Məhkəmə qərarları › İş №2(103)-2672/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2672/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2672/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kommunal ödəniş tələbinə dair ilk, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsızlığı və müqavilə üzrə edilmiş ödənişlərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Açar sözlər:(pul tələbi, müqavilənin etibarsızlığı və müqavilə üzrə edilmiş ödənişlərin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(005)-522/2024 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC ilkin iddia üzrə Cavabdeh mənzil və qeyri-yaşayış sahəsinə görə kommunal xidmətin ödənilməsini tələb etmişdir. 2.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ikin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən müqavilənin etibarsız hesab edilməsi, artıq ödədiyi pulun geri qaytarılmasını tələb etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 və 113 kvm-dən ibarət qeyri-yaşayış sahəsinin kommunal xidmətlərinə görə ümumi kommunal borcu 7371 manat pulun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İlkin iddia onunla əsaslandırılmışdır ki, 2011-ci ilin yanvar ayından etibarən "ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında sakinlər məskunlaşmışdır. Həmin dövrdən ümumi yığıncağın qərarına əsasən binada yaşayan sakinlərdən kommunal xidmət haqqları yığılır. Belə ki, sözügedən binada binanın C blokunda sahəsi 145.2 kv m-dən ibarət 86 saylı mənzilin və sahəsi 113 kv m-dən ibarət qeyri-yaşayış sahəsinin sahibi X10 demək olar ki, kommunal xidmətlərə görə ödənişləri vaxtı-vaxtında ödəmir. Müxtəlif bəhanələrlə ödənişləri ödəməkdən boyun qaçırır. Hətta məsələ ilə əlaəqdar bir dəfə məhkəməyə də müraciət olunaraq, məhkəmə qərarına əsasən kommunal borcunu ödəmişdir. Hazırda cavabdehin sahəsi 113 kv m-dən ibarət qeyri-yaşayış sahəsinə görə 3886 manat və sahəsi 145.2 kv m-dən ibarət mənzilinə görə 3485 manat komunal borcu yaranmışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbardarlıq edilməsinə baxmayaraq, cavabdeh kommunal ödənişlərin ödənilməsində qərəzli olaraq problemlər yaratmışdır. Bu baxımdan da məhkəməyə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. 5.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsızlığı və müqavilə üzrə edilmiş ödənişlərin geri qaytarılması tələbinə dairqarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin xx.xx.2023-cü il tarixli ilkin iddiasının rədd edilməsi; 2011-ci ilin yanvar ayından 2023-cü ilin mart ayınadək kommunal xidmət üçün artıq ödənilmiş 608,82 manat əsas, hər gecikdirilmiş gün üçün hesablanmış 331,50 manat gecikdirmə faizi olmaqla, cəmi 940,32 manat məbləğində vəsaitin, qarşılıqlı iddianın verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 100 manat rüsumun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi; kommunal xidmətlərin göstərilməsinə dair yaşayış sahəsi və qeyriyaşayış sahəsi üzrə 20 noyabr 2023-cü il tarixli hər iki müqavilənin etibarsızlığının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsinə münasibətdə tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4156/2022 saylı, 22 iyul 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Əlbəttə ki, tərəflər arasındakı münasibət davamlı xarakter daşıdığından qətnamə qüvvəyə mindikdən sonra da borc tələbinin yaranması mümkündür, ancaq ilkin iddia üzrə iddiaçının iddia ərizəsinə əlavə etdiyi kommunal borclar haqqında cədvəldə 22 iyul 2022-ci il tarixində qüvvəyə minmiş qətnamədən əvvəlki tarixə borclar hesablandığı üçün həmin hissədə iddia MPMnin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanmalıdır. 