Məhkəmə qərarları › İş №2(103)-2688/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2688/2025

03.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2688/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı (Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilə köçürülmə, mənzilə yaşayış və istifadə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsinə köçürülmə, istifadə hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X10 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı (Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilə köçürülmə, yaşayış və istifadə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2(004)-216/2025 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4 iyul 2024-cü il tarixli, 2(004)- 3254/2024 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı2 arasında 19 may 2017-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 1480 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir.

2. Cavabdeh ilə İddiaçı2 qıznın 3 uşaqları vardır: 26 oktyabr 2003-cü il tarixdə anadan olmuş X3, 07 iyun 2006-cı il tarixdə anadan olmuş X4, 12 avqust 2011-ci il tarixdə anadan olmuş X9.

3. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 245 nömrəli, 22 aprel 2024-cü il tarixli arayışına əsasən müəyyən olunur ki, İddiaçı2 11-ci Xrebovıy küçəsi 187D saylı evdə qeydiyyatdadır, həyat yoldaşı Cavabdeh məcburi köçkün kimi məskunlaşmışdır.

4. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 245 nömrəli, 20 noyabr 2024-cü il tarixli və 364 nömrəli, 23 iyul 2024-cü il tarixli arayışlarına əsasən müəyyən olunur ki, İddiaçı1 11-ci Xrebovıy küçəsi 187 saylı evdə daimi qeydiyyatdadır. Cavabdeh, X4, X5, X3, İddiaçı2 Qubadlı rayonundan məcburi köçkün kimi 56 MKİS-də qeydiyyatdadırlar.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 12 dekabr 2024-cü il tarixli, 3-21-3-30/2-50303/2024 nömrəli məktubuna əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

6. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 16 nömrəli, 11 fevral 2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Cavabdeh qonşuların aktına əsasən 1992-ci ildən bu günə qədər ünvan 2 ünvanda yaşayır. İddiaçı2 2023-cü ilə qədər həmin ünvanda yaşayıb. İddiaçı1 isə bu ünvanda heç vaxt yaşamayıb.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı2 övladı 12 avqust 2011-ci il təvəllüdlü X2 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi, mənzilə yaşayış və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 övladları ilə illərdir ki, ünvan 4 ünvanında yaşayır. İddiaçı1 ünvan 5 ünvanda olan bütün kommunal xidmətlər İddiaçı1 adınadır, ödənişləri o ödəyir. Lakin hazırda Cavabdeh iddiaçıların yaşadığı və qeydiyyatda olduğu mənzili ələ keçirib, İddiaçı1 və İddiaçı2 mənzilə daxil olmasına icazə vermir, iddiaçılar evlərindən məhrum olublar. İddiaçıların bütün əşyaları, şəxsi əşyaları qeyd olunan mənzildədir, cavabdehin mənzili ələ keçirməsi nəticəsində hazırda mənzilə daxil ola bilmirlər.

9. Etiraz onunla əsaslandırılmışdır ki, mənzil cavabdehin ailə üzvlərinə məxsus olmuş, hələ 1992-ci ildən X6 və Cavabdeh qeyd edilən mənzildə yaşamışdır. Bu onu göstərir ki, hər iki iddiaçı sonradan, cavabdehin razılığı ilə mənzilə qeydiyyata düşmüşdür. Əlavə edilmiş nikah haqqında şəhadətnamədən də görüldüyü kimi, iddiaçı və cavabdeh 19 may 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu o deməkdir ki, iddiaçıların mənzildə qeydiyyatının olması onların həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas deyil.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2(004)- 216/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və sonuncunun övladı 12 avqust 2011-ci il təvəllüdlü X2 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi, mənzilə yaşayış və istifadə hüququnun tanınması qət edilmişdir.

11. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı2 ilə Cavabdeh 19 may 2017-ci il tarixdə rəsmi nikaha daxil olmasına baxmayaraq daha əvvəldən faktiki nikah münasibətlərində olmuşlar. Qeyd olunan hal tərəflərin övladlarının xx.xx.2006-cı il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü olması ilə də öz təsdiqini tapır. Daha sonra tərəflərin münasibətləri korlanmış və onların nikahı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3254/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçılar həmin evin onların daimi yaşayış yeri olduğunu bildirirərək mübahisəli mənzilə köçürülməsini xahiş edir, cavabdeh isə iddianı qəbul etməyərək iddiaya etiraz edir. İddiaçılardan İddiaçı1 ünvan 6 ünvanında qeydiyyatda olmaqla, həmin evlə bağlı kommunal xidmətlərin həyata keçirilməsi ilə bağlı müqavilələr də İddiaçı1 adına bağlanmışdır. ünvan 6 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından özbaşına tikili hesab olunur. Cavabdehin həmin evdə qeydiyyatı yoxdur. Məhkəmə qeyd edir ki, mübahisəli tikili İddiaçı1 və İddiaçı2 yaşayış yeridir. Cavabdehin iddiaçıları qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçıların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçıların qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının yaşadığı sahə özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 139, 152, 157, 158-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv, iddianın isə rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 qeyd edilən ünvanda qeydiyyatı formal xarakter daşımış və təqdim edilən sənədə görə də o həmin mənzildə heç vaxt yaşamamışdır. Lakin məhkəmə də İddiaçı1 həmin mənzildə nə vaxt qeydiyyata düşməsinə aydınlıq gətirməmişdir. Belə ki, sübutetmə yükü iddiaçının üzərinə düşsə də, bununla bağlı nə sübut təqdim edilmiş, nə də onlardan belə bir sübut tələb olunmamışdır. Cavabdehin isə sənədlərindən də göründüyü kimi, o, Qubadlı rayonunda qeydiyyatdadır və həmin mənzildə qeydiyyatda olmamasının səbəbi də budur. Belə ki, məcburi köçkünlərin Bakə şəhərində qeydiyyatı düşməsəsində bir qədər çətinliklər olduğu üçün, o heç vaxt bu mənzilə qeydiyyata düşməmiş, əksinə, əvvəllər aralarında heç bir problem olmadığı üçün qayınanasının həminə mənzilə qeydiyyata düşməsinə köməklik göstərmişdir. Məhkəmə iddia tələbini təmin edərkən İddiaçı1 həmin mənzildə qeydiyyatda olduğunu əsas gətirdiyi halda, İddiaçı2 həmin mənzildə qeydiyyatda olmamasına münasibət bildirməmiş, əksinə iddianı tam şəkildə təmin etmişdir. Bu da məhkəmənin lazımi qaydada araşdırma aparmadığını, sübutlara düzgün qiymət vermədiyini və işə səthi yanaşdığını göstərir. İşdə olan sənədlərdən də göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə ev 187 D nömrəli mənzil məhz cavabdehə məxsusdur və o, öz qardaşı ilə həmin mənzildən yaşayandan çox sonralar iddiaçılarla qohumluq münasibətləri yaranmışdır. Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Konstitusiyasının 43cümaddəsinə istinad edərək, heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsinə yol verilmədiyini bildirir. Amma təqdim edilmiş sənədlərdən də göründüyü kimi, İddiaçı1 həmin mənzildə heç vaxt yaşamamışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, “mübahisəli tikili İddiaçı1 və İddiaçı2 yaşayış yeridir. Cavabdehin iddiaçıları qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçıların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçıların qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır”. Məhkəmənin yuxarıda qeyd etdiklərinə dair heç bir sübut təqdim edilməmişdir. Belə ki, İddiaçı1 o mənzildə yaşamadığı sənədlərlə də sübut olunur, belə olduğu halda cavabdehin onu yaşayış yerindən məhrum etməsi mümkünsüzdür. Digər iddiaçı isə cavabdehlə nikah münasibətində olub, sonradan mənzili tərk edərək nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edib, nəticədə nikah pozulub. Həmin iddiaçı bu müddət ərzində bir dəfə də olsun qeyd edilən mənzilə nə yaşamaq üçün, nə də əşyalarını götürmək üçün gəlməyib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.

17. İddiaçıların nümayəndəsi Vəkil1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Cavabdehin nümayəndəsi Vəkil2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 13 iyun 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri üzrə müvəqqəti qeydiyyatda olan Qubadlı rayonunun Həkəri kəndindən məcburi köçkün Cavabdeh həyat yoldaşı İddiaçı2, X3, X9 və X4 ilə birlikdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində məskunlaşmışlar. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh və həyat yoldaşı İddiaçı2 (Azərbaycan və Rusiya) ikili vətəndaşlığı vardır, onlar boşanmışlar və hazırda ailə üzvlərinin daimi qeydiyyatda olduqları Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə, 187D saylı fərdi yaşayış evində yaşayır. Cavabdeh 31 avqust 2024-cü il tarixdən X7 ilə rəsmi nikahı vardır.

Tətbiq edilən hüquq

20. A Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə iddianın istifadə hüququnun tanınması hissəsinin təmin olunduğu hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır.

25. İddiaçı2 cavabdehlə faktiki nikah münasibətlərinə daxil olduqdan sonra övladları ilə birlikdə 2023-cü ilin sonlarına kimi mübahisə predmeti olan ünvanda yaşaması, evin bütün kommunal xidmətlərinə aid müqavilələrin işin İddiaçı1 adına olması işin mübahisələndirilməyən hallarıdır. Cavabdeh isə hesab edir ki, İddiaçı2 ilə ailə münasibətlərinə xitam verildiyindən sonuncu həmin ünvanda yaşamamalıdır. İş materiallarının 98-ci vərəqəsində olan iddia ərizəsinə etirazda da cavabdeh Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək iddianı qəbul etmədiyini bildirir.

26. Həmin normanın məzmununa əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün heç bir əsas yoxdur. Belə ki, cavabdehin mülkiyyətçi statusu yoxdur və iddiaçıların həmin özbaşına tikili üzərində hansı hüquqları mövcuddursa, onun da hüquqları həmin həddə mövcuddur və birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin iddiaçıları mənzildə yaşamasına maneə törətmək səlahiyyətinin olmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı1 başqa yaşayış yerinin olması ilə bağlı da cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlara əsasən də İddiaçı1 mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olması, digər ünvanda kommunal xidmətlə bağlı müqavilələrin olması ilə bağlı məlumata rast gəlinmir. Həmçinin, qeyd olunmalıdır ki, kommunal xidmətlərlə bağlı hər hansı bir öhdəlik (borc) yaraqdığı təqdirdə, həmin öhdəliklərin icrasına İddiaçı1 cavabdehlik daşıyır.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıların mübahisə predmeti olan ünvana köçürülməsi hissəsində gəldiyi nəticə ilə razılaşır.

29. Məhkəmə kollegiyası iddiaçıların həmin fərdi yaşayış evinə yaşayış və istifadə hüququnun tanınması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, həmin fərdi yaşayış evi özbaşına tkilidir. Adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Lakin mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikildir və həmin tikili üzərində iddiaçıların istifadə hüququnun yaranması üçün heç bir əsas müəyyən olunur.

30. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddianın istifadə hüququ tanınması hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2(004)- 216/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2(004)- 216/2025 nömrəli qətnaməsi qismən - İddiaçı2 və İddiaçı1 yaşayış və istifadə hüququnun tanınması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar