Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2696/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş ziyana görə iddiaçının xeyrinə subroqasiya qaydasında 4229,37 manat sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il qətnaməsi ilə (hakim Q.Əliyeva, iş №e-2(007)-4042/2021) iddia təmin edilmişdir.
3. Cavabdehlər qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər.
İşin halları:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** ND *** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** JO *** dövlət qeydiyyat nişanlı “Zaz Sens TF55YO” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sürücü cərimə edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh avtonəqliyyat vasitəsini idarə edən zaman etibarnaməsi olmamışdır. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JO *** dövlət qeydiyyat nişanlı “Zaz Sens TF55YO” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 4229,37 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 4229,37 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta vəsaitinin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışlar.
5. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
6. Cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişlər.
7. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “VAZ 21074” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil daha öncə onun mülkiyyətimdə olub. Avtomobili xx.xx.2019-ci il tarixdə sərəncamverici etibarnamə ilə digər Cavabdeh2 satıb. xx.xx.2020-ci il tairxdə həmin etibarnamənin müddəti bitmişdir. Etibarnamənin müddəti bitdiyi üçün Cavabdeh2 dəfələrlə xəbərdalıq edərək avtomobili idarə etməməyi və ən qısa zamanda öz adına keçirtməyini tapşırsa da, Qaçayev X1 rayonunda yaşadığından və avtomobil onda olduğundan avtomobili onun iradəsindən kənar olaraq istifadə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə onun heç bir məsuliyyəti yoxdur. Ona görə də iddia tələbi ona münasibətdə təmin edilməməli idi. Avomobilə dəymiş zərərin sığorta edən tərəfindən dəfələrlə şişirdilərək, dəymiş real zərərdən əlavə pul tələb edildiyini, buna görə də iş üzrə ekspertiza təyin edilməsini xahiş etsə də, məhkəmə bu xahişini də nəzərə almamışdır.
8. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə baş verən tarixdə “ZAZ SENS TF55YO” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də həm kasko, həm də icbari sığortalı olub. Lakin “ZAZ SENS TF55YO” markalı avtomobil "xxxx" ASC tərəfindən icbari sığorta olunduğu halda (X2 hadisədə təqsirli olduğu üçün) iddiaçı tərəfindən cavabdehlərin avtomobilinə dəymiş ziyana görə onlara hər hansı bir sığorta ödənişi edilməmişdir. Həmçinin, "xxxx" ASC yalnız kasko sığorta üzrə həddindən artıq şişirdilmiş məbləğdə xərc göstərərək həmin pulu cavabdehlərdən tələb edir. Qüsur aktında göstərilən zərər həmin avtomobilə dəymiş real zərərdən ən azı 4-5 dəfə daha çoxdur. Bazar dəyəri 4-5 min manat olan bir avtomobilin sağ ön hissəsinə dəymiş zərərə görə 4329 manat xərcin göstərilməsi heç bir ağıla və məntiqə sığmır. 4329 manat avtomobilin dəyərinin 86.58 % ni təşkil edir. Bu qədər zərərin mümkün ola bilməsi üçün həmin avtomobilin 86.58% məhv olması və ya zədələnməsi lazim idi. Buna görə də baş vermiş hadisə ilə bağlı bütün məsuiyyətin ona aid olduğunu qəbul edir. Cavabdeh1 hazırkı mübahisə üzrə heç bir məsuliyyət daşımadığından ona münasibətdə iddia tələbi təmin edilməməli idi.
9. Cavabdehlər və onların nümayəndəsi (vəkili) əvvəlki məhkəmə iclasında iştirak edərkən apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirmişlər.
10. Cavabdehlər hazırkı məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.
Hüquqi məsələlər:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
13. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Məhkəmə kollegiyası ziyanın cavabdehlərdən müştərək qaydada tutulduğunu və mübahisə predmetinin bölünməz olduğunu nəzərə alaraq qətnamənin əsaslılığını hər iki cavabdehə münasibətdə tam həcmdə yoxladı.
15. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulmuş zərərin məbləği hissəsində dəyişdirilməlidir.
16. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
17. İş materiallarından müəyyən olunur ki, “VAZ 21074” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh2 07 noyabr 2020-ci il tarixdə saat 17:10 radələrində etibarnamə olmadan həmin avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq “ZAZ SENS TF55YO” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onun barəsində 09 noyabr 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin tarixli qərarla o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2-ci maddələri ilə 60 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin qüsur aktına əsasən “ZAZ SENS TF55YO” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 4329,37 manat məbləğində hesablanmışdır. "xxxx" ASC-nin sığorta aktına əsasən avtomobilə dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 4229,37 manat müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir.
19. İddiaçı hazırkı iddiasında subroqasiya qaydasında ödədiyi pulu cavabdehlərdən tələb edir. İddiaçının tələbi subroqasiya qaydasında cavabdehlərdən müştərək qaydada 4229,37 manat pulun tutulması barədədir.
20. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və bu zaman göstərmişdir ki, hadisə sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş vermiş, qüsur aktına əsasən maddi ziyanın və ödəniləcək sığorta məbləğinin həcmi 4229,37 manat həddində müəyyən edilmiş, iddiaçı tərəfindən bu məbləğ ödənilmişdir. Bununla da, iddiaçının cavabdehlərdən həmin məbləği tələb etmək hüququ yaranmışdır.
21. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1096.1, 1097.1, 1114.1, 1108.1, 1108.2ci maddələri və s. ilə əsaslandırmışdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi ziyanin tutulması hissəsində qanuni və əsaslı qənaətə gəlsə də, dəymiş zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
23. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qüsur aktındakı məlumatları əsas götürmüş, iş üzrə ekspertiza təyin etməmiş, cavabdeh isə apellyasiya şikayətində həmin məbləği mübahisələndirmişdir.
24. İşin apellyasiya baxışı zamanı ekspertiza təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 01 avqust 2022-ci il tarixli, 9/3700 saylı rəyi ilə avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 2949 manat müəyyən edilmişdir.
25. Ekspert rəyi kifayət qədər əsaslandırılmış, qoyulan suallar ətraflı cavablandırılmışdır. Cavabdehlər tərəfindən iddiaçıya maddi ziyanın vurulduğu işdə olan digər yazılı sübutlarla aşkar təsdiq olunur. Bu baxımdan Kollegiya iş üzrə əlavə və ya təkrar ekspertiza keçirilməsinə zərurət görmür.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dəymiş ziyana görə iddiaçının xeyrinə subroqasiya qaydasında 4229,37 manat sığorta ödənişinin tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dəymiş ziyana iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulacaq sığorta ödənişinin məbləği 2949 (iki min doqquz yüz qırx doqquz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.