24 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən sözügedən mənzilin ümumi sahəsi 131,30 m2 təşkil edir. Halbuki 14 dekabr 2007-ci il tarixli “mənzil tikintisi haqda” müqaviləyə əsasən həmin yaşayış sahəsinin ümumi sahəsi 145,2 m2 təşkil etməkdədir. Beləliklə ilkin iddia üzrə cavabdeh müqavilə üzrə əldə etdiyi paya mütənasib olan sahənin ölçüsünün əslində müqavilədə qeyd ediləndən 13,9 m2 daha az olduğunu 24 oktyabr 2023-cü il tarixində öyrənmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən mənzilin sahəsi düzgün hesablanmadığına görə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) zərərə məruz qalmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən həm yaşayış sahəsinə, həm də qeyri-yaşayış sahəsinə münasibətdə təqdim edilən kommunal xidmətlərin göstərilməsinə dair 20 noyabr 2023-cü il tarixli müqavilələrin 3-cü maddəsinin 2-ci bəndinə əsasən “bütün kommunal xərclər və sair üçün ödənişin aylıq məbləği mənzilin hər 1 m2 üçün 40 qəpik təşkil edir”. Müqavilədən aşkar məlumdur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh əvvəlki mübahisə üzrə məhkəmə qərarında da müəyyən edildiyi kimi sahənin hər kvadratmetri üçün 0,30 manat olan ödənişin 2016-cı ildən 0,40 manat hesablanması üçün köhnə tarixli müqavilə hazırlamaq istəmiş ancaq tarixi 2023-cü il qeyd etdiyindən əl yazısı ilə onu “2016” göstərmək istəmiş və bu hal hər iki müqavilədə baş vermişdir. İlkin iddia üzrə iddiaçının əməlinin vicdanlılıq və qanunvericilikdə istisnası nəzərdə tutulmayan etimad prinsipi ilə bir araya sığmadığı işin hallarından aşkar məlumdur. O yaşayış sahəsini özəlləşdirmək istəyən ilkin iddia üzrə cavabdehin yaşadığı binanı idarə edən kooperativə etimadından istifadə etməklə daha çox məbləğ əldə etmək istəmişdir. Bununla yanaşı ilkin iddia üzrə cavabdeh həmin müqavilələrin heç 2023-cü ildən də bağlanmalı olmadığını (yoxluğunu) bəyan edərək qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinin əks olunması nəticəsində yaranır və iradə ifadəsi müqavilənin qurucu ünsürüdür. İlkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilən həmin müqavilələr isə həm iradə ifadəsi olmadığından, həm standart şərtli olmaqla standart şərtin tələblərinə riayət edilmədiyindən etibarsızdır və ümumiyyətlə müqavilə qismində təqdim edilən yazılar müqavilənin tərkib hissəsinə çevrilməmişdir. Aşkar bəllidir ki, ilkin iddia üzrə iddiaçının təqdim etdiyi həmin müqavilə standart şərtli müqavilədir və ilkin iddia üzrə iddiaçı tərəfindən qabaqcadan peşəkar şəkildə dəfələrlə istifadə etmək niyyəti ilə hazırlanaraq istehlakçı olan cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) imzaladılmışdır. Binanın bütün sakinlərinə təqdim edilən eyni məzmunlu müqavilələrdən də bu hal öz təsdiqini tapır. Eyni zamanda elə ilkin iddia üzrə cavabdehin yaşayış sahəsi və qeyri-yaşayış sahəsi üçün hazırlanmış müqavilələri də eyni məzmundadır. Mülki Məcəllənin standart şərtlərini tənzimləyən 417-420-ci maddələrinin tələbləri ilkin iddia üzrə iddiaçı tərəfindən qəsdən pozulmuşdur. Belə ki, standart şərtli müqavilənin standart şərtlərinin əsaslı olması üçün qanunverici iki meyar müəyyən etmişdir. Birincisi həmin şərtin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilmədiyi, ikincisi isə tərkib hissəyə çevrilmiş şərtin etibarlı olub-olmadığıdır. Kommunal xidmətin hər kv. üçün 0,40 manat məbləğində razılaşdırıldığını göstərən bənd müqavilənin tərkib hissəsinə çevrilmir, çünki bununla bağlı ayrıca əyani qeyd yoxdur. Həmin bənd tərkib hissəyə çevrilsəydi belə onun etibarlı olduğundan danışmaq mümkünolmazdı. Yuxarıda da göstərildiyi kimi ilkin iddia üzrə cavabdehin həqiqi iradəsi olmadığı üçün əslində həmin müqavilə yox hökmündədir. Bununla yanaşı iddia ərizəsinə əlavə edilmiş kommunal borclar cədvəlində də 2023-cü ilin aprel ayına qədər xidmət haqqı hər kv. üçün 0,30 manatdan hesablanmışdır və ödənişlər də buna uyğun həyata keçirilmişdir. Cavabdeh həmin 0,30 manata etimad etməkdə və ödənişləri bundan sonra da 0,30 manatdan hesablayaraq ödəməkdə haqlıdır. Mülki Məcəllənin 420.2-ci və 560.3.4-cü maddələrinin məzmununa əsasən istehlakçının güvəndiyi kooperativin əvvəlki rəftarına zidd hərəkət etməsi hüquqdan sui-istifadə meydana gətirir və standart şərt müqaviləyə daxil edilmiş olsa da etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq digər tərəf üçün zərərlidirsə həmin şərt etibarsızdır. İlk iddia üzrə cavabdeh həm əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən 1500 manat məbləğ üzrə, həm də ondan əvvəl və sonra ödədiyi bütün məbləğlər üzrə hər ay üçün 4,17 manat artıq pul ödəməklə ilkin iddia üzrə iddiaçı əsassız varlanmışdır. Hazırkı iş üzrə iddia ərizəsində ilkin iddia üzrə iddiaçı göstərir ki, 2011-ci ilin yanvar ayından etibarən sakinlər, o cümlədən Cavabdeh yuxarıda qeyd edilən ünvanda məskunlaşıblar. Əvvəlki mübahisə üzrə ilkin iddia üzrə iddiaçı iddia ərizəsində göstərir ki, ilkin iddia üzrə Cavabdeh 2015-ci ildən kommunal xidmət haqqını ödəmir. Deməli ilk iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh 2011-ci ilin yanvar ayından 2015-ci ilə qədər ödənişləri həyata keçirdiyini və ilkin iddia üzrə iddiaçıya heç bir borcu olmadığını təsdiq edir. Daha sonra sözügedən yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə təqdim edilən maliyyə arayışında da borcun olmadığı göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.6-cı maddəsinin tələbinə əsasən borcun olmaması barədə maliyyə arayışı olmadıqda mənzillərin özəlləşdirilməsi və reyetrdən çıxarışın təqdim edilməsi həyata keçirilmir. Belə olan halda 24 oktyabr 2023-cü il tarixində hüquqlarının pozulduğunu bilən Cavabdeh artıq ödədiyi ödənişləri geri tələb etmək hüququ yaranır. Kommunal borclar haqqında cədvələ əsasən ilkin iddia üzrə cavabdeh 2022-ci ilin avqust-dekabr ayları daxil olmaqla bütün aylara görə ödənişi həyata keçirib (digər ayların ödənişinin həyata keçirildiyi iddiaçı tərəfindən iddia ərizəsində etiraf edilir). Bundan əlavə ilkin iddia üzrə cavabdeh 2023-cü il üzrə də bütün ödənişləri həyata keçirərək ilkin iddia üzrə iddiaçıdan 726682 saylı, 726909 saylı, 726795 saylı, 828716 saylı qəbzlər almışdır. 2023-cü ilin iyun-dekabr ayları üzrə ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıya borcu olmadığı həmin kommunal borclar cədvəlindən məlum olur. İlkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə təqdim edilmiş 06 oktyabr 2023-cü il tarixli, 828716 saylı qəbzə əsasən ilkin iddia üzrə cavabdehin 2023-cü ilin son ayı üzrə kommunal xidmət haqqını ödədiyi öz təsdiqini tapır. Belə olan halda əvvəlki ödənişlərin həyata keçirilmədiyini iddia edən ilkin iddia üzrə iddiaçı bu halları sübut etmək vəzifəsi daşıyır. Mülki Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. İlkin iddia üzrə cavabdeh qanunda müəyyən olunan bu ehtimala və ilkin iddia üzrə iddiaçının əvvəlki borclara dair qeyd-şərt qoymamasına istinad edərək son ödəniş tarixindən əvvələ ilkin iddiaçıya borcu olmadığını bəyan edir. Beləliklə yaşayış sahəsinə münasibətdə ilk iddia üzrə cavabdehin iddiaçıya heç bir borcu yoxdur, əksinə iddiaçının cavabdehə artıq ödənişlərdən əsassız varlanma üzrə borcu mövcuddur. İlkin iddia üzrə cavabdeh 2023-cü ilin mart ayından etibarən ödənişləri 130,30 m2 və hər kvadratmetrə 0,30 manat hesablanmaqla ödəmişdir. Ancaq 2011-ci ilin yanvarından 2023-cü ilin mart ayına qədər artıq ödənilmiş 608,82 manat nəticəsində ilkin iddia üzrə iddiaçı əsassız varlanmışdır. Ona görə də ilk iddia üzrə cavabdeh həm 608,82 manat əsas borcu, həm də onun gecikdirilməsinə görə yaranmış 331,50 manat məbləğində gecikdirmə faizini Mülki Məcəllənin 449cu maddəsi əsasında ilk iddia üzrə iddiaçıdan tələb etməkdə haqlıdır. Həmin maddəyə görə özgəsinin pul vəsaitini əsassız əldə etməklə varlanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Faizlər bank uçot dərəcəsi ilə müəyyən edilir və uçot dərəcəsini AR Mərkəzi Bankı müəyyənləşdirir. Qeyri-yaşayış sahəsinə münasibətdə qeyd etmək istrəyirik ki, ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş 09 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən ilkin iddia üzrə cavabdehin yuxarıda göstərilən ünvandakı qeyri-yaşayış sahəsi üzrə ilkin iddia üzrə iddiaçıya heç bir borcu yoxdur. Həmin arayış ilk iddia üzrə iddiaçı tərəfindən tərtib olunduğundan oradakı bütün qeyri-müəyyənliklərin ilk iddia üzrə cavabdehin xeyrinə şərh edilməli olduğu qənaətindədir.Bu hal Mülki Məcəllənin 419.2-ci maddəsində də öz əksini tapır. Qeyri-yaşayış sahəsinə dair kommunal borclar cədvəlindən məlum olur ki, 2023-cü ilin iyun-dekabr ayları üçün cavabdehin iddiaçıya heç bir kommunal borcu yoxdur. Beləliklə əvvəla ilkin iddia üzrə iddiaçı ödənişlərin həyata keçirildiyini və ilkin iddia üzrə cavabdehin ona heç bir borcu olmadığını təsdiq edir. Digər tərəfdən yaşayış sahəsi özəlləşdirilən zaman cavabdehə müəyyən oldu ki, iddiaçı tərəfindən mənzilin sahəsi həqiqətdə olduğundan aşağı göstərilmişdir və o faktiki mülkiyyətində və sahibliyində olmayan kvadratmetrlər üçün əlavə ödəniş həyata keçirmişdir. Qeyri-yaşayış sahəsi hələ ki, özəlləşdirilmədiyindən həmin müqavilədə göstərilən 113 m2 sahənin reallığı əks etdiribetdirmədiyi cavabdehə məlum deyildir. 7.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-522/2024 saylı qərardadı ilə Cavabdeh ünvan 2 ünvanı üzrə xx.xx.2021-ci il tarixədək yaranmış kommunal borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması hissəsində ilk iddia tələbi üzrə icraata xitam verilmişdir. 8.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 17 yanvar 2024-cü il tarixli, 2(005)-522/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Aytən Novruzova) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmiş, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir. İş materiallarında olan: 9.“Satıcı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “alıcı” Cavabdeh arasında bağlanmış 14 dekabr 2007-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, Korpus C, 86 nömrəli mənzilin yaşayış və qeyriyaşayış sahəsini alıcıya verməyi öz öhdəsinə götürür. Alıcı mənzilin haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. 10."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış müqavilələrdən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 2 və 113 kvm-dən ibarət qeyriyaşayış sahəsi üzrə lift xidməti, mənzillərin su ilə təchiz olunması, blokların və mərtəbələrin işıqlandırılması, elektrik enerji haqqının "xxxx" ASC-yə ödənilməsi, blokların və liftlərin təmizlənməsi və s. kommunal xidmətlərin həyata keçirilməsini, alıcı isə btütün kommunal xərclər və sair üçün mənzilin və qeyri-yaşayış sahəsinin hər kv.m-i üçün 0,40 manat ödəməyi öhdəsinə götürmüşdür. 11."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanı üzrə Cavabdeh 2016-2021-ci illər və 2022-ci ilin yanvar-iyul ayları üzrə aylıq kommunal ödənişləri etməmiş, 3168 manat kommunal ödəniş, 317 manat müamilə pulu, cəmi 3485 manat borcu yaranmışdır. 12."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi ev 4 ünvanında yerləşən yaşayış kompleksi binasının Blok C, 113 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə Cavabdeh 2015- 2022-ci illər və 2023-cü ilin yanvaravqust ayları üzrə aylıq kommunal ödənişləri etməmiş, 3536 manat kommunal ödəniş, 350 manat müamilə pulu, cəmi 3886 manat borcu yaranmışdır. 13.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən həm yaşayış sahəsinə, həm də qeyri-yaşayış sahəsinə münasibətdə kommunal xidmətlərin göstərilməsinə dair 20 noyabr 2023- cü il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ödənişlər aparılması həyata keçirilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında "Mənzil Kommunal Xidməti haqqında" müqavilə bağlanmasına baxmayaraq, kommunal xidmət haqqını ödəmək öhdəliyi yerinə yetirməmişdir. Hazırda ilk iddia üzrə mübahisə həmin kommunal xərclərin ödənilməməsi nəticəsində yaranmışdır. Digər tərəfdən, cavabdeh kommunal xidmətlərin göstərilməsinə dair 20 noyabr 2023- cü il tarixli müqavilənin etibarsız sayılmalı olmasını qeyd edir, belə ki, Cavabdeh bağlanmış müqavilənin tarixinin 2023-cü il qeyd edildiyi halda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onu əl yazısı ilə “2016” kimi göstərilməsinin Cavabdeh iradə ifadəsini əks etdirmədiyini vurğulamışdır. Eyni zamanda, iddiaçı "xxxx" MTK cavabdehlər X8, X9, X6 və Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciəti olmuş, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok D, mənzil 56-da yaşayan X1 olan 540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok A, mənzil 8-də yaşayan X2 olan 2288 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok B2, mənzil 9-da yaşayan Məmmədova Lalənin kooperativə olan 3540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok C, mənzil 86-da yaşayan Cavabdeh kooperativə olan 5139 manat borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 4156/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə qismən ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilərək Cavabdeh 1500 manat pul vəsaitinin iddiaçı “Bakı Universiteti" Mənzil Tikinti Kooperativinin xeyrinə tutulması qət edilmişdir. 14.Məhkəmə iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. 15.İstinad olunan normaların hazırki mülki işə tətbiq edilməsi nəticəsində aydın olur ki, cavabdeh MMC-nin çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə zidd olaraq həyata keçirməsi işin məhkəmə araşdırması ilə müəyyən edilmiş halıdır. 16.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı MMC faktiki idarəçiliyini həyata keçirdiyindən kommunal xidmətlərinin göstərilməsi üzrə müqavilələrə əsasən ödənilməmiş kommunal borclarının tutulması hissəsində ilk iddia tələbi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin müdafiə üçün məhkəməyə müraciət etmək hüququnu təsbit edən 4-cü maddəsinin tələblərinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilən normaların müqayisəli təhlili onu deməyə əsas verir ki, iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir. 17.Qeyd olunanlardan aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia predmeti olan mənzil və qeyri-yaşayış sahələrinin idarəsini təşkil etmək, kommunal xidmətin və digər idarəçilik işlərinin həyata keçirilməsini təmin etmək səlahiyyəti olmamışdır. Qanunvericiliklə bu səlahiyyət mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən və qanunvericilikdə konkret qeyd olunmuş digər qaydada həyata keçirilir. Qanunvericiliklə konkret qayda müəyyən edildiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bu qaydadan kənara çıxan hərəkətləri qanunsuzdur. 18.Beləliklə məhkəmə hesab etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbində qeyd edilən kommunal xidmət haqqının tutulması əsası kimi göstərilmiş hərəkətləri etmək hüququ olmadığından, ona qanunveriicliklə belə bir hüquq verilmədiyindən, bu xidmət haqqının da cavabdehdən tutulmasını tələb etmək kimi subyektiv hüququ yoxdur, bu səbəbdən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kommunal ödəniş tələbinə dair ilk iddiası təmin edilməməlidir. 19.Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. 20.BakıUniversitet” Məhdud Məsuliyyətli Cəmiyyətinin kommunal xidmətləri göstərmək səlahiyyəti olmadığı iş materialları və qanunvericilik normaları ilə sübuta yetirildiyindən onun tərəflərindən qanunvericiliyin tələblərini pozmaqla bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilə də bağlandığı andan əhəmiyyətsiz əqd olmuşdur. Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Yəni bu əqdin əhəmiyyətsiz hesab edilməsi üçün ayrıca məhkəmə aktı qəbul edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsızlığı və müqavilə üzrə edilmiş ödənişlərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.2, 135.1. 135.2.3, 137.4, 137.7, 137.10, 141, :Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445, 445.2, 448.1, 777.1, 777.2, 783.2, 783.3, 1087.1, 1087.2, 1090.1, 6.2, 324, 399.1, 337.1, 337.3, 337.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin4.1, 14.2, 77.1, 88, 106.1, 217.4, 119.1, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 22.Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə tərəfindən qəbul edilən qətnamədə maddi və prossesual huquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4156/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi üzrə Cavabdeh kommunal ödənişlərin ödənilməsi tələbinə dair borclu qismində tanınmışdır və qətnamə üzrə cavabdehdən 1500 manat tutularaq iddiaçı “BakıUniversitet“ MMC-nin xeyrinə tutulmuşdur. Ondan əlavə “BakıUniversitet“ MTK ilə “BakıUniversitet“ MMC arasında imzalanan kommunal ödənişlərin yığılmasına dair müqaviləni məhkəmə nəzərə almamışdır. Məhkəmə təqdim edilən rəsmi sənədləri obyektiv araşdırmadan subut kimi qəbul etməmişdir. Belə ki "xxxx" MTK ilə xx.xx.2015-ci il tarixində "xxxx" MMC-lə kommunal xidmətlərin göstərilməsinə dair müqaviləni məhkəməyə təqdim edilib.Həmin müqavilədə “BakıUniversitet “MMC-yə səlahiyyət verilmişdir kommunal ödənişlərin yığılmasına dair, ondan əlavə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4156/2022-ci il tarixli, 22 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh borclu qismində tanınmışdır. Məhkəmə bu təqdim edilmiş qətnaməni nəzərə almamışdır. Məhkəmə prossesi zamanı cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, 2023-cü il tarixində kommunal ödənişləri ödəmişdir, bu da onu bir daha subuta yetirir ki, cavabdeh kommunal ödənişlərin ödəməkdə razı olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 26.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 28.Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. 29.Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 30.Maddə 135.2.3. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 31.Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 32.Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 33.Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissələrdə mübahisələndirmiş, cavabdeh isə qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Kollegiya iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(005)-522/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. 40.Belə ki, cavabdeh tərəfindən həm yaşayış sahəsinə, həm də qeyri-yaşayış sahəsinə münasibətdə kommunal xidmətlərin göstərilməsinə dair 20 noyabr 2023-cü il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ödənişlər aparılması həyata keçirilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında "Mənzil Kommunal Xidməti haqqında" müqavilə bağlanmasına baxmayaraq, kommunal xidmət haqqını ödəmək öhdəliyi yerinə yetirməmişdir. Hazırda ilk iddia üzrə mübahisə həmin kommunal xərclərin ödənilməməsi nəticəsində yaranmışdır. 41.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh ünvan 2 ünvanı üzrə xx.xx.2021-ci il tarixədək yaranmış kommunal borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması hissəsində ilk iddia tələbi üzrə icraata xitam verilmişdir. 42.Belə olduğu təqdirdə iddiaçı tərəfindən tələb olunan məbləğ yaşayış sahəsinə görə 2021-ci il (9 ay)-354,51 manat, 2022-ci il (7 ay) üzrə 275,73 manat, cəmi 630,24 manat; qeyri-yaşayış sahəsinə görə 2021-ci il (9 ay) üzrə- 305,1 manat, 2022-ci il (12 ay) üzrə- 406,8 manat, 2023-cü il (8 ay) üzrə 271,2 manat, cəmi 983,1 manat olmaqla kommunal xitmətlərə görə tələb olunan məbləğ ümumilikdə 1613,34 manat təşkil edir. (630,24+983,1=1613,34) 43.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141-ci maddəsinin tələbinə görə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. 44.Mənzil Məcəlləsinin istinad olunan normalarından göründüyü kimi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. 45.Qanuncericiliyin tələbləri və hazırki işin faktiki hallarının təhlilindən görünür ki, cavabdeh MMCnin çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə zidd olaraq həyata keçirir. 46.Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia predmeti olan mənzil və qeyriyaşayış sahələrinin idarəsini təşkil etmək, kommunal xidmətin və digər idarəçilik işlərinin həyata keçirilməsini təmin etmək səlahiyyəti olmamışdır. Qanunvericiliklə bu səlahiyyət mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən və qanunvericilikdə konkret qeyd olunmuş digər qaydada həyata keçirilir. Qanunvericiliklə konkret qayda müəyyən edildiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bu qaydadan kənara çıxan hərəkətləri qanunsuzdur. 47.Belə ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 48.Həmin Məcəllənin müdafiə üçün məhkəməyə müraciət etmək hüququnu təsbit edən 4-cü maddəsinin tələblərinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilən normaların müqayisəli təhlili onu deməyə əsas verir ki, iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir. 49.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 50.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 51.Beləliklə kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbində qeyd edilən kommunal xidmət haqqının tutulması əsası kimi göstərilmiş hərəkətləri etmək hüququ olmadığından, ona qanunveriicliklə belə bir hüquq verilmədiyindən, bu xidmət haqqının da cavabdehdən tutulmasını tələb etmək kimi subyektiv hüququ yoxdur, bu səbəbdən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kommunal ödəniş tələbinə dair iddiası təmin edilməməlidir. 52.Məhkəmə kollegiyası iş materiallarında olan çıxarışa əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 3138-ci məhəəllə, ev 4, 86 saylı mənzilin mülkiyyətçisi olmasını nəzərə alaraq, apellyatorun Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qətnaməsinə istinad etməsi ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, həmin dövrdə işə baxılarkən, cavabdeh öz adına çıxarış almamış, hazırda cavabdehin mülkiyyət hüquqları reyestrdə qeydə alınmışdır. 53.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 54.Beləliklə kollegiya qeyd olunan xüsusatları ümumiləşdirərək hesab edir ki, iddiaçı "xxxx" MMC apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(005)-522/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 55.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 56.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 57.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(005)-522/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar