Məhkəmə qərarları › İş №2(103)-2692/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2692/2023

12.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2692/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 23 saylı Notriat ofisinə qarşı “qərarın ləğvi və müddətin bərpası” tələbinə dair mülki iş üzrə Açar sözlər:(Mirasın qəbulu müddətinin gecikdirilməsinin üzürlü hesab edilərək bərpa edilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X23 və X5 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)-4977/2022 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri 23 saylı Notariat Kontorunun “notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət vərəsələr tərəfindən buraxıldığından, vərəsələrin Bakı şəhəri 23 saylı Notariat ofisinə mirası faktiki qəbul və sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. 2.İddiaçılar həmin qərarı qanunsuz hesab edərək qərarın ləğv edilməsini və vərəsəlik şəhadətnaməsinin verilməsini, daha sonra miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdırılməsinin səbəbinin üzrlü hesab edilərək uzadılmasını xahiş etmişlər. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 23 saylı Notriat ofisinə qarşı “qərarın ləğvi və müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair Bakı şəhəri, 23 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və X8 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri, 23 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları X19 15 fevral 2020-ci il tarixdə özünə məxsus ünvan 2 ünvanında vəfat etmişdir. Ataları vəfat etməzdən öncə onlar onun qulluğunda olmuşlar və vəfat edərkən onun yanında olmuşlar. Onlar İddiaçı2 və İddiaçı1 X10 övladları Bakı şəhəri, 23 saylı Notariat Ofisinə atalarından miras qalmış ünvan 3 ünvanında yerləşən miras əmlakı qəbul etmək və vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etmişlər. Bakı şəhəri, 23 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarı ilə onların müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Bu qərar tamamilə qanunsuz və əsasızdır, vərəsə kimi onların hüquqlarını pozur. Belə ki, tərəflərindən miras əmlak və vərəsəliklə bağlı bütün zəruri sənədlər Bakı şəhəri, 23 saylı Notariat Ofisinə təqdim edilmiş və məlum olmuşdur ki, X10 onlardan başqa birinci növbəli vərəsəsi yoxdur. 5.Daha sonra iddiaçılar “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək ataları X8 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdırılməsinin səbəbinin üzrlü hesab edilərək uzadılması, onlara, İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair Bakı şəhəri, 23 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı1 məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, atasının yanında çox qalmadığını, işlədiyi üçün həftə sonları atasının yanında qaldığını, bibisi ilə aralarının olmadığını, onu görəndə evdən qovduğunu bildimiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bibisi o evdə öz oğlu ilə yaşayır. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, atası 15 fevral 2020-ci il tarixdə rəhmətə getmişdir. Atası rəhmətə gedəndə onun yanında olmuşdur. Onun mirasın qəbul edilməsi üçün 6 ay müddətin olmasından xəbəri olmamışdır. Sonra bibisinin evi satmaq istədiyini eşitmişlər. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, atası ilə anası boşanmışdır. Onlar anası ilə qalmışlar, daha sonra anası öz pulu ilə 1 otaqlı ev tikdirmişdir. Ataları xəstə olanda onlarla qalmışdır. Onun qayğısına qalaraq müalicəsini etmişlər. Xəstəxanada qalanda xərcini o çəkmişdir. Yasda anası iştirak etməmişdir. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 08 dekabr 2022-ci il tarixli, 2(004)-4977/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Fərid Əyyubov) iddia təmin edilərək, X8 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü hesab edilərək uzadılması, iddiaçılar İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair Bakı şəhəri, 23 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi qət edilmişdir. 9.İş materiallarında olan Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqında qərardan görünür ki, İddiaçı2 və İddiaçı1 qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, Bakı şəhəri 23 saylı Notariat ofisinə mirası faktiki qəbul və sahiblik etməsi barədə sübutlar təqdim etməmişlər. Göstərilənlərə əsasən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. 10.İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamından görünür ki,Yasamal Rayon Məhkəməsinin 07 iyul 2003-cü il tarixli 2- 1184/2003 qətnaməsinə əsasən Mirəli Seyidov küçəsi 53 saylı evin, 3 otaqlı mənzilinin yaşayış sahəsi 18 kv.m olan bir otağın kirayə müqaviləsinin X18 ilə (ailə tərkibi 3 nəfər, özü, qızı, oğlu), yaşayış sahəsi 29 kv.m olan iki otağın kirayə müqaviləsinin X20 ilə bağlanılması (ailə tərkibi 6 nəfər) müəyyənləşdirilmişdir. 11.İş materiallarında olan AZ-İİ № 276530 seriya nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X19 xx.xx.2020-ci il tarixdə qaraciyər fibrozundan vəfat etmişdir. 12.İş materiallarında olan AZ-İİİ №038083 doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1994-cü il təvəllüdlü X11 atası X19, anası isə X12r. 13.İş materiallarında olan XX-ЖГ № 464867 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 atası X19, anası isə X12r. 14.Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri 23 saylı Notariat Kontorunun “notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət vərəsələr tərəfindən buraxıldığından, vərəsələrin Bakı şəhəri 23 saylı Notariat ofisinə mirası faktiki qəbul və sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edildiyini göstərmişdir. 15.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıların izahatından da göründüyü kimi miras əmlakı olan evdə hal-hazırda iddiaçıların bibisi yaşamaqdadır və iddiaçıların miras əmlaka faktiki qəbul və sahiblik etməsinə maneələr törətməkdədir. Məhkəmə qohumluq münasibətlərinin yaxşı olmamasını mirasın qəbulu üçün müddətin 1-ci dərəcəli vərəsələr tərəfindən buraxılmasının və miras əmlakı faktiki qəbul və sahiblik etməməsinin üzürlü səbəbi hesab edərək qeyd etmişdir ki, iddiaçılardan başqa qanun üzrə vərəsə olması iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçılar İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair Bakı şəhəri, 23 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli, X8 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılmalıdır. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1246, 1243, 1248.1, 1321.1, 1321.2: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 17.Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qətnaməsində göstərilən Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsiev 53, mənzil 73-də yerləşən mənzil əvvəllər 3 otaqlı olub və 1964-cü ildə onların valideyinlərinə verilib. Bacıları, qardaşları və o həmin evdə anadan olmuşlar. Ev özəlləşdirilməyib, dövlət mənzilidir. Onlar həmin mənzildə yaşayır və pasport qeydiyyatındadırlar. Qardaşı Azadın keçmiş arvadı-iddiaçıların anası X18 xx.xx.2001-ci ildə boşandıqdan sonra 2003-cü ildə məhkəməyə müraciət edərək “Mənzilə yaşayış hüququnun tanınması və mənzilə köçürülməsi”ni xahiş etmişdir. Məhkəmə X9 iddiasını təmin etmişdir. Həmin qətnamədən istifadə edən mərhum qardaşının keçmiş arvadı Şərqiyə Kərimova mənzilin bir otağını özünün və iki nəfər azyaşlı uşağı X11 və X21 adına özəlləşdirmişdir. X18 30 mart 2005-ci ildə M.Seyidov küçəsi 53 saylı binanın, 73 saylı mənzilinin 18,02 kv.m-dən ibarət olan bir otağını öz adına qeydə aldırmış, sonra 08 sentyabr 2005-ci ildə X1. Dövlət mülkiyyətində olan mənzillərdə yaşayanların hər hansı birinin ölümü ilə əlaqədar olaraq vərəsəlik açılmır. Atası, anası öldükdə də belə olmuşdur. Onun yaşadığı, məhkəmə qətnaməsində göstərilən Bakı şəhəri, M. Seyidov küçəsi ev 53, mənzil 73-də 8 nəfər pasport qeydiyyatındadır və həmin ünvanda yaşayırlar. Mənzilin onlarda qalan 2 otağı özəlləşdirilmədiyi üçün onlar paylarını almamışlar. Onların hər birinin həmin mənzildə payları vardır. Yuxarıda göstərdiyi kimi Yasamal rayonu, M. Seyidov küçəsiev 53, mənzil 73 dövlət mülkiyyətindədir və özəlləşdirilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında verdikləri izahatlarında göstərmişlər ki, ataları ilə deyil anaları ilə birlikdə yaşamışlar. Ataları ölərkən onun yanında olmuşlar. Qardaşı Azad ilə birlikdə mübahisəli evdə yaşayan bibiləri onları gördükdə evdən qovmuşdur. Onların mirası qəbul etmək üçün 6 ay müddətin olmasından xəbərləri olmamışdır. İddiaçıların nümayəndəsi və vəkili olan Vəkil da onların dediklərini təsdiq edərək göstərmişdir ki, iddiaçılar həmin ünvanda yaşamırlar. Həmin ünvanda mərhumun bacısı yaşayır, o da birinci dərəcəli vərəsə sayılmır. İddiaçılar mərhum ölən zaman onun yanında olmuş, onun müalicəsi ilə məşğul olmuşlar. Analarının başqa evi olduğundan onunla yaşamışlar. Onların iddiası qanun üzrə vərəsəlik hüququnun tanınmasıdır. Onlar buraxılmış müddətin üzürlü hesab edilməsini xahiş edirlər. İddiaçıların 6 aylıq müddətlə bağlı məlumatsızlığı hüquqi savadsızlıqdan irəli gəlir. Bakı şəhəri M.Seyidov küçəsi 53 saylı binanın 73 saylı mənzili Maraqlı şəxs qardaşı X10 deyil, dövlətin mülkiyyətində olduğu üçün qardaşının ölümündən sonra həmin mənzilə vərəsəlik açılmamışdır. Bu göstərilənlərdən aydın olur ki, Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)-4977/2022 saylı qətnaməsi qanunsuz və əsassızdır. Ona görə də ləğv olunmalı və iddia təmin olunmamalıdır. 19.Məhkəmə kollegiyasının iclasında qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 22.Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.İzahatında əlavə olaraq qeyd etdi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən iddiaçılar birinci növbə vərəsələr olduğundan, miras əmlakdan onlara pay düşür. İddiaçılar mülkiyyətçi olduqdan sonra, bibilərinə istifadə hüquqlarına görə ədalətli kompensasiya verəcəklər. 23.Cavabdeh Bakı şəhəri 23 saylı Notriat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Tətbiq edilən hüquq xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi:

24. 51-ci maddənin 1-ci hissəsi. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

25. 52-ci maddənin 1-ci hissəsi. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.

26. 53-cü maddəsinin 1, 2, 3-cü hissələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar; İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

27. 85-ci maddənin 1, 2, 3-cü hissələri. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır; İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu maddənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatların evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir; Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 28.Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 29.Maddə 4.Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 30.Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 31.Maddə 1146.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 32.Maddə 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. Maddələr 1159.1, 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 34.Maddə1246.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 35.Maddə 1248.1.Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 38.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 39.Maddələr 385.1.1-ci maddəsi. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 40.Maddə 387.2.4. Məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri

41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43.Kollegiya ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə prosesinə cəlb edilməmiş, nəticədə onun hüquqlarına toxunması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və şikayətin dəlillərindən asılı olmayaraq, qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. (bənd 40) 44.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin, üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməməlidir. 45.Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və X22 X4nun övladlarıdırlar. X20 ilə X15 arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, iddiaçılar anaları X7 yanında saxlanılmışlar. Bakı şəhəri, Mirəli Seyidov küçəsi 53 saylı evin, 3 otaqlı, 73 saylı mənzili dövlət mənzil fonduna aid olmaqla özəlləşdirilməmişdir. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2003-cü il tarixli, 2-1184/2003 qətnaməsinə əsasən Bakı şəhəri, Mirəli Seyidov küçəsi 53 saylı evin, 3 otaqlı, 73 saylı mənzilinin yaşayış sahəsi 18 kv.m olan bir otağın kirayə müqaviləsinin X18 ilə (ailə tərkibi 3 nəfər, özü, qızı, oğlu), yaşayış sahəsi 29 kv.m olan iki otağın kirayə müqaviləsinin X20 ilə bağlanılması (ailə tərkibi 6 nəfər) müəyyənləşdirilmişdir. X18 ailə tərkibi- özü və hazırkı iddiaçılar olmaqla 18 kv.m olan otağı özəlləşdirərək kənar şəxsə satmış, mənzildən getmişlər. Mənzilin 29 kv.m olan iki otağında X20 özü və 6 nəfər ailə üzvü-hazırkı iş üzrə 3-cü şəxs də daxil olmaqla yaşamağa davam etmişlər. Halhazırda da, mənzilin 29 kv.m olan iki otağında 3-cü şəxs yaşayır. X20 xx.xx.2020-ci ildə vəfat etmişdir. 46.İddiaçılar yaşayış sahəsi 18 kv.m olan bir otağın anaları X15 tərəfindən satılandan sonra, yaşayış sahəsi 29 kv.m olan iki otaqda ataları ilə birlikdə ailə üzvü kimi yaşamaları, onunla birgə təsərrüfat idarə etmələri ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişlər. 47.Bununla bağlı kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 48.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.

49. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 50.Əksinə 3-cü şəxs tərəfindən təqdim olunmuş qüvvədə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6065/2017 nömrəli, 29 sentyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X20 cavabdehlər İddiaçı1 və X16 qarşı “mənzildən çıxarma və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə cavabdehlər İddiaçı1 və X11 ünvan 2-ə yaşamadıqlarından, mənzilə istifadə hüquqları olmadığından, iddianı təmin etməmiş, qətnamənin cavabdehlər İddiaçı1 və X11 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olmasını qət etmişdir. 51.Göründüyü kimi, Mənzil Qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından, iddiaçılar X4 ilə birgə yaşayan ailə üzvləri hesab olunmurlar. (bənd 26) 52.Kollegiya müvafiq qanunvericiliyin dövlət mənzil fonduna aid olan mənzilin icarə müqaviləsi əsasında istifadə edilməsinin qaydalarını və əsaslarını, həmçinin vərəsəlik hüququ qaydasında həmin mənzillərə icarə hüququnun həyata keçirilməsini tənzimləyən hüquq normalarının mahiyyətinin açıqlanmasını zəruri hesab edir. 53.Yuxarıda göstərilən qanunvericilik aktlarında dövlət mənzil fonduna aid olan mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Qeyd olunan qanunvericilik aktları dövlət mənzil fonduna aid olan mənzillərin mülkiyyətə verilməsi üçün müraciətin olmasını, həmin anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığının olmasını müəyyən etmişdir.(bənd 29,30) 54.Göründüyü kimi, mərhum X2 mənzilin özəlləşdirilməsi üçün müraciət etməmişdir. 55.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). 56.Yuxarıda göstərilən qanunvericilik aktlarında icarədar öldükdə, onun ailə üzvlərinin hər birinin icarə hüquq münasibətlərini davam etdirmək hüququnun olmasının mümkünlüyü müəyyən edilmişdir. (bənd 27) Bu qaydalar isə icarədarın ölümündən sonra, mənzilin miras kütləsinə daxil edilməsini və “qanuni gözlənti” hüququnu istisna edir. 57.Göründüyü kimi, qanunvericilikdə icarədar öldükdə mənzil üzərində icarə hüquqları onun vərəsəsinə (hüquqi varisinə) deyil, onun ailə üzvlərinə (onunla birgə yaşayan) keçməsini nəzərdə tutur. 58.Buna görə də, kollegiya qeyd edir ki, icarədarın vəfat etməsi halında, onun ailə üzvləri (onunla birgə yaşayan) tərəfindən icarə münasibətlərinin davam etdirilməsi mübahisələndirilə bilər. 59.İş materiallarından göründüyü kimi, iddiaçılar mənzil üzərində (yaşayış sahəsi 29 kv.m olan iki otaq) hüquqları yaranmasa da belə, icarə hüquqlarının keçməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanına müraciət etməmişlər. 60.Kollegiya iddiaçı tərəfin məhkəmə kollegiyasının iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə istinad etməsinini əsaslı hesab etmir. 61.Belə ki, həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 62.Kollegiya bununla bağlı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. 63.Mərhum X2 mənzilin özəlləşdirilməsi, adına qeydiyyat vəsiqəsinin verilməsi üçün müraciət etməmişdir. Dövlət mənzil fonduna aid olan mənzillə bağlı icarə hüquq münasibətləri xüsusi norma olaraq Mənzil Məcəlləsi ilə nizamlanır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu isə daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. 64.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011 - ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 65.Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 66.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçılar subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Yəni mübahisəli mənzil miras kütləsinə daxil olmadığından, iddiaçıların cavabdehə qarşı iddia irəli sürməsi üçün subyektiv hüququ yaranmamışdır. 67.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)-4977/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar