Məhkəmə qərarları › İş №2(103)-2689/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2689/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2689/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qarşı (3-cü şəxs qismində x və y cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı, x və y iddia predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə, «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,12 ha torpaq sahəsinin alqısatqısı barədə AN-İ seriyalı ******* saylı, xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, y tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, 0,12 ha torpaq sahəsinə görə ödədiyi 12.000 manat pulun, dəymiş ziyana və müqavilə üzrə dəbbə puluna görə 3.000 manat vəsaitin, mənəvi ziyana görə 5.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəməyə ərizə təqdim edərək, Cavabdeh4 yetkinlik yaşına çatmadığı üçün öz qanuni nümayəndəsi (anası) Cavabdeh6 ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildə Abşeron rayonu, Məhəmmədi kəndində torpaq sahəsi almaq fikrinə düşmüş və bu əsasla internet vasitəsi ilə həmin kənddə torpaq sahəsinin satılması ilə bağlı elanlarla tanış olmuşdur. Axtarış nəticəsində internet saytında həmin ərazidə Əli və Zöhrab adlı şəxslərin torpaq sahəsi satdıqları barədə elana rast gəlmiş və elanda olan telefon nömrəsinə zəng vurmuşdur. Telefonla danışdıqdan sonra hər iki şəxslə görüşmüş və satılması nəzərdə tutulan torpaq sahəsinə gedərək baxmışdır. Torpaq sahəsi tam açıq və düz bir ərazi olduğu üçün xoşuna gəlmişdir. Torpaq sahəsi tam boş olduğu, ətraflarda heç bir tikinti olmadığı üçün ona uyğun idi. Bu səbədən də, torpaq sahəsini bəyənmiş və 0,12 ha torpaq sahəsi alacağını bildirmişdir. Torağın hər biri sotu 1.000 manat olmaqla ümumilikdə 12.000 manata razılaşmışlar. Həmin şəxslərin iştirakı ilə alacağı torpaq sahəsinin sərhədlərini, özül kimi qazaraq müəyyən etmişlər. xx.xx.2015-ci il tarixdə Əli ilə razılaşdıqları vaxtda Xırdalan şəhərindəki 1 saylı Notariat kontorunun qarşısında görüşmüşlər. Notariat kontorunun qarşısında Əli ilə görüşdükdə onunla yanaşı Cavabdeh1 və Cavabdeh6 adlı şəxslər də orada olmuşlar. Əli onu həmin qadınlarla tanış edərək, torpağın mülkiyyətçilərinin onlar olduğunu bildirmişdir. Bundan sonra onlar notariat kontorunda 0,12 ha torpaq sahəsinin alqı-satqısı barədə AN-İ seriyalı ******* saylı, xx.xx.2015-ci il tarixli müqaviləni imzalamışlar. Müqavilə iddia ərizəsində cavabdeh kimi göstərilən şəxslər və onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır. Müqavilə imzalandıqdan sonra o, 12.000 manat məbləğində pulu notariat orqanında satıcılara ödəmişdir. Sözügedən alqısatqı müqaviləsi əsasında y tərəfindən RX seriyalı ******* nömrəli çıxaış verilmişdir. Ona təqdim olunmuş torpaq sahəsinin plan cizgisində aldığı torpaq sahəsi kvadrat formada, yəni bütün ölçülərin bir birinə təxminən bərabər olduğu göstərilmişdir. Yuxarıda qeyd etdiyi kimi, həmin torpaq sahəsi tərəfindən alınarkən Əli və Zöhrabın iştirakı ilə həmin ərazinin sərhədləri qazılaraq qonşu torpaq sahələrindən ayrılmışdır. Bu gün də həmin qazılmış sərhədlər olduğu kimi qalmaqdadır. Torpaq sahəsinin sərhədlərin daş hasarla tikmək üçün qazmış olduğu özül uzun müddət maddi imkansızlığı səbəbindən tikilməmiş qalmışdır. 2018-ci ilin dekabr ayında torpaq sahəsinə baxmaq üçün getdikdə ona satılan torpaq sahəsinin daş hasara alındığı görmüşdür. O, dərhal y rəsmi ərizə ilə müraciət edərək ona satılan torpaq sahəsinin yerinin dəqiqləşdirilməsini xahiş etmişdir. Həmin orqan özünün xx.xx.2019-cu il tarixli məktubu ilə ərizəsinə cavab olaraq bildirmişdir ki, ona satılmış torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcuddur. Faktiki torpaq sahəsinin 0,1045 ha hissəsi ərazidə inşa edilmiş daş hasarın daxilində yerləşir və torpaq sahəsində özül qazılmışdır. Faktiki torpaq sahəsinin bir hissəsi (0,072 ha) **********85 reyestr nömrəli, bir hissəsi isə (0,0325 ha) **********10 reyestr nömrəli X1 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Göründüyü kimi, sənədlə ona satılan torpaq sahəsi əslində ona satılmaq üçün göstərilən torpaq sahəsi deyil, tamamilə kənarda boru xətti və yüksək gərginlikli elektrik xəttinin birbaşa altında olan torpaq sahəsidir. Torpaqın sahibləri bilərəkdən ona başqa torpaq sahəsi göstərməklə əslində tamamilə yararsız başqa ərazidə yerləşən torpaq sahəsini sənədləşdirmişlər. O, aldadıldığını bildikdən sonra Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasında istintaq şöbəsində araşdırma aparılmış və nəticədə xx.xx.2019-cu il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Göstərilən qərarda Cavabdeh5 etiraf edir ki, həmin torpaq sahəsi onlara qaytarıldıqdan sonra torpağın alınması üçün verilmiş pul və ona dəymiş 3.000 manat ziyan onun tərəfindən ödəniləcəkdir. Lakin Cavabdeh5 dediklərinin əksinə olaraq, mülkiyyətçilər heç bir pul qaytarmayacaqlarını bildirmişlər. Hesab edir ki, satdıqları torpaq sahəsini başqa bir şəxsə təkrar satdıqları üçün həmin torpağın ona verilməsi mümkünsüzdür. Belə olduğu halda torpağın dəyərinin ona qaytarılmasından başqa çıxış yolu yoxdur. Qeyd edir ki, Abşeron RPİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədəki qərarında Cavabdeh5 etiraf edir ki, torpağa görə ondan aldıqları pulu qaytarmağa hazırdırlar, bu şərtlə ki, o, da torpaq sahəsin geri qaytarsın. Göründüyü kimi, cavabdehlər hər şeyi etiraf edir, hətta ona vurmuş olduqları zərərə görə 3.000 manat ödəmək niyyətindədirlər. Əslində həmin qərarla cavabdehlər hər şeyi etiraf edir, həm ondan torpağa görə aldıqları pulu, həm də ona vurduqları ziyanı ödəyəcəklərini vəd edirlər. Bununla yanaşı qeyd edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona satılmış torpaqdan istifadə edə bilməmiş və nəticədə xeyli miqdarda real zərərlə qarşılaşmışdır. Torpaq sahəsinə vermiş olduğu 12.000 manat vəsait özündə qalmış olsaydı, həmin vəsaiti dövriyyədə saxlamaqla xeyli miqdarda gəlir əlldə etmiş olardı. Cavabdehlər onlara qarşı irəli sürdüyü maddi zərər məbləğini qəbul etdiklərinə dair cinayət işi başlanmasının rədd edilməsi barəsindəki qərarda birbaşa qeyd edilmişdir. Hesab edir ki, ona dəymiş maddi ziyanın həcmi ən azı 3.000 manat təşkil edir. Bundan başqa qeyd edir ki, cavabdehlərin bu hərəkətləri nəticəsində ona 5.000 manat məbləğində mənəvi ziyan dəymişdir. Hesab edir ki, keçirdiyi əsəb, sarsıntıların, itirdiyi enerjinin, günlərlə, saatlarla müxtəlif dövlət orqanlarının qapılarında itirmiş olduğu vaxtın mənəvi dəyəri 5.000 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)- 3693/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 arasında bağlanmış və xx.xx.2015-ci tarixdə qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci ilə tarixdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh6 torpaq sahəsinin dəyəri olaraq ödəmiş olduğu 11.400 manat pulun tutulması, İddiaçı xeyrinə Cavabdeh5 mənəvi zərərin əvəzi olaraq 2.000 manat pulun tutulması, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh6 və Cavabdeh5 ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərildiyi və cavabdehin etiraf etdiyi kimi, alqı-satqı müqaviləsi xx.xx.2015-ci ildə bağlanmışdır və cavabdehin imkansızlığı üzündən tikinti işləri apara bilməməsi nəticəsində kənar şəxslərin satılan torpaq sahəsini zəbt etməsi alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz, eyni zamanda müqavilə üzrə iddia müddətinin keçdiyi üçün iddia təmin edilə bilməzdi. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı- satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilmiş, heç bir qanun pozuntusu olmadan, Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddənin tələblərinə əməl edilməklə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı ərazi idarəsində qeydə alınmış və cavabdehin adına torpağa dair mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir, lakin məhkəmə bu fakta hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 4,5198 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 (13/16 hissə; qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2013-cü il), Cavabdeh4 (1/16 hissə; qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2013-cü il), Cavabdeh3 (1/16 hissə; qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2013-cü il) və Cavabdeh2 (1/16 hissə; qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2013-cü il) məxsusdur. “satıcılar” Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ilə “alıcı” İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, «satıcılar» y tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********06 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 4,5198 ha olan torpaq sahəsinin onlara məxsus hissədən 0,12 ha torpaq sahəsini 11.400 manata «alıcı» İddiaçı satmışlar. “satıcılar” Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ilə “alıcılar” X4 və Cavabdeh5 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, «satıcılar» y tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********06 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 4,5198 ha olan torpaq sahəsinin onlara məxsus hissədən 0,5 ha torpaq sahəsini 20.000 manata «alıcı» X2, digər 2,7998 ha torpaq sahəsini isə 100.000 manata «alıcı» Cavabdeh5 satmışlar. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2015-ci il). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X5 xx.xx.2019-cu il tarixli, **********22 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2015-ci il tarixli, **********19 reyestr nömrəli, 0,12 ha torpaq sahəsinin plan ölçüdəki koordinatları GPS mövqetəyinətmə cihazı vasitəsi ilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən 0,12 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcuddur. Faktiki olaraq sahəsinin 0,1045 ha hissəsi ərazidə inşa edilmiş daş hasarın daxilində yerləşir və torpaq sahəsində özül qazılmışdır. Faktiki torpaq sahəsinin bir hissəsi (0,072 ha) **********85 reyestr nömrəli, bir hissəsi isə (0,0325 ha) **********10 reyestr nömrəli X1 mülkiyyətində olan torpaq sahələri üst-üstə düşür. Abşeron rayon X3 şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul olunmuş «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasını rədd edilməsi qərara alınmış, İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə hazırkı mübahisə üzrə qətnaməni maddi hüquq normalarını pozmaqla qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əqdi etibarsız əqd hesab etmişdir. Bu zaman məhkəmə tərəflər arasında alqı-satqı müqaviləsinin Azərbaycan Respublikası MM-nin 339.2-ci maddəsinin dispozisiya şərtlərini pozmaqla, yəni aldatma nəticəsində bağlandığı qənaətinə gəlmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxx 2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsini həmin əmlakın paylı mülkiyyətçiləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh6 əvəzi ödənilməklə əldə etmişdir. Həmin alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinin tələblərinə əməl edilməklə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı ərazi idarəsində qeydə alınmış və cavabdehin adına torpağa dair mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, əmlakın paylı mülkiyyətçisi olmuş satıcılar tərəfindən müqavilənin etibarsızlığına səbəb ola biləcək hər hansı təqsirli hərəkətə yol verilməmişdir. Bundan başqa, iddiaçı onun əmlakın alqı-satqısında vasitəçilik etmiş Cavabdeh5 tərəfindən aldadıldığını özü etiraf etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmlakın alqı-satqısında vasitəçilik etmiş şəxs alqı-satqı müqaviləsinin tərəfi olmamış, yalnız vasitəçilik funksiyasını yerinə yetirmişdir. Bunu tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin məzmunundan da görmək olar. Belə ki, xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsini əmlakın paylı mülkiyyətçiləri nümayəndə vasitəsilə deyil, özləri şəxsən imzalamışlar. Bu səbəbdən də əmlak alqı-satqısında vasitəçilik etmiş şəxsin iddiaçını aldatmaqla bağlı hər hansı hərəkətləri bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb ola bilməz. Qeyd edilənlərlə yanaşı kollegiya qeyd edir ki, iddiaçı hazırkı iddianı əqdin etibarsızlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməklə qaldırmışdır. Azərbaycan Respublikası MM-nin 146.7-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı ərizənin daxil olduğu tarix üzrə aparılır. 238.1-ci maddəsinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 647-ci maddəsinə görə, alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının xx xxxx 2004-cü il tarixli Qanununun 10.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Qanunvericiliyin yuxarıda sadalanan normalarının dispozisiya şərtlərindən məlum olur ki, daşınmaz əmlakla, o cümlədən toraq sahəsi ilə bağlı alqı-satqı notarial qaydada rəsmiləşdirildikdən sonra, yaranmış hüquqların Dövlət Reyestrində qeydiyyatının aparılması, o cümlədən bu cür qeydiyyatın aparılması ilə bağlı hərəkətlər (o cümlədən, ərazinin texniki göstəricilərinin yerində müəyyən edilməsi) alıcının müraciəti əsasında həyata keçirilir. Belə olan halda, iddiaçının ona cavabdehlər tərəfindən bir torpaq sahəsinin göstərilərək, başqa torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı dəlillərini məhkəmə əsassız hesab edir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, alğı-satqı müqaviləsinin predmeti olmuş torpaq sahəsinin texniki göstəricilərinin və koordinatlarının müəyyən edilməsi ilə bağlı cavabdehlər heç bir məsuliyyət daşımırlar və bu göstəricilərdə hər hansı səhvin olması ilə bağlı riski cavabdehlər deyil, iddiaçı özü daşımışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı müqavilə bağlanarkən cavabdehlər tərəfindən aldadıldığını bilməli olduğu və həmin müqavilənin etibarsızlığını mübahisələndirməklə bağlı müddət onun göstərdiyi kimi, 2018-ci ilin dekabr ayında həmin torpaq sahəsinin başqa şəxslər tərəfindən hasara alındığını aşkar etdiyi vaxtdan deyil, mübahisəli torpaq sahəsinə dair texniki pasportun tərtib edildiyi vaxtdan, yəni xx.xx.2015-ci il tarixdən hesab edilməlidir. Yəni, iddiaçı qeyd edilən tarixdə kifayət qədər ehtiyat və diqqət göstərib həmin alqı-satqı müqaviləsinin bağlandığı torpaq sahəsinin deyil, ondan 50 metr aralıda yerləşən başqa torpaq sahəsinin texniki göstəricilərinin müqavilə üzrə texniki pasporta daxil edilməsindən məlumatlı olmalı idi. Hazırkı iş üzrə iddia ərizəsi isə məhkəməyə 2019-cu ilin iyul ayında, yəni bu tarixdən təxminən 4 il sonra verilmişdir. Halbuki Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi tələbi Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən etibarsız əqdlər üzrə müddətlər ötürülməklə verildiyinə görə rədd edilməlidir. Kollegiya izah edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddətlər iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir (həmin hüquqa xitam verilir). Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi, 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizənin verilməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Bu baxımdan kollegiya hesab edir ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi tələbləri və həmin tələblərdən irəli gələn digər iddia tələbləri təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1 maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin Apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Eyni zamanda müqavilənin etibarsız hesab edilməsi tələbi rədd olunduğuna görə bu tələbdən doğan digər iddia tələbləri, yəni alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlərdən maddi və mənəvi zərərin əvəzi olaraq pulun tutulması ilə bağlı tələblər də rədd olunmalıdır. Həmin Məcəllənin 384.0.2 maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəməkollegiyası QƏT ETDİ : Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)- 3693/2019 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar