Məhkəmə qərarları › İş №2(103)-269/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-269/2023

06.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-269/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: «işə bərpa») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli K-1234 saylı əmrində Astara Rayon Təhsil Şöbəsindən Təhsil Nazirliyinə daxil olmuş məktubda rayonun Marzəsə kənd tam orta məktəbinin direktoru İddiaçı sosial şəbəkələrdə qeyri-əxlaqi videogörüntülərinin yayıldığı, bununla əlaqədar Astara Rayon Təhsil Şöbəsinin İlk həmkarlar ittifaqı komitəsi tərəfindən məktəb direktorları ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir. Göstərilən hərəkətlərə yol verməklə adları qeyd olunan məktəb direktoru "X6 Qaydalarının 2.1.3-cü (Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir), 2.1.7-ci (Müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur). 3.8ci (Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir) bəndlərinin tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndinə əsasən Astara rayonu Marzəsə kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqavilələri “X6 Qaydaları”nın tələblərini pozduğuna görə xx.xx.2021-cı il tarixdən ləğv edilmişdir.

2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində İddiaçı bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verildiyi göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1234 saylı əmrini onunla bağlı hissədə etibarsız hesab edilməklə, onun Astara rayon Marzəsə kənd ümumi orta məktəbin direktoru və müəllimi vəzifəsinə bərpa olunmağı və buraxılmış məcburi iş günlərinə görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiada göstərilir ki, əmək müqaviləsinin ləğv edilməsi üçün ‘‘X6 qaydalarının 2.1.3cü, 2.1.7-ci və 3.8-ci bəndlərinin tələblərinin pozulması ilə əlaqələndirilmişdir. Adıçəkilən əmrdən sonra ona Astara rayonu, Marzəsə kənd ümumi orta məktəbinin müəllimi kimi işləməyə də icazə verilməmişdir. Qeyd edilən əmr qanunsuz və əsassızdır və o, Astara rayonu, Marzəsə kənd ümumi orta məktəbinin direktoru və müəllimi kimi işinə bərpa olunmalıdır. xx.xx.2021-ci il tarixdə gecə saat 23 radələrində onun feysbuk profilinə Hüliya Cesur adlı feysbuk profilindən dostluq gəlmişdir. Həmin şəxsin feysbuk dostluğunda olan bir neçə ziyalı şəxsin feysbuk dostluğunda olduğunu bilib dostluğunu təsdiq etmişdir. Bu şəxs sonra yazmışdır ki, onunla görüntülü danışmaq istəyir. Bundan sonra görüntülü zəng etmiş, zəngi qəbul etdikdə görmüşdür ki, paltarsız qadın ehtiraslı hərəkətlər edir. Kompüter mütəxəssisləri sonradan dedilər ki, qarşı tərəfdə qadın yox, kompüter cizgiləri ilə hazırlanan müqəvva - animasiya olub. Bunu gördükdən sonra dərhal telefonunu söndürmüş və bir neçə dəqiqədən sonra yandırmışdır. Bu dəfə yazdı ki, “mən sənin üçün yanıram, ölürəm, mənim hərəkətlərimə qarşılıq ver”. Telefonu yenidən söndürüb və yandırmışdır. Bu hal bir neçə dəfə təkrarlanmış və dördüncü dəfə yazmışdır ki, “mənə qarşılıq ver, sən kişi deyilsən, sən geysən”. Bu sözlərindən sonra qismən qarşılıq vermişdir. Qismən qarşılıq verməkdə məqsədi videogörüntünü analiz etməyi olmuşdur. Qadının uzanmış vəziyyətdə qeyri etik hərəkətlər etməklə yanaşı, eyni zamanda yazı yazması mümkünsüz idi. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, ona yazılı mesajlar göndərən şəxs ona montaj edilən videogörtintüləri hazırlayan və göndərən şəxs imiş. Bundan sonra Hüliya Cesur adlı feysbuk profilindən ona qısa bir video gəlmişdir. Orda o və qadın zənn etdiyi müqəvva görünür. Montaj nəticəsində orda cürbəcür görüntülər yaradılmışdır. Bu videonun ardınca ona türk dilində danışan bir kişi səs yazısı göndərmişdir. Bu səs yazısında bildirilirdi ki, əgər bu videonun yayılmasını istəmirsə, 4500 ABŞ dolları pul göndərsin, yoxsa videonu bütün sosial şəbəkələrdə yayacaqlar. Həmin feysbuk profılilini qara siyahıya atmışdır ki, daha zəng edə və yaza bilməsin. Bundan sonra +359 89 *** ** ** nömrəsindən vatsap nömrəsinə zəng gəlmişdir. Zəng edən yenə də həmin şəxs idi və 4500 ABŞ dolları pul istədi. O, pul verməkdən imtina etmişdir. Bundan sonra telefonunu söndürmüş və həmin nömrəni qara siyahıya atmışdır. Bütün bunlardan sonra başa düşmüşdür ki, baş verənlər ona qarşı əvvəlcədən hazırlanmış şantajdır və məqsəd şantaj etməklə hədə-qorxu ilə pul almaqdır. Ona görə də, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə ərizə ilə müraciət etmişdir. Bu qurumdan ona verilən məlumata görə, hazırda fakt üzrə cinayət işi başlanmış, onun əməlində hüquq pozuntusu yoxdur və o, iş üzrə zərəçəkən kimi tanınmışdır. Həmçinin, qanunvericilik şəxsin razılılığı olmadan foto və ya video çəkiliş, yaxud onların kütləvi informasiya vasitəsində yayılmasını qadağan edir. Eyni şantaj əməli Astara rayon Sağlazüzə kənd tam orta məktəbinin direktoru X4 qarşı da edilmiş və eyni əmrlə o, da, direktor və müəllim vəzifəsindən azad edilmişdir. Eyni şantaj əməli Respublikanın bir çox ziyalılarına qarşı da törədilmişdir. Həmin hadisədən 10 gün sonra Astara Rayon Təhsil Şöbəsinin müdiri onu Təhsil Şöbəsinə çağırmış və adıçəkilən vidieogörüntünü göstərərk demiş ki, bu videogörüntü Təhsil Nazirliyinə çatıb və işdən azad olunmalıdır. Bundan sonra dərhal, xx.xx.2021-ci il tarixdə Astara Rayon Təhsil Şöbəsinin Həmkarlar təşkilatının iclası olmuş, iclasda tələb etmiş ki, videogörüntü montaj və şantaj xarakterli olduğu üçün araşdırılsın. Lakin iclasda tələbinə reaksiya verilməmiş və məsələ hərtərəfli araşdırılıb müzakirələr aparılmadan işdən azad edilməsinə dair müvafiq tədbirlər görülməsi barədə əvvəlcədən hazırlanan qərar oxunmuşdur. Elə həmin gün də işdən kənarlaşmış və məktəbi ondan təhvil almışlar. Əslində ona qarşı əvvəlcədən kibercinayətkarlıq yolu ilə hazırlanmış şantaja - cinayət əməlinə yol verilmiş və o, bu şantaj əməlində zərərçəkmiş şəxsdir. Belə bir vəziyyətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi onu nəinki müdafiə etmiş, əksinə ona qarşı edilən bu şantaj əməli əsasında cəzalandıraraq, bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Bu Əmrin verilməsi üçün gətirilən “X6 qaydaları”nın 2.1.3.-cü, 2.1.7.-ci və 3.8-ci bəndlərinin pozulması arqumenti də onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. İndiki halda əmək müqaviləsi üzrə əmək funksiyasını və öhdəliklərini layiqincə yerinə yetirmişdir. 25 illik pedaqoji fəaliyyətində rayon mərkəzindən 30 km uzaqlıqda, ucqar dağ kəndində müəllim işlədiyi və direktoru olduğu Astara rayonunun Marzəsə kənd ümumi orta məktəbi dəfələrlə X10 tərəfindən keçirilən imtahanlarda rayon birincisi olmuşdur. Hətta dərs keçdiyi şagirdlər X7 keçirdiyi imtahanlarda 100 faizlik nəticələr göstərmiş və təhsillərini ali məktəblərdə davam etdirmişlər. İşlədiyi 25 ildə heç bir intizam tənbehi almamış, uzun illər rayonda keçirilən dövlət tədbirlərinin aparıcısı olmuş, məktəbin müəllim və şagird kollektivinin böyük hörmətini qazanmışdır. Bütün valideynlər və məktəb kollektivi onun işdə qalmağına görə Təhsil nazirinə rəsmi müraciətlər göndərimişlər. Cavabdehə mediasıya prosesində iştirakla bağlı təklif göndərilsə də, bu təklifə münasibət bildirməmişdir. Bütün bunlarla onun əmək hüquqlarının pozulması ilə yanaşı həm də, Azərbaycan Respublikası Konstitusiyası və “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyası ilə təsbit olunan digər müvafiq hüquqları da pozulmuşdur.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1234 saylı əmrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə orta əmək haqqının ona hesablanıb ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 446 (300+146) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən tutularaq (X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE********************, büdcə təsnifatın kodu 142595, büdcə səviyyəsinin kodu 3”) Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K- 1234 saylı əmri İddiaçı sid hissədə ləğv olunmalı, iddiaçı əvvəlki işinə bərpa edilməli, məcburi iş buraxma günlərinə gorə ona orta əmək haqqı ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətində göstərir ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı sosial şəbəkədə "Hülya Cesur" adlı istifadəçi ilə tanış olmuş və onunla bir neçə gün mesajlaşdıqdan sonra videobağlantı yaratmışdır. Bağlantı zamanı qarşı tərəf iddiaçının soyunmasını təmin edərək onun videosunu çəkmiş və çəkilişi onun özünə göndərmişdir. İddiaçı izahatında bildirmişdir ki, sonradan qarşı tərəf ondan pul tələb etmiş və tərəflər razılığa gəlmədiyindən qarşı tərəf videonu paylaşmışdır. Astara Rayon Təhsil Şöbəsindən nazirliyə daxil olan sənədlərdən görünür ki, iddiaçının sosial şəbəkələrdə qeyri-əxlaqi videogörüntülərinin yayıldığı, bununla əlaqədar TŞ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə razılıq verdiyi məlum olmuşdur. Astara Rayon Təhsil Şöbəsi tərəfindən nazirliyə təqdim olunmuş sənədlər araşdırılmş və Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-1234 nömrəli əmri ilə İsgəndərov X1 Etik Davranış Qaydalarını kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç" bəndinə əsasən direktor kimi bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Məhkəmə iş üzrə ekspertiza təyin etmiş və 10 fevral 2022-ci il tarixli 4/76 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd flaş yaddaş kartında qeydə alınmış "video-**********" və video-**********" adlı videoyazılar animasiya kinosu və ya kompüter animasiya yolu ilə əldə olunmamışdır. Videoyazılar görüntülərdə qeydə alınan 1 və 2 saylı görüntülərin mikşerlənməsi yolu ilə əldə olunmuşdur. Videoyazıların qeydə alındığı yazı qurğusu təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Baxmayaraq ki, videoçəklişin 1-ci hissəsində (1-ci görüntüdə olan iddiaçı) edilən hərəkətlərin iddiaçıya məxsus olması ilk baxışdan müşahidə olunsa da, lakin iddiaçı məhkəmə iclasında həmin hərəkətlərin də montaj olduğunu bildirmişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yalnız əmrin əmək qanunvericiliyinə uyğun olmamasına, videogörüntünün montaj olduğuna əsaslanaraq qərar qəbul etmişdir. İşə baxan məhkəmə qətnamədə yalnız ƏM-nin 70-ci maddəsinin ç bəndinə istinad etməklə kifayətlənmiş, lakin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən ƏM-nin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəmə X6 qaydalarına əməl etməsinin direktorun əmək funksiyasına daxil olub-olmadığını aydınlaşdırmamış və nəticədə əsassız olaraq iddia tələbini təmin etmişdir. ƏM-nin 57.1-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin maddənin 2-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X2 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Vahid X2 əsasən X6 qaydalarına əməl olunması direktorun əmək funksiyalarından biri kimi təsbit olunmuşdur. Ekspert rəyinin məzmunundan görünür ki, arxa fonda kadr dəyişməsi əvvəlcədən hazırlanmış videoyazıda aparılmış, sonra isə əsas fondakı görüntülərin qeydə alındığı videoyazı ilə mikşerlənməsi yolu ilə yeni videoyazı əldə olunmuşdur. Videoyazılar ilkin olmadığından və videoyazıların qeydə alındığı yazı, qurğusu ekspertizaya təqdim olunmadığından digər montaj əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. İşə baxan məhkəmə ekspert rəyinə düzgün hüquqi qiymət verməmiş və rəyi iddiaçının xeyrinə şərh etmişdir. Belə ki, eksperl rəyindən məlum olur ki, sosial şəbəkələrdə yayılan iddiaçıya məxsus videogörüntünün arxa fonu sonradan montaj edilərək yayılmışdır. Lakin videogörüntünün ilk fonundakı (1-ci görüntüdəki) şəxs və onun qeyri-əxlaqi hərəkətlərin iddiaçıya məxsus olması görüntüdə təsdiq edilir. Lakin məhkəmə videogörüntünün hər iki fonunun montaj olması qənaətinə gələrək nəticədə iddia tələbini təmin etmişdir. Hesab edir ki, videogörüntünün ikinci hissəsi montaj olsa da, lakin görüntünün birinci hissəsi montaj deyildir. İşə baxan məhkəmə qeyd olunanlara əhəmiyyət verməyərək ümumiyyətlə çəkilişi montaj hesab edərək iddia tələbini təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71. 2-ci hissə.Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71. 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Maddə 292. İşçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığı üçün iddia haqlı sayılır.

20. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilərək keçirilmiş və məhkəmə audio və videoyazıların ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/76 nömrəli rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış “video- **********” və “video**********” adlı videoyazılar animasiya kinosu və ya kompüter animasiyası yolu ilə əldə olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış “video- **********” və “video-**********” adlı videoyazılarda tədqiqi hissədə qeyd olunan montaj əlamətləri müəyyən olundu. Videoyazılarda qeydə alınmış montaj əlamətləri yazılış vaxtı aparılmış dəyişikliklərin deyil, əvvəlcədən emal olunmuş arxa fondakı görüntülərin sonradan əsas fondakı görüntülərlə mikşerlənməsi (əlavə olunaraq yenidən yazılması) və əldə olunmuş videoyazının mikşerlənmədən sonra təkrar emal olunması (kəsilməsi, fraqmentlər ardıcıllığının pozulması) nəticəsində yaranmışdır. Videoyazılar ilkin olmadığından və videoyazıların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər montaj əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

21. Məhkəmə portret ekspertizasının 21 fevral 2022-ci il tarixli 3/79 nömrəli rəyində isə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 2(005)-414/2022 saylı mülki işin (1 cilddə) 29-cu vərəqinə tikilmiş 01 ədəd flaşkartda olan videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüş elementləri (alın, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, burnu, qaşları qulaq seyvanı, çənəsi və.s) tam və aydın əks olunduğundan müqayisəli tədqiqat üçün yararlıdır. Lakin 21 yanvar 2022-ci il tarixdə verilmiş İsgəndərov Akif Möhübbət oğlunun fasda eksperimental fotoşəkillərinin təqdim edilməsi barədə vəsatət təmin edilmədiyindən videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin müqayisəli tədqiqatı aparılmadı.

22. Apellyasiya baxışı zamanı məhkəmə tərkibi hesab etmişdir ki, birinci rəy kifayət qədər aydın, ikinci rəy isə tam olmadığından əlavə məhkəmə audio və videoyazıları və məhkəmə portret ekspertizaları təyin edilərək rəylər alınmalıdır.

23. Alınmış məhkəmə fonoskopik ekspertizasının 4/1305-3/1573 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərildi ki, ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış "video**********" və "video**********" adlı videoyazılardakı kadrlarda ön fonda görünən kişi cinsinə məxsus şəxs tərəfindən alt köynəyin soyunulması, şalvarın aşağı çəkilməsi səhnələrinin olduğu hissələrdə kadrdaxili montaj əlamətlərinin olub-olmadığını müəyyən etmək mümkün olmadı.

24. Məhkəmə portret ekspertizasının 3/1229-3/1573 saylı, xx.xx.2022-ci il tarixli rəyində isə qeyd olundu ki, tədqiqata təqdim edilmiş, fleşkartda əks olunmuş görüntüdən çıxarılmış fotoşəkildə və təqdim edilmiş İddiaçı 2 (iki) ədəd eksperimental fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli məktubu ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə fonoskopik ekspertizasının 4/1305-3/1573 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə faktiki olaraq rəy verməkdən imtina edilməsi ilə bağlı irad bildirilmiş və ekspertiza təyin edilməsi haqqında qərardad icra edilməsi üçün mülki iş yenidən həmin Mərkəzə göndərilmişdir.

26. Bu dəfə də məhkəmə fonoskopik ekspertizanın 4/1590-3/1573 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərildi ki, ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış "video- **********" və "video**********" adlı videoyazılardakı kadrlarda ön fonda görünən kişi cinsinə məxsus şəxs tərəfindən alt köynəyin soyunulması, şalvarın aşağı çəkilməsi kimi görüntülərin real vizual hadisələrin qeydə alınması nəticəsində və ya kadrdaxili montaj nəticəsində əldə olunubolunmamasını müəyyən etmək mümkün olmadı. Yəni, ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış "video-**********" və "videol631558342" adlı videoyazılarda olan hərəkətlər (alt köynəyin soyunulması, şalvarın aşağı çəkilməsi) həqiqətən orada göstərilən kişi cinsli şəxs, yəni onun özü tərəfindən və iradəsi ilə və ya orada göstərilən kişi cinsli şəxs tərəfindən deyil, yəni onun özü tərəfindən yox, iradəsinə zidd hansısa texniki vasitənin (qurğuların) köməyi ilə quraşdırılıb-quraşdırılmadığını müəyyən etmək mümkün olmadı. Qərardadda qoyulmuş "Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış "video-**********" və "video **********" adlı videoyazılarda olan kişi cinsinə aid görüntülər iddiaçı İsgəndərov Akif Möhübbət oğluna aid görüntülərdirmi?" sualı üzrə MEM-də tədqiqat aparılmış, 17 oktyabr 2022-ci il tarixli, 3/1229 №li ekspert rəyi verilmişdir.

27. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən də bütün cəhdlərə baxmayaraq təqdim edilmiş fləş kartdakı videoyazıların real vizual hadisələrin qeydə alınması nəticəsində və ya kadrdaxili montaj nəticəsində əldə olunub-olunmamasını müəyyən etmək mümkün olmadı.Yəni, bu məsələlər xüsusi bilik tələb edən hallara aid olduğundan həmin videoyazılarda olan hərəkətlər (alt köynəyin soyunulması, şalvarın aşağı çəkilməsi) həqiqətən iddiaçının özü tərəfindən və iradəsi ilə və ya onun tərəfindən deyil, yəni onun özü tərəfindən yox, iradəsinə zidd hansısa texniki vasitənin (qurğuların) köməyi ilə quraşdırılıb-quraşdırılmadığını ekspertiza rəyləri ilə də müəyyən etmək mümkün olmadı.

28. Deməli, ilk növbədə iddiaçının "X6 Qaydalarının yuxarıda qeyd olunan tələblərini pozduğu təsdiq olunmalıdır ki, bundan sonra həmin hərəkətlərin Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinin ləğvi üçün əsas yaradıb-yaratmaması yoxlanılsın və müəyyən edilsin. Əks yanaşma iddiaçının əmək hüquqlarının kobud pozuntusuna səbəb ola bilər ki, bu da yolverilməz sayılır. Çünki, cavabdeh tərəfindən təqdim edilən videoyazılardakı hərəkətlərin iddiaçı tərəfindən iradəsinə uyğun edilməsi sübuta yetirilmədiyindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması da açıq-aşkar təsdiq olunmur.

29. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etsə də, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə əsas olan halın(etik qaydaların pozulması) həqiqi olması ekspert rəylərinə əsasən özü ziddiyyətlidir və həqiqətən baş verdiyi birmənalı təsdiq olunmur. Bu cür vəziyyətdə təsdiq olunmamış həmin hala görə iddiaçı ilə əmək müqaviləsini sözügedən əsasla ləğv edilməsi də əlbətdə ki, haqlı olmamışdır. Ən azından ona görə ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair heç bir fakt təqdim edilməmiş, əksinə iş materialında Astara rayonu Marzəsə kənd ictimaiyyətinin 50-dən çox sakini iddiaçının müəllim və direktor kimi fəaliyyətini yüksək qiymətləndirərək real əsası olmayan səbəb və bəhanələr ucbatından əmək müqaviləsinə xitam verilməsini nəzərə alıb onun işə bərpa olunmasını xahiş ediblər.

30. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdeh tərəfindən təqdim edilən videoyazılardakı hərəkətlərin həqiqətən iddiaçı tərəfindən edilməsi təsdiq olunmadığından, bu cür hərəkətlərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olub-olmamasının ətraflı araşdırılmasına və hüquqi qiymət verilməsinə zərurət və əsas yoxdur. Çünki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan intizam xətasını törətdiyinə əsas hesab edilə bilən faktın həqiqiliyi özü təkzib olunur.

31. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 346 (üç yüz qırx altı) manat cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar