Məhkəmə qərarları › İş №2(103)-4951/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4951/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4951/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı, Abşeron rayonu 1 nömrəli Notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi iddia predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə, «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,12 ha torpaq sahəsinin alqı-satqısı barədə AN-İ seriyalı ******* saylı, 13.01.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, 0,12 ha torpaq sahəsinə görə ödədiyi 12.000 manat pulun, dəymiş ziyana və müqavilə üzrə dəbbə puluna görə 3.000 manat vəsaitin, mənəvi ziyana görə 5.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəməyə ərizə təqdim edərək, Cavabdeh4 yetkinlik yaşına çatmadığı üçün öz qanuni nümayəndəsi (anası) Cavabdeh6 ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildə Abşeron rayonu, Məhəmmədi kəndində torpaq sahəsi almaq fikrinə düşmüş və bu əsasla internet vasitəsi ilə həmin kənddə torpaq sahəsinin satılması ilə bağlı elanlarla tanış olmuşdur. Axtarış nəticəsində internet saytında həmin ərazidə Əli və Zöhrab adlı şəxslərin torpaq sahəsi satdıqları barədə elana rast gəlmiş və elanda olan telefon nömrəsinə zəng vurmuşdur. Telefonla danışdıqdan sonra hər iki şəxslə görüşmüş və satılması nəzərdə tutulan torpaq sahəsinə gedərək baxmışdır. Torpaq sahəsi tam açıq və düz bir ərazi olduğu üçün xoşuna gəlmişdir. Torpaq sahəsi tam boş olduğu, ətraflarda heç bir tikinti olmadığı üçün ona uyğun idi. Bu səbədən də, torpaq sahəsini bəyənmiş və 0,12 ha torpaq sahəsi alacağını bildirmişdir. Torağın hər biri sotu 1.000 manat olmaqla ümumilikdə 12.000 manata razılaşmışlar. Həmin şəxslərin iştirakı ilə alacağı torpaq sahəsinin sərhədlərini, özül kimi qazaraq müəyyən etmişlər. 13.01.2015-ci il tarixdə Əli ilə razılaşdıqları vaxtda Xırdalan şəhərindəki 1 saylı Notariat kontorunun qarşısında görüşmüşlər. Notariat kontorunun qarşısında Əli ilə görüşdükdə onunla yanaşı Cavabdeh1 və Cavabdeh6 adlı şəxslər də orada olmuşlar. Əli onu həmin qadınlarla tanış edərək, torpağın mülkiyyətçilərinin onlar olduğunu bildirmişdir. Bundan sonra onlar notariat kontorunda 0,12 ha torpaq sahəsinin alqı-satqısı barədə AN-İ seriyalı ******* saylı, 13.01.2015-ci il tarixli müqaviləni imzalamışlar. Müqavilə iddia ərizəsində cavabdeh kimi göstərilən şəxslər və onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır. Müqavilə imzalandıqdan sonra o, 12.000 manat məbləğində pulu notariat orqanında satıcılara ödəmişdir. Sözügedən alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli çıxaış verilmişdir. Ona təqdim olunmuş torpaq sahəsinin plan cizgisində aldığı torpaq sahəsi kvadrat formada, yəni bütün ölçülərin bir birinə təxminən bərabər olduğu göstərilmişdir. Yuxarıda qeyd etdiyi kimi, həmin torpaq sahəsi tərəfindən alınarkən Əli və Zöhrabın iştirakı ilə həmin ərazinin sərhədləri qazılaraq qonşu torpaq sahələrindən ayrılmışdır. Bu gün də həmin qazılmış sərhədlər olduğu kimi qalmaqdadır. Torpaq sahəsinin sərhədlərin daş hasarla tikmək üçün qazmış olduğu özül uzun müddət maddi imkansızlığı səbəbindən tikilməmiş qalmışdır. 2018-ci ilin dekabr ayında torpaq sahəsinə baxmaq üçün getdikdə ona satılan torpaq sahəsinin daş hasara alındığı görmüşdür. O, dərhal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi rəsmi ərizə ilə müraciət edərək ona satılan torpaq sahəsinin yerinin dəqiqləşdirilməsini xahiş etmişdir. Həmin orqan özünün 25.01.2019-cu il tarixli məktubu ilə ərizəsinə cavab olaraq bildirmişdir ki, ona satılmış torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcuddur. Faktiki torpaq sahəsinin 0,1045 ha hissəsi ərazidə inşa edilmiş daş hasarın daxilində yerləşir və torpaq sahəsində özül qazılmışdır. Faktiki torpaq sahəsinin bir hissəsi (0,072 ha) **********85 reyestr nömrəli, bir hissəsi isə (0,0325 ha) **********10 reyestr nömrəli X1 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Göründüyü kimi, sənədlə ona satılan torpaq sahəsi əslində ona satılmaq üçün göstərilən torpaq sahəsi deyil, tamamilə kənarda boru xətti və yüksək gərginlikli elektrik xəttinin birbaşa altında olan torpaq sahəsidir. Torpaqın sahibləri bilərəkdən ona başqa torpaq sahəsi göstərməklə əslində tamamilə yararsız başqa ərazidə yerləşən torpaq sahəsini sənədləşdirmişlər. O, aldadıldığını bildikdən sonra Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasında istintaq şöbəsində araşdırma aparılmış və nəticədə 02.03.2019-cu il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Göstərilən qərarda Cavabdeh5 etiraf edir ki, həmin torpaq sahəsi onlara qaytarıldıqdan sonra torpağın alınması üçün verilmiş pul və ona dəymiş 3.000 manat ziyan onun tərəfindən ödəniləcəkdir. Lakin Cavabdeh5 dediklərinin əksinə olaraq mülkiyyətçilər heç bir pul qaytarmayacaqlarını bildirmişlər. Hesab etmişdir ki, satdıqları torpaq sahəsini başqa bir şəxsə təkrar satdıqları üçün həmin torpağın ona verilməsi mümkünsüzdür. Belə olduğu halda torpağın dəyərinin ona qaytarılmasından başqa çıxış yolu yoxdur. Qeyd edir ki, Abşeron RPİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədəki qərarında Cavabdeh5 etiraf edir ki, torpağa görə ondan aldıqları pulu qaytarmağa hazırdırlar, bu şərtlə ki, o, da torpaq sahəsin geri qaytarsın. Göründüyü kimi cavabdehlər hər şeyi etiraf edir, hətta ona vurmuş olduqları zərərə görə 3.000 manat ödəmək niyyətindədirlər. Əslində həmin qərarla cavabdehlər hər şeyi etiraf edir, həm ondan torpağa görə aldıqları pulu, həm də ona vurduqları ziyanı ödəyəcəklərini vəd edirlər. Bununla yanaşı qeyd edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona satılmış torpaqdan istifadə edə bilməmiş və nəticədə xeyli miqdarda real zərərlə qarşılaşmışdır. Torpaq sahəsinə vermiş olduğu 12.000 manat vəsait özündə qalmış olsaydı həmin vəsaiti dövriyyədə saxlamaqla xeyli miqdarda gəlir əlldə etmiş olardı. Cavabdehlər onlara qarşı irəli sürdüyü maddi zərər məbləğini qəbul etdiklərinə dair cinayət işi başlanmasının rədd edilməsi barəsindəki qərarda birbaşa qeyd edilmişdir. Hesab edir ki, ona dəymiş maddi ziyanın həcmi ən azı 3.000 manat təşkil edir. Bundan başqa qeyd edir ki, cavabdehlərin bu hərəkətləri nəticəsində ona 5.000 manat məbləğində mənəvi ziyan dəymişdir. Hesab edir ki, keçirdiyi əsəb, sarsıntıların, itirdiyi enerjinin, günlərlə, saatlarla müxtəlif dövlət orqanlarının qapılarında itirmiş olduğu vaxtın mənəvi dəyəri 5.000 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ilə aralarında bağlanmış 13.01.2015ci tarixdə qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13.01.2015-ci ilə tarixdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh6 torpaq sahəsinin dəyəri olaraq ödəmiş olduğu 11.400 manat pulun tutulması, İddiaçı xeyrinə Cavabdeh5 mənəvi zərərin əvəzi olaraq 2.000 manat pul tutulması, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh6 və Cavabdeh5 ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərildiyi və cavabdehin etiraf etdiyi kimi, alqı-satqı müqaviləsi 13.01.2015-ci ildə bağlanmışdır və cavabdehin imkansızlığı üzündən tikinti işləri apara bilməməsi nəticəsində kənar şəxslərin satılan torpaq sahəsini zəbt etməsi alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz, eyni zamanda müqavilə üzrə iddia müddətinin keçdiyi üçün iddia təmin edilə bilməzdi. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı- satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilmiş, heç bir qanun pozuntusu olmadan, Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddənin tələblərinə əməl edilməklə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı ərazi idarəsində qeydə alınmış və cavabdehin adına torpağa dair mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir, lakin məhkəmə bu fakta hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2689/2020 saylı, 20.08.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli 2(005)- 3693/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-585/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2689/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı, Abşeron rayonu 1 nömrəli Notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclаsınа gəlməmişlər. Cavabdeh Abşeron rayonu 1 nömrəli Notariat kontoru ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabbdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla hesab edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “13.01.2015-ci tarixdə qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsi əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və cavabdehlərdən torpaq sahəsinin dəyəri olaraq ödənilmiş 11.400 manat pulun tutulması” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 4,5198 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 (13/16 hissə; qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 14.02.2013-cü il), Cavabdeh4 (1/16 hissə; qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 14.02.2013-cü il), Cavabdeh3 (1/16 hissə; qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 14.02.2013-cü il) və Cavabdeh2 (1/16 hissə; qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 14.02.2013-cü il) məxsusdur. İş materiallarına əlavə olunmuş “satıcılar” Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ilə “alıcı” İddiaçı arasında bağlanılmış 13.01.2015-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqısatqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, «satıcılar» Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 14.02.2013-cü il tarixdə verilmiş **********06 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 4,5198 ha olan torpaq sahəsinin onlara məxsus hissədən 0,12 ha torpaq sahəsini 11.400 manata «alıcı» İddiaçı satmışlar. İş materiallarına əlavə olunmuş “satıcılar” Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ilə “alıcılar” X3 və Cavabdeh5 arasında bağlanılmış 25.01.2015-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, «satıcılar» Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 14.02.2013-cü il tarixdə verilmiş **********06 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 4,5198 ha olan torpaq sahəsinin onlara məxsus hissədən 0,5 ha torpaq sahəsini 20.000 manata «alıcı» X2, digər 2,7998 ha torpaq sahəsini isə 100.000 manata «alıcı» Cavabdeh5 satmışlar. İş materiallarına əlavə olunmuş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 28.02.2015-ci il). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 25.01.2019-cu il tarixli, **********22 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 28.02.2015-ci il tarixli, **********19 reyestr nömrəli, 0,12 ha torpaq sahəsinin plan ölçüdəki koordinatları GPS mövqetəyinətmə cihazı vasitəsi ilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən 0,12 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcuddur. Faktiki olaraq sahəsinin 0,1045 ha hissəsi ərazidə inşa edilmiş daş hasarın daxilində yerləşir və torpaq sahəsində özül qazılmışdır. Faktiki torpaq sahəsinin bir hissəsi (0,072 ha) **********85 reyestr nömrəli, bir hissəsi isə (0,0325 ha) **********10 reyestr nömrəli X1 mülkiyyətində olan torpaq sahələri üst-üstə düşür. **********19 reyestr nömrəli, 0,12 ha torpaq sahəsinin plan-ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlar aşağıdakılardır: X – 406890,71 Y – 4487537,74 X – 406920,21 Y – 4487524,46 X – 406905,18 Y – 4487490,73 X - 406875,62 Y – 4487503,89 İş materiallarına əlavə olunmuş Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 tərəfindən 02.03.2019-cu il tarixdə qəbul olunmuş «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasını rədd edilməsi qərara alınmış, İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş 23.07.2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Kassasiya instansiyası məhkəməsinin də hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin satıcılar tərəfindən müqavilənin etibarsızlığına səbəb ola biləcək hər hansı təqsirli hərəkətə yol verilməməsi, iddiaçının alqı-satqıda vasitəçilik etmiş Cavabdeh5 tərəfindən aldadıldığını özünün etiraf etməsi, həmin şəxsin müqavilənin tərəfi olmaması, yalnız vasitəçilik funksiyasını yerinə yetirməsi, vasitəçilik etmiş şəxsin iddiaçını aldatmaqla bağlı hərəkətlərinin alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb olmaması barədə mövqeyi ilə razılaşmır. Kassasiya instansiyası məhkəməsi qərarında həmçinin qeyd olunmuşdur ki, əqdi mübahisələndirmək üçün müddətin başlanığıcının hansı vaxtdan hesablanması da mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, aldadılma və yanılma hallarında müddətin axımı müqavilə tərəfinin öz hüququnun pozulduğunu (aldadıldığını, yaxud yanıldığını) bildiyi və ya bilməli olduğu vaxtdan başlanır. 55. Baxılan işdə apellyasiya məhkəməsi iddiaçıya münasibətdə sözügedən müddəti torpaq sahəsinə dair texniki pasportun tərtib edildiyi 19.02.2015-ci il tarixdən hesablamışdır. Bu barədə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı qeyd edilən tarixdə kifayət qədər ehtiyat və diqqət göstərib müqavilənin bağlandığı torpaq sahəsinin deyil, ondan 50 metr aralıda yerləşən başqa torpaq sahəsinin texniki göstəricilərinin müqavilə üzrə texniki pasporta daxil edilməsindən məlumatlı olmalı idi. 56. Kollegiya bu mövqe ilə razılaşmır ona görə ki, alınan torpaq sahəsinə dair plan və ölçü sənədi daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışla və müvafiq miqyaslarla (1:10000 və ya 1:1000) tərtib edilir. Özü də həmin sənədləri müqavilə tərəfləri deyil, aidiyyəti dövlət orqanının mütəxəsissləri hazırlayır. Həmin sənədlərdəki göstəricilərlə (koordinatlarla) və ya sənədlərə vizual baxışla hektarlarla torpaq sahəsi içərisindən alınan 0,12 ha sahənin yerini ərazidə ona göstərilmiş yerlə eyniləşdirmək imkanı alıcı üçün mümkünsüzdür. Məlum olduğu kimi, mübahisəli ərazinin naturada yerini həmin plan və sxemi aparan dövlət qurumunun mütəxəssisləri belə müvafiq koordinatlar və xüsusi cihazlarla ölçmələr aparmadan müəyən edə bilmirlər. Belə olan halda, idiaçıya təqdim olunmuş sxemdəki sahənin onun əslində almaq istədiyi sahə ilə üst-üstə düşmədiyini bilməsini iddiaçıdan gözləmək, onun kifayət qədər ehtiyat və diqqət göstərməklə bu halı bilməli olması qənaətinə gəlmək doğru yanaşma sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə ilk öncə iddianın AN-İ seriyalı ******* saylı, 13.01.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (Mülki Məcəllənin 339.2. maddəsi). Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd etmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 arasında bağlanmış 13.01.2015-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqavləsinin şərtlərinə əsasən özlərinə məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 4,5198 ha olan torpaq sahəsinin onlara məxsus hissədən iddiaçıya satmış olduqları 0,12 ha torpaq sahəsinə dair tərəflər arasında bağlanmış 13.01.2015-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqavilə etibarsız hesab edilməlidir. Belə ki, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 tərəfindən 02.03.2019-cu il tarixdə qəbul olunmuş «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından da görünür ki, İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcuddur. Faktiki torpaq sahəsinin 0,1045 ha hisssi ərazidə inşa edilmiş daş hasarın daxilində yerləşir və torpaq sahəsində özül qazılmışdır. Faktiki torpaq sahəsinin bir hissəsi (0,072 ha) **********85 reyestr nömrəli, bir hissəsi isə (0,0325 ha) **********10 reyestr nömrəli X1 mülkiyyətində olan torpaq sahələri üst-üstə düşür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya satılan torpaq sahəsinə dair hüquqverici sənədlər olsa da, əslində ona satılmaq üçün göstərilən torpaq sahəsinin yeri tamamilə kənarda boru xətti və yüksək gərginlikli elektrik xəttinin birbaşa altında olan torpaq sahəsinin ərazisinə düşür. Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 tərəfindən 02.03.2019-cu il tarixdə qəbul olunmuş «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından da görünür ki, sözügedən torpaq alqı-satqısında vasitəçilik etmiş Cavabdeh5 həmin torpaq sahəsinin problemli olması ilə əlaqədar mülkiyyətçilər tərəfindən ona heç nə deyilməməsini, həmin torpaq sahəsi onlara qaytarıldıqdan sonra torpağın alınması üçün verilmiş pul və iddiaçıya dəymiş 3.000 manat ziyan onun tərəfindən ödəniləcəyini göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qeyd edilən torpaq sahəsinin aldadılma yolu ilə ona satılması səbəbindən istəmir və ona satılan torpaq sahəsindən də faktiki olaraq istifadə etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MülkiMəcəlləsinin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, əqdlə bağlı hüququnun pozulmasını iddiaçı 2018-ci ilin dekabr ayından mülkiyyəti kimi qeyd edilən torpaq sahəsindən mülahizəsinə uyğun istifadə etmək istəyərkən məlumatlı olmuş və bu pozuntu onun aldığı torpaq sahəsinin başqa şəxs tərəfindən daş hasara alınmasını müəyyən etməsində özünü göstərmişdir. İşin materiallarından görünür ki, iddiaçı 14.01.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi rəsmi ərizə ilə müraciət edərək ona satılan torpaq sahəsinin yerini dəqiqləşdirilməsini xahiş etmiş və həmin orqanın 25.01.2019-cu il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, ona satılan torpaq sahəsi ilə X1 mülkiyyətində olan torpaq sahələri üst-üstə düşür. Ona görə də əqdi münahisələndirmək üçün iddiaçıya tətbiq edilən müddətin başlanığıcı məhz həmin tarixdən hesablanmalıdır. İddiaçı isə bundan sonra bir neçə gün ərzində pulunun geri qaytarılmasını istəmiş, müsbət nəticə əldə etmədiyi üçün 04.02.2019-cu ildə polis orqanına müraciət etmiş, 26.07.2019-cu il tarixdə isə məhkəmədə iddia qaldırmışdır. İşin materiallarından görünür ki, iddiaçı qeyd edilən məktubun məzmununa əsasən aldadıldığını bilən kimi hüquq mühafizə orqanlarına müraciət etmiş və sonradan da məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir ki, məhkəmə haqlı olaraq bu halda onun hərəkətlərində əqdin etibarsızlığı ilə bağlı müddətin ötürülməsi hallarına yol verilməməsi qənaətinə gəlmişdir. Beləliklə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, işin yuxarıda göstərilən araşdırılmış hallarının və istinad edilən maddi hüquq normalarının təhlili baxımından iddiaının AN-İ seriyalı ******* saylı, 13.01.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi tam əsaslıdır. Məhkəmə eyni zamanda haqlı olaraq hesab etmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 arasında bağlanmış 13.01.2015-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqavləsi etibarsız hesab olunduğu üçün onun hüquqi nəticələri də, yəni İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış da ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu məcəllədə ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmaqdında (o cümlədən alınanlar əmlakdan istifadədə, götürülmüş və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. (6.10 bəndi) Məhkəmə sadalanan qanunvericilik normalarının tələblərinə əsasən haqlı olaraq hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi etibarsız sayıldığından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh6 torpaq sahəsinin dəyəri olaraq ödəmiş olduğu 11.400 manat pul onlardan müştərək qaydada alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar