Məhkəmə qərarları › İş №2(103)-2681/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2681/2024

20.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2681/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X7 Departamentinin X1rşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti ərzində işə bərpa olunacağı günə qədər almadığı əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı və onun vəkili Vəkil1, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X7 Departamentinin X2 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X7 Departamentinin X1rşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti ərzində işə bərpa olunacağı günə qədər almadığı əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı cavabdeh şirkətdə 17ci dərəcəli şöbə müdiri – baş iqtisadçı vəzifəsinə işə qəbul edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 48 №-li 01 aprel 2022-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) 01 aprel 2022-ci il tarixdən xitam verilmişdir. Əsas kimi İddiaçı ərizəsi göstərilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə onun məlumatı olmadan xitam verildiyini bildirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X7 Departamentinin X1rşı məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, 1 aprel 2022-ci il tarixli 48 nömrəli əmrin ləğv edilməsi, əvvəlki BŞİH-nin X3 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri-baş iqtisadçı vəzifəsinə bərpa olunması və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının, dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat məbləğində təzminatın və 70 (yetmiş) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 2020-ci ilin 2 noyabr tarixində BŞİH-nin X3 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri-baş iqtisadçı vəzifəsinə qəbul edilmişdir və onunla bağlanmış əmək müqaviləsi müddətsiz olmuşdur. 2022-ci ilin 1 aprel tarixində bütün günü işdə olmuşdur. 2-3 aprel tarixləri istirahət günləri olub. Səhhətində olan problemlə əlaqədar 4 aprel 2022-ci il tarixində Məlikov adına 6 saylı xəstəxanada müayinələrdən keçib, 5 apreldə təxirəsalınmadan əməliyyat olmuşdur. Səhhətindəki problemlə əlaqədar və əməliyyatı ilə bağlı baş direktor Həsrət Əmrahova və kadrlar şöbəsinin müdiri Kamil Talıbova məlumat vermişdir. Ona 21 aprel 2022-ci il tarixə qədər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqəsi verilmişdir. Xəstəlik tarixinin vaxtı bitdikdən sonra işə qayıtmalı olduğu üçün 19 aprel tarixində iş yeri ilə əlaqə saxlamış və bu zaman ona artıq işdən azad olunduğunu demişlər. Xəstəliyi ilə əlaqədar evdə olduğu vaxtı işdən azad olunmağının səbəblərini soruşanda, ona bildirmişlər ki, 1 aprel 2022-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) onu işdən azad ediblər. Əmrin surətini istəsə də iş yerindən əmrin surəti verilməmiş və işə gəlməməyini bildirmişlər. Bundan sonra 21 aprel 2022-ci tarixdə X12 müraciət etmişdir. X14 tərəfindən həqiqətən də 01 aprel 2022-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad olunduğu bildirilmişdir. İşdən azad olunmağı barədə xəbərdarlıq edilməmiş, əmrin surəti ona təqdim olunmamış, əmək kitabçası verilməmiş və əmrin surətini istəsə də, ona təqdim olunmamışdır. Ona ödənilməli olan son haqq-hesab aprel ayının son günü ödənilmişdir. Bu günə qədər işdən azad olunmağı haqqında əmr ona rəsmi olaraq təqdim olunmamışdır. Əmək Məcəlləsi işəgötürən və işçi tərəfindən müqaviləni ləğv etmək üçün əsaslarını ciddi şəkildə tənzimləyir. İşəgötürən tərəfindən xitam prosedurlarına və tələblərinə əməl edilməmişdir. Qanunauyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir və ona xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış verilmişdir. Mübahisəli iş üzrə vətəndaş olaraq onun əmək və ədalətli məhkəmə araşdırılması hüquqları müdafiə olunmalı və barəsində verilmiş əmr məhkəmə tərəfindən qanunsuz hesab olunmalıdır. Cavabdeh tərəfindən bağlanmış əmək müqaviləsinə istinad olunan əsasla xitam verilməsi qanunsuzdur, həmin əmr ləğv olunmalı və əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi işburaxmaya görə ona əmək haqqı ödənilməlidir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi (ekspert F.Əliyev) tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli 4/1198 №-li və 16 yanvar 2023-cü il tarixli 4/1838 №-li ekspert rəyləri ilə İddiaçı adından yazılmış xx.xx.2022-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi" ərizəsində olan “İddiaçı" yazısının qarşısındaki imza, İddiaçı adından yazılmış xx.xx.2020-ci il tarixli "baş iqtisadçı vəzifəsinə qəbul" ərizəsində olan “İddiaçı" yazısının qarşısındakı imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (ekspert M.Muradova) 13 mart 2023-cü il tarixli 4/360-5/322-5/331 saylı ekspert rəyi ilə mülki işin 89-cu vərəqində olan xx.xx.2020-ci il tarixli işə qəbulla bağlı ərizədəki əlyazmalar və “İddiaçı” soyadından əvvəl yerləşən imzanın və 90-cı vərəqində olan İddiaçı oğlunun adından işdən azad edilmə və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizədəki əlyazmaların və İddiaçı” soyadından əvvəl yerləşən imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 4/1047 saylı ekspert rəyi ilə (ekspert: M.Muradova) görünür ki, mülki işin 36-cı vərəqində olan İddiaçı adından işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış 01.04,.2022-ci il tarixli ərizənin kserosurətində əks olunmuş əlyazmalar və “İddiaçı” soyadından əvvəl əks olunmuş imza – İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu müəyyən edilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X7 Departamentinin X2 İddiaçı barəsində 1 aprel 2022-ci il tarixli 48 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X7 Departamentinin X2 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri - baş iqtisadçı vəzifəsinə bərpa olunması; 1 aprel 2022-ci il tarixli 48 nömrəli əmr verildiyi tarixdən işə bərpa olunduğu tarixədək İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi; cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X7 Departamentinin X6ndən vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 7 (yeddi) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini - F.Əliyevin xətt və imzaların tədqiqi ixtisası üzrə 2011-ci ildən iş stajı olmaqla ali hüquq təhsilli əlyazmalar və səslərin ekspertizaları şöbəsinin aparıcı eksperti olmasını, M.Muradovanın isə 1997-ci ildən iş stajına malik olmaqla əlyazmalar və səslərin ekspertizaları şöbəsinin baş eksperti, yüksək dərəcəli ekspert, ali hüquq və ali filologiya təhsilli olmasını nəzərə alaraq hesab etmişdir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (ekspert M.Muradova) 13 mart 2023-cü il tarixli 4/360-5/322-5/331 və 26 iyul 2023-cü il tarixli 4/1047 saylı rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.

9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı işəgötürən – cavabdeh tərəfindən İddiaçı işə qəbul və işdən çıxma barədə ərizələrinin əsilləri (mülki iş v. 89-90), həmçinin işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə təqdim edilmiş işə qəbul və işdən çıxma ərizələrinin surətləri iş materiallarına əlavə olunmuşdur. Qeyd olunan ərizələrə baxış keçirilərkən işəgötürən tərəfindən məhkəməyə və Əmək Müfəttişliyi Xidmətinə təqdim edilmiş işə qəbul və işdən çıxma ərizələrinin açıq-aşkar bir-birindən fərqli olduğu müəyyən olunmuşdur.

10. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının qanunsuz və əsassız şəkildə vəzifəsindən azad edilməsi, işsiz qalması, hüquqlarının bərpa edilməsi üçün müvafiq orqanlara, habelə məhkəməyə müraciət etmək məcburiyyətində qalması faktları özüözlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir.

11. Eyni zamanda qeyd etmişdir ki, iddia müddəti cavabdehin ərizəsində əsaslandırdığı kimi 48 №-li əmrin çıxarıldığı 1 aprel 2022-ci il tarixindən deyil, həmin əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin işəgötürən tərəfindən işçiyə rəsmi qaydada təqdim edildiyi vaxtdan hesablanmalıdır. Belə ki, məhz əmrdə iddiaçının hansı əsasla işdən çıxarıldığı barədə məlumat öz əksini tapır. Cavabdehin nümayəndəsi iddia müddətinin keçməsini sübut edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı əmrin surətinin və əmək kitabçasının ona təqdim edilmədiyini bildirmiş, işəgötürən həmin halların əksini (qeyd olunan sənədlərin işçiyə təhvil verilməsi, ünvanına göndərilməsi və s.) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 19, 68, 296.2, 296.3, 196.7-ci maddələrinə; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2; 379.1 və 379.1.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2(005)-42/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ekspert rəyləri arasında ziddiyyət yaranması qeyd edilsə də, “Göründüyü kimi ekspert rəyləri arasında ziddiyyət yaranmışdır. (qətnamə səh.11)” məhkəmə sonuncu ekspert rəylərinə üstünlük vermişdir. Halbuki, birinci iki ekspert rəyində imzaların İddiaçı malik olması təsdiqini tapmışdır və bu rəylərin hər hansı bir etibarsızlığı barədə sual yaranmamışdır. Məsələ tədqiq edilməsi tapşırılan imzalara, yazı xətlərinə bu sahə üzrə ixtisaslaşmış ekspertlər tərəfindən münasibət bildirilməsindən ibarətdir. İş materiallarından göründüyü kimi, yalnız sonuncu iki ekspert rəyi imzaların İddiaçı malik olmaması nəticəsinə gəlmişlər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hazırlıq iclasında yeni əsaslarla ekspertizanın keçirilməsi üçün Məhkəməyə İddiaçı davamiyyət kitabında (“X6 Aparat işçilərinin işə dəvamiyyətinin qeydiyyat kitabı”) və icraatında olan sənədlərin təhvil-təslim jurnalında (“Daxil olmuş sənədlərin təhvil-təslim jurnalı”) olan gündəlik çəkdiyi (50-dən çox imza nümunəsi) məhkəməyə ekspertiza keçirilməsi üçün təqdim edilmişdir. Tərəfindən verilən vəsatət iki ekspert rəyində imzaların İddiaçı malik olmasının təsdiqi, digər iki ekspert rəyində isə imzaların İddiaçı malik olmaması rəyləri arasındakı uyğunsuzluğu aradan qaldırmağa yönəldilmişdir. Vəsatət həmçinin onunla əsaslandırmışdır ki, məhkəmə prosesi gedişində ekspertə təqdim olunan İddiaçı tərəfindən çəkilən imzalarda onun öz xəttini xitam ərizəsindəki imzaya münasibətdə dəyişdirilmə ehtimalı yüksəkdir. Məhkəməyə təqdim olunan davamiyyət kitabında və sənədlərin təhvil-təslim kitabında olan imzalar isə məhkəmə çəkişməsi başlayan dövrə qədər İddiaçı tərəfindən edilən imzalardır və bu imzalarda tədqiq edilməklə ekspertizanın aparılması ekspert rəylərindəki işə xitam ərizəsindəki imzanın İddiaçı tərəfindən imzalanmasının təsdiq olunması üçün kifayət etməlidir. Bu imzalar İddiaçı gündəlik işə gələrkən davamiyyət kitabına və iş prosesində sənədləri təhvil-təslim edərkən iddiaçının çəkdiyi imzalardır. Bu imzaların qəsdən dəyişdirilmə ehtimalı demək olar ki, yoxdur. Bu səbəblərdən və iki ekspert rəyində imzaların B.Paşayerə malik olması, digər iki ekspert rəyində isə imzaların İddiaçı malik olmaması arasındakı ziddiyyəti məhkəmə təkrar ekspertizasının keçirilməsi nəticəsində imzalarla bağlı qeyri-müəyyənlik aradan qaldıracaqdır. Lakin iş materiallarından bəlli olduğu kimi, məhkəmə haqlı vəsatəti təmin etməmişdir. Və yalnız iddiaçının yeni vəsatətlərini (X14 Xidmətinə məhkəmə sorğusu və s.) təmin etməyə üstünlük vermişdir. Məhkəmə öz qətnaməsi ilə tərəfin məhkəmədə məhkəmə müdafiəsi təminatı konstitusion hüququnu pozmuşdur. İddiaçı tərəfindən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti X1rşı əmrin ləğv edilməsi ilə bağlı mübahisə üzrə iş ümumi məhkəmədə - Nərimanov Rayon Məhkəməsində qaldırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanı ilə “İnzibati orqanların Təsnifatı” ilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti yanında olan dövlət büdcəsindən maliyyələşən orqanlar, o cümlədən qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlara aid edilmişdir. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin qurumu olan və büdcədən maliyyələşən Bakı şəhər İcra Hakimiyyəti X6 inzibati orqanlara aiddir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 Birliyinin nizamnaməsinin 1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin X6 (bundan sonra Birlik adlandırlacaq) ... hüquqi şəxs statusu ilə fəaliyyət göstərən dövlət orqanıdır. Göründüyü kimi “İnzibati icraat haqqında” qanunun istinad olunan maddələrinin tətbiq edilməməsi səbəbindən məhkəmə tərəfindən aidiyyət pozulmuşdur. Göstərilənlər istinad olunan “İnzibati icraat haqqında” qanunun müvafiq maddələrinin, həmçinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması olub, cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı tərəfindən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti X1rşı əmrin ləğv edilməsi ilə bağlı mübahisə üzrə iş ümumi məhkəmədə - Nərimanov Rayon Məhkəməsində qaldırılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanı ilə “İnzibati orqanların Təsnifatı” ilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti yanında olan dövlət büdcəsindən maliyyələşən orqanlar, o cümlədən qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlara aid edilmişdir. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin qurumu olan və büdcədən maliyyələşən Bakı şəhər İcra Hakimiyyəti X6 inzibati orqanlara aiddir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X5 Birliyinin nizamnaməsinin 1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin X6 (bundan sonra Birlik adlandırlacaq) ... hüquqi şəxs statusu ilə fəaliyyət göstərən dövlət orqanıdır. Göründüyü kimi, məhkəmə tərəfindən aidiyyət məsələsi pozularaq iş inzibati məhkəməyə göndərilməmişdir. Bununla da Mülki Prosessual Məcəllənin 24.3, 31-ci maddələrinin tələbləri pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X7 Departamentinin X2 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 17.Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, dövlət qulluqçusu deyil, o, əməliyyat olunduqdan sonra poliklinika tərəfindən ona verilən müddət uzadıldı. Onda əlaqə saxlayaraq işə çıxacağını bildirmişdir. Lakin ona ayın 1-dən yerinə başqa bir şəxsin gəldiyini bildirdilər. 18.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 bildirmişdir ki, iddiaçıya əmək kitabçası təqdim ediməmiş, işdən çıxarılma əmrinin surəti təqdim edilməmiş və son əmək haqqısı ödənilməmişdir. Onlar mediasiyaya müraciət etdilər və əmək müfəttişliyinə də şikayətlərini bildirdilər. İddiaçı hansı səbəblə, hansı maddə ilə işdən çıxdığını bilmirdi. Onlar əmrin surətini mediasiyaya müraciət etdikdən sonra əldə etmişdilər.

Apellyasiya baxışının hədləri

19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismn təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

23. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi əsasən: 1. Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. Həmçinin 2. Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. 3. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 25.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 26.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 27.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

28.12-ci (“i” hissə) maddəsinə əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 29.68-ci (1-ci və 2-ci hissə) maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmişəsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 30.69-cu (1-ci hissə) maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi iləxəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 31.71-ci (3-cü hissə) maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyənedilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 32.74-cü (2-ci hissə 2-ci bəndi) maddəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. 33.76-cı (1-ci hissə) maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 34.83-cü (1-ci hissə) maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 35.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarında əks olunan hüquqi mövqeyə görə, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

37.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

39.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı cavabdeh şirkətdə 17-ci dərəcəli şöbə müdiri – baş iqtisadçı vəzifəsinə işə qəbul edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 48 №-li xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əsas kimi İddiaçı ərizəsi göstərilmişdir. 192880 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən iddiaçının xəstəliyinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək davam etdiyi müəyyən edilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə onun məlumatı olmadan xitam verildiyini bildirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.

41. Mübahisəyə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı vəzifəsindən azad edilməsi barədə ərizəni yazmamış, işin 90-cı vərəqində olan İddiaçı adından işdən azad edilmə və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizədəki əlyazmaların və “İddiaçı” soyadından əvvəl yerləşən imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Həmçinin işin 36-cı vərəqində olan İddiaçı adından işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin kserosurətində əks olunmuş əlyazmalar və “İddiaçı” soyadından əvvəl əks olunmuş imza – İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu müəyyən edilmişdir.

42. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi (ekspert F.Əliyev) tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli 4/1198 №-li və 16 yanvar 2023-cü il tarixli 4/1838 №-li ekspert rəyləri ilə İddiaçı adından yazılmış xx.xx.2022-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi" ərizəsində olan “İddiaçı" yazısının qarşısındaki imza, İddiaçı adından yazılmış xx.xx.2020-ci il tarixli "baş iqtisadçı vəzifəsinə qəbul" ərizəsində olan “İddiaçı" yazısının qarşısındakı imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

43. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (ekspert M.Muradova) 13 mart 2023-cü il tarixli 4/360-5/322-5/331 saylı ekspert rəyi ilə mülki işin 89-cu vərəqində olan xx.xx.2020-ci il tarixli işə qəbulla bağlı ərizədəki əlyazmalar və “İddiaçı” soyadından əvvəl yerləşən imzanın və 90-cı vərəqində olan İddiaçı oğlunun adından işdən azad edilmə və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizədəki əlyazmaların və İddiaçı” soyadından əvvəl yerləşən imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

44. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 4/1047 saylı ekspert rəyi ilə (ekspert: M.Muradova) görünür ki, mülki işin 36-cı vərəqində olan İddiaçı adından işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin kserosurətində əks olunmuş əlyazmalar və “İddiaçı” soyadından əvvəl əks olunmuş imza – İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu müəyyən edilmişdir

45. Məhkəmənin, ekspert rəylərinin ziddiyyətli olmasına baxmayaraq sonuncu ekspert rəylərinə üstünlük verdiyindən narazı qalan cavabdehin vəsatətinə əsasən məhkəmə kollegiyası tərəfindən komission məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini labüd hesab etmiş, ekspertiza tədqiqatının məhkəmədə yenidən alınmış eksperimental imza və xətt nümunələri (işdə olan eksperimental imza və xətt nümunələrindən əlavə apelyasiya baxışı zamanı əldə edilmiş 3 vərəqdə imza nümunəsi və 2 vərəqdə xətt nümunəsi) və sərbəst imza nümunəsi (işdə olan sərbəst imza nümunələrindən əlavə əmrlərin təhviltəslim kitabı, işçilərin davamiyyət kitabı, daxil olmuş sənədlərin təhvil-təslim jurnalındakı İddiaçı məxsus xətt və imzalar) istifadə edilməklə həyata keçirilməsini qərara almışdır.

46. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 iyun 2024-cü il tarixli 4/811 saylı ekspert rəyi ilə (ekspertlər: N.Əfəndiyev və Ə.İbrahimova) görünür ki, mülki işin birinci cildinin 36-cı vərəqində olan İddiaçı adından işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin kserosurətində əks olunmuş mətn və “İddiaçı” soyadından əvvəl əks olunmuş imzanın, həmçinin mülki işin birinci cildinin 90cı vərəqində olan İddiaçı adından işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin mətni və “İddiaçı” soyadından əvvəl yerləşən imzanın – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

47. Mülki işin birinci cildinin 36-cı vərəqində olan İddiaçı adından işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin kserosurətində əks olunmuş mətn və “İddiaçı” soyadından əvvəl əks olunmuş imza ilə mülki işin birinci cildinin 90-cı vərəqində olan İddiaçı adından işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin mətni və “İddiaçı” soyadından əvvəl yerləşən imzanın – müxtəlif şəxslər tərəfindən icra olunduğu müəyyən edilmişdir.

48. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, işə baxan məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.

49. Məhkəmə kollegiyası Mərkəzinin 3 iyun 2024-cü il tarixli 4/811 saylı ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək bu rəyin mötəbərsizliyini təsdiq edən hər hansı sübutun olmaması qənaətinə gəlir.

50. Beləliklə işdə olan və apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəylərindən görünür ki, iddiaçının adından tərtib edilmiş işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə ərizədə yazılanlar onun iradəsi ifadəsinin nəticəsi deyildir, ərizədə ifadə edilən iradə bəyanı qüsurludur. İradənin qüsurlu olduğu ərizələrdə ya tərəfin həmin ərizənin yazılmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır, belə ərizələr əsasında hər hansı formada hüquqi nəticənin yaranması istisna olunur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, araşdırma predmeti olan ərizə əsasında iddiaçının işdən azad edilməsi barədə cavabdehin verdiyi əmr də qanuni sayıla bilməz. Bu səbəbdən də iddia və həmin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır.

51. Belə ki, Əmək Məcəlləsinin müvafiq maddələrinin məzmunundan göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər.

52. Cavabdeh apellyasiya şikayətində həmçinin Bakı şəhər İcra Hakimiyyəti X2 Bakı şəhər İcra Hakimiyyətinin qurumu olan və büdcədən maliyyələşən inzibati orqan olması səbəbilə İddiaçı tərəfindən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti X1rşı əmrin ləğv edilməsi ilə bağlı mübahisəyə ümumi məhkəmədə yox, müvafiq inzibati məhkəmədə baxılmalı olduğunu qeyd etmişdir.

53. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarında əks olunan hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.

54. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.3-cü maddəsinə görə də, yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi dövlət qulluqçusu sayılır.

55. Göründüyü kimi işə bərpa ilə bağlı mübahisələrə inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılmasını şərtləndirən əsas amillərdən biri də tərəflərin inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu olmasıdır. Hazırki işin materiallarından görünür ki, İddiaçı dövlət qulluqçusu statusunda deyil, cavabdehin bununla bağlı istinad etdiyi halları işdə olan sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlar ona dəlalət edir ki, tərəflərin hüquqi vəziyyəti, iddianın xarakteri, inzibati prosessual qanunvericilik və Ali Məhkəmənin Plenumunun istinad olunan qərarı nəzərə alınmaqla hazırkı iddiaya inzibati mühakimə icraatında deyil, mülki məhkəmə icraatında baxılmalıdır.

56. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın əsasında duran faktiki hallarla bağlı sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə (o cümlədən iddia müddətinin ötürülməsi ilə bağlı dəlilə) qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

57. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

58. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

59. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 60.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X7 Departamentinin X6 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 138 manat cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X7 Departamentinin X6ndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar