Məhkəmə qərarları › İş №2(105)-339/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-339/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-339/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Qafari və X3 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh2 nümayəndəsi və vəkili X13 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(012)-3826/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin (Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1) hər birindən 1100 (bir min bir yüz) manat, ümumilikdə 4400 (dörd min dörd yüz) manatın, xx.xx.2021-ci il tarixli Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə üzrə iddiaçı tərəfindən vəkilə ödənilmiş 1300 (min üç yüz) manatın, iddia ərizəsinin verilməsinə görə 64 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində Sumqayıt şəhəri 3 saylı notariat ofisində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hissələrinə dair AN-İ, ******* saylı, daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, ümumi sahəsi 0.1172 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onların hər birinə məxsus 0.0293 ha hissədən hər biri 0.015 ha hissəni, ümumilikdə 0.060 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişlər. Bunun qarşılığında İddiaçı, hər bir cavabdehə 7500 (yeddi min beş yüz) manat olmaqla ümumilikdə cavabdehlərə 30000 (otuz min) manat ödəmişdir. İddiaçı aldığı torpaq sahəsində sxematik planın aparılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə torpağın sxematik bölgüsünün aparılması üçün müraciət etmiş, İdarənin xx.xx.2021-ci il tarixli cavabında qeyd olunmuşdur ki, sənəd üzrə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında fərq mövcud olduğundan sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə “notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında fərqin nədən ibarət olması” barədə sorğuya İdarənin xx.xx.2022-ci il tarixli cavabında qeyd olunmuşdur ki, faktiki torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsindən azdır və müayinə olunan torpaq sahəsi 0.0522 hektardır. Göründüyü kimi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ, ******* saylı daşınmaz əmlakın alqısatqısı müqaviləsində İddiaçı mülkiyyətinə verilən torpaq sahəsi 0.06 hektar göstərilsə də, əslində iddiaçının faktiki sahibliyinə 0.0522 hektar torpaq sahəsi verilmişdir. Cavabdehlər alqı-satqı müqaviləsini bağlamazdan öncə İddiaçı torpağın faktiki sahəsini ölçməməsindən sui-istifadə edərək, müqavilədə onun ölçüsünü 0.06 hektar qeyd etmiş və daha yüksək məbləğ almışlar. Torpağın iddiaçıya verilməmiş hissəsində isə ev tikildiyindən və cavabdehlər tərəfindən başqa sahənin verilməsi halında isə çıxıntı şəklində verilə biləcəyindən iddiaçının faktiki sahibliyinə 0.0088 ha əskik torpaq sahəsinin verilməsi İddiaçı üçün əlverişli deyil. İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 ilə torpaq sahəsinin alqı-satqısı barədə razılığa gələrkən, birinci tərəfdən torpaq sahəsinin hər 0.01 hektar sahəsinə 5000 (beş min) manat qərarlaşdırmışlar. Praktikada da, bir qayda olaraq, yaşayış məntəqələrinin torpaqlarında torpaq sahəsinin qiyməti müəyyənləşdirilərkən öncə 0.01 ha sahənin qiyməti müəyyənləşdirilir, daha sonra satılacaq torpaq sahəsinin ölçüsü ilə 0.01 ha sahənin qiymətinin hasili ilə satılacaq torpaq sahəsinin yekun qiyməti qərarlaşdırılır. Bunu cavabdehlərin eyni ölçülü paylarını eyni qiymətə satması da təsdiq edir. Cavabdehlər iddiaçıya alqı-satqı müqaviləsindən 0.0088 ha əskik torpaq sahəsi verməklə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Bu isə iddiaçıya 4400 manat zərər dəydiyi mənasına gəlir. Göründüyü kimi, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 tərəfindən öhdəliklərinin yerinə yetirilməməsi İddiaçı 4400 manat məbləğində zərər vurmuşdur. Çünki, iddiaçı aldığı 0.0522 hektar torpaq sahəsini yenidən satmaq istəsə 30000 (otuz min) manata sata bilməyəcəkdir. Cavabdehlərə xx.xx.2022-ci il tarixində pretenziya məktubu göndərilmişdir. Məktubda cavabdehlərin hər birindən 1100 (min bir yüz) manat olmaqla, ümumilikdə 4400 manatı və hər birindən 325 (üç yüz iyirmi beş) manat olmaqla hüquqi xidmət üçün iddiaçı tərəfindən vəkilə ödənilən 1300 (min üç yüz) manat məbləğinin iddiaçıya 5 (beş) gün ərzində ödənilməsi tələb edilmişdir. Ancaq məktubun göndərildiyi tarixdən 19 gün keçməsinə baxmayaraq cavabdehlər ödənişi etməmişdirlər.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.1172 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hər biri 0.015 ha olmaqla İddiaçı satmışdırlar. İddiaçı daşınmaz əmlakı 30000 manat (hər birinə 7500 manat) qiymətə almışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Saray ərazisində 0.1172 ha torpaq sahəsində sxematik bölgünün aparılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş, ********** nömrə ilə qeydiyyata alınmış müraciətinə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Abşeron rayonu, Saray ərazisində yerləşən X2 (ümumi birgə) mülkiyyətində olan 0 1172 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında sizə satılmış 0.06 ha hissəsinə dair bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında fərq mövcuddur. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli, **********55 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışla Cavabdeh3 (ümumi birgə) mülkiyyətində olan 0.1172 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında X1 0.06 ha hissəsi daxil edilməklə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsindən azdır və müayinə olunan torpaq sahəsi 0.0522 hektardır. Sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Bu səbəbdən xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizənin icrasından imtina olunmuş və qeyd edilənlərlə bağlı xx.xx.2021-ci il tarixli, **********88 nömrəli imtina məktubu yazılmışdır.

7. xx.xx.2022-ci il tarixli cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 göndərilmiş pretenziya məktubundan görünür ki, hər birindən 1100 (bir min bir yüz) manat olmaqla, ümumilikdə 4400 (dörd min dörd yüz) manat və hər birindən 325 (üç yüz iyirmi beş) manat olmaqla hüquqi xidmət üçün vəkilə ödədiyi 1300 (min üç yüz) məbləği, ona 5 (beş) gün ərzində ödənilməsi tələb edilmiş, əks halda hər birinə qarşı məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(012)- 3826/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 hər birindən 975 manat olmaqla cəmi, 3900 manat pul vəsaiti, hər birindən 200 manat olmaqla, cəmi 800 manat vəkil xərci və hər birindən 7,5 manat olmaqla, cəmi 30 manat dövlət rüsumuna görə pulun tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, göründüyü kimi tərəflər arasında bağalanan müqavilə üzrə satılan torpaq sahəsinin ölçüsü faktiki 0.0522 ha olmaqla, nəzərdə tutulduğundan 0.0078 ha əskikdir. Yəni, 0.0078 ha torpaq sahəsi üçün iddiaçı tərəfindən cavabdehlərə artıq pul ödənilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 107, 119.1, 217.3, 217.4, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

11. Cavabdeh2 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-3826/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Torpaq sahəsi naturada göstərilmiş, bütün payçıların razılığı ilə məhz ayrılmış (mərzlənmiş) sahə iddiaçıya satılmışdır. Bu zaman heç bir irad daxil olmamışdır. Başqa sözlə tərəflər arasındakı münasibətlər müqavilə ilə tənzimləndiyindən məhkəmənin “maddi ziyanın vurulmasına” istinad etməsi başa düşülən deyildir. Eyni zamanda müqavilə tərəflərə müvafiq (dəlillər) öhdəliklər yaradır, hansı ki, həmin öhdəliklərin pozulması, müqavilənin tam icra edilməməsi anlamına gəlir. Müqavilə üzrə öhdəliklərin tam icra edilməməsi (müvafiq halda iddiaçıya torpaq sahəsinin 0.06 ha deyil daha az həcm və ölçüdə verilməsi) həmin müqavilənin ləğvi və ya dəyişdirilməsi üçün əsasdır. Hazırda cavabdehlər müqavilənin ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılmasına, yəni ödənilmiş pul məbləğinin qaytarılması, torpaq sahəsinin geri təhvil verilməsinə razıdırlar. Nəzərə alınmalıdır ki, iddiaçıya təhvil verilmiş torpaq sahəsinin naturada və sənəddə (çıxarışda) yerləşməsində də müvafiq maneələr (sürüşmələr) var və bu gələcəkdə növbəti məhkəmə mübahisələrinin yaranmasına səbəb ola bilər.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

15. İddiaçının nümayəndəsi və vəkili X11 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

16. İş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-3826/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı ona münasibətdə yoxlanılmalıdır.

18. Bu mövqe həm də Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci tarixli qərarında ifadə olunan hüquqi mövqeyə uyğundur.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 595.1. Alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən nümayəndələrin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

22. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

24. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

25. Həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

26. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.1172 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hər biri 0.015 ha olmaqla İddiaçı satmışdır. İddiaçı daşınmaz əmlakı 30000 manat (hər birinə 7500 manat) qiymətə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli, **********55 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışla Cavabdeh3 (ümumi birgə) mülkiyyətində olan 0.1172 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında X1 0.06 ha hissəsi daxil edilməklə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsindən azdır və müayinə olunan torpaq sahəsi 0.0522 hektardır. Sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Göründüyü kimi tərəflər arasında bağalanan müqavilə üzrə satılan torpaq sahəsinin ölçüsü faktiki 0.0522 ha olmaqla, nəzərdə tutulduğundan 0.0078 ha əskikdir.Yəni, 0.0078 ha torpaq sahəsi üçün iddiaçı tərəfindən cavabdehlərə artıq pul ödənilmişdir.

27. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi qət edilmişdir.

28. Lakin, Cavabdeh2 birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və bunu tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, müqavilə üzrə öhdəliklərin tam icra edilməməsinin həmin müqavilənin ləğvi və ya dəyişdirilməsi üçün əsas olması ilə əsaslandırır, müqavilənin ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılmasına, yəni ödənilmiş pul məbləğinin qaytarılması, topraq sahəsinin geri təhvil verilməsinə razı olduğunu göstərir.

29. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər ona münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.

30. Məhkəmə kollegiyası hesab edir gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur. Tərəflər arasında torpaq sahəsinin alğı-satqısından irəli gələn münasibətlər olmuş, lakin cavabdeh qanunvericiliyin tələblərinə əməl etməyərək, alğı-satqı müqaviləsi üzrə razılaşdırılmış əmlakı tam həcmdə iddiaçıya təhvil verməmişdir. Məhz bu baxımdan cavabdeh müqavilədə müəyyənləşdirildiyindən az miqdarda verilmiş torpaq sahəsinə görə əldə etdiyi artıq pul məbləğini tərəfə qaytarmalıdır.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(012)-3826/2022 nömrəli qətnaməsi Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar