Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2679/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Saria İsmaılovanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «mənzildən istifadə hüququna xitam verilməsi, yaşayış yerinə ehtiyacın aradan qalxması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Saria İsmailovanın vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-625/2025 saylı, 05 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 08 iyun 1995-ci il tarixli, 2770 nömrəli sərəncamına və mənzilin özəlləşdirilməsinə dair xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Q.Yəhya küçəsi (İ.İsmayılov küçəsi), 16 nömrəli evin 46,72 kv.m olan 3 otaqlı, 103 nömrəli mənzil əvəzsiz olaraq X1 mülkiyyətinə verilmişdir. xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.1995-ci il tarixli Qeydiyyat vəsiqəsəsinə əsasən, xx.xx.2006-cı ildə ölmüş X1 mülkiyyətində olan Bakı şəhəri, Q.Yəhya küçəsi (İ.İsmayılov küçəsi), ev 16, m 103-də yerləşən 3 otaqlı şəxsi mənzil Saria İsmailovaya miras əmlak qismində keçmişdir. 2.Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində istifadədə olan 0,1775 ha torpaq sahəsində yerləşən 16 nömrəli 9 mərtəbəli binada ümumi 46,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 103 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2006-cı il tarixdə İsmayılova Səriyənin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Xətai rayonu 98 saylı MKİS-in xx.xx.2024-cü il tarixli arayışlarında göstərilib ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 103 saylı mənzildə qeydiyyatdadır, lakin uzun müddətdir göstərilən ünvanda yaşamır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Saria İsmailova cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 103 saylı mənzildən cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiada göstərilib ki, ünvan 1 ünvanında yerləşən 103 saylı mənzili təxminən 1990cı ildən Gürcüstan Respublikasında yaşayan zaman mənzilləri dəyişməklə iddiaçının mərhum yoldaşının adına order verilmişdir. İddiaçının yoldaşı vəfat etdikdən sonra vərəsəlik qaydasında xx.xx.2006-cı il tarixdə MH № ******* nömrəli Çıxarışla adına dövlət qeyddiyatına alınmışdır, hazırda da iddiaçının tam mülkiyyət hüququ ilə mülkiyyəti tanınmış və hazırda da istifadəsindədir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının qızı, Cavabdeh2 isə qızının övladı olan nəvəsidir. Cavabdehlər ümumiyyətlə iddiaçının mülkiyyətində olan mənzildə yaşamamışlar. Sadəcə Bakı qeydiyyatına alınma üçün Cavabdeh1 razılıq verilərək qeydiyyata alınsada, nəvəsi olan Cavabdeh2 formal olaraq ananın qeydiyyatı üzrə yaşamadığı halda mənzilə qeydiyyata alınmışdır, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 103 saylı mənzil alınan tarixdən daimi olaraq nə iddiaçı, nə də ki, cavabdehlər yaşamayıb, çünki mütəmadi olaraq kirayəşinlər yaşamışdır. Cavabdehlər hazırda onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq orada yaşamır. Cavabdehlərin hər ikisidə evlidir və daimi əsasla yaşayış yerlərini seçərək həyat yoldaşlarının evində yaşayırlar. Hazırda cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxmaması mənzilin mülkiyyətçisi kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmaqla yanaşı, mülkiyyətçi kimi iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilən hüquqlarını pozur. Beləliklə, cavabdehlərin iddiaçının tam mülkiyyət hüququ ilə malik olduğu mənzildə formal olaraq pasport qeydiyyatında olması və istifadə hüququnun qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yol açır. Digər tərəfdən artıq xeyli müddətdir ki, iddiaçı cavabdehlərə görə əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Bu isə iddiaçıya maddi cəhətdən kifayət qədər çətinlik yaradır. Həmçinin cavabdehlərin mənzildə qeydiyyatda olması iddiaçıya həmin evdən maneəsiz istifadə etməyinə imkan vermir, ona görə də hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-625/2025 saylı, 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin təmin edilərək Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 103 saylı mənzildən istifadə hüququna xitam verilməsi; ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ünvan 1 ünvanında yerləşən 103 saylı mənzil iddiaçıya məxsusdur, Cavabdeh1 iddiaçının qızı, Cavabdeh2 isə nəvəsidir, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir ki, həmin evdə yaşamırlar. Bununla belə, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə etməsinin hüquqi əsası, o cümlədən onların mənzildən istifadəni zəruri edən yaşayış sahəsinə olan ehtiyacları aradan qalxdığından, cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamadığından iddia tələbi təmin edilməli, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ...Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il Qərarı).
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 (nmayəndəsi və vəkili Vəkil3) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş edib şikayətində göstərib ki, məhkəmə Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 103 saylı mənzildən istifadə hüququna xitam verilməsi nəticəsinə gələrkən onların mənzildən istifadə hüququna xitam verilməsini qət etsə də, kompensasiya ödənilməsi məsələsinə münasibət bildirməmişdir. Məhkəmə işin hallarına qiymət verərkən nəzərə almamışdır ki, Cavabdeh1 sözügedən ünvanda mənzildə doğulub böyümüş, mülkiyyətçi olan iddiaçının doğma qızı və “ailə üzvüdür”. Eləcə də o, Bakı şəhərində olduğu müddətlərdə həmin mənzildə yaşayır və bu mənzildə yaşamasına ehtiyacı var. Son zamanlar anası qapının kilidini dəyişmək və başqa bu kimi vasitələrlə onun bu mənzilə daxil olmasına düşünülmüş şəkildə maneçilk göstərməklə cavabdehin guya bu mənzildə yaşamaması təsəvvürünü yaratmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Lakin cavabdehin bu mənzildə yaşamasına ehtiyacının olması onun barəsində qeyd edilən qərarın tətbiqini istisna edir. Göstərilən bütün bu hallar birinci instansiya məhkəməsində araşdırılmalı olduğu halda araşdırılmamış və ya düzgün qiymət verilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehlərin uzun müddət mübahisəli mənzildə yaşamamaları ailə üzvü olan cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ kompensasiya ödənilmədən xitam verilməsinə hüquqi əsas yaratmır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmamaqla Gürcüstan vətəndaşıdır, cavabdehlər isə Azərbaycan Respublikasının vətəndaşlarıdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçı Saria İsmailovanın vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. xx.xx.1982-ci il 8 iyul tarixli (yəni xx.xx.2009-ci il tarixədək qüvvədə olan) Mənzil Məcəlləsi:
Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; Maddə 60.İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87.Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123.Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
13. Konstitusiya Məhkəməsinin Plenumunun qərarları:
13.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. 13.2. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 13.3. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edildiyi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin Cavabdeh1 aid hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə Cavabdeh1 aid hissə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin Cavabdeh1 aid hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
22. Əvvəla, iddiaçı mübahisəli mənzilin xx.xx.2006-cı ildən mülkiyyətçisi olsa da hazırki iddia ilə məhkəməyə müraciət etməkdə tam subyektiv hüquqa malik olmuşdur. Çünki xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin 2-ci cümləsi ona cavabdehə münasibətdə bu hüquqi səlahiyyəti vermişdir. Bunun mübahisəli olmasını, yəni Cavabdeh1 uzun illər əvvəl mübahisə predmeti olan mənzildən köçərək Gürcüstan Respublikasına ərə getməsini və daimi olaraq orada yaşamasını özü də inkar etmir. Başqa sözlə iddiaçının hazırki iddianı irəli sürmək üçün mənzil üzərində mülkiyyət hüququnun 2006-cı ildə qeydə alınması, Cavabdeh1 isə bu müddətdən də xeyli əvvəl həmin mənzildə yaşamasının həqiqi olması belə heç nəyi dəyişmir.
23. Başqa sözlə, mübahisəli mənzildə atasının adına özəlləşdirilməsindən və mülkiyyətinə verilməsindən əvvəl, yəni dövlət mülkiyyətində olarkən Cavabdeh1 həqiqətən yaşamasının belə xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından ona hansısa toxunulmaz bir hüquq vermir. Belə ki, o, həmin dövrdə adına order verilmiş şəxsin özü və ailə üzvü də ola bilərdi. Ancaq bu mənzildən istifadə hüququ mütləq hüquq kimi daimi və əbədi xarakterə malik ola bilməzdi. Bunun üçün ən azından qeyd olunan Mənzil Məcəlləsinin 53, 54, 60, 87 və 123-cü maddələrinin tələblərini nəzərə almalı və onlara riayət etməli idi.
24. Cavabdeh1 mübahisəli mənzildə yaşamaq üçün ehtiyacının olduğunu, buna görə də kompensasiya verilməklə istifadə hüququna xitam verilməli olduğunu göstərsə də bu dəlillər həm həqiqi, inandırıcı və ağlabatan, həm də həyatı olmalıdır. Əks halda bu cür dəlillərdən yalnız kəlmə olaraq istifadə edilməsi onların həqiqiliyini təsdiq etmir. Belə ki, o, mənzili daimi olaraq tərk etmədiyinə və mənzildə yaşamağa ehtiyacının olmasına dair məhkəməyə heç bir sübut təqdim etmir. İddiaçının onu mənzilə buraxmaması da sübuta yetirilməlidir. Üstəlik iddiaçının başqa ölkənin vətəndaşı olması da iddianın əsaslı olmasına heç bir təsiri yoxdur. Ən azından ötən 30 ildən artıq müddətdə iddiaçının ona qarşı mənzillə bağlı qanunsuz hərəkətləri olmuşdursa, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, ancaq etməmiş yaxud etməsinə dair məhkəməyə hansısa sübut təqdim etməmişdir.
25. Başadüşülən ola bilər ki, Cavabdeh1 Bakı şəhərinə gələrkən mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə müvəqqəti yaşamaq istəyə bilər. Amma bu hallar iddianın əsassızlığına qətiyyən əsas vermir. Bir daha qeyd olunur ki, əgər həqiqətən də mübahisəli mənzildən daimi yaşamaq üçün başqa ünvana, hətta ölkəyə köçməmişdirsə və mənzildə yaşamağa ehtiyacı vardırsa buna dair istənilən bir sübut təqdim etmək imkanı olardı. Belə bir sübutların olmaması da onun gətirdiyi dəlillərin əsassızlığını təsdiq edir.
26. Doğrudur Konstitusiya Məhkəməsi 12 mart 1999-cu il tarixli qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Ancaq hazırki iş üzrə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar, yəni Cavabdeh1 daimi yaşamaq üçün başqa ölkəyə və digər yaşayış sahəsinə köçməsi təsdiq olunur və onun mübahisəli mənzildə uzun müddətdə, yəni 30 ildən artıq bir müddət ərzində yaşamamasının səbəbi də məhz ailə qurması və əri ilə birgə təsərrüfat aparmaq zərurəti olmuşdur. Başqa cür ola bilməsi də mümkünsüzdür. Çünki nikaha daxil olaraq başqa ölkəyə köçən, orada əri və övlad(lar)ı ola-ola həm də valideynlərinə məxsus olan mübahisəli mənzildə yaşamaq istəməsi yaxud yaşamamaq üçün kompensasiya almaq arzusu də ağlabatan deyildir.
27. Apellyasiya baxışı zamanı cavabdeh tərəfin mövqeyindən bəlli oldu ki, əslində onun niyyəti heç də mübahisəli mənzildə yaşamaq ehtiyacı deyil, kompensasiya əldə etmək istəyidir. Ancaq bu vəziyyətdə əsl niyyəti ilə iddiaya gətirdiyi etirazı arasında ziddiyyət yaranır. Çünki mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün, həmin mənzildən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmək və yaşamağa ehtiyacın olması tələb olunur. Demək ki, Cavabdeh1 uzun müddət əvvəldən ailə qurub daimi yaşamaq üçün başqa ölkəyə köçdüyündən və mübahisəli mənzilin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından onun mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi(itirilməsi) düzgün olmuşdur. Məhkəmə tərkibi hazırkı iddianın xarakteri və məqsədi baxımından tələbin “istifadə hüququna xitam verilməsi”, “istifadə hüququnun itirilmiş hesab edilməsi”, “istifadə hüquququn olmadığının müəyyən edilməsi” kimi göstərilməsində ciddi bir ziddiyyət görmür və qətnamənin yalnız bu ifadələrdən uyğun olanının seçilməməsinə görə dəyişdirilməsinə zərurət görmür.
28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-625/2025 saylı, 05 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-625/2025 saylı, 05 fevral 2025-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.