Məhkəmə qərarları › İş №2(103)-2685/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2685/2022

24.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2685/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli 2(004)-1267/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyul 2018-ci il tarixli **********0 nömrəli əmrinin ləğv edilməsini, Şirvan şəhər X4 Mərkəzinin baş həkimi vəzifəsinə bərpa olunmasını və işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 iyul 2017-ci ildə Şirvan şəhər X4 Mərkəzinin baş həkimi vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyul 2018-ci il tarixli **********0 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır, ona görə ki, o, əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımi qaydada icra etmişdir. İşdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə riayət olunmadan verilmişdir. Belə ki, əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə verilsə də, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Yəni əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli 2(004)- 1267/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh nazirlik apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Şirvan şəhər X4 Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə qanunsuz hərəkətlərə yol verdiyinə görə barəsində dövlət orqanlarına çoxsaylı şikayətlər olmuş, şikayətlərin araşdırılması üçün nazirlik tərəfindən komissiya yaradılmış, araşdırma zamanı İddiaçı fəaliyyətində kobud qanun pozuntuları aşkar olunmuşdur. Buna görə də onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçı əmək qabiliyyətinin müvəqqəti olmaması barədə Bakı şəhəri 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından 00006 seriyalı 039111 nömrəli vərəqə əldə etmiş, lakin həmin vərəqəni iddia qaldıranadək nazirliyə təqdim etməmişdir. Bundan əlavə, əmək qabiliyyətinin olmaması barədə vərəqədə ona 02 iyul 2018-ci il tarixdə yataq rejimi təyin edilərək işə başlama tarixi 05 iyul 2018-ci il müəyyən edilsə də, 02 iyul 2018-ci il tarixdə İddiaçı faktiki olaraq işdə olmuş və baş həkim kimi məktubları imzalamışdır. Onun işdə azad olunması barədə əmr əmək qanunvericiliyinin tələblərinə uyğun verilmişdir. Məhkəmə işə baxarkən işin faktiki hallarını tam araşdırmamış, maddi hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyun 2019-cu il tarixli 2(103)- 7311/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7046/2019 nömrəli iş üzrə 21 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2020-ci il tarixli 2(103)- 1901/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli 2(004)-1267/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-44/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1901/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya qaydasında təkrarən işə baxılarkən məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli 2(004)-1267/2019 saylı qətnaməsi qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İş materiallarından görünür ki, İddiaçı 05 iyun 2017-ci il tarixdə Şirvan şəhər X4 Mərkəzinin baş həkimi vəzifəsinə təyin olunmuşdur. Şirvan şəhər X4 Mərkəzində çalışan və işdən azad olunmuş bir qrup şəhər sakini Prezident Administrasiyasına və digər dövlət orqanlarına 04 iyun 2018-ci il tarixli müraciət ünvanlayaraq İddiaçı çoxsaylı qanun pozuntularına yol verməsini, işçiləri qanunsuz işdən çıxarmasını, onlardan əsassız pul tələb etməsini, işçilərlə kobud davranmasını, onların əmək hüquqlarını pozmasını, əlillərə göstərilən xidmət zamanı mütəmadi qaydada kobud pozuntulara yol verməsini göstərmiş, kollektiv müraciət araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, nazirlikdə komissiya yaradılaraq müraciətdə göstərilən xüsusatlar araşdırılmışdır. Araşdırma zamanı müraciətdə göstərilən qanun pozuntuları təsdiq olunduğundan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyul 2018-ci il tarixli **********0 nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X4 Mərkəzinin sabiq baş həkimi İddiaçı qanunsuz hərəkətləri barədə Nazirlikdən xx.xx.2019-cu il tarixli məktubla daxil olmuş müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı vəzifəli şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkib əlamətləri müəyyən edildiyindən, fakta görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılmışdır. İş materiallarından görünür ki, Abbasova X1 Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İddiaçı məhkəməyə Bakı şəhər 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının 00006 seriyalı 039111 nömrəli əmək qabiliyyətinin olmamasına dair vərəqəsini təqdim etmişdir. Əmək qabiliyyətinin olmaması barədə vərəqədən görünür ki, İddiaçı 02 iyul 2018-ci ildən “N.S.D hiper tip” diaqnozu ilə 05 iyul 2018-ci ilə qədər əmək qabiliyyətini itirmiş, ona yataq rejimi müəyyən edilmiş, işə başlama tarixi 05 iyul 2018-ci il müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edib İddiaçı işə bərpa edərkən ona istinad etmişdir ki, 02 iyul 2018-ci il tarixdə İddiaçı işdən azad olunarkən onun əmək qabiliyyəti olmamışdır. Əmək Məcəlləsinin 79-cu maddəsinə görə isə işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir. Belə ki, işə bundan əvvəl baxan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki, “...iddiaçı xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə bağlı məhkəməyə iddia ərizəsini xx.xx.2019-cu ildə vermişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbinə görə işə bərpa tələbi üzrə fərdi mübahisələrlə bağlı iddia müddəti 1 ay təşkil edir. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi bu müddətin axımı əmrin təqdim edildiyi tarixdən başlayır və əmrin surətinin işçiyə təqdim edilməsi yükünü işəgötürən daşıyır. İş materiallarından görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixli əmrin surətini iddiaçıya göndərdiyini qeyd etsə də, onun iddiaçı tərəfindən qəbul edilməsi barədə yazılı sübut yoxdur və iddiaçı işə məhkəmə baxışında əmrin surətini almadığını göstərmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan İddiaçı tərəfindən verilmiş vəsatətdən (İ cild iş vərəq 36) görünür ki, iddiaçı əmrin surətini aldığını və bundan sonra xx.xx.2018-ci ildə və xx.xx.2018-ci ildə teleqramla Əmək və X2 şəxsən müraciət edərək qəbuluna düşmək, işdən azad olunma proseduru ilə bağlı sənədləri təqdim etmək və məhkəmədənkənar qaydada mübahisəni həll etmək istədiyini göstərərək xx.xx.2018-ci il tarixli əmrin mübahisələndirilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı əmrin surətini aldığını və hazırkı iş üzrə iddia müddətini ötürdüyünü etiraf etmiş və müddətin ötürülməsinin üzrlü sayılmasını xahiş etmişdir. Yəni qeyd edilən ərizə ilə iddiaçı cavabdehi əmrin surətinin təqdim edilməsi ilə bağlı sübutetmə yükündən azad etmişdir. Bundan başqa 02 iyul 2018-ci ildən N.S.D hiper tip diaqnozu ilə 05 iyul 2018-ci ilə qədər əmək qabiliyyətini itirməsi və ona yataq rejimi müəyyən edilməsi ilə bağlı İddiaçı 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 00006 seriaylı 039111 nömrəli əmək qabiliyyətinin olmamasına dair vərəqə verilsə də, iş materiallarında olan xx.xx.2018-ci il tarixli məktublardan görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixində işdə olmuş və qeyd edilən məktubları imzalamışdır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, İddiaçı 02 iyul 2018-ci il tarixli əmrlə işdən azad olunmuş, işə bərpa barədə iddia ərizəsini 09 yanvar 2019-cu ildə məhkəməyə vermişdir. İddiaçı əmrin surətini aldığını bildirmiş və bundan sonra 25 iyul 2018-ci il və 27 sentyabr 2018-ci il tarixlərdə teleqramla Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə şəxsən müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh nazirliyin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Göründüyü kimi, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini buraxmışdır. Bundan əlavə, 02 iyul 2018-ci ildən N.S.D hiper tip diaqnozu ilə 05 iyul 2018-ci ilə qədər əmək qabiliyyətini itirməsi və ona yataq rejimi müəyyən edilməsi ilə bağlı İddiaçı Bakı şəhər 6 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən 00006 seriyalı 039111 nömrəli əmək qabiliyyətinin olmamasına dair vərəqə verilsə də, mülki işin materiallarından görünür ki, iddiaçı 02 iyul 2018-ci il tarixində işdə olmuş və Mərkəzin baş həkimi kimi 02 iyul 2018ci il tarixli məktubları imzalamışdır. Kollegiya hesab edir ki, İddiaçı işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurması Şirvan şəhər X4 Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə törətdiyi vəzifə cinayətlərinə görə məhkum olunması ilə də təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, işin faktiki hallarını tam araşdırmamış, əmək qanunvericiliyində nəzərdə tutulmuş maddi hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, İddiaçı əmək funksiyasını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işəgötürənin, habelə əmək kollektivinin ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurması onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə əsas verir. Əmək müqaviləsinə xitam verilməsi barədə 02 iyul 2018-ci il tarixli əmr verilərkən Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuş bəzi rekvizitlərin göstərilməməsi məsələyə formal yanaşma kimi qiymətləndirilməklə İddiaçı işə bərpa olunmasına əsas vermir. Bundan əlavə, İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə 02 iyul 2018-ci il tarixli vərəqəni təqdim etsə də, həmin tarixdə baş həkim kimi məktubları imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi İddiaçı iddiasının rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli 2(004)- 1267/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar