Məhkəmə qərarları › İş №2(103)-2685/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2685/2024

27.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2685/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: apellyasiyanın mümkünlüyü) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2833/2020 nömrəli qətnaməsindən Maraqlı şəxs apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, arvadı Məmmədova (Mətlubi) Gülsüm Seyfulla qızının və övladı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 3 otaqlı özbaşına yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 2833/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanda 3 yaşayış otağından ibarət bir mərtəbəli özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6894/2021 nömrəli qətnaməsi ilə cavabdeh İlyasova (Məmmədova) Dinar Sərdar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 2833/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almış, qətnamə əsasında xx.xx.2021-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin qərarı ilə icraata başlanılmışdır.

6. Daha sonra Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 2833/2020 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin ona əlavə edilmiş sənədlər ilə birlikdə Maraqlı şəxs geri qaytarılması qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4061/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs şikayəti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(008)- 2833/2020 saylı qərardadı ləğv edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin Maraqlı şəxs maraqlarına toxunub-toxunmamasının müəyyən edilməsi və onun tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qərardad ləğv edilərək Maraqlı şəxs tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 403.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir. Maddə 403.2-1. Ərizə Ali Məhkəmənin sədri tərəfindən işin materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və ya qərardadlarından işdə iştirak etməyə cəlb olunmayan şəxslərin kassasiya şikayətinin verilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və ya Kommersiya kollegiyalarına verilir. Maddə 403.2-2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir. Maddə 403.2-3. Məhkəmə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsinin təmin olunmasına dair qərardad qəbul etdikdə, ərizəyə əlavə edilmiş kassasiya şikayətini bu Məcəllənin 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2833/2020 nömrəli qətnaməsindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

12. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

13. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs artıq qanuniliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və qanuni qüvvəsini almış birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

14. Halbuki, Mülki Prosessual Məcəllənin 357-ci maddəsinin tələblərinə əsasən o, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamədən apellyasiya şikayəti verə bilərdi.

15. Belə olan halda Maraqlı şəxs mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxun şəxs kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 6894/2021 nömrəli qətnaməsindən əsaslandırılmış ərizə və ona əlavə edilmiş kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər.

16. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

17. Göstərilənlərə əsasən və MPM-in 357, 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 2833/2020 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar