Məhkəmə qərarları › İş №2(103)-2683/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2683/2023

11.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2683/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı bağ sahəsindən, bağ evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması və onlardan istifadəyə görə pul tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh1 Firuddin oğlunun cavabdeh İddiaçı qarşı ödənilmiş pulun və çəkilmiş xərclər tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: bağ evindən çıxarılma, istifadəyə görə pulun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı bağ sahəsindən, bağ evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması və onlardan istifadəyə görə pul tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh1 Firuddin oğlunun cavabdeh İddiaçı qarşı ödənilmiş pulun və çəkilmiş xərclər tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-630/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1620 nömrəli bağ sahəsi xx.xx.2005-ci il tarixli, 6302 nömrəli müqaviləyə əsasən İddiaçı əri X5 Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən istifadəyə verilmişdir.

2. xx.xx.2009-cu il tarixli etibarnamə ilə X1 İlqar Firudin oğluna həmin bağ sahəsinin və üzərində olan tikilinin (evin) sənədləşdirilməsi, özəlləşdirilməsi ilə əlaqədar olaraq idarə və təşkilatlarda nümayəndə olmağı, çıxarış, texniki pasportu almağı və digər səlahiyyətləri 10 il müddətinə etibar etmişdir.

3. X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

4. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi 1620 ünvanında olan bağ evi və 0.1660 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir.

5. İddiaçı xx.xx.2020-ci il tarixində Cavabdeh1 Məhərrəm oğlu ilə bağlı polis orqanlarına müraciət etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka bağ sahəsi, 1620 ünvanda yerləşən, onun tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdeh xx.xx.1974-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və daimi orada ailəsi ilə yaşayan Cavabdeh1 Məhəmmədəli oğlunun məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və son üç il, yəni otuz altı ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından onun icazəsi olmadan özbaşına olaraq istifadə etməsi nəticəsində ona vurulmuş maddi ziyan kimi, hər ay üçün 300 manat - cəmi 10.800 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı vəsatəti ilə Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmuşlar.

8. Daha sonra İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, iddiaçının tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən Cavabdeh1 məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və iddia ərizəsi ilə müraciət etdiyi xx.xx.2021-ci il tarix üçün son üç il, yəni otuz altı ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından icazə olmadan özbaşına olaraq istifadə etməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyan kimi, hər ay üçün 300 manat - cəmi 10.800 manat məbləğində pul vəsaitinin, ilkin iddiaya əlavə olaraq, xx.xx.2021-ci il tarixdən bu günə kimi, yəni 2021-2022-ci illər ərzində on bir ay müddətində də bağ evindən, bağ sahəsindən və orada olan meyvə ağaclarının barından özbaşınalıqla və icazəsi olmadan istifadəyə görə, hər ay üçün 400 manat, yəni cəmi 4400 manat məbləğində pul vəsaitinin də, yəni ümumilikdə 15.200 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Daha sonra İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən, iddiaçının tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və iddia ərizəsi ilə müraciət etdiyi xx.xx.2021-ci il tarix üçün son üç il, yəni otuz altı ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından icazə olmadan özbaşına olaraq istifadə etməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyan kimi, hər ay üçün 300 manat cəmi 10.800 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi, xx.xx.2021-ci il tarixdən bu günə kimi, yəni 2021-2022-ci illər ərzində on bir ay müddətində də bağ evindən, bağ sahəsindən və orada olan meyvə ağaclarının barından özbaşınalıqla və icazəsi olmadan istifadəyə görə, hər ay üçün 400 manat, ümumilikdə 15.200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş - **********18-11301 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1620 ünvanında yerləşən 0,1660 ha torpaq sahəsi və onun üzərində yerləşən 30,10 kv/m bağ evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur və xx.xx.2020-ci il tarixli, ********** sayla qeydiyyata alınmışdır. Göstərdiyi xüsusi mülkiyyət həyat yoldaşı X4 adına olmuşdur. O, xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra həmin mülkiyyət mövcud qanunvericilik əsasında onun mülkiyyətinə keçmişdir. Cavabdeh, xx.xx.1974-cü il tarixdə ünvan 4 ünvanda qeydiyyatda olan və daimi orada ailəsi ilə yaşayan Cavabdeh1 Məhəmmədəli oğlu onun mərhum həyat yoldaşı X4 uzaq qohumudur. Bir neçə il öncə Cavabdeh1 müvəqqəti olaraq bağ evindən istifadə etməyi xahiş etmişdir. X18 ağır yataq xəstəsi olduğu üçün göstərilən bağ evindən istifadə etmirdilər. Bu səbəbə bağ və bağ sahəsi ilə bağ evi sahibsiz qalmasın deyə istifadə etmək üçün Rauf Sultanov Cavabdeh1 müvəqqəti olaraq razılıq vermişdir. xx.xx.2018-ci il tarixdə X18 vəfat etdikdən sonra, o, Cavabdeh1 dərhal bağ sahəsini və bağ evini boşaltmağı tələb etmişdir. Cavabdeh əvvəlcə tələbinə razılıq versə də, sonradan əsası olmayan müxtəlif bəhanələr gətirərək haqlı tələbini yerinə yetirməkdən imtina etmişdir. Cavabdehin bu qanunsuz hərəkətlərinə dair və bağ sahəsi ilə bağ evini boşaltması üçün bir neçə dəfə polis şöbəsinə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, tələbi mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Cavabdeh1 isə bu müraciətlərindən narazı qaldığı üçün, heç bir halda bağ sahəsini və bağ evini tərk etməyəcəyini bildirərək, əgər qanunla buna məcbur edilərsə, bağ sahəsindəki ağacları məhv edəcəyini, bağ evini, hasarı söküb dağıdacağını və tam yararsız hala gətirəcəyini bildirmişdir. Xüsusi mülkiyyəti olan bağ evindən, bağ sahəsindən və orada olan çoxsaylı müxtəlif bar verən meyvə ağaclarının bəhrəsindən Cavabdeh1 daimi olaraq son üç ildə onun icazəsi olmadan, yəni özbaşınalıq etməklə istədiyi kimi özünün və ailə üzvlərinin xeyrinə istifadə etmiş və bu qanunsuz hərəkətləri ilə faktiki olaraq onu öz qanuni mülkiyyətindən, əmlakından istifadə etməkdən məhrum etmişdir. Cavabdeh1 özünün bu qanunsuz hərəkətləri ilə ona müəyyən məbləğdə qiymətləndirilə biləcək maddi ziyan vurmuşdur və o, məhkəmə qaydasında cavabdeh tərəfindən vurulmuş maddi ziyanı, son üç ildə, yəni 36 ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından icazə olmadan özbaşına olaraq istifadə etməsini hər ay üçün 300 manat - cəmi 10.800 manat məbləğində qiymətləndirir. Bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı müxtəlif meyvə ağaclarından istifadə etmək barədə cavabdehə heç bir icazə verməmiş, aralarında nə şifahi, nə də yazılı heç bir razılıq olmamışdır, əksinə mütəmadi olaraq cavabdehdən öz qanunsuz hərəkətlərini dayandırmağı və dərhal onun xüsusi mülkiyyəti olan bağ sahəsini və bağ evini tərk etməyi tələb etmiş, hətta yuxarıda göstərdiyi kimi polisə də müraciət etmişdir.

11. Cavabdeh1 İddiaçı qarşı ödənilmiş pulun və çəkilmiş xərclər tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, ilkin İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinə və bağ evinə görə ödədiyi 3.000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən əmlakı ilkin İddiaçı mərhum əri X8 2001-ci ildə aralarında olan alqı-satqıya görə ona satmışdır. Həmin bağ sahəsinə görə tərəfindən Rauf Sultanova 3.000 ABŞ dolları məbləğində pul ödəniş edilmişdir. Bundan sonra isə X8 xx.xx.2009-cu il tarixdə 10 il müddətinə bütün hərəkətlərin edilməsi barədə ona notarial etibarnamə vermişdir. xx.xx.2018-ci ildə X8 vəfat etmişdir. Rauf Sultanovun qanun üzrə vərəsəsi, yəni ilkin iddiaçı əri ilə aralarında olan razılaşmanı bildiyi halda vərəsəlik hüququndan istifadə edərək həmin sahəni ondan xəbərsiz özəlləşdirmiş və eyni zamanda DƏDRX-dən çıxarış alaraq ona qarşı sözügedən iddianı qaldırmışdır. Bu halda aşağıda qeyd olunan suallar yaranır. Həmin torpaq sahəsi ona satılmamışdısa niyə 20 ildən çoxdur onun istifadəsindədir və həmin torpaq sahəsinə mütəmadi xərc çəkməyinə göz yumulmuşdur? Həmin torpaq sahəsi iddiaçının ailəsinə məxsus idisə mərhum X8 nikahda olduğu arvadı olduğu halda həmin əmlakın özəlləşdirməsi üçün nəyə görə ona etibarnamə vermək məcburiyyətində qalmışdı? Həmin torpaq sahəsi 2001-ci ildə 3.000 ABŞ dollarına ona satılmışdır. Qohumluq əlaqələri əmisi oğlu ilə yaxşı olduğu üçün həmin mənzil tərəfindən özəlləşdirilməmişdir. Buna baxmayaraq, həmin sahəni öz mülkiyyəti kimi istifadə edərək orada tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, həmin sahənin hasarı olmadığı üçün tərəfindən 150 metr uzunluğunda daş hasar çəkilmiş, quyu inşa edilmiş və digər işlər görülmüşdür. Həmin işlərin dəyəri təxmini 40.000 manat təşkil edir. Həmin torpaq sahəsinə çəkdiyi xərc tərəfindən tam hesablandıqdan sonra iddia həcmi tərəfindən artırılacaqdır. İddiaçı onun xeyrinə 2001-ci ildə ödədiyi 3.000 ABŞ dolları məbləğində pul onun xeyrinə tutulmalıdır.

13. Daha sonra Cavabdeh1 qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinə və bağ evinə görə ödədiyi 3.000 ABŞ dolları məbləğində pulun və həmin bağ sahəsinin təmiri, tikintisi və digər tərəfindən çəkilən xərclərin əvəzi 40.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsində araşdırma zamanı X13, X9, X2, Cavabdeh3, X3 şahid qismində dindirilmişlər.

15. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-630/2022 nömrəli qərardadı ilə üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/2580 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Xəzər rayon, Vişnovka bağ sahəsində yerləşən torpaq sahəsinin daxilində inşa edilmiş hovuz, fərdi yaşayış evi və torpaq sahəsinin sərhədinə inşa edilmiş daş hasarın inşasına çəkilmiş xərcin ümumi dəyəri təqribən 26.065 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

17. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-630/2022 nömrəli qətnaməsi ilə (R.H.Xəzri) ilkin iddianın qismən təmin edilməsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən verilmiş **********18-1130 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən, iddiaçının tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinin təmiri, tikintisi və digər çəkilən xərclərin əvəzi 26.065 manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iddiaçının tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinin təmiri, tikintisi və digər çəkilən xərclərin əvəzi 26.065 manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh1 ödənilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir.

18. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehlərin bağ sahəsinə mülkiyyətçi hüquqlarının əmələ gəlməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, qarşılıqlı iddiaçı bağın keçmiş sahibi Rauf Sultanov tərəfindən 3.000 ABŞ dallarına ona satıldığını iddia etmişdir. 3.000 ABŞ dolları məbləğində pulun verilməsi halını gördüyünü təsdiq edən Cavabdeh3 bildirdikləri qarşılıqlı iddiaçının və özünün maraq və mənafeyinə uyğun olmaqla, yanaşı yoxlanılmış sübutlarla tamamlanmamış, ifadələri dinlənilmiş şahidlər isə qaytarılması tələb olunan pul vəsaitinin onların bilavasitə şahidliyi ilə verilməsi halını təsdiq etməmişlər. İş üzrə “əsaslı şübhədən kənar” sübutlarla qarşılıqlı iddiaçının bağ sahəsini satın alması və bunun üçün 3.000 ABŞ dolları məbləğində pul ödəməsi halı təsdiq edilməmişdir.

19. Qarşılıqlı iddiaçı eyni zamanda mübahisəli bağ sahəsində yaxşılaşdırma işlərinə 40.000 manat məbləğində xərc çəkdiyini iddia etsə də, həmin halın təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. Yanaşı yoxlanılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10/2580 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə mübahisəli bağ sahəsində aparılmış yaxşılaşdırma işlərinin dəyərinin təqribən 26.065 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qarşılıqlı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün hər hansı sübut təqdim etmədiyini, rəyi vermiş ekspertin isə qiymətləndirmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşmış və qarşılıqlı iddiaçının mübahisəli bağ sahəsində 26.065 manat dəyərində yaxşılaşdırma işləri aparmasını işin hallarına uyğun saymışdır.

20. Məhkəmə ilkin iddia üzrə belə nəticəyə gəlmişdir ki, ilkin iddiaçının mübahisəli bağ sahəsinə ilkin iddia üzrə cavabdehlərin sahibliyinə yol verməmək səlahiyyəti olduğundan və onun bu hərəkəti cavabdehlərin hüquqlarının pozulmasına səbəb olmadığından, eləcə də hüquqdan sui-istifadə olmadığından, ilkin iddia üzrə cavabdehlər ilkin iddiaçıya məxsus bağ sahəsindən məcburi qaydada əşyaları ilə birlikdə çıxarılmalı, ilkin iddia həmin hissədə təmin edilməlidir.

21. Məhkəmə bununla yanaşı hesab etmişdir ki, vicdanlı sahib olan cavabdehlər əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu olmadıqlarından, ilkin iddia bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından istifadəyə görə zərərin əvəzinin tutulması hissəsində təmin edilə bilməz.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.5, 157.7-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115, 119.1, 217.3, 217.4, 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamə ilə razılaşmayan ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, ilkin iddia üzrə iddia tələbinin təmın edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyəti olan bağ evindən, bağ sahəsindən və orada olan çoxsaylı müxtəlif bar verən meyvə ağaclarının bəhrəsindən Cavabdeh1 daimi olaraq son üç ildə icazəsi olmadan, yəni özbaşınalıq etməklə istədiyi kimi özünün və ailə üzvlərinin xeyrinə istifadə etmiş və bu qanunsuz hərəkətləri ilə faktiki olaraq iddiaçını öz qanuni mülkiyyətindən, əmlakından istifadə etməkdən məhrum etmişdir. Cavabdeh özünün bu qanunsuz hərəkətləri ilə müəyyən məbləğdə qiymətləndirilə biləcək maddi ziyan vurmuşdur və o, məhkəmə qaydasında cavabdeh tərəfindən vurulmuş maddi ziyanı, son üç ildə, yəni 36 ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından icazə olmadan özbaşına olaraq istifadə etməsini hər ay üçün 300 manat - cəmi 10.800 manat məbləğində qiymətləndirir. Bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı müxtəlif meyvə ağaclarından istifadə etmək barədə cavabdehə heç bir icazə verməmişdir, aralarında nə şifahi, nə də yazılı heç bir razılıq olmamışdır, əksinə mütəmadi olaraq cavabdehdən öz qanunsuz hərəkətlərini dayandırmağı və dərhal onun xüsusi mülkiyyəti olan bağ sahəsini və bağ evini tərk etməyi tələb etmiş, hətta yuxarıda göstərdiyi kimi polisə də müraciət etmişdir. ünvan 3 ərazisində yerləşən və cavabdehlərin istifadəsində olan torpaq sahəsi iddiaçıya məxsus olduğundan, iş üzrə cavabdehlərin həmin torpaq sahəsindən istifadə etməklə orada tikili tikməsinin hər hansı bir qanuni əsası mövcüd deyil və işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Odur ki, cavabdehlərin istifadəsində olan həmin torpaq sahəsi mülkiyyətçisinə (iddiaçıya) geri qaytarılmaqdan əlavə mülkiyyətçinin razılığı olmadan həmin torpaq sahəsində cavabdehin tərəfindən tikililərin də inşa edilməsi qanunsuz olduğundan onların tikilməsi üçün iddiaçı heç bir ödəniş etməli deyildir. Belə ki, cavabdehlər əmlakın digər şəxsə məxsus olduqlarını bildiyi halda icazəsiz tiktikiyi tikililərə görə məsuliyyəti özləri daşımışdır. Həmçinin cavabdehlər iddiaçıya məxsus əmlakdan istifadə edərkən tikilən fərdi yaşayış evindən öz xeyirlərinə istifadə etmiş, bununla da heç bir icarə və ya kirayə haqqı vermədən illərdir bundan yararlanmışlar. Əgər cavabdehlər iddiaçıya məxsus əmlakı vaxtında ona geri qaytarılsaydılar, iddiaçı əmlakdan gəlir əldə edə bilərdi. Məhkəmə iclasında cavabdeh tərəfindən şahidlər dindirilsə də, iddiaçı tərəfin vəsatəti əsasında dəvət olunmuş şahidlər dindirməmiş, belə olan halda sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxmamışdır. Məhkəmənin cavadehlərin çəkdiyi xərci nəzərə aldığı halda, iddiaçının əldən çıxdığı fayda və s. nəzərə almaması işin hərtərəfli, obyektiv araşdırılmaması deməkdir. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarını araşdırmamış, onlara düzgün qiymət verməmiş, cavabdehlərin mübahisəli torpaq sahəsində iddiaçının razılığı olmadan tikinti işlərinin apardığını nəzərə almamışdır. Məhkəmənin düzgün nəticəyə gəlməməsinə görə sözü gedən qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı əsassız olaraq 26.065 manat pul vəsaiti ödəmək məcburiyyətində qalacaqdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin əsassız olduğu üçün rədd edilməsini və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

26. Etiraz onunla əsaslandırılmışdır ki, bağ Rauf Sultanov tərəfindən ona satılmışdır. Həmin bağ sahəsinə görə İlqar tərəfindən Rauf Sultanova 3.000 ABŞ dolları məbləğində pul ödəniş edilmişdir. Bundan sonra Rauf Sultanov xx.xx.2009-cu ildə 10 il müddətinə bütün hərəkətlərin edilməsi barədə ona notarial etibarnamə vermişdir. Rauf Sultanovun qanuni vərəsəsi əri ilə olan razılaşmanı bildiyi halda vərəsəlik hüququndan istifadə edərək həmin sahəni Cavabdeh1 xəbərsiz özəlləşdirmiş və çıxarış alaraq sözügedən iddia tələbini qaldırmışdır. Həmin torpaq sahəsi 20 ildən çoxdur ki, Cavabdeh1 istifadəsindədir və həmin torpaq sahəsinə mütəmadi xərc çəkmişdir. İlqarın qohumluq münasibətləri əmisi oğlu ilə yaxşı olduğu üçün həmin bağ evi onun tərəfindən özəlləşdirilməmişdir. Həmin sahənin hasarı olmadığı üçün onun tərəfindən 150 metr uzunluğunda daş hasar çəkilmiş, quyu inşa edilmiş, otaq artırılmış və digər işlər görülmüşdür. Həmin bağ sahəsinə 40.000 manaytdan çox xərc çəkilsə də, ekspert rəyinə əsasən həmin xərc 26.065 manat qiymətləndirilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər.

28. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı işdə ilk və qarşılıqlı iddia qismən təmin olunduğundan, ilk iddia üzrə iddiaçı qətnaməni ilk iddianın təmin olunmayan hissəsində, qarşılıqlı iddianın isə təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilmədiyi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. İşdən müəyyən olunur ki, mübahisəli bağ sahəsi keçmiş sahibi X8 tərəfindən müvəqqəti olaraq qohumu Cavabdeh1 istifadəsinə verilmişdir. Sultanov Rauf xx.xx.2018-ci il tarixdə ölmüş və xx.xx.2020-ci il tarixli çıxarışlara əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1620 və həmin ünvanda yerləşən bağ evi İddiaçı xüsusi mülkiyyətinə keçmişdir.

36. Həmçinin iş materiallarında olan sənədlərdən görünür ki, mülkiyyətçi İddiaçı Cavabdeh1la bağlı bağ sahəsindən çıxarılması üçün xx.xx.2020-ci il tarixində Xəzər Rayon Polis İdarəsinə müraciət etmiş, xx.xx.2021-ci il tarixində məhkəmədə hazırki iddia tələbini irəli sürmüşdür. Göründüyü kimi, ilkin iddia üzrə cavabdehlər xx.xx.2020-ci il tarixindən etibarən əmlakdan mülkiyyətçinin iradəsinə zidd olaraq istifadə etdiklərini bildikləri halda həmin torpaq sahəsi və bağ evindən əvəzsiz olaraq istifadə etmiş, bununla da əsassız varlanmışlar.

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçı ona məxsus əmlakdan istifadəyə görə cavabdehlərdən pul tələb etməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi mülki qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə almamış, ilkin iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmişdir.

39. Bununla belə, hazırkı mübahisənin ədalətli həlli üçün cavabdehlərin mübahisəli bağ sahəsindən hansı müddət ərzində qanunsuz istifadə etmələri ilə yanaşı, qanunsuz istifadə nəticəsində iddiaçıya dəymiş zərərin məbləği müəyyən edilməlidir.

40. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, eksperizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli, 9/3602 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka bağ sahəsi, 1620 ünvanında yerləşən 0,1660 ha bağ sahəsində mövcud olan 30,10 m2 evin 2022-ci il tarixə olan aylıq icarə haqqının orta bazar qiyməti nəzəri qaydada təxminən yaz-yay ayları üzrə - 250 manat, payız – qış ayları üzrə - 150 manat müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehlərin bağ sahəsindən qanunsuz olaraq istifadə etdiklərini bildikləri vaxtdan, yəni xx.xx.2020-ci il tarixindən etibarən məhkəməyə müraciət olunan tarixədək 4 ay müddət və məhkəmə prosesinin davam etdiyi dövrdə ilk iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizə verdiyi tarixədək olan dövrü əhatə edən 11 ay müddət nəzərə alınmaqla, ümumilikdə 15 ay müddətinə orta aylıq icarə haqqının dəyəri 200 manat hesablanmaqla 3.000 manat məbləğində pul ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçı məhkəməyə müraciət olunan tarixdən əvvəlki son üç il, yəni otuz altı ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından icazə olmadan özbaşına olaraq istifadə etməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyanı tələb etsə də, onun mülkiyyət hüququnu əldə etdikdən sonra bağ sahəsindən çıxarılma ilə bağlı xx.xx.2020-ci il tarixində polisə müraciət etməsi müəyyən edilir, ona görə də, ilk iddia üzrə cavabdehlərin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi vaxt xx.xx.2020-ci il tarixi hesab olunmalıdır. Belə ki, iddiaçının özünün də iddia ərizəsində bildirdiyinə görə “Cavabdeh1 onun mərhum həyat yoldaşı X4 uzaq qohumudur. Bir neçə il öncə Cavabdeh1 müvəqqəti olaraq bağ evindən istifadə etməyi xahiş etmişdir. X18 ağır yataq xəstəsi olduğu üçün göstərilən bağ evindən istifadə etmirdilər. Bu səbəbə bağ və bağ sahəsi ilə bağ evi sahibsiz qalmasın deyə istifadə etmək üçün Rauf Sultanov Cavabdeh1 müvəqqəti olaraq razılıq vermişdir.”

43. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı polis orqanlarına müraciət edənədək cavabdehlər bağ sahəsi və bağ evindən vicdanlı sahib kimi istifadə edirdilər.

44. Məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin olunan hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mübahisəli bağ sahəsində ilk iddia üzrə cavabdehlər tərəfindən yaxşılaşdırma işləri aparıldığından, bu işlərin aparıldığı şahid ifadələri ilə təsdiq edildiyindən və birinci instansiya məhkəməsində araşdırma zamanı keçirilmiş ekspertizanın rəyinə əsasən mübahisəli bağ sahəsində aparılmış yaxşılaşdırma işlərinin dəyərinin təqribən 26.065 manat olduğu müəyyən edildiyindən birinci instansiya məhkəməsi bu hissədə qarşılıqlı iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, şahidlərin bildirdiklərinə görə bağ sahəsində və bağ evində yaxşılaşdırma işləri ilkin iddia üzrə iddiaçı mülkiyyət hüququ əldə etməmişdən öncə aparılmış, həmin işlərin aparılmasına həmin vaxt iddiaçının əri etiraz etməmiş, bununla bağlı hər hansı tələb irəli sürməmişdir. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-630/2022 nömrəli qətnaməsi qismən – ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilməli, ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada 3.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 60 manat ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

48. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində ilkin iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən ilkin iddia üzrə cavabdehlər tərəfindən kassasiya şikayətinə yol verilmir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İlkin iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-630/2022 nömrəli qətnaməsi qismən – ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3.000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 60 (altmış) manat məbləğində vəsait ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ilkin iddia üzrə iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar