Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2684/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləgv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və digər xərclərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə (bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə bankın Ağdaş filialının kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssisi vəzifəsinə işə qəbul olunduğunu, xx.xx.2018-ci il tarixli əmrlə Qəbələ şöbəsinin satış üzrə mütəxəssisi vəzifəsinə keçirildiyini, xx.xx.2019-cu il tarixli 1852k nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyini, həmin əmrin müəssisənin möhürü ilə təsdiqlənmədiyini, onun surətinin əmək kitabçasının son iş günü təqdim edilmədiyini, əmrdə onu imzalayan işəgötürənin adının, atasının adının, həmçinin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərin göstərilmədiyini, yol verdiyi irəli sürülən kobud hüquq pozuntuları nəticəsində bankın hansı qanuni mənafeyinə xələl gəldiyinin əsaslandırılmadığını, işdən çıxarılmasına səbəb kimi MKR-dən çıxardığı 517 ədəd razılıq ərizələrindən 195 ədədinin aşkar edilmədiyi göstərilsə də, həmin arayışları tapıb təqdim etməsinə şərait yaradılmadığını, beləliklə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlann tələblərinin pozulduğunu, məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar 410 (dörd yüz on) manat müqavilə xərci və 11,5 (on bir manat) etibarnamə xərci çəkdiyini bildirmiş, buna görə də bankın xx.xx.2019-cu il tarixli 1852k saylı əmrinin ləğv edilməsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Qəbələ şöbəsinin satış üzrə mütəxəssisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının, həmçinin məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi 421,5 (dörd yüz iyirmi bir manat əlli qəpik) manat xərcin əvəzinin və 20 (iyirmi) manat dövlət rüsumunun bankdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, Əmək Məcəlləsinin 72-ci maddəsini düzgün təfsir etmədiyini, hərəkətləri nəticəsində cavabdeh təşkilatın qanuni mənafelərinə hər hansı ziyan dəymədiyini nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini, cavabdeh bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən iddiaçı, xx.xx.2017-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Ağdaş filialına kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssisi vəzifəsinə işə qəbul edilərək onunla əmək müqaviləsi bağlanmış, xx.xx.2018-ci il tarixdə bankın Qəbələ şöbəsinin satış üzrə mütəxəssisi vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixli 1852k nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Aşağıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından aydın olur ki, bankın Ağdaş filialının Qəbələ şöbəsində yoxlama aparılarkən İddiaçı MKR-dən çıxardığı 517 ədəd razılıq ərizələrindən 195 ədədi aşkar edilməmiş (müştərilərdən razılıq alınmadan onların adına MKR-nə sorğu verildiyi müəyyən olunmuş), həmçinin onun, Qəbələ regionunda müştəri cəlb etmə üzrə vasitəçilik fəaliyyəti ilə məşqul olan Arzuman Pəpişov adlı şəxslə əməkdaşlıq etməsi barədə şübhələr aşkar edilmiş, İddiaçı verdiyi izahatlarda xx.xx.2019-cu il tarixdə yaxın qohumu X3 adına MKR-nə sorğu etdiyini etiraf etmiş, audit yoxlaması zamanı ondan tələb edilən MKR razılıq ərizələrinin 200-ə yaxın sayda hissəsini tapıb təhvil verə bilmədiyini isə şöbədə aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sənədlərin pərakəndə vəziyyətdə yığılması ilə izah etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Kollegiya hesab edir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentlərini əsaslı hesab etməyən birinci instansiya məhkəməsi haqlı olmuşdur; belə ki, iddiaçının yol verdiyi və özünün də etiraf etdiyi pozuntunun bankın qanuni mənafelərinə (işgüzar nüfuzuna, kredit bazarındakı imicinə, müştəriləri ilə münasibətlərində şəffaflıq prinsipinə və s.) xələl gətirmiş olduğu şübhəsizdir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh təşkilat maliyyəkredit sektorunda fəaliyyət göstərən, fiziki və hüquqi şəxslərə kreditlər verən hüquq subyekti olmaqla, onun müvafiq bazarda formalaşan imici fəaliyyətinin uğurluluğu baxımından böyük əhəmiyyət kəsb edir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7055/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2684/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2684/2020
11.03.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver