Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2697/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndələri (qardaşı) X7, Vəkil3 və cavabdehin nümayəndələri Nümayəndə1, X3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 26 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı 1993-cü ildən Cavabdeh MMC-nin Tərtər Poçt filialının Qapanlı kənd Poçt Şöbəsinin rəisi vəzifəsində işləmiş, sonuncu dəfə 20 yanvar 2023-cü il tarixdə onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır.
2. İddiaçı Cavabdeh MMC-nin İdarə Heyətinin sədri Ə.Cəlilova ünvanladığı xx.xx.2023-cü il tarixli izahatına əsasən, cari ilin mart-aprel-may aylarında uduşlu lotoreyaların “Colvir” və “Azərlotoreya” sistemlərinə işlənməsi zamanı 13207,75 manat dəyərində fərqlər yaranmışdır. Həmin fərqlər MMC-nin nümayəndələri və filialın baş mühasibi tərəfindən ona izah və sübut edilmişdir. Qeyd olunan 13207,75 manat fərqlə və kəsirlə razıdır. O, həmin əskik gəlmə fərqi olan 13207,75 manat kənarlaşdırılmış pul vəsaitini tam ödəməyə öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixdə həmin vəsaitdən 1000 manat nəqd pul vəsaitini müvafiq hesaba mədaxil etmişdir. Qalan 12207,75 manat pul vəsaitini xx.xx.2023-cü il tarixədək tam ödəməyə söz verir. Cavabdeh MMC-yə vurduğu ziyanı tam ödədikdən sonra onu öz ərizəsinə əsasən işdən azad olunmasını xahiş edir.
3. Tərtər rayon prokurorluğunun 28 oktyabr 2023-cü il tarixli Cinayt işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən, X2 tərəfindən Cavabdeh MMC-nin X11 Filialına vurulmuş 6431 manat məbləğində ziyan həmin poçt filialına və cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 1607,75 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən, o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə və CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilir, İddiaçı əməllərində CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi nəzərə alınır.
4. Tərtər rayon prokurorluğunun 24 may 2024-cü il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən, X2 tərəfindən Cavabdeh MMC-nin X11 Filialına vurulmuş 3223 manat məbləğində ziyan həmin poçt filialına və cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 1001 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən, o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci və CPMnin 40.3-cü maddəsinə cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 1607,75 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən, o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə və CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilir. Həmin qərara görə İddiaçı əməllərində CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi nəzərə alınır.
5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rabitə X5 İttifaqı “Bakı-2” şöbəsinin 30 oktyabr 2023-cü il tarixli iclasının 89 saylı protokoluna əsasən, xidməti fəaliyyətində nöqsana yol verməsinin hüquqi sənədlərlə əsdiq edildiyi və bununla bağlı aparılan araşdırmada hüquqi prosedur qaydalarına əməl olunduğu nəzərə alaraq, HİK-nin “Bakı-2” şöbəsinin iclas iştirakçıları X12 Filialının (RPF) X8 müdiri İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etmir. Protokoldan görünür ki, Bərdə RPF-nin Qapanlı PŞ-nin müdiri İddiaçı çıxışında uduşlu lotareyaların “Colvir” və “Azərlotareya” sistemlərinə işlənməsi zamanı 13207,75 manat dəyərində fərqlər yarandığı, xx.xx.2023-cü il tarixdə həmin vəsaitdən 1000 manat nağd pul vəsaitini müvafiq hesaba mədaxil etdiyini, qalan 12207,75 manat vəsaiti isə xx.xx.2023-cü il tarixədək ödədiyini, həmçinin əskik gələn məbləği tam olaraq bərpa etdiyinə görə işdən azad edilməsinə etiraz etdiyini və Qapanlı PŞ-də poçtalyon işi ilə təmin olunmaq istədiyini də bildirmişdir.
6. Cavabdeh MMC-nin İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli, 3-27- 109/3- 2- 2755/2023 nömrəli Bərdə RPF X8 rəisi İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən, işəgötürənin təşəbbüsü ilə onun işdən azad olunmasına dair filialın Həmkarlar Komitəsinin müvafiq rəyini nəzərə alıb Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İdarə Heyətinin sədrinin xx.xx.2023- cü il tarixli, 3-27-109/3-2- 2755/2023 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, məcburi iş buraxma müddəti üçün hesablanmalı əmək haqqı məbləğinin, mediasiya xərcləri üçün və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehin əsas gətirdiyi əməlləri törətməmiş, əksinə cavabdehə başqası tərəfdən vurulmuş zərəri öz hesabına qarşılamaqla zərərçəkən tərəf olmuşdur. May ayında işdən kənarlaşdırılmış və bu, oktyabr ayınadək davam etmişdir. O, may ayında poçtun kassasını sıfırlayaraq təhvil vermişdir. May ayından oktyabr ayına qədər Bərdə filialında 4 dəfə nəzarət şöbəsi tərəfindən yoxlama keçirilmiş, lakin kassada olan çatışmazlıq barədə ona heç bir məlumat verilməmişdir. Həmçinin şəxsin işdən azad olunmasına səbəb kimi göstərilmiş 13207,75 manat kassada əskik çıxan məbləğin onun tərəfindən ödənilməsinə dair qəbzlər iş materialları ilə birgə məhkəməyə təqdim edilir ki, bu da cavabdehin əsassız əmr ilə iddiaçının hüquqlarını pozduğunun bariz nümunəsidir. Bununla da, onun xx.xx.2023-cü il tarixli, 3-27-109/3-2-2755/2023 nömrəli əmrdə qeyd edildiyi üzrə xidməti fəaliyyətində nöqsan olmaması sübuta yetirilmişdir. Bununla yanaşı, iddiaçı, xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, barəsində çıxarılmış sonuncu əmrin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa olunmasını tələb etsə də, cavabdeh bundan əsassız olaraq imtina etmişdir. Cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının əmək müqaviləsini ləğv etməklə Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin tələbləri pozulmuşdur. İş üzrə təqdim edilənlərdən məlum olur ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Onun barəsində heç bir intizam tədbiri görülmədən o, birbaşa əsassız yerə işdən çıxarılmışdır. Cavabdeh intizam tənbehini verərkən onun şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini, çalışma müddətinin çoxluğunu, onun faktiki çalışdığı ərazinin illərlə mənfur düşmənlə cəbhə olmasını və s. halları nəzərə almalı idi.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(009)- 358/2024 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, əmək fəaliyyəti zamanı iddiaçının yol verdiyi kobud səhvlər, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirilməsi mötəbərliliyi şübhə doğurmayan, Cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanmış aktlarla, Cavabdeh MMC tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair arayışla təsdiq olunur. Bu hərəkətlər idldiaçının birbaşa təqsiri nəticəsində baş vermişdir ki, bu da işəgötürənlə onun arasında bağlanmış bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas vermişdir.
11. Məhkəmə tərəfindən o da müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə imzalamış olduğu vəzifə təlimatının Ümumi müddəalar hissəsinin 2-ci bəndinə əsasən Şöbə müdirinin öz fəaliyyətində əmək qanunvericiliyini, Poçt və maliyyə xidmətlərini tənzimləyən ölkədaxili və beynəlxalq normativ hüquqi aktları, qaydalar və təlimatları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin direktiv sənədlərini, Cəmiyyətin Nizamnaməsini, X4 Cəmiyyətin baş direktorunun əmr və göstərişlərinin, Vəzifə təlimatını, “Daxili nizam-intizam tələblərini" rəhbər tutur. Vəzifə təlimatının “vəzifə öhdəlikləri və onların təsnifatı” kateqoriyasında qeyd edilmişdir ki, Şöbənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə hesablaşma-kassa, şöbənin təklif etdiyi digər poçtmaliyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsinə və hesablaşmakassa əməliyyatlarına nəzarət etmək şöbə müdirinin birbaşa vəzifəsidir. Həmin kateqoriyada əlavə olaraq nağd pulun və digər qiymətlilərin uçotunun aparılmasını, saxlanmasını və qorunmasını təmin etmək, şöbənin nəqd vəsaitlərə tələbatını müəyyən etmək, nəqd vəsaitlərin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına nəzarət etmək də qeyd olunmuşdur.
12. Şöbədə risklərin, likvidliyin, valyuta mövqeyinin idarə olunması prosedurlarının yerinə yetirilməsini təmin etmək və nəzarət etmək də şöbə müdirinə aid edilmişdir. Vəzifə təlimatının “Məsuliyyət” kateqoriyasında qeyd olunmuşdur ki, vəzifə borclarının yerinə yetirilməsinə və ya düzgün icra olunmamasına görə əmək qanunvericiliyi çərçivəsində məsuliyyət daşıyır.
13. İddiaçı yol verdiyi əmək pozuntusu işdəki sənədlərlə təsdiq olunduğundan məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsinə əsası olmuşdur, ona görə də, iddia tələbi əsassızdır, iddiaçı tərəfin izahatında istinad etdiyi digər hallar isə mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72ci, MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İddiaçı əslində heç-bir qüsurlu hərəkətə yol verməmişdir. Buna baxmayaraq işindəki nüfuzuna və cavabdehlə münasibətlərini korlamamaq üçün dəymiş zərəri ödəmiş və uzun müddət bu zərərin ona geri qaytarılmasını gözləməyi öz öhdəliyinə götürmüşdür. Lakin, cavabdeh öz qüsurlarını 30 ildən çox nöqsansız fəaliyyəti olan işçisinin üzərinə ataraq bu məsələni ört-basdır etməyə çalışmışdır. Cavabdeh hətta xx.xx.2023-cü il tarixdə iddiaçıdan fərqli məzmunda iki izahat almış, lakin bunlardan yalnız iddiaçının əleyhinə olanı məhkəməyə təqdim etmişdir. Halbuki, iddiaçı bu məsələnin digər təfərrüatlarını da, öz izahatında qeyd etmişdir. Bununla da, hüquqlarını müdafiə etdiyi İddiaçı hüquqları kobud şəkildə pozulmuşdur və birinci instansiya məhkəməsi də bu pozuntulara göz yummuşdur. Bu məsələlər məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. İşin halları tam müəyyən edilmədən, tam və obyektiv araşdırma aparılmadan yekun məhkəmə aktı çıxarılmışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. İş üzrə təqdim edilənlərdən məlum olur ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol verməsi və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Eyni zamanda, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi hansı kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin (cavabdehin) hansı qanuni mənafeyinə ciddi xələl gətirməsi halı da cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3850/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.V.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilmişdir.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 225/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər: Əhməd Nurməmmədov (məruzəçi), İ.Şəfiyev və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3850/2024 nömrəli mülki iş üzrə 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
21. Cavabdehin nümayəndələri isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə iddia tələbi rədd olunduğundan qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Ali Məhkəmə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya məhkəməsi işəgötürənə maddi ziyan vurulması ilə iddiaçının şöbə rəisi kimi öz vəzifələrinə icra etməməsi arasında səbəbli əlaqənin olub-olmadığını müəyyən etməmişdir. İşəgötürənə maddi ziyanın vurulmasında iddiaçının təqsirli olmaması barədə qənaətə gələn apellyasiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilən və öz təşəbbüsü ilə əldə olunmuş sübutlara tam və hərtərəfli baxmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi qənaəti qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
27. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.
29. İşdən görünür ki, Cavabdeh MMC tərəfindən aparılmış yoxlamalar nəticəsində iddiaçının rəis olduğu cəmiyyətin Tərtər poçt filialın Qapanlı poçt şöbəsində 6431 manat və 13207,75 manat əksikliyin olması, MMC-yə maddi ziyan vurulması müəyyən edilmiş, hər iki fakta görə cinayət işi başlanmış və hər iki cinayət işinin istintaqı zamanı vurulmuş ziyan ödənildiyinə görə Tərtər poçt filialın Müştəri Xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsində işləmiş Cavid Ocaqverdiyev barəsində cinayət işinə xitam verilmiş, İddiaçı haqqında isə əməllərində cinayət tərkibinin əlamətlərinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlardan görünür ki, İddiaçı işəgötürənə ziyan vurulmasında təqsirli olmasını qismən etiraf etmiş, vurulmuş ziyanı həm təqsirləndirilən şəxs Cavid Ocaqverdiyevin adından, həm də öz adından tam ödəmişdir.
30. Tərtər rayon prokurorluğunun 24 may 2024-cü il tarixli Cinayt işi üzrə icraata xitam verilməsi haqqında qərarında isə İddiaçı əməllərində CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadıqda) rədd edilməsinin nəzərə alınması göstərilsə də, qərarın təsviri hissəsində İddiaçı hesabında olan 11207,75 manat əksikliyin onun tərəfindən dərhal ödənilməsi nəzərə alınmaqla törətdiyi cinayət əmələnin ictimai təhlükəliliyinin aradan qalxması (Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir.
31. Göründüyü kimi, İddiaçı hərəkətlərində hər hansı cinayətin tərkib əlamətlərinin olması müəyyən edilməsə də, onun hərəkətlərində digər hüquq pozuntularının olması istisna olunmur. Belə ki, müəssisəyə ziyan vurulması işin mübahisəsiz halıdır. Həmin ziyanın vurulması üçün şərait isə məhz iddiaçının öz işinə laqeyd, səhlənkar yanaşmasının nəticəsində yaranmışdır. Məhz iddiaçı əmək müqaviləsi üzrə funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə, şöbənin fəaliyyətinə nəzarəti lazımi səviyyədə təşkil etmədiyinə görə müəssisəyə ziyan vurulmuşdur. İddiaçı özü bunu etiraf etmiş və ziyanı ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ziyanın sonradan ödənilməsi (aradan qaldırılması) işin mahiyyətini dəyişmir və onun məsuliyyətdən azad olunması üçün əsas vermir.
32. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunla nəzərdə tutulan bütün əsaslar mövcud olmuş və işəgötürən öz hüququndan istifadə edərək onunla əmək münasibətlərinə xitam vermişdir.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 13 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.