Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2678/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, cavabdehin nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2254/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 22 may 2017-ci il tarixdə, "xxxx" MMC ilə iddiaçı arasında ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilin alqı-satqısı haqqında 50/176 saylı müqavilə imzalanmışdır. Mənzilin tam dəyəri 22 may 2017-ci il tarixdə ödənilmişdir. İddiaçı ilə cavabdeh 29.11.2017-ci il tarixdə nikah bağlamışlar. Nikahdan övlad dünyaya gəlməmişdir. Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehnın cavabdeh İddiaçı qarşı mənzilə köçürmə tələbinə dair iddiası təmin edilmiş və Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsində yerləşən 192 saylı evin 100 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qeyd olunan qətnaməsində iddiaçı ilə cavabdehin nikah münasibətlərində olmasına əsaslanaraq cavabdehin mənzilə köçürmə tələbinə dair iddiasını təmin etmişdir. Bundan sonra iddiaçı ilə cavabdehin nikahı 24 dekabr 2019-cu il tarixdə pozulmuşdur. Uzun müddətdir iddiaçı ilə cavabdeh arasında heç bir ailə münasibəti yoxdur və bir-birilərindən ayrı yaşayaraq birgə təsərrüfat aparmırlar. Sabunçu Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi iddiaçının mənzildən istifadə hüquqlarını pozur. Hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanaraq iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət etmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən istifadə hüququna xitam verilməsi və Cavabdeh məxsus cehiz əşyaları: yataq, mətbəx və qonaq otağı mebel dəsti; 1 ədəd divan; 1 ədəd televizor; 1 ədəd soyuducu; 1 ədəd plataryuyan maşın; 1 ədəd dəhliz şkafı; 1 ədəd xalça; 1 ədəd qızdırıcı soba; 1 ədəd ətçəkən maşın; 1 ədəd ütü; 2 ədəd çılçıraq; qab-qacaq; 2 ədəd pərdənin ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, ona məxsus ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildə cavabdehə məxsus cehiz əşyaları mövcuddur və cavabdeh həmin əşyaları götürməkdən imtina edir. Nəticədə, qeyd olunan hal onun mülkiyyət hüquqlarını pozur, o, mənzildən maneəsiz şəkildə istifadə edə və özünə məxsus bir çox əşyanı həmin mənzilə yerləşdirə bilmir. Bu səbəbdən iddia tələbinin həcminin artırılması barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməyi zəruri hesab edir. Cavabdehin iddiaçıya məxsus mənzildə qalan əşyaları cehiz əşyaları yataq, mətbəx və qonaq otağı mebel dəsti, divan, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd dəhliz şkafı, 1 ədəd xalça, 1 ədəd qızdırıcı peç, 1 ədəd ətçəkən maşın, 1 ədəd ütü, 2 ədəd lüstr, qab-qacaq, 2 ədəd pərdədən ibarətdir. Hesab edir ki, Cavabdeh ünvan 1 ünvanmda yerləşən 100 saylı mənzildən istifadə hüququna xitam verilməli və Cavabdeh məxsus cehiz əşyaları yataq, mətbəx və qonaq otağı mebel dəsti, 1 ədəd divan, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd dəhliz şkafı, 1 ədəd xalça, 1 ədəd qızdırıcı peç, 1 ədəd ətçəkən maşın, 1 ədəd ütü, 2 ədəd lüstr, qab-qacaq, 2 ədəd pərdə ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən çıxarılmalıdır. Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən Cavabdeh məxsus yataq, mətbəx və qonaq otağı mebel dəsti; 1 ədəd divan; 1 ədəd televizor; 1 ədəd soyuducu; 1 ədəd plataryuyan maşın; 1 ədəd dəhliz şkafı; 1 ədəd xalça; 1 ədəd qızdırıcı soba; 1 ədəd ətçəkən maşın; 1 ədəd ütü; 2 ədəd çılçıraq; qabqacaq; 2 ədəd pərdə olmaqla həmin əşyaların siyahıya alınmaqla çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 29 oktybar 2017-ci il tarixdə onlar nikaha daxil olmuşlar və həmin mənzilə köçərək yaşamışdır. Cehiz əşyaları da həmin mənzilə yerləşdirilib. Sonradan münasibətləri pozulmuş, iddiaçı onu mənzilə buraxmamışdır. O, məhkəməyə müarciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. İddiaçı ona qarşı məhkəmədə nikahın pozulması ilə bağlı iddia qaldırmış və məhkəmənin 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulnuşdur. İddiaçının məhkəmənin qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılmış və şikayət təmin edilməmişdir. Məhkəmənin 02 aprel 2019-cu il tarixli qətnaməsi hüquqi qüvvəsini almış və icraya yönəlmişdir. İcra məmuru uzun müddət onun hüquqlarını pozub qətnaməni icrasız saxlasa da qətnamə 08 iyul 2020-ci il tarixdə icra olunmuş və mübahisəli mənzilə köçürülmüşdür. O, artıq mübahisəli mənzilə köçürülmüşdür, orada yaşayır, onun məhkəmə qətnaməsinə əsasən mənzildə yaşamaq hüququ yaranıb, mübahisəli mənzillə bağlı yaşayış hüququ məhkəmə qətnaməsindən irəli gələn hüquqdur. Məhkəmənin 02 aprel 2019-cu il tarixli qətnaməsilə onun mübahisəli mənzilə köçürülməklə mənzildən istifadə hüququ yaranır. Həmin qətnamənin icra məmurunun hərəkətsizliyi ucbatından icra olunmaması onun məhkəmə qətnaməsilə əmələ gəlmiş mübahisəli mənzilə dair istifadə hüququnun xitamına səbəb olmur. Məhkəmə hesab edir ki, qətnamə nikah dövründə çıxarılıb, nikah pozuldusa qətnamədən əmələ gələn hüquq da itir. Bu belə deyil, nə qədər ki, həmin qətnamə ləğv edilməyib, onun mənzildən istifadə hüququ var. Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-706/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Baxılan işdən də görünür ki, iddiaçı cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etmiş və cavabeh bu tələbə etiraz etmişdir. Cavabdeh iddiaçının keçmiş arvadıdır və Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsdir. Bu halda işə baxan məhkəmə cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsinə hüquqi qiymət verməli, hüququn saxlanması barədə və ya hüququn saxlanmasının mümkünsüzlüyü barədə gəldiyi nəticəni əsaslandırmalı idi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Həmin konstitusion dəyərindən çıxış edərək keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını həll etməlidirlər. Bu konstitusion dəyərin məqsədi konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmamasıdır. Bunun reallaşdırılması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması vacibdir. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı). Məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətini müəyyən edərkən işin faktiki halları araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş hallarının araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadı). İşə baxmış məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun müəyyən müddətə saxlanması üzrə tam və hərtərəfli araşdırma aparmamış, «iddiaçının cavabdehin mənzil ehtiyacının təmin olunması üçün mübahisəli mənzildən başqa heç bir imkan və vəsaitinin olmamasının iş materialları ilə müəyyən edilmədiyini» qeyd etməklə cavabdehin Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mənzilə yaranmış istifadə hüququnu itirməsi barədə nəticəyə gəlmişdir....” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər (maddə 385.1.1, 385.1.2, 384.0.2). İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsində yerləşən 192 saylı evin 100 saylı mənzilinin mülkiyyətçisidir. Cavabdeh iddiaçı ilə 29 noyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 192 saylı evin 100 saylı mənzilinə köçməklə yaşamağa başlamışdır. Lakin sonradan tərəflər arasındakı münasibətlər faktiki olaraq pozulmuş, cavabdehin mübahisəli mənzildə yaşamasına iddiaçı tərəfindən maneçilik törədilmiş, cavabdeh mənzildən istifadəsində maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1219/2019 saylı, 02.04.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh qətnamə çıxarılarkən İddiaçı ilə rəsmi nikahda olduğundan və onun ailə üzvü sayıldığından mübahisə predmeti olan mənzilə köçürülməsi qət edilmişdir. Hazırda iddiaçı tərəflər arasında bağlanmış nikahın artıq pozulduğuna istinad edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən istifadə hüququna xitam verilməsi və Cavabdeh məxsus cehiz əşyaları: yataq, mətbəx və qonaq otağı mebel dəsti; 1 ədəd divan; 1 ədəd televizor; 1 ədəd soyuducu; 1 ədəd plataryuyan maşın; 1 ədəd dəhliz şkafı; 1 ədəd xalça; 1 ədəd qızdırıcı soba; 1 ədəd ətçəkən maşın; 1 ədəd ütü; 2 ədəd çılçıraq; qab-qacaq; 2 ədəd pərdənin ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxılan mülki hüququ münasibətlərinə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməklə Cavabdeh mənzildən isrtifadə hüququnun olmadığı qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsinə hüquqi qiymət verməmiş, hüququn saxlanması barədə və ya hüququn saxlanmasının mümkünsüzlüyü barədə əsaslandırma aparmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd olunduğu kimi cavabdehin, İddiaçıylə 2017-ci ildə rəsmi nikaha daxil olaraq bundan sonra mübahisəli mənzildə yaşamağa başlaması işin mübahisə olunmayan halıdır; bu isə o deməkdir ki, iddia tələbinə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. 01 oktyabr 2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1 mad). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2 mad). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (30.4 mad). Kollegiya sadalanan maddi hüquq normalarını işin mübahisəsiz qaydada müəyyən edilən hallarına tətbiq etməklə qeyd edir ki, cavabdeh iddiaçı ilə ailə qurmaqla və sonuncuya məxsus mənzilə köçməklə onun həmin mənzilə istifadə hüququ yaranmışdır, lakin yaşayış sahəsinin mülkiyyətçisi ilə 2019-cu il tarixdə ailə münasibətlərinə xitam verildiyindən və yaşayış sahəsinin mülkiyyətçisi ilə cavabdeh arasında başqa razılaşma olmadığından sonuncunun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Belə ki, tərəflər arasında ailə münasibətlərinin artıq olmaması, habelə onların münaqişəli vəziyyətdə olmaları tərəflərin izahatları və iş materialları ilə tam təsdiq olunur. Belə olan halda isə cavabdehin mənzilə istifadə hüququ artıq itirildiyinə görə ona kompensasiya verilməklə onun mənzilindən istifadə etmək hüququna xitam verilməsi üçün artıq hər hansı bir əsas yoxdur. Bununla yanaşı Məhkəmə kollegiyası hesab edir ki, iddianın cavabdehin siyahısı iddia ərizəsində göstərilən əşyaları ilə bilirkdə mənzildən çıxarılması ilə bağlı hissəsi əsaslı olduğundan təmin olunmalıdır. Çünki, mübahisəsi gedən mənzilin mülkiyyətçisi İddiaçı oğlu özünün mülkiyyət hüququnun müdafiəsi çərçivəsində Cavabdeh oradan çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllə nəzərdə tutur ki, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüquqdur (maddə 152.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.2). Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda adı çəkilən qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “...Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22.01.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.” Bu kontekstdə kollegiya, yaşayış sahəsindən istifadə hüququnun vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyini vurğulamaqla qeyd edir ki, Cavabdeh münasibətdə həmin hüququn müvəqqəti saxlanılması üçün Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsaslar mövcuddur. Belə ki, müəyyən edilir ki, Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyildir və onun özünə məxsus yaşayış sahəsi yoxdur. Eyni zamanda Cavabdeh daimi iş yeri olmamaqla, yüksək qazanc əldə etməməsi, onun maddi vəziyyətinin özünün mənzil ehtiyacını qarşılamaq üçün kifayət etdiyi qənaətinə gəlməyə əsas verməməklə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş hüquqdan yararlanmasına maneə törədən hal kimi qiymətləndirilə bilməz. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən istifadə hüququ 6 (altı) ay müddətinə saxlanılmalı və həmin müddət başa çatdıqdan sonra o, qeyd olunan mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2254/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh qızının ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən istifadə hüququ 6 (altı) ay müddətinə saxlanılsın və həmin müddət başa çatdıqdan sonra o, qeyd olunan mənzildən ona məxsus aşağıdakı əşyalarla birlikdə çıxarılsın: yataq, mətbəx və qonaq otağı mebel dəsti; 1 ədəd divan; 1 ədəd televizor; 1 ədəd soyuducu; 1 ədəd plataryuyan maşın; 1 ədəd dəhliz şkafı; 1 ədəd xalça; 1 ədəd qızdırıcı soba; 1 ədəd ətçəkən maşın; 1 ədəd ütü; 2 ədəd çılçıraq; qab-qacaq; 2 ədəd pərdə. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Talışinski Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2678/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2678/2022
30.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver