Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2672/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Xumar Afət qızı Mərdanovadan və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə “İcbari Sığorta Bürosu” X2 Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixdə qəbul etdiyi qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (məhkəmə) 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ümumilikdə 8446,34 manatın “İcbari Sığorta Bürosu” X2 xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən 09 mart 2023-cü il tarixdə apellyasiya şikayəti verən Cavabdeh onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş, şikayətin geri qaytarılması, yaxud prosessual müddətin ötürülüb-ötürülmədiyi məsələsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, 12 iyun 2018-ci il tarixli qətnamə 20 iyun 2018-ci il tarixdə Cavabdeh cəza çəkdiyi 2 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmiş, 13 iyul 2018-ci il tarixdə isə qətnamə icraya yönəldilmişdir. İş materiallarında qətnamənin Cavabdeh tərəfindən alındığına dair hər hansı sübut mövcud olmasa da, 2 saylı Cəzaçəkmə müəssisəsinin məhkəməyə ünvanladığı məktublardan aydın olur ki, müvafiq icraat barədə ona məlumat verilmiş, qətnamə ona çatdırılmış, hətta icrası ilə bağlı onunla və ailə üzvləri ilə söhbətlər aparılmışdır. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh qətnaməni nə vaxt aldığı araşdırılmadan və şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyinə münasibət bildirilmədən, qətnamənin qəbulundan 5 ilə yaxın müddət keçdikdən sonra verdiyi şikayətə baxılması qanunvericiliyin mənasına uyğun deyildir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3683/2018 saylı iş üzrə 12 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin geri qaytarılması, yaxud prosessual müddətin ötürülüb-ötürülmədiyi məsələsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2672/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2672/2023
15.03.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver