Məhkəmə qərarları › İş №2(103)-2676/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2676/2025

02.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2676/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi) X11 İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X8, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X9 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1084/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan bir tərəfdən işəgötürən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri X7 şəxsində və digər tərəfdən işçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi, "xxxx" ASC-nin Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, əmək müqaviləsi 3 ay müddətinə qüvvədədir, bu Əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra 1 həftə ərzində tərəflərdən biri digər tərəfi xəbərdarlıq etməklə pozula bilər, əgər tərəflərdən heç biri bu müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin Əmək müqaviləsinin müddəti 3 ay uzadılır.

2. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-22/3-1-787/2024 №-li Əmrin surətindən görünür ki, "xxxx" ASC-nin Təsərrüfat şöbəsinin ləğv edildiyini nəzərə alaraq həmin şöbənin müdiri İddiaçı əmək müqaviləsi 2024-cü il 9 sentyabr tarixindən ləğv edilməsi, "xxxx" ASC-nin İddiaçı son haqq-hesabın verilməsi və əmək qanunvericiliyində təsbit edilmiş qaydalarda işdənçıxarma müavinətinin ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli elekron məktubdan görünür ki, Nazirliyin Elim, təhsil və insan resursları şöbəsi tərəfindən İddiaçı müraciət ünvanlayaraq bildirilmişdir ki, “qurumun fəaliyyətində səmərəliliyin artırılması və operativliyin təmin edilməsi məqsədilə "xxxx" ASC-nin Aparatında struktur dəyişikliyinin aparılması zərurəti yaranmışdır, aparılacaq struktur dəyişikliyinə uyğun olaraq bəzi vəzifələrin, o cümlədən sizin tutduğu vəzifənin ləğvi nəzərdə tutulmuşdur, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq müvafiq vəzifənin ləğvi ilə əlaqədar öncədən xəbərdar edilirsiniz”.

4. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-22/2-M-3216/2-1-3390/2024 nömrəli məktubundan görünür ki, İddiaçı bildirilmişdir ki, “Sizin əmək müqavilənizə kənd təsərrüfatı nazirinin 2024-cü il 09 sentyabr tarixli 3-22/3-1-787/2024 nömrəli Əmri ilə xitam verilmişdir. Əmək müqavilənizə xitam verilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmamışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hal-hazırda Nazirliyin Bakı şəhərində yerləşən strukturuna daxil olan qurumlarında və strukturuna daxil olmayan tabeliyindəki qurumlarında ixtisasınıza uyğun vakant vəzifə yoxdur”.

5. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək haqqı üzrə hesablamaödəniş cədvəlindən görünür ki, İddiaçı 2024-cü ilin sentyabr ayı üçün 6948,56 manat ödəniş edilmişdir.

6. İş materiallarında olan Arayışdan görünür ki, İddiaçıla bağlanmış əmək müqaviləsi əsasında 2024-cü il ərzində ödənilən aylıq əmək haqqından tutmaların 1 faizi "xxxx" ASC-nin X4, 1 faizi isə X15 X5 hesabına köçürülməsi həyata keçirilmişdir.

7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00632 №-li “Arayış”dan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş və lakin prosesin davam etdirilməsinə razılıq verməmiş, İddiaçı mediasiya sessiyasının iştirakı ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir.

8. İş materiallarında olan "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin "xxxx" ASC-nin idarə heyətinin sədri Mehman Veysəlova ünvanlanmış xx.xx.2024- cü il tarixli 13 №-li məktubundan görünür ki, 2024-cü il 5 sentyabr tarixli 3-22-13/2- 969/2024 nömrəli təqdimata “Aqroservis" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyəti tərəfindən baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin aparatının, təchizat və satış mərkəzlərinin, regional nümayəndəliklərinin, pambıq məntəqələrinin və X2 strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2024-cü il 2 avqust tarixli 3-22/3-1-604/2 024 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Təsərrüfat şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsəsən ləğv edilməsinə etiraz etmirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 həftə xəbərdarlıq müddətinə görə əməkhaqqının 0,5 mislinin cavabdehdən tutulması, onu tutduğu və ona analoji vəzifəyə bərpa olunaraq, qanunsuz işdən çıxarıldığına görə cavabdehdən onu işdən çıxarıldığı günün sonrakı günündən yəni 10 sentyabr 2024-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2011-ci ildən Əmək fəaliyyətinə başlamışdır, 13 ildən artıqdır ki, təchizat zənciri sahəsində təcrübəyə malikdir və 6 ildən artıqdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təsisçisi olduğu "xxxx" ASC-də aşağıda göstərilən müxtəlif rəhbər vəzifələrdə çalışmışdır - 09.20xxxx.2021 "xxxx" ASC-də Satınalmalara üzrə şöbə müdiri müavini və müdir əvəzi, - 04.20xxxx.2022 Tikinti və Təsərrüfat şöbəsinin müdir müavini, Təsərrüfat sektor müdiri, - 06. 20xxxx.2024 Təsərrüfat şöbəsinin müdiri vəzifələrində çalışmışdır, fəaliyyəti zamanı bir sıra Sertifikatlarla təltif olunmuşdur, bunlardan: - X10” un Təchizat Zəncirinin idarə edilməsi (Təchizat, Satınalma, Logistika, Anbar idarətməsi) sertifikatı, - “X10”un “Satınalmalarda rüşvətə qarşı mübarizə” seminarında iştirak sertifikatı və s. Həmçinin, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi - İkinci Qarabağ müharibəsində könüllü yardım kompaniyası təşkil etdiyinə görə Fəxri Fərman ilə təltif olunmuşdur, əldə etdiyi bilikləri daim iş həyatında tətbiq etməyə çalışmış, rəhbərlik etdiyi şöbədə bir sıra yenilikləri, faydalı iş modellərini tətbiq etmişdir. Belə ki, "xxxx" ASC-də keçirilən imtahan nəticələrinə görə ilk iki yeri tutan şöbənin rəhbəri və sistem qurucusu olmuşdur, onun Əmək müqaviləsinə xitam verilənə qədər peşakarlıq və vicdanla çalışmışdır, lakin bütün bunlara baxmayaraq, 07 avqust 2024-cü il tarixində "xxxx" ASC-nin Aparatında struktur dəyişikliyinin aparılması səbəbi ilə onun vəzifəsinin ləğv olunması barədə bildiriş ona göndərilmişdir. xx.xx.2024-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi göstərilmişdir. Onun əmək müqaviləsinə xitam verilərkən bir sıra qanunvericiliklə müəyyən edilmiş normaların pozuntusuna yol verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Qeyd etməyi zəruri hesab edir ki, rəhbərlik etdiyi şöbədə ilk olaraq onun vəzifəsi ixtisar olunmuşdur. Onun rəhbərlik etdiyi şöbəyə isə onun yerinə başqa şəxs təyin olunmuşdur. Şöbəyə aid fəaliyyət istiqamətlərinin bir hissəsi dəyişdirilmiş lakin, ümumillikdə fəaliyyət istiqamətləri olduğu kimi qalmışdır. Bu isə, onu deməyə əsas verir ki, ştat ixtisarı sadəcə formal olaraq keçirilmiş, əsas məqsəd isə köhnə əməkdaşları yeniləri ilə əvəz etməkdir. Belə ki, çalışdığı bütün müddət ərzində barəsində heç bir intizam tənbeh tədbiri görülməmiş, fəaliyyətinin qiymətləndirilməsi zamanı heç nöqsan aşkar olunmamışdır. Əksinə illər boyunca vəzifədə irəli çəkilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X4 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X6 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin burda da, cavabdeh pozuntulara yol vermişdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, məktubundan göstərilir ki, onlar Təsərrüfat şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə etiraz etmirlər. Lakin, ilk öncə qeyd edilməlidir ki, həmin məktubda hər-hansı əsaslandırma yoxdur. Digər tərəfdən isə, işəgötürənim Nazirlik olduğu halda, necə olur ki, "xxxx" ASCnin Həmkarlar İttifaqı Komitəsi rəy verir? Hesab edir ki, hər iki məqam ciddi qanun pozuntusudur. Göründüyü kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərəkən qanunvericiliyin tələbləri pozulmuşdur.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1084/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi rədd edilmişdir.

12. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə, 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə, 45.5, 68.1, 70-ci maddəsinin “b” bəndinə, 71.1, 77, 78.1, 78.2, 79.1, 80, 83.2, 84.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 124.2, 217.4, 218.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işə işəgötürən təşkilatı Kənd Təsərrüfatı Nazirliyidir və "xxxx" ASC-nin X6 "xxxx" ASC-nin sədrinə deyil birbaşa Nazirə ünvanlanmış məktub göndərməli idi. İddiaçının işdən çıxarılması barədə Həmkarlar İttifaqının qərarı əsaslı olmalı idi. Yəni, həmin qərarda müəyyən əsaslandırma olmalı, işçinin hər-hansı bir yerə təyin etmək imkanı və s . məsələlər əks olunmalı idi. Halbuki iş materiallarından və tərəflərin izahatlarından aşağıdakılar aydın olur: Əvvəl çalışdığı və qurucusu olduğu Satınalma şöbəsində işdən çıxarıldığı vaxtdan bu vaxta qədər boş şöbə müdiri vəzifəsi üzrə vakansiya mövcud olduğu halda, həmin şöbəyə şöbə müdiri vəzifəsinə dəvət edilməmişdir. Halbuki, həm həmkarlar ittifaqı həm də rəhbərlik bu vakansiyanın mövcudluğunu və iddiaçının bu vakansiyaya uyğun olduğumu yaxşı bilirdilər. Lakin, rəydə bu hal qeyd edilməmişdir. İxtisar edildikdən sonra 1,5 ay müddətində müavini şöbə müdiri vəzifəsini icra etmişdir. Daha sonra isə o digər şöbəyə təyinat almışdır. Adı dəyişdirilmiş yeni şöbəyə kənd təsərrüfatı sisteminə aid olmayan bir nəfər şöbə müdiri vəzifəsinə gətirilmişdir. Beləliklə bu zaman sual yaranır, ixtisardan sonra necə olur ki, həmin vəzifə üzrə 1,5 ay müddətində müavini əvəz edir və hansı səbəbə görə daxildə kadr ola-ola kənardan sistemlə əlaqəsi olmayan yeni bir şəxs gətirilir. Müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqının sədri onun müavini vəzifəsində çalışmışdır. O məsələyə qərəzli yanaşaraq, həmin əsassız rəyi təqdim etmişdir. Qərəzinin əsas məqsədi isə, iddiaçı ixtisar olunduqdan yerinə keçməkdən ibarət idi. Şöbənin peşə istiqamətlərinə formal yeni fəaliyyət istiqaməti artırılmış və cəmi 1-2 nəfər ixtisar olunmuşdur. Hər iki şöbənin əsasnamələri məhkəməyə təqdim olunmuşdur. Həmin Əsasnamələr arasında fərq demək olar sezilmir. Sadəcə, işəgötürə ncavabdeh təşkilatın əsas məqsədi “köhnə” rəhbərlikdən qalan vəzifəli şəxsləri “təmizləməkdən” ibarət idi. Məhkəmə iclası zamanı bütün bu halları dəfələrlə vurğulanıb, hallara dair sübutlar təqdim olunsa belə məhkəmə bu halların heç birinə hüquqi qiymət verməmişdir. Halbuki, bütün bu faktlar iddiaçının işdən çıxarılmasında qərəzin mövcud olmasını göstərir. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittfaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X4 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X6 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Yuxarıdakı normadan bəlli olduğu kimi, "xxxx" ASC-də fəaliyyət göstərən X6 Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinə əsaslandırmış rəy təqdim etməlidi. Lakin, işə əlavə olunmuş rəydən görsənir ki, həmin rəy işəgötürənə ünvanlanmayıb və həmin rəydə hər-hansı bir əsaslandırma mövcud deyil. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən Müvafiq hallarda işçilərin sayı azaldılarkən vəya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələbolunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərəalır. İş hallarına nəzər salanda görsənir ki, İddiaçı şöbə müdiri vəzifəsində çalışdığına baxmayaraq, ilk olaraq o ixtisara salınmışdır. Bu zaman belə qənaətə gəlmək olur ki, 28 nəfərdən ibarət olan şəxs elə şöbə müdirinin özüdür. Halbuki, şöbə müdirinə qədər bir sıra mütəxəssislər fəaliyyət göstərir. Məhkəmə isə cavabdeh tərəfindən iddiaçıya olan qərəzi görsə belə, bu normanın tələblərinə əmək etməmişdir. İş materiallarından göründüyü kimi, məhkəmə ümumiyyətlə normaların açıq-aşkar pozulduğunu görsə, belə onların pozulmasına düzgün qiymət verməmişdir. Məhkəmə cavabdeh qurumun qərəzli hərəkətləri ilə bağlı yuxarıda göstərilən hallara qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etriaz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, işdən azad olunarkən müddətli əmək müqaviləsinin bitməsinə təxminən 9 gün qalmışdı. Yeni yaradılan Təminat və Logistika şöbəsinə onun müavini və Həmkarlar İttifaqının sədri 2 ay rəhbərlik etmişdir. Bundan sonra kənardan gələn şəxs rəhbər olmuş və əvvəl rəhbəri olduğu şöbənin rəhbəri vəzifəsi boş qalmışdır.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X14 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə az vaxt qalmışdır. İddiaçıya qarşı hər hansı bir qərəz olsa idi, müddətli əmək müqaviləsinin müddətinin bitməsini gözləyərdilər. Sadəcə struktur dəyişikliyi baş vermiş, həmin şöbə ləğv edilmiş, funksiyaları digər şöbələr arasında bölünmüşdür. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

19. 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

20. 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

21. 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir.

22. 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir.

23. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

24. 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

25. 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsini ləğv edilə bilər.

26. 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

27. 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

28. 78.2-ci maddəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

29. 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

30. 80-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X4 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X6 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

31. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

32. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1084/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" ASC-nin Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir, əmək müqaviləsi müddətlidir, müvafiq əmrə əsasən İddiaçı çalışdığı "xxxx" ASC-nin Təsərrüfat şöbəsi ləğv edilmiş, xx.xx.2024cü il tarixdə həmin şöbənin əməkdaşı olan iddiaçıya, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq tutduğu vəzifənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar edilmiş, onun əmək müqaviləsinə 2024-cü il 09 sentyabr tarixdə xitam verilmiş, ona son haqq-hesabın verilməsi və əmək qanunvericiliyində təsbit edilmiş qaydalarda işdənçıxarma müavinətinin ödənilməsi təmin edilmişdir, həmçinin xx.xx.2024-cü il tarixdə 2024-cü ilin sentyabr ayı üçün 6948,56 manat ödəniş edilmişdir, onunla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq X3 razılığı alınmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ləğv edilmiş şöbənin yerində qismən az ştatlı şöbə yaradılmış, iddiaçı şöbənin yenidən təşkil olunmasını, əvvəlki şöbədə rəhbər vəzifədə olmasını əsas gətirərək üstünlük hüququnun olmasını, bununla da orada işə qəbul olumasının mümkün olduğunu, üzv olmadığı üçün işdən çıxarılmanın mümkünlük məsələsinə baxmaqda X3 səlahiyyətlərinin olmamasını əsas gətirir, cavabdeh isə iddia tələbini qəbul etmir, bütün ödənilməli olan ödənişlərin həyata keçirildiyini, iddiaçının vəzifəsinin hazırda mövcud olmadığını, buna görə də işə bərpa olunmasının mümkün olmadığını bildirir.

44. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.

45. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, qanunvericiliklə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarına daxil olmaqla yanaşı, müvafiq tədbirlərin görülməsi də nəzərdə tutulur: əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçinin işəgötürən tərəfindən əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməsi; müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığının alınması. İşin müəyyən olunmuş hallarından görünür ki, işəgötürən tərəfindən yuxarıda qeyd edilən qanunvericilik tələbləri gözlənilmiş, həmçinin müvafiq ödəmələr həyata keçirilmişdir. İşçinin işdə saxlanmada üstünlük hüququ isə müəyyən deyildir.

46. Kollegiya apellyasiya şikayətinin “işdən çıxarılarkən müvafiq həmkarlar ittifaqı tərəfindən razılığın alınmaması” barədə dəlilinə münasibətdə bildirir ki, iş materiallarından göründüyü kimi, işçi "xxxx" ASC-də şöbə müdiri vəzifəsinə qəbul edilmiş və "xxxx" ASC-nin X3 üzvü olmuş, həmin həmkarlar ittifaqı tərəfindən də müvafiq təqdimata baxılmış və işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsəsən ləğv edilməsinə etiraz edilməmişdir.

47. Kollegiya şikayətin “tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçi” olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə görə, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir, yəni işçinin zəruri peşəkarlıq səviyyəsinin, onun ixtisara düşməyən və ya yeni yaradılacaq ştatlarda işləmək üçün uyğunluğunun müəyyən edilməsi ilə bağlı işəgötürənin mülahizə sərbəstliyi vardır. Başqa sözlə, əmək münasibətləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi əsasında yaranır və qanunvericiliklə əmək müqaviləsi bağlamaq işəgötürənin əsas hüququ olduğundan, həmçinin işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi onun səlahiyyətlərinə aid edildiyindən qanunvericiliyin pozulması halları istisna olmaqla, işəgötürənin hüquq və səlahiyyətlərinə hər hansı bir müdaxilə də yolverilməzdir.

48. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə əmək qanunvericiliyinin pozulması halları müəyyən olunmur. Belə ki, işin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəmə təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

49. Kollegiya hesab edir ki, işdən çıxarma barədə əmrin ləğv edilməsinə əsas olan, habelə cavabdeh tərəfindən iddiaçının son haqq-hesabına dair borcun olmasına dair hallar müəyyən edilmədiyindən həmin hissədə də iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

50. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, işdən çıxarma barədə əmrin ləğv edilməsinə əsas olan, habelə cavabdeh tərəfindən iddiaçının son haqq-hesabına dair borcun olmasına dair hallar məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən şikayət əsaslı hesab edilmir. İddiaçı işdən çıxarılma halının qərəzli olduğunu bildirsə də, işəgötürən tərəfindən əməkqanunverciliyinin pozulması halının müəyyən edilməməsi ilə yanaşı, qərəzli münasibətin mövcudluğu həqiqətə uyğun deyil. Belə ki, əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə 3 ay müddətinə bağlanılmış, xx.xx.2024-cü il tarixli 3-22/3-1-787/2024 №-li Əmri ilə "xxxx" ASC-nin Təsərrüfat şöbəsi ləğv edildiyindən həmin şöbənin müdiri İddiaçı əmək müqaviləsi 2024-cü il 09 sentyabr tarixindən ləğv edilməsi müəyyən edilmişdir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Məhkəmə xərclərinə münasibətdə kollegiya hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı isə hazırki iddia tələbi üzrə dövlət rüsumu ödəməkdən azad olduğundan, dövlət rüsumunun Dövlət Büdcəsinə aid edilməli olması barədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur.

54. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

55. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1084/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar