu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçası”nın orta ixtisas təhsilli müəssisələri ilə bağlı V bəndində müəllimlərin ödəniş dərəcələrinə ixtisas tələbləri ilə bağlı müvafiq ixtisas üzrə ali təhsilin olması tələb olunur. İşin halları ilə müəyyən olunur ki, təhsil müəssisəsində ümumilikdə ixtisar prosesinə 91 nəfər şəxs cəlb olunmuş, iddiaçılarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas onların ail təhsilli olmaması olmamışdır. Bu hal yalnız ixtisar prosesinə cəlb olunmaq üçün əsas götürülmüşdür. Məhkəmələr göstərilən dəlillərlə bağlı mövqelərini müvafiq olaraq 7-11 və 17-ci bəndlərdə göstərilən qaydada əsaslandırmışlar. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşmır və qeyd edir ki, məhkəmələr qətnamə qəbul edərkən iddiaçıların tədris etdikləri dərs saatlarının azalmasını, bəzi dərslərin isə ümumiyyətlə tədrisdən çıxarılmasını, iddiaçıların orta təhsilli olmalarının ixtisar prosesinə cəlb üçün əsas olsa da, əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmadığını, həmkarlar ittifaqının razılığının mövcudluğunu, ixtisarın mümkünlüyünün mübahisələndirilən əmrlərlə deyil, yuxarıda istinad olunan digər əmrlə həyata keçirilməsini və həmin əmrin mübahisələndirilmədiyini nəzərə almamışdır. Müvafiq olaraq ixtisar zaman ayrı-seçkiliyə yol verilməsinə istinad edilsə də bunun nədən ibarət olması və məhz hansı işçiyə münasibətdə tətbiq edildiyi işin halları baxımından qiymətləndirilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu da düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Bu hallar apellyasiya şikayətində qeyd edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri ilə bağlı heç bir araşdırma aparmamış, ümumi sözlərlə apellyasiya şikayətinin əsassız olması qənaətinə gəlmişdir. ...İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, zərurət olarsa əmək qanunvericiliyinin tətbiqinə nəzarət edən orqanın (X18) işə cəlb olunmasını tərəflərlə birlikdə müzakirə etməklə hər bir iddiaçıya münasibətdə fərdi qiymətləndirmə aparmaqla araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir”.

Təkrar apellyasiya baxışı, verilən izahatlar

73. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla apellyasiya şikayətini müdafiə etmiş, iddiaçılar isə iddia ərizəsinin, eləcə də birinci instansiya məhkəməsində verdikləri izahatların məzmununa uyğun izahatlar verməklə şikayətin əsassız olduğunu bildirmişlər.

74. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunda izahat vermiş, apellyasiya şikayətini əsaslı hesab etdiyini bildirmişdir.

75. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi X1 müstəqil hüquqi şəxs olduğunu, Universitet tərəfindən yalnız ixtisar prosesinə razılıq verildiyini, ixtisarın qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığına isə məhkəmə tərəfindən qiymət veriləcəyini bildirmişdir.

76. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq işə cəlb olunmuş X18 nümayəndəsi Mübariz Həsənli izahatında bildirmişdir ki, Müfəttişliyə İddiaçı1ovun töhmətlə bağlı müraciəti olmuş, həmin vaxt şikayəti o araşdırmışdır. Həmin müraciət 2021-ci ilin sonlarında, 2022-ci ilin əvvələrində edilmişdir. Hazırki mübahisə ilə bağlı araşdırma aparmasa da, ümumi məlumatı var. Belə ki, müəssisədə ixtisar aparılmış, ixtisarla bağlı qanunvericiliyə uyğun xəbərdarlıqlar olunmuş, sonrakı dövrdə iddiaçıların əmək müqavilələrinə xitam verilmişdir. Lakin iddiaçıların bildirdiyinə görə, həmin ixtisar yerlərinə yeni işçilər götürülmüşdür. Müfəttişlik yalnız müəssisənin təqdim etdiyi sənədlər əsasında araşdırma apara bilir, müəssisəyə sonradan işçi götürülüb-götürülmədiyini izləyə bilmir. Müəssisənin təqdim etdiyi sənədlər əsasında vətəndaşların müraciətinə baxılmış, əmək müqavilələrinə xitam verildiyi, son haqq-hesabların ödənildiyi müəyyənləşdirilmişdir. Hesab edir ki, Əmək Məcəlləsinin tələblərinə görə ixtisar olunacaq işçi həmkarlar təşkilatının iclasına dəvət olunub dinlənilməlidir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

77. Maddə 11 (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

78. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

79. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

80. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

81. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

82. Maddə 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

83. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

84. Maddə 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

85. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

86. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

87. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu kitabçası”

88. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələrində (dövlət sifarişi ilə kadr hazırlığı aparılan dövlət ali təhsil müəssisələri istisna olmaqla) vəzifələrinin (rəhbərlər, mütəxəssislər) əməyinin ödəniş dərəcələri bu Kitabçaya uyğun olaraq müəyyən edilir. Kitabça təhsil sahəsinə aid olan qulluqçu vəzifələrində çalışan işçilərin əmək funksiyalarının və əməyinin ödəniş dərəcələrinin müəyyən edilməsində, onların hüquq və vəzifələrini əks etdirən vəzifə təlimatlarının işlənilməsində, peşəkarlıq səviyyəsindən asılı olaraq onların işə qəbulu və vəzifədə irəli çəkilməsi və məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir. Kitabçada “Ödəniş dərəcələrinə ixtisas tələbləri”nin minimum normaları müəyyən edilir. Bu Kitabçada müəyyən edilmiş təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda), əlavə təhsilə və digər ixtisas tələblərinə malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər attestasiya olunanadək və ya attestasiyadan sonra işçilərin attestasiya komissiyasının rəyi əsasında tutduqları vəzifədə çalışa bilərlər. Kitabçanın qüvvəyə mindiyi vaxtdan sonrakı dövrdə işə qəbul edilən işçilərə bu Kitabça ilə müəyyən edilmiş müvafiq ixtisas tələbləri tətbiq edilir.

89. Orta ixtisas təhsili müəssisələrinin mütəxəssisləri (müəllim) üçün ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

90. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

91. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

92. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

93. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

94. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

95. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

96. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

97. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

98. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

99. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün əsas mövcud deyildir.

100. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Respublikası Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Bakı Humanitar Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş, bununla bağlı olaraq Humanitar Kollecin 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri ilə Kollecin fəaliyyətinin optimallaşdırılması, işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi zərurətinin yaranması ilə əlaqədar müvafiq işçilərin say və ştatlarının ixtisar edilməsi əmr edilmişdir (§ 34, 36, 40).

101. İşin hallarından görünür ki, iddiaçılar məhz Kollecin 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrinə istinadən vəzifə ştatlarının ixtisar olunacağı barədə xəbərdar olunduqdan sonra, onlarla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir.

102. Kassasiya instansiyası məhkəməsinin qərarında da vurğulandığı kimi, iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsinə əsas məhz 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli ştat ixtisarına dair əmr olsa da, onlar həmin əmri mübahisələndirməmişlər.

103. Digər tərəfdən işin halları ilə müəyyən olunur ki, cavabdeh müəssisədə ümumilikdə 91 nəfər ixtisar prosesinə cəlb edilmişdir və bu səbəblə də iddiaçılara qarşı ayrı-seçkiliyə yol verildiyi arqumenti əsaslı hesab oluna bilməz.

104. Həmçinin qeyd edilməlidir ki, iddiaçılarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas onların ail təhsilli olmaması olmamış, bu hal yalnız ixtisar prosesinə cəlb olunmaq üçün əsas götürülmüşdür.

105. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların tədris etdikləri dərs saatlarının azalmasını, bəzi dərslərin isə ümumiyyətlə tədrisdən çıxarılmasını, iddiaçıların orta təhsilli olmalarının ixtisar prosesinə cəlb üçün əsas olsa da, əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmadığını, həmkarlar ittifaqının razılığının mövcudluğunu, ixtisarın mümkünlüyünün mübahisələndirilən əmrlərlə deyil, yuxarıda istinad olunan digər əmrlə həyata keçirilməsini və həmin əmrin mübahisələndirilmədiyini nəzərə almamışdır.

106. İddiaçılardan İddiaçı5 münasibətdə həmçinin qeyd olunmalıdır ki, o, 17 sentyabr 2018-ci il tarixdən Bakı Humanitar Kollecində konsertmeyster vəzifəsinə təyin edildiyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçası”nın orta ixtisas təhsili müəssisələri ilə bağlı V bəndinin təsir dairəsinə düşür. Başqa sözlə ona münasibətdə, onun ali təhsilli olmaması əmək müqaviləsinə xitam verilməsinin birbaşa əsasını təşkil edə bilərdi.

107. İddiaçıların, əmək müqavilələrinə xitam verilərkən həmkarlar ittifaqının razılığının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması və həmkarlar təşkilatının məsələyə formal yanaşdığı arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsində, ixtisar olunması nəzərdə tutulan işçinin həmkarlar təşkilatının iclasına mütləq olaraq dəvət edilməli olması nəzərdə tutulmamışdır. Bu baxımdan, Azərbaycan Təhsil İşçiləri X44 Respublika Komitəsinin sədr müavininin Bakı Humanitar Kollecinin sabiq işçilərinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda (§ 43) göstərilən “ATİAHİ Respublika Komitəsinin 19 noyabr 2012-ci il tarixli Məclisində təsdiq edilmiş “İşəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair Təlimat” işəgötürənin hüquqlarını məhdudlaşdıran normativ sənəd kimi qiymətləndirilə bilməz.

108. Həmkarlar təşkilatı tərəfindən işəgötürənin xx.xx.2021-ci il tarixli təqdimatında adları göstərilən işçilərdən 16 nəfərinin ixtisarına icazə verilmədiyinin bildirilməsi isə, həmin təşkilatın məsələyə formal yanaşmadığına dəlalət edir.

109. İddiaçıların, ixtisar həyata keçirilərkən peşəkarlıq səviyyələrinin nəzərə alınmadığı arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir (§ 83) və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır.

110. Kollegiya onu da qeyd edir ki, iddiaçılar, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışlar (§ 84).

111. İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun əmək qabiliyyətini müvəqqəti itirdiyinin nəzərə alınmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, İddiaçı3 tərəfindən bülletendə olduğu barədə məlumatın cavabdehə verildiyinə dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

112. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1967/2022 saylı iş üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbləri təmin edilməsin. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar