Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2678/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 113 saylı tam orta məktəbə qarşı “məcburi işəburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “məcburi işəburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh 113 nömrəli tam orta məktəbin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3843/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh 113 nömrəli tam orta məktəbə qarşı “məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi işburaxma müddəti üçün cavabdeh tərəfindən əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsi əsasında Bakı şəhəri 113 nömrəli orta məktəbdə tarix müəllimi işləmiş, məktəb direktorunun xx.xx.2022-ci il tarixli, 29 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdən çıxarışda göstərilir ki, guya o, dərs zamanı şagirdlərə fiziki güc tətbiq etmişdir. Əmrdə göstərilənlər həqiqəti əks etdirmir, o, vəzifələrini layiqincə yerinə yetirmişdir, şagirdlərə iradını bildirsə də, heç bir fiziki zor tətbiq etməmişdir. İlkin olaraq məktəbdə etirafedici məzmunda izahat yazmağa məcbur edilmiş və ona heç bir ciddi problem olmayacağı bildirilmişdir. O, əmək müqaviləsinin şərtlərini pozmamış və şagirdlərə qarşı heç bir qanunsuzluğa yol verməmişdir. İşəgötürən tərəfindən ətraflı araşdırma aparılmadan, aidiyyəti şəxslərin, o cümlədən, şagirdlərin izahatları alınmadan, hadisə barədə onlara heç bir sual verilmədən əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, həmkarlar ittifaqı ilə bağlanmış müqaviləyə əsasən yalnız həmkarlar ittifaqının rəyi əsasında işçilərin əmək müqaviləsinə xitam verilə bilər. Lakin 113 nömrəli məktəbin direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və həmkarlar ittifaqı ilə bağlanmış müqavilənin şərtlərini pozaraq qanunsuz olaraq onu işdən azad etmişdir.
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3843/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə iddia ərizəsi təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, MPM-in 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə səbəb kimi onun əmək funksiyalarını layiqincə yerinə yetirmədiyi və dərs zamanı şagirdələrə güc tətbiq etməsini təsdiq edən video görüntü qeyd olunub. Halbuki həmin video görüntüdəki şagird onun qohumudur, atası onun tərbiyə işləri ilə məşğul olmağı ona həvalə etmiş, şagird isə dərsdə müəllimə və digər şagirdlərə hörmətsizlik etdiyi üçün əlini onun üzünə toxundurmuş, məqsədi təbiyələndirmək olmuş, heç bir fiziki güc tətbiq etməkdən söhbət gedə bilməz. Həmçinin həmkarlar ittifaqının 3 dəfə iclası keçirilmiş, hər dəfə onun işdə saxlanması tövsiyə olunmuş, sonuncu iclas xx.xx.2022-ci il tarixdə keçirilib, xx.xx.2022-ci il tarixdə keçirilən iclas barədə ona məlumat verilməmiş, həmin iclasda onun işdən çıxarılması barədə razılığa gəlinib. Hesab edir ki, həmin iclas formal keçirilib. Ona töhmət verilməsi barədə məlumatı olmamışdır. Onun yazdığı izahatlarla bağlı məhkəmə iclasında söylədikləri protokola əks olunmayıb, bu səbəbdən protokola qeyd vermək zərurəti yaranıb. Belə ki, ondan boş kağıza imza etməsi istənilmiş, bundan sonra izahat yazılmışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlilərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, bildirdi ki, əmrdə qeyd edilən halları kifayət qədər sübutlar, o cümlədən işçilərin izahatları, video görüntülər ilə təsdiq edilmişdir, bu da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin təsiri altına düşür ki, bu səbəbdən rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Bundan əlavə, iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı qanunla nəzərdə tutulmuş tələblərə riayət edilmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
8. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Sabunçu rayonu H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbə tarix müəllimi vəzifəsinə təyin edilmiş, məktəbin direktoru G.Rüstəmovanın 29 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/3-00743 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. 113 nömrəli tam orta məktəbin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
10. Bakı şəhəri H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəb üzrə əmək müqaviləsinin ləğvi barədə xx.xx.2022-ci il tarixli, 26 nömrəli əmrdən çıxarışdan görünür ki, Bakı şəhəri 113 nömrəli tam orta məktəbin tarix müəllimi İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələbləri kobud şəkildə pozulduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Həmin çıxarışa əlavə edilmiş Bakı şəhəri 113 nömrəli tam orta məktəbin həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 13 nömrəli protokolundan çıxarışdan görünür ki, Azərbaycan Təhsil İşçiləri X34 Sabunçu Rayon Komitəsinin xx.xx.2022-ci il tarixli məktubunun təmin edilməsi və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 113 nömrəli tam orta məktəbin tarix müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır.
11. Bakı şəhəri H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbin direktoru Gültəkin Rüstəmovanın intizam tənbehinin verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 137 nömrəli əmrindən görünür ki, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin tarix müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Həmin əmrə əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 09:40 radələrində məktəbin tarix müəllimi İddiaçı məktəbin dəhlizində qışqıraraq məktəb rəhbərliyinin və “Məktəblinin dostu layihə”sinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, birinci növbənin altıncı saatı 11c sinfində dərsi olduğu halda, tədris prosesini pozaraq heç bir məlumat vermədən şagirdləri evə buraxmış, özü də məktəbi tərk etmişdir. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli, 8 nömrəli protokolundan çıxarışdan görünür ki, məktəbin direktoru G.Rüstəmovanın məktəb həmkarlar təşkilatına təqdimatına baxılmış, haqqında təqdimat olunan İddiaçı iclasa gəlmədiyi üçün müzakirə aparılmamış, onun bu hərəkəti həmkarlar təşkilatına hörmətsizlik olaraq qiymətləndirilmişdir.
12. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X12 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, xx.xx.2021-ci il tarixdə məktəbin müvəqqəti cədvəli üzrə birinci növbənin ikinci dərsində 11ç sinfində məktəbin tarix müəllimi İddiaçı Azərbaycan tarixi dərsi olmasına baxmayaraq, müəllim dərsdə iştirak etməmişdir. Saat 09:13-də telefon vasitəsi ilə müəllimlə əlaqə saxlayaraq dərsə gecikdiyi barədə məlumat verilsə də, o, birinci növbənin üçüncü dərsinə gəlib çıxmışdır. Dördüncü dərsdə isə dəhlizdə müəllim onlara yaxınlaşaraq beşinci və altıncı dərsləri keçə bilməyəcəyini bildirmişdir.
13. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, xx.xx.2021-ci il tarixdə məktəbin müvəqqəti cədvəli üzrə birinci növbənin ikinci saatı 11ç sinfində dərsi olduğu halda məktəbin tarix müəllimi İddiaçı dərsə gəlməmiş, üçüncü saat 11b sinfində olan dərsinə də 10 dəqiqə gecikmişdir. Cədvələ əsasən beşinci saatda 10c sinfində dərsi olmasına baxmayaraq heç kimə məlumat vermədən çıxıb getmişdir.
14. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə işə gəlməmişdir.
15. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə 4 saat dərsi (10c, 10ç, 11b və 11c siniflərində) olmasına baxmayaraq məktəb rəhbərliyinə məlumat vermədən işə gəlməmişdir.
16. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X12 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə 4 saat dərsi (10c, 10ç, 11b və 11c siniflərində) olmasına baxmayaraq məktəb rəhbərliyinə məlumat vermədən işə gəlməmişdir.
17. 18.10.2021-ci il tarixli aktdan görünür ki, məktəbin tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə işə gəlməməsi ilə bağlı izahat tələb olunmasına baxmayaraq, izahat yazmaqdan imtina etmişdir.
18. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə məktəbin tarix müəllimi İddiaçı heç bir üzrlü səbəb göstərmədən işə gəlməmişdir.
19. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin 10ç sinif şagirdi Sənan Ələkbərov tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan tarixi dərsində tarix müəllimi İddiaçı nadinclik edib səs salmaları səbəbi ilə ona əl qaldırmışdır. O, öz səhvini başa düşür, özünü günahkar hesab edir və söz verir ki, bir daha belə hal təkrarlanmayacaqdır.
20. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin 10ç sinif şagirdi Məhəmməd Zeynallı tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan tarixi dərsində tarix müəllimi İddiaçı səs saldığına görə ona əl qaldırmışdır. O, öz səhvini başa düşür, özünü günahkar hesab edir və söz verir ki, bir daha belə hal təkrarlanmayacaqdır.
21. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin 10ç sinif şagirdi İlqar Abdullayev tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan tarixi dərsində tarix müəllimi İddiaçı səs saldığına görə ona əl qaldırmışdır. O, öz səhvini başa düşür, özünü günahkar hesab edir və söz verir ki, bir daha belə hal təkrarlanmayacaqdır.
22. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə məktəbin tarix müəllimi İddiaçı 10ç sinfində dərs zamanı həmin sinfin şagirdləri X7, X13 və X14 vurmuşdur.
23. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin 10ç sinif şagirdi İlqar Abdullayevin valideyni tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə övladının dərsdə səs salması səbəbi ilə Azərbaycan tarixi müəllimi İddiaçı ona əl qaldırmışdır. Bu səbəbdən oğlunu günahlandırır və Sabir müəllimdən şikayətçi deyil, söz verir ki, bu hadisə bir daha təkrarlanmayacaqdır.
24. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin 10ç sinif şagirdi Sənan Ələkbərovun valideyni tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə övladının dərsdə səs salması səbəbi ilə Azərbaycan tarixi müəllimi İddiaçı ona əl qaldırmışdır. Bu səbəbdən oğlunu günahlandırır və Sabir müəllimdən şikayətçi deyil, söz verir ki, bu hadisə bir daha təkrarlanmayacaqdır.
25. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin tarixi müəllimi İddiaçı tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci l tarixdə 10ç sinfində dərsdə olarkən həmin sinfin şagirdləri X7, X13 və X14 vurmuşdur. Dərsdə səs salıb mane olduqları üçün bir böyük kimi tənbeh etmişdir. Söz verir ki, bir də belə hal baş verməyəckdir.
26. X2 valideyni Samirə Zeynalova tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə 10ç sinfində tarix dərsi zamanı fənn müəllimi İddiaçı oğlu Məhəmmədi cəzalandırmasından xəbəri var, buna baxmayaraq şikayətçi deyildir.
27. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə məktəbin tarixi müəllimi İddiaçı 11ç sinfində dərs zamanı həmin sinfin şagirdi X15 vurmuşdur.
28. X11 valideyni X22 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə məktəbin tarixi müəllimi İddiaçı tarix dərsində oğlunu şillə ilə vurub sinif yoldaşlarının yanında təhqir etmişdir. O, övladını özü tənbeh edəcəkdir, şikayətçi deyildir.
29. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin 11ç sinif şagirdi X26 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə dördüncü saat tarix dərsində İddiaçı bilmədiyi səbəbə görə ona əsəbiləşərək şillə vurmuş, sinif yoldaşlarının yanında onun ünvanına xoşagəlməz ifadələr işlətmişdir.
30. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə məktəbin tarixi müəllimi İddiaçı 10c sinfində dərs zamanı həmin sinfin şagirdi X23 şillə vurmuşdur.
31. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin 10c sinif şagirdi X32 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə üçüncü saat Azərbaycan tarixi dərsinə gecikdiyi üçün müəllim İddiaçı onu danlamış və qulağını burmuşdur. O, müəlimin qolunu itələmiş, müəllim isə ona şillə vurmuşdur.
32. X16 valideyni Elmira Musayeva tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə tarix dərsində oğlunun fənn müəllimi İddiaçı tərəfindən şillə vurulması haqqında məlumatı var, şikayətçi deyildir.
33. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli, 10 nömrəli protokolundan çıxarışdan görünür ki, məktəbin direktoru G.Rüstəmovanın və həmkarlar üzvlərinin rəyləri nəzərə alınaraq, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır.
34. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin tarixi müəllimi İddiaçı tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə dərs dediyi siniflərdə şagirdlərə qarşı kobudluq etdiyini etiraf etmişdir.
35. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 12 nömrəli protokolundan çıxarışdan görünür ki, İddiaçı uzun müddət qüsursuz işləməsini, bundan sonra nöqsanlara yol verməyəcəyi haqqında izahatını nəzərə alaraq onun əmək müqaviləsinə xitam verilməsi təklifinə imtina edilməsi qərara alınmışdır.
36. Bakı şəhəri 113 nömrəli tam orta məktəbin həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli növbədənkənar iclasının protokolundan çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərinin və müəllimlərin etik davranış qaydalarınnı şərtlərini pozmasını etiraf etməsi ilə əlaqədar izahatının nəzərə alınması və işdə saxlanılmasının məktəbin direktorundan xahiş edilməsi qərara alınmışdır.
37. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X33 ifadəsində bildirmişdir ki, o, 113 saylı orta məktəbdə biologiya müəllimi işləyir və həmkarlar təşkilatının üzvüdür. Həmkarlar təşkilatının 7 üzvü olsa da, sonuncu iclasda 4 nəfər olmuşlar. Tarixlərini dəqiq xatırlamasa da bir neçə dəfə iclas keçirilmişdir. İclasın birində Sabir müəllimin 25 ilə yaxın müəllim işləməyini və eyni qəsəbədə yaşamalarını nəzərə alaq töhmət vermək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixli iclasda direktorun təqdimatına əsasən Sabir müəllimin işdə qalıb-qalmamağını müzakirə etmişlər və onun işdən çıxardılmasına razılıq vermişlər. xx.xx.2022-ci ilin iclasının saatını dəqiq xatırlamır, ancaq dərs vaxtı olmuşdur. xx.xx.2022-ci il kimi 3 iclası keçirilmişdir, amma tarixləri yadında deyil. İki iclasda Sabir müəllim iştirak etmiş, ancaq məlumat vermələrinə baxmayaraq sonuncu iclasda iştirak etməmişdir. İclaslarda Sabir müəllimin şagirdləri vurması ilə bağlı kamera görüntüləri və Sabir müəllimin işdən çıxarılması ilə bağlı məsələləri müşakirə etmişlər. Sabir müəllimə töhmət, sonra şiddət töhmət verilmişdir. O, uşaqların döyülməsini şəxsən görməmiş, həmin vaxtlarda dərslərdə olmuş, ancaq kamera görüntülərini izləyəndə görmüşdür. Dəfələrlə uşaqların vurulması ilə bağlı Sabir müəllimlə danışmışlar və xəbərdar etmişlər ki, belə hərəkətlərə yol verməsin Valideynlərin uşaqların döyülməsi ilə bağlı şikayət edib-etmədiklərini bilmir, şagirdlərdən izahat alınmasından da məlumatı yoxdur.
38. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, həmkarlar təşkilatının üzvüdür. xx.xx.2022-ci il tarixli iclasda 4 nəfər üzvdən ibarət tərkibdə Sabir müəllimin işdən çıxarılmasını müzakirə etmişlər. İclasda qərara gəlmişlər ki, Əmək Məcəlləsinin 70-cimaddəsinin ç bəndinə əsasən Sabir müəllimin işdən azad olunmasına razılıq verilsin. Ondan əvvəlki iclaslarda Sabir müəllimə töhmət və şiddətli töhmət verilməsi qərar alınmışdır, çünki 5 nəfər şagirdi vurmuşdu. Təklikdə də, iclaslarda da Sabir müəllimin özü ilə şagirdlərin vurulması barədə söhbət etmişdir. Sabir müəllimlə bağlı 3 iclas keçirilmişdir, amma tarixləri yadında deyil. Əvvəlki və sonuncu iclasın saatını xatırlamır. Uşaqların döyülməsini şəxsən görməmiş, kamera görüntülərini izləmişdir. Sonuncu iclasda 4 nəfər idilər - Ruqiyyə müəllim, Sayad müəllim, Lətifə müəllim və o. 29 dekabr tarixdə kompüter otağında keçirilən iclasda orada olmuşdur. 16 fevralda iclas olmuş və o iştirak etmişdir.
39. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, 113 saylı orta məktəbdə kimya müəllimi işləyir və həmkarlar təşkilatının üzvüdür. Sabir müəllimlə uzun müddət bir yerdə işləmişdir. xx.xx.2022-ci il tarixdə iclas keçirilmişdir. İclasda Sabir müəllimin uşaqları vurması ilə bağlı məsələləri müzakirə etmişlər. O, döyülən uşaqlar olan sinifin rəhbəridir. xx.xx.2022-ci il tarixdən əvvəl iki iclas keçirilmişdir. İki iclasda Sabir müəllim iştirak etmiş, ancaq dəvət olunsa da sonuncu iclasda iştirak etməmişdir. xx.xx.2022-ci il tarixli iclasın saatı yadında deyil. xx.xx.2022-ci il tarixdə iclas olmuş, o da iştirak etmiş və İddiaçı işdən çıxmaq məsələsini müzakirə etmişlər. O, Sabir müəllimin məktəbin direktorunu və kollektivini təhqir etdiyini eşitməmişdir.
40. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, həmkarlar təşkilatının üzvüdür. xx.xx.2022-ci il tarixli iclasda səhəti ilə əlaqədar iştirak etməmişdir. O, yalnız 29 dekabrda keçirilən iclasda katib kimi iştirak eləmişdir. İclaslarda Sabir müəllimin uşaqlara qarşı yol verdiyi hərəkətləri müzakirə olunurdu.
41. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, həmkarlar təşkilatının sədridir. 16 fevralda səhər saatlarında iclas keçirilmişdir. Üç dəfə iclas keçirmişlər, birinci iclas dekabr ayının 21-də olmuşdur. İclaslarda Sabir müəllimin sinifdə uşaqları döyməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. O, həmin məktəbdə 40 ildir müəllim işləyir, Sabir müəllim onun şagirdi olmuşdur. Onun uzun müddət müəllim işləməsini nəzərə alaraq işdən çıxarılmasını istəməmişlər, ona görə də töhmət verilməsinə razılıq vermişlər. İkinci dəfə dekabrın ayının 29-da keçirilən iclasda disklərə və kamera görüntülərinə baxaraq Sabir müəllimə şiddətli töhmət verilməsinə razılıq verilmişdir. Üçüncü dəfə fevralın 16-da iclas keçirmişlər. Həmin iclasda rayon həmkarlar təşkilatından məktub gəlmişdir ki, Sabir müəllimin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması ilə bağlı direktorun müraciətindən ya imtina etməlidir ya da razılıq verilməlidir. Fevral ayının 16-da onlara təqdim edilmiş aktlar və disklərə baxmış və iclasda Sabir müəllimin işdən azad olunmasına razılıq vermişlər. Sabir müəllim keçirilən iki iclasda iştirak etmiş, üçüncü iclasda o zəng edəndə gələcəyini desə də gəlməmişdir. Onlar da Sabir müəllimin iştirakı olmadan 4 nəfər üzvdən ibarət iclas keçirmişlər. 16 fevralda keçirilən iclas səhər saatlarında keçirilmiş, ancaq dəqiq saatı yadında deyil.
42. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, X16 valideynidir, həm də 113 nömrəli tam orta məktəbdə müəllim işləyir. Sabir müəllim ona demişdir ki, Eyyub ona cavab qaytardığı üçün onu vurmuşdur. Sonra Eyyub demişdir ki, “Sabir müəllim mən anama görə gəlmişəm sizin yanınıza, ancaq Sizdən üzr istəməyəcəm, çünki mənim heç bir təqsirim olmamışdır”. O, baş verənləri məktəbin direktoru Gültəkin müəllimə demiş, Gültəkin müəllim ona kamera görüntülərini göstərəndə Eyyubun Sabir müəllim tərəfindən vurulduğunu görmüş, ancaq Sabir müəllimdən şikayətçi olmadığını bildirmişdir. Sabir müəllimin məktəb rəhbərliyini söyməsi barədə heç nə bilmir və hansısa aktı imzaladığını xatırlamır.
43. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, 113 saylı orta məktəbdə informatika müəllimi işləyir, X1 rəhbəridir. X16 vurulduğunu şəxsən görməsə də, kamera görüntülərini izləyərkən görmüşdür və bununla bağlı aktları imzalamışdır. Sabir müəllim pedoqoq kimi çox yaxşı müəllimdir, ancaq əsəblərini cilovlaya bilmir.
44. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, 30 ilə yaxındır ki, həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavinidir. Sabir müəllimlə heç bir ədavəti yoxdur, ancaq çox əsəbi insandır. Dəfələrlə olub ki, dərslərdə qışqırıq səslərini eşitmiş və koridorda həmişə onu sakitləşdirməyə çalışmışdır. O, Sabir müəllimi 1997-ci ildən tanıyır. Sabir müəllimə pandemiya zamanı yol verdiyi hərəkətlərə görə dəfələrlə xəbərdarlıq edilmişdir. O, dəfələrlə maska taxması və pandemiya qaydalarına riayət etməsi ilə bağlı xəbərdarlıqlar etmişdir. Həmçinin Sabir müəllim həmişə dərsə gecikirdi, ona görə də birinci saat dərs yazmırdı, çalışırdı ki, ikinci saata yazsın, ancaq yenə də həmin dərsə də gecikirdi. Pandemiya qaydalarına riayət etmədiyini kamera görüntülərindən izləyirdilər və girişdəki xanım da deyirdi ki, Sabir müəllim əlinə spirt vurmaq istəmədən məktəbə daxil olur. O, Sabir müəllimə dəfələrlə gecikməsinin kameralara düşdüyünü demiş, ona ya izahat yazmasını ya da əmək haqqından tutulmaların olacağını demişdir. Dərsdə olmaması ilə bağlı tərtib olunmuş aktları imzalamış, ancaq aktların tarixlərini dəqiq xatırlamır. Sabir müəllim direktoru söymüşdür.
45. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Abdullayev İlqarın atasıdır. Sabir müəllim iki uşağına dərs demiş və ondan heç bir narazılığı olmamışdır. Oğlu döyülməsi ilə bağlı evdə heç nə deməmişdir. Sabir müəllim oğlunu vurmamışdır. Oğlu ona vurulmasını desə idi məlumatı olardı. İlqarın vurulması ilə bağlı məktəbdən ona heç nə deyilməmişdir. Oğlunun da ərizə yazmasından xəbəri yoxdur. Oğlu vurulsa idi gəlib deyərdi, məlumatı olardı.
46. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, 113 saylı məktəbin 10ç sinifində oxumuşdur, hazırda peşə məktəbində oxuyur. Sabir müəllimdən heç bir şikayəti yoxdur. İzahatı ona direktor necə demişdirsə elə də yazmışdır, öz sözləri ilə yazmamışdır.
47. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, o, həm X11 valideyni, həm də 113 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyir. Sabir müəllim xx.xx.2021-ci il tarixdə 11-ci sinifdə oxuyan oğlunu söyüb, nalayiq sözlər deyib, təhqir eləmişdir. Oğlu Sabir müəllimə öz iradını bildirib ki, ona elə sözlər deməsin. Sabir müəllim də həmin anda oğluna şillələr vurmuşdur. Bunu ona oğlunun sinf yoldaşları deyəndə sarsıntı keçirmişdir. Direktor Gültəkin xanıma bildirmişdir ki, həmin sinifdə baş verən hadisə ilə bağlı kamera görüntülərini izləmək istəyir. Görüntüləri izlədikdən sonra izahat yazmışdır kı, oğlunun hər hansı təqsiri olarsa uşaqdan əvvəl iradlarını valideyn kimi ona bildirsin və şikayətçi olmadığını da qeyd etmişdir. Ancaq çox təəssüflər olsun ki, Sabir müəllim onun övladına şillələr vurmuşdur. Qohumluq əlaqəsi olduğu üçün Sabir müəlllimdən şikayətçi olmamışdır.
48. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, 2019-cu ildən 113 saylı orta məktəbdə direktor müavini təyin olunmuşdur. O və Şirin müəllim tərəfindən Sabir müəllimə dəfələrlər dərsə gecikməsi, şagirdlərlə bağlı münasibəti barədə iradlarını bildirib xəbərdarlıq etsələr də riayət eləməmişdir. İlyasa qışqırdığını və əl qaldırdığını şəxsən görmüşdür. Dəfələrlə kamera görüntülərində Sabir müəllimin şagirdləri vurmasını izləmişlər və bu hərəkətləri aktlaşdırılaraq ona töhmət və şiddətli töhmət verilmişdir. Sabir müəllim dəfələrlə dərsə gecikərək və şagirdləri təhdid edərək, vuraraq müəllimlərin etik davranış qaydalarını pozmuşdur. İlyasla dalaşan günü məktəb rəhbərliyinin ünvanına söyüş söymüşdür.
49. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, Sabir müəllimlə qonşudur. Sabir müəllim uşağına qışqırsa da, onun müəllimdən heç bir şikayəti yoxdur. Həyat yoldaşı da 113 nömrəli orta məktəbdə müəllimdir, o da müəllimdən şikayətçi deyildir.
50. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, o, Məhəmmədin atasıdır. Sabir müəllim oğlunu döyməmişdir, onu məktəbə çağırmamışlar, oğlu da bu barədə ona heç nə deməmiş, müəllimdən şikayət etməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:
51. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
52. Maddə 70. ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
53. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
54. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
55. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları” Həmin Qaydaların: 2.1.3-cü bəndinə əsasən peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. 2.1.5-ci bəndinə əsasən mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. 2.1.7-ci bəndinə əsasən ictimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir. 3.8-ci bəndinə əsasən müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir. 4.1.1-ci bəndinə əsasən müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir. 4.1.3-cü bəndinə əsasən müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. 4.1.9-cu bəndinə əsasən müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
56. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
57. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi şagirdələrə fiziki güc tətbiq etməməsi barədə bildirdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının şagirdlərə güc tətbiq etməsi video görüntülərlə təsdiqini tapmışdır. Bununla da, iddiaçı əmək qanunvericiliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur.
59. İdidaçının həmkarlar ittifaqının müvafiq razılığının alınması ilə bağlı iclasın formal olması barədə qeyd etdikləri də hər hansı sübutla təsdiq olunmur, mülahizə xarakterlidir, çünki həmkarlar ittifaqının iddiaçının işdən çıxarılması barədə razılığın verilməsinə dair iclasın keçirilməsi mülki iş materiallarında olan cavabdeh məktəbin Həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 13 nömrəli protokolundan çıxarış (i/v 85), həmçinin şahid ifadələri ilə təsdiq olunmuşdur. Bununla müəyyən olunur ki, iddiaçının işdən azad edilməsi qanunun tələblərinə riayət edilməklə həyata keçirilmişdir.
60. Beləliklə, iddiaçının işlədiyi müddətdə dəfələrlə əmək funksiyalarını pozması və vicdanla yerinə yetirməməsi, heç bir üzrlü səbəb olmadan dəfələrlə bütün iş günü işə gəlməməsi, dərslərə gecikməsi, şagirdlərlə kobud rəftar edərək, onlara qarşı fiziki zor tətbiq etməsi mülki iş materialları ilə təsdiq olunduğundan, apellyasiya şikayətinin dəlilləri isə öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə:
61. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3843/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Anar Tanrıverdiyev Elşən Kazımov