Məhkəmə qərarları › İş №2(103)-2695/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2695/2021

09.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2695/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh direktoru X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, 5 müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “xx xxxx 2020-ci il tarixli, 014 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, mənimsənilmiş əmək haqqının verilməsi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin verdiyi xx xxxx 2020-ci il tarixli, 014 nömrəli əmrinin verildiyi andan etibarsız hesab edilərək ləğv olunması, işə bərpa olunması, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, mənimsənilmiş əmək haqqının verilməsi və onun əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nə sürücü vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə bir dəfə də olsun qanun pozuntularına yol verməmişdir. İşindən azad olunanadək Cavabdeh MMC-də çalışan bütün rəhbər şəxslər yanında işi və etik davranışı ilə hörmət qazanmışdır. İşdən azad edilənədək işlədiyi müddətin fevral-mart ayı üçün aylıq əmək haqlarını almamışdır. Bundan başqa işdən çıxma müavinəti (son haqq-hesab) təşkilatın rəhbərliyi tərəfindən ödənilməmişdir. İşlədiyi vaxt ərzində məzuniyyətə buraxılmamış, məzuniyyət haqqları ödənilməmişdir. Hazırda işdən azad edilmiş və qeyd edilən tələbləri bu günədək ödənilməmişdir. Əmək kitabçası başqa bir vətəndaş tərəfindən onun ünvanına göndərilmişdir. Halbuki, ona bu günə kimi işdən azad olunması barədə əmrin surəti, nə də əmək kitabçası verilməmişdir. Bundan başqa əmək kitabçasında qeyd edilmişdir ki, guya o öz xahişi ilə işdən azad edilmişdir. Onun işdən azad olunmağı üçün bir dəfə də olsun xahişi olmamışdır. Cavabdeh MMC-ti nümayəndəsi vəsatətlə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, mülki işin aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Ağstafa Rayon Məhkəməsinin 2(015)- 572/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə aidiyyəti ilə bağlı vəsatət təmin edilməmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-572/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh MMC-nin nümayəndəsi şikayət vermiş, şikayət baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 3111/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-571/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün aidiyyatı üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-572/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyatı üzrə Bakı çəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 016/20 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə sürücü vəzifəsinə bərpa edilməsi, xx.xx.2020-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının, ödənilməmiş əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh direktoru X2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməni əsaslandırarkən cavabdehə münasibətdə qərəzli olmuş və bu səbəbdən tətbiq etdiyi maddi hüquq normalarının hüquqi nəticələrinə ümumilikdə qanunun tələb eldiyi formada deyil, iddiaçının mənafelərinə münasibətdə hüquqi qiymət vermişdir. Bu da qanunsuz olmaqla maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə səbəb olur. Göstərilənlərə istinadən aşağıda qeyd edilən səbəblərə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməlidir. İddiaçı vaxtında, yəni işdən çıxdığı gün xx.xx.2020-ci il tarixində əmək kitabçasını alıb və işdən çıxma əmri ilə tanış olub. İddiaçıya əmək kitabçası təqdim edilib işdən çıxma əmri ilə tanış edilərkən əmək məcəlləsinin 68.2-ci maddəsinin d) bəndi barədə ətraflı məlumat verilib. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı Cavabdeh MMC-nin direktoru Natiq Cəfərov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh MMC-nin nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh MMC-nin direktoru Natiq Cəfərov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh MMC-nin direktoru Natiq Cəfərovun apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh MMC-nin direktoru Natiq Cəfərovun apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin xx xxxxxx 2019-cu il tarixli, 4T2TY2000300 əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən müddətli olaraq, hər ay 143 manat əmək haqqı ödənilməklə Cavabdeh MMC-də avtobus sürücü vəzifəsində çalışır. İş materiallarında olan, Cavabdeh MMC-nin direktorunun əmək müqaviləsinə xitam verilmə barədə xx xxxx 2020-ci il tarixli 016/20 saylı əmrinin surətindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 11 mart 2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmayan hallar) xitam verilmişdir. İş materiallarında olan, Cavabdeh MMC tərəfindən verilmiş 121 saylı, xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu ildə Cavabdeh MMC-yə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsininin “d” bəndi ilə işdən azad edilmiş, onun qalıq əmək haqqı (fevral 2020 üçün 344,63 manat; mart 2020 üçün 13,27 manat) cəmi 357,9 AZN təşkil edir. İş materiallarında olan, xx xxxx 1982-ci il tarixli, ИТ-1 № ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC-yə sürücü vəzifəsinə təyin edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsininin “a” bəndinə (öz xahişi ilə) əsasən 016/20 nömrəli əmrlə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; işçi vəfat etdikdə ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə. Həmin Məcəllənin 74-cü maddəsinin 2-ci bhissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə isə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə tərəflər arasında bağlanmış hansı tarixli əmək müqaviləsinə xitam verilməsi göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəninin “d” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, həmin əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə əmək qanunvericiliyinin normasını yazılmaqla kifayətləndirilərək əmək münasibətinə xitam verilmişdir. Bundan başqa həmçinin müəyyən edilmişdir ki, X1 Sistemində iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəninin “d” bəndinə (tərəflərin iradəsindən asılı olmayan hallar) istinad olunmaqla xitam verlimişdir. Lakin, iddiaçının əmək kitabçasında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsininin “a” bəndinə əsasən xitam verilməsi göstərilmişdir. İşdən çıxarılma barədə əmrin surəti iddiaçıya verilmədiyindən, qanunvericiliyin tələbləri cavabdeh təşkilat tərəfindən kobud surətdə pozulmuşdur. Beləliklə məhkəmə kollegiyası Cavabdeh MMC-nin direktoru Natiq Cəfərovun apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh MMC-nin direktoru Natiq Cəfərovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4299/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə tərəflərin verdiyi apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: Cavabdeh direktoru X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar