Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2694/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin e-2(011)-648/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Cavabdeh4, Cavabdeh2, X5, Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüquqlarının tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . Xətai Rayon Məhkəməsinin e-2(011)-648/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan narazı qalan cavabdehlərin verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsi ilk növbədə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi cavabdehlərin adından Vəkil2 tərəfindən imzalansa da, onların adından şikayəti imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə, eləcə də, onların hər biri üçün ayrı-ayrılıqda vəkil orderi şikayətə əlavə edilməmişdir. Rayon məhkəməsi eyni zamanda qeyd etmişdir ki, dövlət rüsumu hər bir qarşılıqlı iddiaçı tərəfindən müstəqil tərəf kimi ayrılıqda ödənilməli idi, lakin cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. Bundan başqa, X5 ilkin iddia üzrə cavabdeh qismində göstərilmədiyindən onun qarşılıqlı iddia üzrə iddiaçı kimi iddia qaldırmaq hüququ istisna olunur, çünki mülki prosessual qanunvericiliyə əsasən, ilkin iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia vermək hüququ cavabdeh üçün nəzərdə tutulmuş prosessual müdafiə vasitəsi kimi müəyyən olunmuşdur. Şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq Kollegiya qeyd edir ki, rayon məhkəməsinin istinad etdiyi hallara dair qənaəti əsaslı olmamışdır. Birincisi, dövlət rüsumuna dair hissədə: Belə ki, MPM-in 51.1-ci maddəsində təsbit olunmuşdur ki, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən qaldırıla bilər. Həmçinin də qanunda nəzərdə tutulmuşdur ki, birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilər(maddə 51.2.). Bununla da müəyyən olunur ki, prosessual qanunvericiliyə əsasən birdən artıq- iki və daha artıq şəxs müştərək qaydada bir(vahid) iddia vermək hüququna malikdir. Bundan başqa, məhkəmələrdə işlərə baxılması ilə əlaqədar ərizə, o cümlədən iddia ərizəsi, şikayət və digər prosessual hərəkətlərin edilməsi üçün hansı hallarda, kimin tərəfindən və hansı məbləğdə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələlər “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir. Həmin qanunun 2.0.1-ci maddəsində dövlət rüsumunun tutulması halları kimi məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi müəyyən edilmişdir. İstinad olunan qanunun 8.1.6-cı maddəsində nəzərdə tutulmuş iddialar üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən olunmuşdur. Hazırkı işdə qarşılıqlı iddianın həmin maddədə nəzərdə tutulmuş iddiaya aid olması, eləcə də iddianın verilməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi mübahisəsizdir. Qanunun istinad olunan normalarında dövlət rüsumunun məbləğinin iddiaçıların və ya cavabdehlərin say təkibi ilə bağlı olmasına dair hər hansı göstəriş yoxdur, eyni zamanda, həmin normaların sistematik təhlilindən də belə bir qənaət hasil olmur. “Dövlət rüsumu haqqında” qanunun 1-ci maddəsində dövlət rüsumunun anlayışı verilmişdir. 1.1. Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin maddənin ikinci cümləsində təsbit olunmuşdur ki, heç bir hüquqi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla) və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz. Qanunun 1.2- ci maddəsinin tələbində isə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər. Dövlət rüsumuna münasibətdə rayon məhkəməsinin hazırkı mövqeyindən, yəni müştərək iddiaçıların hər birinin ayrılıqda həmin növ iddianın verilməsi üçün qanunla müəyyən olunmuş dövlət rüsumunu ödəməli olmasına dair yanaşmasından çıxış etdikdə belə nəticəyə gəlmək olar ki, iddia ərizəsi verilərkən qanunda nəzərdə tutulmuş dövlət rüsumu, həm də hər bir cavabdehə görə (cavabdehlərin sayına müvafiq olaraq) ödənilməlidir. Bunun isə belə olmadığı şəksizdir. Demək ki, rayon məhkəməsinin iddiaçıların sayına görə dövlət rüsumunun ödənilməsinə dair qənaəti (tələbi) aşkar əsassız olmuşdur. İkincisi, vəkilin iddia ərizəsini imzalamaq səlahiyyətinin olmamasına dair hissədə: Mülki işin 100-101-ci səhifəsində olan qarşılıqlı iddia ərizəsindən məlum olur ki, iddiaçılar dörd fiziki şəxs olmaqla ərizəni onların adından Vəkil2 imzalamışdır. Vəkil şikayətində göstərmişdir ki, iddia ərizəsi imzalanarkən onun bütün iddiaçıları təmsil etmək barədə etibarnaməsi olmuş, lakin texniki səbəbdən onların hamısını elektron sistemə yükləməmişdir. Şikayətə əlavə edilmiş etibarnamələrdən məlum olur ki, həqiqətən də, bütün iddiaçıların vəkilə verilmiş etibarnaməsi məhkəmənin mübahisələndirilən qərardadından əvvəlki tarixə mövcud olmuşdur. Belə olan halda müəyyən olunur ki, rayon məhkəməsinin bu halı yoxlamaq imkanı olmuş və həm də xidməti vəzifəsinə görə bunu etməli olan məhkəmə, bunu etməmişdir. Halbuki, MPM-in 151.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zəruri hallarda (hazırkı işdə olduğu kimi) iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Rayon məhkəməsi MPM-in 269-cu maddəsinə əsasən qərardadından verilmiş şikayətə baxarkən də bu səhvin aradan qaldırılması imkanından da istifadə etməmişdir. Üçüncüsü, vəkilin bütün iddiaçılar üçün bir order təqdim etməsinə dair hissədə: Rayon məhkəməsi qarşılıqlı iddianı geri qaytararkən qərardadında həm də göstərmişdir ki, vəkil tərəfindən təqdim edilən order fərdi qaydada iddiaçıların hər biri üçün deyil, qarşılıqlı iddiaçıların hamısını nəzərdə tutmuşdur, yəni bütün iddiaçılar üçün bir vəkil orderi təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin vəkil tərəfindən iddiaçıların hər biri üçün ayrılıqda deyil, onların hamısının bir orderdə göstərilməsinin iddia ərizəsinin geri qaytarılması əsası kimi istinadı əsassız olmuşdur. Belə ki, MPM-də məhkəmədə nümayəndəliklə bağlı münasibətləri tənzimləyən xüsusi fəsil mövcudur (Vİ Fəsil). Həmin fəsildə işlərin məhkəmələrdə nümayəndə vasitəsi ilə aparılmasının mümkünlüyü təsbit olunmuşdur(maddə 69.1.). MPM-in 69.1-1-ci maddəsinin tələbinə görə məhkəmələrdə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. İstinad olunan norma Məcəlləyə 31 oktyabr 2017-ci il tarixli qanunla əlavə edilmişdir. Qeyd olunan normanın Məcəlləyə əlavə edilməsində güdülən əsas və başlıca məqsəd xüsusi sahə olan məhkəmə işlərinin məhz peşəkarlar (vəkillər) tərəfindən aparılmasının təmin olunması ilə bağlı olmuşdur. Qarşılıqlı iddiaçıların onların nümayəndəsi kimi işin aparılmasını tapşırdıqları şəxs - Vəkil2 vəkil olması mübahisəsizdir. Belə olan halda məlum olur ki, Vəkil2 iddiaçıların nümayəndəsi kimi məhkəmədə işin aparılmasına, o cümlədən də iddia ərizəsini imzalamağa MPM-in tələbləri baxımından tam səlahiyyətli olmuşdur. Bundan başqa, MPM-in 152-ci maddəsində iddia ərizəsinin qaytarılması əsasları müəyyən olunmuşdur. Həmin əsaslar sırasında hazırkı iş üzrə rayon məhkəməsinin istinad etdiyi əsas, yəni bir orderdə bir neçə şəxsin adının göstərilməsi nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, istinad olunan normada göstərilən əsaslar konkret olmaqla, onların genişləndirilməsi yolverilməzdir. Əks halda, bu, məhkəməyə çatımlıqla bağlı Azərbaycan Respublikasının Konstitusiyasında, eləcə də Avropa Konvensiyasında təsbit olunmuş prinsiplərlə daban-dabana zidd olardı. Bununla bərabər, hər bir şəxsə münasibətdə (eləcə də hər bir məhkəmə mərhələsi üçün) ayrı(fərdi) orderin tərtib olunması məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında ” Qanuna və həmin qanuna müvafiq olaraq Vəkillər Kollegiyasının səlahiyyətli orqanları tərəfindən qəbul olunan qaydalara əsasən tənzimlənən məsələ olmaqla, yalnız vəkillər üçün məcburi olub, həmin qaydaların pozulması vəkillərin intizam icraatının əsası ola bilər. Demək ki, vəkilin məhkəmədə fiziki şəxsi təmsil etməsi üçün təqdim olunan orderdə birdən çox şəxsin göstərilməsi (qeyd olunması) prosessual qanunvericiliklə tənzimlənmədiyindən, bu hal prosessual qanunvericiliyin tələblərinin pozuntusu sayıla bilməz. Dördüncüsü, qarşılıqlı iddiaçılardan birinin ilkin iddia üzrə cavabdeh olmamasına dair hissədə: Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı işin halları baxımından, rayon məhkəməsinin bu hala münasibətdə də mövqeyi əsaslı sayıla bilməz. Əvvəla ona görə ki, vəkilin də şikayətdə qeyd etdiyi kimi, rayon məhkəməsi bu halla bağlı yalnız ilkin iddiada cavabdeh olmayan şəxsə(X5) münasibətdə qarşılıqlı iddianı qeri qaytara bilərdi, vəkilin şikayətinin həmin dəlili əsaslıdır. Bundan başqa, MPM-in 156-cı maddəsində qarşılıqlı iddianın qəbul edilməsi şərtləri konkret olaraq müəyyən olunuşdur. Qanunun tələbinə əsasən, hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. İstinad olunan maddənin təhlilindən bəlli olur ki, qarşılıqlı iddianın qəbulunun üç müstəqil əsası nəzərdə tutulmuşdur. Həmin normada əks olunan birinci iki əsasdan fərqli olaraq MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsas tam başqa halı tənzimləyir. Belə ki, birinci iki halda qarşılıqlı iddianın qəbulu, onun, ilkin tələbin ödənilməsinə və ya onun təmin edilməsini tam və yaxud da qismən aradan qaldırılması ilə şərtləndirilmişdir. MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş şərt isə digər iki haldan tam fərqli olub, ( ilkin tələbin ödənilməsi, eləcə də onun tam və ya qismən təmininin aradan qaldırılması ilə əlaqəli olmayıb) daha geniş mənada qarşılıqlı və ilkin tələblər arasında qarşılıqlı əlaqənin olmasını və mübahisələrə daha tez və düzgün baxılmasını nəzərdə tutur. Qeyd edilməlidir ki, eyni tərəflər arasında çoxsaylı əlaqəli mübahisələrin olması, eləcə də məhkəmələrdə işlərin sayının çoxluğu (artması) baxımından, qarşılıqlı iddianın qəbulunun qeyd olunan əsasının əhəmiyyəti olduqca böyükdür. Nəzərdən qaçırmaq olmaz ki, qarşılıqlı iddianın qəbulunun həmin əsası heç də təsadüfi olmayıb, məhkəmələrdə işlərə baxılması zamanı ədalət mühakiməsinin ağlabatan müddətlərdə həyata keçirilməsi, məhkəmə baxışının səmərəliliyi, eləcə də prosessual qənaət kimi çox ümdə prinsiplərə xidmət edir. Hazırkı mülki iş üzrə müəyyən olunur ki, ilkin tələb cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, qarşılıqlı tələb isə cavabdehlərin həmin mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi ilə bağlıdır. Belə olan halda müəyyən olunur ki, hazırkı mülki iş üzrə qarşılıqlı tələb ilkin tələbin təmin edilməsini tam aradan qaldırır və bu baxımdan da qarşılıqlı iddia tələbi 156.1.2-ci maddənin göstərişinə əsasən qəbul ediləndir. Bu baxımdan, rayon məhkəməsinin də bu halı qəbul etdiyi görünür. Lakin yuxarıda da qeyd olunduğu kimi, rayon məhkəməsinin qarşılıqlı iddianın qəbulundan imtinasının bir əsası da qarşılıqlı iddiaçılardan birinin(X2) ilkin tələb üzrə cavabdeh olmamasıdır. (Qeyd: mülki işin 100-101-ci səhifəsində olan qarşılıqlı iddiadan görünür ki, ərizənin iddiaçıların sıralanmasına dair hissəsində M.Talıbov qarşılıqlı iddiaçı kimi göstərilsə də, (çox güman ki, texniki səbəblərdən) iddianın tələb hissəsində, digər iddiaçılardan fərqli olaraq, onun mənzilə hüququnun tanınması və köçürülməsi istənilməmişdir). Mülki işin materiallarında iddiaçının təqdim etdiyi sənədlərə əsasən müəyyən olunur ki, M.Talıbov iddiaçıya məxsus Bakı ş. Xətai rayonu, N.Tusi küçəsi ev 19, mənzil 78-də qeydiyyatda olan şəxslər sırasında göstərilməmişdir. Bununla belə, elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, M.Talıbov da ilkin iddia üzrə cavabdeh olan digər ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatdadır. Belə anlaşılır ki, iddiaçı yalnız məlumatsızlığı ucbatından M.Talıbovu cavabdehlər sırasında göstərməmişdir və şübhə yoxdur ki, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçı bu yanlışlığı aradan qaldıraraq onu da cavabdeh kimi cəlb edəcəkdir. Çünki iddia ərizəsinin məzmunundan məlum olur ki, iddiaçının məqsədi mənzilini bütünlüklə “yüklülük”dən (qeydiyyatda olanların hamısından) təmizləməkdir. Mülki işin materialları ilə həmçinin o da müəyyən olunur ki, qarşılıqlı iddiaçılar ər, arvad və onların üç övladı olmaqla, onlar bir ailənin üzvləridirlər. Belə olan halda, məlum məsələdir ki, bir ailənin üzvü olan qarşılıqlı iddiaçılar öz hüquqlarının müdafiəsi məqsədi üçün, artıq iddiaçının təşəbbüsü ilə başlanmış mülki icraata qoşulmaq qərarına gəlmiş və bu zaman ilkin iddiaçı tərəfindən ailə üzlərindən kimlərin cavabdeh qismində göstərməsindən asılı olmayaraq, müştərək iddiaçılar kimi müzakirə olunan qarşılıqlı iddianı vermişlər. Məhkəmə kollegiyası, hazırkı mülki işin qeyd olunan (həm də mübahisələndirilməyən) halları, eləcə də məhkəmələrdə işlərə baxılması zamanı ədalət mühakiməsinin ağlabatan müddətlərdə həyata keçirilməsi, məhkəmə baxışının səmərəliliyi, habelə prosessual qənaət prinsipləri baxımından, hesab edir ki, hətta ilkin iddia (səbəbindən asılı olmayaraq) üzrə M.Talıbovun cavabdeh olmaması, onun hazırkı qarşılıqlı iddiasının qəbulundan imtina üçün yetərli əsas sayıla bilməz. Çünki, bu məsələyə münasibətdə hər hansı əks yanaşma ona gətirib çıxaracaq ki, M.Talıbov eyni iddia tələbi ilə ayrılıqda məhkəməyə müraciət edəcək, sonradan isə bu işlər MPM-in 43.1-ci maddəsinin tələbinə əsasən birgə baxılaraq qətnamə çıxarılması məqsədi ilə bir icraatda birləşdirilməlidir. Bunun isə nə ədalət mühakiməsinin səmərəliliyi, nə məhkəmələrdə işlərə ağlabatan müddətlərdə baxılması, nə də ki, məhkəməyə çatımlıqla bağlı mühüm prinsiplərə uyğun olmadığı aşkardır. Həm də nəzərə almaq lazımdır ki, ilkin tələbdə cavabdeh olmayan şəxsin iddiaçıya qarşı, artıq başlanmış icraat çərçivəsində tələb irəli sürmək imkanı MPM-in 55.1-ci maddəsində birbaşa təsbit olunmuşdur. Belə olan halda məlum olur ki, ilkin iddiaçıya qarşı MPM-in 156-cı maddəsində müəyyən olunmuş şərtlərə uyğun tələbi olan şəxsin ərizəsinin necə (qarşılıqlı və ya müstəqil iddia) adlandırılmasından asılı olmayaraq, həmin ərizənin icraata qəbulu yolveriləndir.Ona görə ki,MPM-in 156-cı maddəsinin şərtlərinə uyğun olan tələbin hansı (qarşılıqlı və ya müstəqil iddia)adla verilməsi, nə ilkin iddiaçının vəziyyətinin pisləşməsi, nə də ki, tələb irəli sürən şəxsin əlavə üstünlüklər əldə edə bilməsi baxımından heç bir təsirə malik olmur. Demək ki, məhkəmə həmin ərizənin icraata qəbulunda maraqlı olmalıdır. Belə olan vəziyyətdə dövlətin pozitiv öhdəlikləri ilə bağlı məsələ aktuallıq kəsb edir. Nəzərdən qaçırmaq olmaz ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı da dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər, hər şeydən əvvəl məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini nəzərdə tutur. Təsadüfi deyildir ki, məhkəmələrin bu öhdəlikləri MPM-in məhkəmə baxışının prinsiplərini müəyyən edən normasında (14-cü maddəsində) təsbit olunmuşdur. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X7rşı işlər). “X3rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Cavabdehlər tərəfindən verilmiş şikayət təmin edilsin. Xətai Rayon Məhkəməsinin e-2(011)-648/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2694/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2694/2024
02.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver