Məhkəmə qərarları › İş №2(103)-268/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-268/2022

09.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-268/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa, məcburi iş buraxmaya və iş vaxtından artıq vaxt ərzində görülən işə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2192/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və iş vaxtından artıq vaxt ərzində görülən işə görə Cavabdeh MMC-dən 1249.44 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 25 iyun 2020-ci il tarixdə Cavabdeh MMC-də inzibatçı vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə hər ay 500 manat əmək haqqı almışdır. İşlədiyi müddət ərzində şirkətin maraq və mənafelərini yüksək səviyyədə qorunub saxlanmasına xidmət etmişdir. Cavabdeh MMC onun barəsində qanunsuz və əsassız şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. İşlədiyi müddət ərzində heç vaxt iş buraxmamışdır. Lakin, cavabdeh onun heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi bəhanəsi ilə barəsində 03 noyabr 2020-ci il tarixli 1227/K əmr qəbul etmişdir. Həmin əmr və ona məxsus əmək kitabçası yalnız onun 07 yanvar 2021-ci il tarixdə ərizə yazması nəticəsində əldə olunmuşdur. Belə ki, sözügedən əmri 28 yanvar 2021-ci il tarixdə poçt vasitəsilə qəbul etmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş tabel jurnalından da göründüyü kimi, o, 38 gün iş vaxtından 6 saat əlavə işə cəlb olunmuşdur. Cavabdeh şirkət işlədiyi müddətdə hər gün 6 saat onu iş saatından əlavə işə cəlb etmişdir. Lakin, əmək haqqını 500 manat hesablamaqla əlavə iş saatına görə ona hər hansı əmək haqqı verilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2192/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarını düzgün qiymətləndirmədiyini, məsələnin mahiyyətinə varmadan qərar çıxardığını, maddi hüquq normalarını kobud şəkildə pozduğunu, onun hər gün 6 saat əlavə işə cəlb edildiyini nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun şikayət verərək şikayətinin təmin olunmasını xahiş etdi. Həmçinin, qeyd etdi ki, hal-hazırda artıq başqa müəssisədə çalışır və tələbinin yalnız iş saatlarından artıq işlədiyinə görə pulun ödənilməsi hissəsində maraqlıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, müəssisədə hər hansı bir əlavə tabel olmamışdır, onlarda olan tabeli də təsdiq edərək təqdim etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yanında X3 Xidmətinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iş üzrə iddiaçının təqdim etdiyi tabel işə götürən tərəfindən təsdiq edilmədiyindən hüquqmüəyyənedici sənədlər kimi qəbul edilə bilməz. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmaldır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan 1227/K nömrəli 03 noyabr 2020-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məclləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən, İddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə 03 noyabr 2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 14 oktyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, o, 19 avqust 2020-ci il tarixdən həmin günə qədər işəgötürənə heç bir məlumat vermədən, işlədiyi Cavabdeh MMC-nin “Yurdum market” mağazasına işə gəlməyərək icazəsiz iş günü buraxmışdır. Bu hal isə, onunla onunla Cavabdeh MMC arasında bağlanmış X6 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən birtərəfli qaydada xitam verilməsinə əsasdır. Bununla əlaqədar ondan tələb olunmuşdur ki, 3 gün ərzində Cəmiyyətin baş ofisinə yaxınlaşaraq sübutlarla birgə yazılı izahatını təqdim etsin. Əks halda, onunla bağlanmış X6 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən birtərəfli qaydada xitam verilə bilməsi nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş 31 avqust 2020-ci il tarixli 108 nömrəli aktın surətindən görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən 18 avqust 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək üzrsüz iş buraxmışdır. İşçi Cavabdeh MMC-yə üzrsüz iş buraxmasını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş 30 sentyabr 2020-ci il tarixli 112 nömrəli aktın surətindən görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən 01 sentyabr 2020-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək üzrsüz iş buraxmışdır. İşçi Cavabdeh MMC-yə üzrsüz iş buraxmasını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş 31 oktyabr 2020-ci il tarixli 128 nömrəli aktın surətindən görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən 01 oktyabr 2020-ci il tarixdən 31 oktyabr 2020-ci il tarixədək üzrsüz iş buraxmışdır. İşçi Cavabdeh MMC-yə üzrsüz iş buraxmasını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndini, 72-cı maddəsinin “a” bəndinə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edildiyindən iddia əsassızdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərin və hüquq pozuntularının” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ilkin iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini təşkil edə bilməsi üçün, qeyd olunan bu halın cavabdeh müəssisədə mənfi nəticələr (yəni, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və ya işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) doğurması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin iş vaxtından əlavə işə cəlb edilməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı iş vaxtından artıq işləməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ümumilikdə apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə üst-üstə düşür və Məhkəmə kollegiyasi həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Və qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin təmin olunması üçün əsas görmür. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)-3857/2019 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar