Məhkəmə qərarları › İş №2(103)-2695/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2695/2025

11.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2695/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “işə bərpa” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3310/2024 nömrəli 31 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin xx.xx.2024-cü il tarixli 3-17- 1/3-4-262/2024 nömrəli əmri ilə, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir.

2. İddiaçı 1958,12 manat son haqq-hesabı işəgötürən tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla əmək müqaviləsinin bitməsi əsası ilə işdən azad olunması barədə xx.xx.2024-cü il tarixli, 3-171/3-4-262/2024 saylı əmrin ləğv edilməsi, cavabdehlə onun arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi ilə əvəz edilməklə, onun işdən azad olunduğu tarixdə çalışdığı DSMF-nin 2 saylı Lənkəran - X6 Cəlilabad rayon qəbul şöbəsinin müdiri vəzifəsi üzrə işə bərpa edilməsi, onun cavabdeh tərəfindən işdən azad olunduğu gündən hazırkı iş üzrə qəbul olunacaq məhkəmə qətnaməsinin icra olunacağı tarixə kimi məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanıb birdəfəlik cavabdehdən tutularaq ödənilməsi, cavabdeh tərəfindən ona vurulan maddi və mənəvi ziyana görə cəmi 5000 manat məbləğdə pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı aşağıda qeyd olunan tarixlərdə müxtəlif fəaliyyətləri icra etmişdir: 17 avqust 2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Cəlilabad rayon Filialının Mühasibat uçotu şöbəsində baş mütəxəssis; 4 dekabr 2020-ci ildə DSMF-nin 9 saylı regional ərazi filialının təsərrüfat şöbəsində müdir; 27 dekabr 2021-ci ildə DSMF-nin 2 saylı Lənkəran - X6 Cəlilabad rayon qəbul şöbəsinin müdiri. Aygül Səfərli cavabdeh orqanın 2 Saylı X2 rəhbər təyin olunana qədər onun fəaliyyətindən rəhbərlərinin heç bir narazılığı olmamış və barəsində bu faktları əks etdirən intizam tədbirləri görülməmişdir. Həmçinin fəaliyyətdə olduğu müddətlərdə ona qarşı heç bir vətəndaşın narazılıq və gileyini əks etdirən hər hansı bir ərizə və ya şikayət işlədiyi orqana daxil olmamışdır. Nazirliyin keçirdiyi sonuncu qiymətləndirmədə 2 Saylı X3 üzrə ən yüksək nəticə toplamışdır. Lakin cavabdeh orqanın qərəzli mövqeyi nəticəsində 14 fevral 2024-cü il tarixində 3-17-1/3-4-262/2024 saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad olunmuşdur. Hazırkı vəziyyətin bu yerə gəlib-çatmasına səbəb olan hallar kimi bildirir ki, 2023-cü il iyul ayının sonlarında övladı - 4 may 2019-cu il təvəllüdlü Nilay Rüstəmlinin səhhətində ciddi narahatlıq yaranıb, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən təcili göstərişli yollayış əsasında təcili tibbi yardım avtomobili ilə onu Bakı şəhərində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gətirib və burada "İdiopatik trombositopenik purpura" diaqnozu ilə yerləşdirilib. Bundan sonra növbəti iş günü üçün övladının səhhəti ilə əlaqədar həm cavabdeh orqanın 2 Saylı X1, həm də onun birbaşa rəhbəri olan Aygül Səfərlidən öz hesabına 2 iş günü üçün icazə istəyib. Lakin ona 4 saatlıq icazə verilməyib, günün ikinci yarısında ağır vəziyyətdə olan övladını orada qoyaraq iş yerinə qayıtmalı olub. Dəfələrlə Bakı şəhərinə xəstə olan uşağının yanına qayıtmaq üçün qanuna müvafiq şəkildə müraciətlər edib. Nəhayət, cəmi 1 iş günü üçün icazə alaraq iş yerini tərk edə bilib. Ona icazə verilmədiyinə görə növbəti müayinə və müalicələrdə də gecikmə olub. Dolayısı ilə övladının sağlamlağında baş verən ağırlaşma ilə əlaqədar onu yenidən Bakı şəhərində yerləşən tibb müəssiəsinə aparmaq məcburiyyətində qalıb. Elə həmin gün ərzində tibb müəssisəsindən aldığı müvafiq sənədləri birbaşa rəhbərinə və daha yuxarı rəhbərlik olan RİM-in mail ünvanına göndərib. Növbəti iş günü Cəlilabad rayon qəbul şöbəsində iş fəaliyyətini davam etdirdikdə hər iki rəhbərliyinə zəng vuraraq üzrlü səbəbdən işdə olmamağını təsdiq edən sənədlərin kifayət edib-etmədiyini soruşub. Buna müvafiq olaraq ona bildirilib ki, "...Bu məsələyə yuxarı rəhbərlik səviyyəsində baxılacaq". Övladının səhhətində aşkarlanan və xroniki hal alan İTP xəstəliyinin gedişatında o, həkim göstərişinə əsasən müəyyən gün aralıqlarında analiz verməli, müayinə edilməli və zəruri dərmanları tibb müəssisəsində həkim nəzarəti altında almalı idi. Buna müvafiq olaraq ərizə ilə lazımi qaydada əvvəla cavabdehə və buna uyğun olaraq rəhbərlərinə müraciət edirdi. Həmin müraciətlərə birbaşa Aygül Səfərlinin özü və onun bildirdiyinə görə yuxarı rəhbərlik icazə vermirdi. Dolayısı ilə işini itirmək qorxusu ilə əlaqədar övladını tibb müəssiəsinə vaxtlıvaxtında apara bilməmişdir. Bu səbəbdən də övladının səhhətində ciddi problemlər yaranaraq xəstəlik xroniki hal almışdır. Bütün bu hadisələrdən sonra cavabdeh orqanının daxili nəzarət şöbəsinin əməkdaşı Mehman Məmmədov ona zəng edərək Dövlət Sosial Müdafiə Fonduna gəlməli olduğunu bildirib. O, cavabdeh orqanın daxili nəzarət şöbəsində tutulan iradların əksər hissəsinin həqiqəti əks etdirmədiyini və qərəzli olduğunu söyləyib. Həmçinin ondan asılı olmayan səbəblərdən övladının müalicəsi ilə əlaqədar Bakı şəhərində olduğu, bu zaman ərzində cavabdeh orqanın gizli əməkdaşları tərəfindən Cəlilabad rayon qəbul şöbəsində çalışan əməkdaşların etdiyi nöqsanlar və işdə olmamağı barədə əsaslı izahatını bitirib Mehman Məmmədova təqdim edib. Həmin izahatda övladının xəstəliyi ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə öz hesabına əmək məzuniyyəti hüququndan istifadə etmək barədə 3 gün ərzində Aygül Səfərliyə dəfələrlə şifahi və yazılı şəkildə müraciət etdiyini də bildirib. Bu izahatdan sonra Mehman Məmmədov ona söyləyib ki, “Rəhbərlik sənə icazə verilməməsindən sonra iş yerini tərk etdiyin üçün könüllü olaraq işdən çıxmaq ilə bağlı ərizə yazmağı məsləhət görürəm. Əks təqdirdə belə bir ərizə yazmasan səni Əmək Məcəlləsinin 69-cu maddəsinin "c" bəndinə əsasən və ya növbəti 3 aylıq müqavilə vaxtının bitməsinə onsuzda az qalib dolayısı ilə bu əsasla işdən xaric ediləcəksən". Onun izahatı yazdığı zaman atası zəng vuraraq övladının səhhətində olan kəskin ağırlaşma ilə əlaqədar onu təcili olaraq Bakı şəhərinə yaxın saatda gətirəcəyini bildirib. Elə bu anda o, Mehman Məmmədova bildirib ki, "Məsələyə ədalətli yanaşmağınızı və belə bir halın hamının başına gələ biləcəyini nəzərə almağınızı xahiş edirəm". Daha sonra cavabdehin yerləşdiyi ünvanı tərk edib. Axşam saatlarında atası ilə birlikdə övladını gətirərək ağır və huşu tam aydın olmayan vəziyyətdə Hematologiya və Transfiziologiya Elmi-Tədqiqat İnstitutuna gətirib. Növbəti gün uşağın sağlamlığında irəlilləyiş olmadığı üçün onu Akademik M.Ə.Mirqasımov adına R.K.X.P.H.Ş tabeliyində olan Respublika Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər aparılan təxirəsalınmaz müalicələr və vicdanlı peşəkar həkimlərin səyləri sayəsində övladını onlara qaytarıblar. İşlədiyi müəssisənin rəhbərliyi tərəfindən problem yaradılacağını bildiyi üçün övladının reanimasiyada olduğu müddəti təsdiq edəcək müvafiq sənədləri cavabdehin olduğu yerə yaxınlaşaraq şəxsən Mehman Məmmədova təqdim edib. Elə həmin anda bildirib ki, "...Mənə və təqdim etdiyim arayışa inamınız yoxdursa, sizin əməkdaşlarla birgə gedərək yaxınlıqda yerləşən tibb müəssisəsinin reanimasiya şöbəsində ağır durumda xəstə yatan qızımı göstərə bilərəm". Ona daha öncə bildirdikləri səbəbdən (övladının ağır vəziyyəti ilə əlaqədar 3 gün ərzində təqdim etdiyi ərizəyə müsbət yanaşılmadığı üçün 1 günlük işdə olmamağı səbəbindən onu işdən çıxarılmaqda qərarlı olduqları üçün) təxminən on gün sonra iş telefonuna Mehman Məmmədov yenidən zəng vuraraq bildirib ki, "...Sizin barənizdə direktorunuz Aygül xanım tərəfindən məruzə daxil olduğuna görə sizə e-mail ilə göndərəcəyi nöqsanlar barədə izahat yazmalısınız". Lakin nöqsan kimi sadalanan qeydlərin əksər hissəsi əməkdaşların qüsurları olduğu, təxminən 2-3 ay öncə aşkarlanan və heç bir şəxsə və büdcəyə ziyanı olmayan pozuntular idi. Bu barədə də Aygül Səfərliyə özü və digər əməkdaşlardan izahat alaraq təqdim etmişdir. Eyni məsələ ilə bağlı artıq cavabdeh tərəfindən birbaşa olaraq yuxarıda qeyd etdiyi səbəblərdən dolayı işdə olmadığı üçün və "işdən çıxma" ərizəsi vermədiyinə görə ona qarşı qərəzli hərəkətlər başlanıldı. Beləliklə də ondan və əməkdaşlardan alınan və mövcud həqiqəti əks etdirməyən izahat əsasında ona haqsız olaraq töhmət verildi. Dəfələrlə hüquq və mənafeləri pozulduğu üçün cavabdeh orqana və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şifahi və yazılı müraciətlər etmişdir. Həmin müraciətlərindən birinə 22 aprel 2024-cü il tarixli, 317/2-R-3854/2024 saylı məktubla cavab verilmişdir. Lakin həmin cavabda mövcud həqiqəti yansıtmamaqla bərabər sadəcə birbaşa rəhbəri Aygül Səfərlinin verdiyi yalan məlumatları özündə əks etdirib

5. Cavabdeh Dövlət Sosial Müdafiə X11 şəxsin nümayəndəsi Nümayəndə1 yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3310/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim - Fariz Əlizadə)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, verilmiş tələb üzrə iddia müddətinin keçdiyi qənaətinə gəlmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona ödənilmiş son haqq-hesabdan dərhal məlumatlı olmuşdur. Bu səbəbdən, məhkəmə iddia müddətinin axımını xx.xx.2024-cü il tarixdə nəzərə alır. 8. Məhkəmə iddiaçının övladının xəstə olması səbəbindən buraxılmış iddia müddətinin bərpa edilməsi barədə dəlilinə münasibətdə qeyd edib ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə sözügedən normanın geniş formada təfsir edilməsini məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə normanın dispozisiya şərtlərinə müvafiq olaraq uşağın xəstələnməsini “digər obyektiv hallar”a aid edilə biləcəyini nəzərə alsa da, iddia müddəti bir neçə gün deyil (bu halda buraxılmış müddətin bərpası nəzərdən keçirilə bilərdi), uzun müddət ötürülmüşdür.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı, Mülki Məcəllənin 1096-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində istinad etdiyi eyni məzmunlu dəlillərlə əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5651/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Cəmilə Musayeva (məruzəçi), Fuad Babayev və Fuad Abdıyev ibarət tərkibdə)

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 521/2025 tarixli, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2(103)-5651/2024 nömrəli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Apelyasiya instansiyası məhkəməsi müddətin üzürlü səbəbdən ötürürüməsi və müddətin bərpa olunması barədə iddiaçının dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə verilmədiyi üçün, məhkəmənin də müvafiq sübutları tədqiq etməklə ötürülmüş müddətin bərpası məsələsini araşdırmaq üzrə vəzifəsi yaranmamışdır. 53. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsində buraxılmış müddətin bərpa olunması üçün mütləq şəkildə ərizənin verilməli olması barədə göstəriş yoxdur. İddia müddətlərinin tətbiq olunması üzrə formalaşmış təcrübə təməl olaraq ona əsaslanır ki, iddia müddətlərinin tətbiq edilməsi (istər iddia müddəti keçdiyinə görə iddianın rədd olunmasını tələb etmək, istərsə də buraxılmış iddia müddətinin bərpa olunmasını tələb etmək) barədə ərizənin verilməsi yalnız tərəflərin iradəsinə bağlıdır. Həmçinin iddia müddətinin buraxılması, nəticə etibarilə hüquq münasibətinin subyektlərindən biri üçün hüquqi nəticə törədəcəyi nəzərə alınmaqla, işə baxan məhkəmə bununla bağlı tərəflərdən hər hansı birinə müvafiq olaraq müddətin keçməsini xatırlatmağa, müddətin tətbiq olunması və ya müddətin bərpa olunması barədə ərizə verilməsini təklif etməyə haqlı deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının mülki işin 84-87-ci vərəqlərində olan yazılı müraciətini müddətin bərpa olunması barədə müraciət kimi qəbul edib qiymət verməsinə baxmayaraq, apelyasiya instansiyası məhkəməsi «iddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə verilmədiyi»ni bildirmiş, bu zaman nəyə görə yuxarıda qeyd olunan müraciətin müddətin bərpa olunması məsələsinə imkan vermədiyini, başqa sözlə bu müraciətin “buraxılmış müddətin bərpa edilərək mübahisəyə mahiyyəti üzrə baxılması” barədə ərizə kimi qiymətləndirilməsinin mümkün olmadığını əsaslandırmamışdır. İddiaçının apelyasiya şikayətinin düzgün həlli üçün iddia müddətinin axımının başlandığı gündən mediasiya təşkilatına müraciət etdiyi tarixədək olan dövrdə, mövcudluğu iddiaçının iradəsindən asılı olmayan, onun dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan maneələrin olub-olmaması araşdırlmalı, iddiaçının bununla bağlı dəlillərinə qiymət verilməli idi. Lakin apelyasiya instansiyası məhkəməsi bu cür araşdırma aparmaqdan imtina etmişdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, onunla müddətli əmək müqaviləsi əmək qanunvericiliyi kobud pozulmaqla xitam verilmişdir. Belə ki, işçi ilə müddətli əmək müqaviləsinə xitam verilməzdən 7 gün əvvəl yazılı və ya elektron (elektron imza tətbiq edildiyi üçün yeni əlavə olunmuşdur) ona bunun barədə xəbər verilməli idi. Məsələni araşdırmaq üçün iddiaçı DSMF-nin region üzrə filialının direktoru Aygül Səfərliyə yaxınlaşır. İddiaçı təxminən 10 dəqiqə danışıqlar aparır və narazılığını bildirir. Aygül xanım isə bununla bağlı polisə müraciət edərək bildirir ki, iddiaçı ora yaxınlaşıb və kobud hərəkətlər edib. Nəticədə polis orqanı məsələni araşdırır və “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edir. Bundan sonra iddiaçı şərəf və ləyaqətin müdafiəsinə dair Aygül Səfərliyə qarşı Astara Rayon Məhkəməsinə müraciət etmiş və iddiası təmin olunmuş, sonra apellyasiya daha sonra kassasiya məhkəməsinə qəbul edilmiş qətnamə qüvvədə saxlanılmışdır. Xüsusilə qeyd etmək istərdim ki, işçinin uşağı ağır xəstəlikdən əziyyət çəkir. O bugün buraya gəlməmişdən əvvəldə uşağını xəstəxanaya aparmışdır. Çox təəssüf ki, iddia ərizəsi və apellyasiya şikayəti tərəfimdən tərtib edilmədiyi üçün orada üzrlü səbəblərdən ötürülmə ətraflı qeyd edilməmişdir. İddia ərizəsinin məhkəməyə gec təqdim edilməsinə əsas da uşağın səhhətinin yaxşı olmamasıdır. Həmin vaxt qızının qan dəyərləri yaxşı olmamış, qanındakı trombositlərin miqdarı 4-5 aralığında olmuşdur. Bu halları təsdiq edən xəstəxana arayışlara iş materiallarında mövcuddur.

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, Ali Məhkəməsinin Mülki Kollegiyası, ötürülmüş müddətin üzrlü hesab edilməsi məsələsinin araşdırılması üçün işi yenidən apellyasiya baxışına göndərmişdir. İşin mahiyyəti üzrə qısaca bildirmək istərdim ki, müddətin axımı işçi üçün onunla son haqqhesab aparıldıqdan və əmək kitabçasını təhvil aldıqdan sonra başlayır. İddiaçı ilə əmək münasibətlərinə 14 fevral 2024-cü ildə xitam verilmişdir. 15 fevral 2024-cü ildə isə onunla son haqq-hesab aparılmışdır. Bu isə onunla əmək münasibətlərinə xitam verilməsinin rəsmi təsdiq olunduğu hesab edilən gündür. Düzdür əmək qanunvericiliyi müəyyən edilən 7 günlük müddətə əməl olunmayıb. Lakin hesab edirlər ki, iddiaçı tərəfindən iddia ilə qanunla müəyyən edilmiş müddətə müraciət edilmədiyindən digər əsasların araşdırılması zərurəti yoxdur, hər hansı üzürlü halda olmadğından müddətin ötürülməsi əsası ilə apellyaisya şikayəti təmin edilməməklə iddianın təmkin edilməməsi barədə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndində göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 82-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. 83.1-ci maddəsinə əsasən Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 269.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296.6-ci maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296.7-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarın:... Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar... Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. ...

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarın: Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: ... fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbi qismən təmin edilməlidir.

26. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin bununls bağlı mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

27. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mövqeyində hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

28. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə əmək mübahisəsidir və iddia tələbi işçi ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunsuzluğu barədədir.

29. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı bu tələbi vermək üçün Əmək Məcəlləsinin 269-cu maddəsinin ikinci hissəsində müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

30. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüy kim fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə iddia müddətinin axımının başlanğıcı işçinin hüququnun pozulmasının aşkar edildiyi gündən başlanır. Həmin normada eyni zamanda “hüququnun pozulmasının aşkar edildiyi gün”ün anlayışı müəyyən edilmişdir. Qeyd olunan normanın məzmunundan görünür ki, “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə: 1. işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) verildiyi; 2. əmək kitabçasının verildiyi; 3. haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün başa düşülür. Həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün - hüququnun pozulmasının aşkar edildiyi gün sayılır.

31. İddiaçı onun işdən azad edilməsi barədə əmrin surətinin ona verilmədiyinə, əmək kitabçasının isə xx.xx.2024-cü ildə verildiyinə, uşağının xəstəliyinə istinad etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi, iddiaçıya işdən azad edilməsindən ona son haqq-hesabın köçürüldüyü xx.xx.2024-cü il tarixdən məlumatı olduğunu müəyyən etmişdir. Eyni zamanda məhkəmə xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən müəyyən edib ki, iddiaçı ilə Dövlət Sosial Müdafiə X11 şəxsi arasındakı mediasiya prosedurası xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2024-cü il tarixdə bitmişdir.

32. Nəzərə alınmalıdır ki, iddia müddətinin bitməsi, özlüyündə iddianın rədd olunması üçün kifayət deyildir. Çünki qanunvericilik iddia müddəti və bu müddətinin buraxılmasının hüquqi nəticələri ilə yanaşı, buraxılmış iddia müddətinin bərpa olunması qaydasını da müəyyən etmişdir. Əmək Məcəlləsinin 269-cu maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

33. İddiaçı, cavabdehin iddia müddəti tətbiq edilməsi barədə ərizəsinə yazılı münasibət bildirərək, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində irəli sürülən tələblərə istinad etməklə, iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini əsaslandırmaq üçün dəlillər gətirmiş, buna əsasən iddia müddətinin üzürlü səbələrdən ötürülməsindən dolayı cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin təmin olunmamasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

34. Göründüyü kimi həmin yazılı müraciət, məzmun baxımından birmənalı olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsi rəhbər tutulmaqla verilən, müddətin üzürlü sayılması məqsədinə xidmət edən yazılı müraciətdir. Həmin müraciətdə hərfən “buraxılmış müddətin bərpa edilərək mübahisəyə mahiyyəti üzrə baxılması” kimi tələb irəli sürülməsə də, birinci instansiya məhkəməsi həmin müraciətə formal yanaşmamış, bu müraciəti məzmunu etibarilə müddətin bərpa olunması barədə ərizə kimi qəbul edərək araşdırmış və qeyd etmişdir ki, «iddiaçının digər arqumenti olan övladının xəstə olması səbəbindən buraxılmış iddia müddətinin bərpa edilməsi xüsusatına münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə sözügedən normanın geniş formada təfsir edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə normanın dispozisiya şərtlərinə müvafiq olaraq uşağın xəstələnməsini “digər obyektiv hallar”a aid edilə biləcəyini nəzərə alsa da, iddia müddəti bir neçə gün deyil (bu halda buraxılmış müddətin bərpası nəzərdən keçirilə bilərdi), uzun müddət ötürülmüşdür».

35. Lakin məhkəmə kollgiyası birinci instansiya məhkəməsinin iddia müddətinin bərpa olunması məsələsinə bu yanaşmasını qanunauyğun hesab etmir. Çünki məhkəmə iddiaçı tərəfindən məhkəməyə vaxtında müraciət edə bilməməsini uşağının ağır xəstə olması, onun Bakı şəhərində müalicə edilməsi ilə əlaqələndirmişdir. Məhkəmə haqlı olaraq bu səbəbin, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində müddətin bərpa olunması üçün nəzərdə tutulan üzürlü səbəblərdən biri - “digər obyektiv hallar”la əhatə olunduğu qənaətinə gəlmişdir. Lakin məhkəmənin «iddia müddəti bir neçə gün deyil (bu halda buraxılmış müddətin bərpası nəzərdən keçirilə bilərdi), uzun müddət ötürülmüşdür» mövqeyi, buraxılmış müddətin bərpası əsaslarına, daha doğrusu bərpa olunmanın üzürlü səbəblərə tabe tutulması qaydasına ziddir. Bu cür yanaşma, müddətin bərpa olunmasının üzürlü səbəblərə deyil, buraxılan müddətin az və ya çox olmasına bağlı olması deməkdir.

36. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin düzgün həlli üçün iddia müddətinin axımının başlandığı gündən mediasiya təşkilatına müraciət etdiyi tarixədək olan dövrdə, mövcudluğu iddiaçının iradəsindən asılı olmayan, onun dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan maneələrin olması iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir.

37. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xəstəliklə bağlı arayış, epikriz və digər sənədlərdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhərində yerləşən Milli Hemotologiya və Transfuzioloiya Mərkəzində qızının müalicəsi üçün olmuşdur. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhərində yerləşən Milli Hemotologiya və Transfuzioloiya Mərkəzində uşağına qan köçürülmüş və müalicəsi stasionar davam etdirilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Milli Hemotologiya və Transfuzioloiya Mərkəzində uşağına qan köçürülmüş və müalicəsi stasionar müalicə davam etmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdən-31 may 2024-cü il tarixədək Bakı şəhərində yerləşən Milli Hemotologiya və Transfuzioloiya Mərkəzində uşağına qan köçürülmüş və müalicəsi stasionar davam etdirilmişdir.

38. Bütün göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən tarixlər məhz iddiaçının mediasiya prosesinə başlama barədə müraciət etdiyi tarixi, o cümlədən mediasiya prosessinin baş tutmaması barədə sənədi aldığı tarixdən iddia tələbi ilə məhkəmə müraciət edildiyi tarixi demək olar əhatə edir. Həmin tarixlər arasında sənədləşməyən bir neçə gün tarixinin olması heç də həmin tarixlərin üzürsüz hal kimi qəbul edilməsinə dəlalət etmir. Belə ki, böyük bir müddət ərzində iddiaçının uşağı ağır bir xəstəliklə müalicə edilmişdir. Qəbul ediləndir ki, övladı belə bir ağır xəstəliklə üzləşən hər bir şəxsin məhkəməyə müraciətlə bağlı müddətin bitib-bitməməsi haqqında düşünə bilməməsi mümkündür. Mənəvi baxımdan bir valideyn olaraq övladının belə bir xəstəliklə mübarizə aparması onda təbii olaraq çox böyük bir sarsıntı yaratmaqla müraciət üçün müəyyən edilmiş müddətin üzürlü səbəblərdən ötürülməsinə gətirib çıxarmışdır. Qanunverici də, müəyyən dəqiq səbəblərlə yanaşı müddətin ötürülməsinin üzürlü hesab edilməsi üçün əvvəldən bilinməsi mükün olmayan səbəblərin olmasını nəzərə alaraq orada digər səbəblər adı altında qeyd etmişdir. Kollgiya hesab edir ki, hazırda iddiaçının məhkəməyə müraciətlə bağlı ötürdüyü müddət yuxarıda göstərilənlər nəzərə alınmaqla üzürlü hesab edilməli və iş mahiyyəti üzrə baxılmaqla iddia tələbinin əsaslılığıına qiymət verilməlidir.

39. Hazırkı işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə edilmiş əlavə və dəyişikliklərə əsasən, o, Dövlət Sosial Müdafiə X11 şəxsin 2 saylı Lənkəran - X6 Cəlilabad rayon qəbul şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Dövlət Sosial Müdafiə X11 şəxsin xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-262/2024 nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Hazırda isə iddiaçı əmrin ləğv edilməsini və işə bərpa olunmasını xahiş edir.

40. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.

41. Göründüyü kimi istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir.

42. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür.

43. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.

44. İş materiallarından isə görünür ki, cavabdeh iddiaçıyla olan müddətli əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələblərini pozmuşdur. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

45. Qeyd edilən hal isə məhkəmə iclasında da cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Yəni iddiaçının işdən azad edildiyi vaxt iddiaçı qanunla müəyyən edildiyi kimi, əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış işəgötürən tərəfindən müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar edilməmişdir. Nəticədə iddiaçı ilə əmək müqaviləsinə əsassız olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əsasən xitam verilərkən ƏM-nin 73-cü maddəsinin tələbləri pozulmuşdur. Belə olan halda isə işəgötürənin əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanuni və əsaslı olmamaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin xx.xx.2024-cü il tarixli 3-17- 1/3-4-262/2024 nömrəli əmrinin ləğv edilməsini şərtləndirir.

46. Məhkəmə kollegiyası iddiaçının cavabdehlə onun arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi ilə əvəz edilməsi hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, işdən müəyyən edildiyi kimi, iddiaçı cavabdeh qurumun fərqli filiallarında 17 avqust 2020-ci il tarixdən 14 fevral 2024-cü il əmrin verildiyi tarixdək işləməklə, 5 il müddətində fasiləsiz işləmədiyindən müddətsiz əmək müqaviləsi ilə əvəz edilməsi hissədə iddia əsaslı hesab edilə bilməz. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı mənəvi zərərlə bağlı məhz hazırkı cavabdehə münasibətdə iddia tələbinin də əsaslılığına dair, yəni özünə mənəvi zərər vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmiş, hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, yuxarıda qeyd edilən işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir.

47. Belə olan halda yuxarıda qeyd edilənlər İddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə hesablanmış pulun ödənilməsi barədə iddiasının əsaslı olması barədə qənaətə gəlməyə kifayət qədər əsas verir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3310/2024 nömrəli 31 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3310/2024 nömrəli 31 iyul 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxs arasında bağlanan əmək müqaviləsinin bitməsi əsası ilə işdən azad olunması barədə xx.xx.2024-cü il tarixli, 3- 171/3-4-262/2024 saylı əmri ləğv edilsin, o işdən azad olunduğu tarixdə çalışdığı DSMFnin 2 saylı Lənkəran - X6 Cəlilabad rayon qəbul şöbəsinin müdiri vəzifəsi üzrə işə bərpa edilsin, onun cavabdeh tərəfindən işdən azad olunduğu gündən hazırkı iş üzrə qəbul olunacaq məhkəmə qətnaməsinin icra olunacağı tarixə kimi məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar