Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2693/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Natiq Cəfərovun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əmək müqavilənin ləğv edilməsi barədə əmr ləğv edilərək iddiaçı əvvəlki vəzifəsinə - sürücü vəzifəsinə bərpa olunsun, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, habelə əmək müqaviləsi ləğv edilənədək ödənilməmiş əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin əmr iddiaçıya münasibətdə ləğv edilsin, iddiaçı cavabdeh təşkilatda sürücü vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, habelə ödənilməyən əmək haqqı ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı cavabdeh təşkilatda sürücü vəzifəsində işləyib. Cavabdehin direktoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 16/20 nömrəli əmrlə əmr edilib ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinin “d” bəndi ilə ləğv olunsun. Həmin bəndə əmək müqaviləsinin xitam verilməsinin əsası belə göstərilib: tərəflərin iradəsindən asılı olmayan hallar. Əmək müqaviləsi bu əsasla ləğv edilə bilməzdi. Belə ki tərəflərin iradəsindən asılı olmayan hallar Əmək Məcəlləsinin digər maddəsində - 74-cü maddədə sadalanıb. Sadalanan halların heç biri əmək müqaviləsi ləğv edilərkən mövcud olmayıb. Ona görə də birinci instansiya məhkəmə düzgün olaraq əmrin iddiaçıya münasibətdə ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini qət edib. Bu nəticə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə uyğundur. Bundan başqa, cavabdehin arayışından (iş v. 81) görünür ki, əmək müqaviləsi ləğv edilənədək cavabdehin iddiaçıya ödənilməmiş əmək haqqı borcu qalıb. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 156-cı maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi ödənilməmiş əmək haqqının ödənilməsini qət etməklə düzgün nəticəyə gəlib. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2693/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2693/2021
26.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver