Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2698/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi və qeyd olunan mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 101 saylı evin, 9 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı ilə aralarında şifahi razılaşma olmuşdur ki, özlərinə mənzil tapanadək mübahisəli mənzildə kirayə yaşasınlar. Cavabdehlərin kirayə haqqını vaxtlı-vaxtında ödəmələrinə baxmayaraq iddiaçı, onlara xəbər vermədən mənzilə istifadə hüquqlarına xitam verilməsini və məznildən çıxarılmalarını tələb etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2014-cü il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 101 saylı evin, 9 saylı mənzil Cavabdeh1 tərəfindən İddiaçı satılmış və sonuncu tərəfindən “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən, Cavabdeh2 mənzilin satılmasına etiraz etməmişdir. RX ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh1 həmin mənzildə qeydiyyatdadır. Hazırda iddiaçı, cavabdehlərin ona məxsus mübahisə predmeti olan mənzilə istifadə hüquqlarına xitam verilməsini və həmin mənzildən çıxarılmalarını tələb edir. Cavabdehlər isə, sözügedən mənzili iddiaçıya satdıqdan sonra aralarındakı razılığa əsasən, orada kirayə yaşadıqlarını və kirayə haqqını vaxtlı-vaxtında ödədiklərini bildirərək, iddiaya etiraz edirlər. Məhkəmə kollegiyası mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi xx xxx 2008-ci tarixli qərarına əsasən, MMin 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş “mülkiyyətçinin razılığı” yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Baxılan işdən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 101 saylı evin, 9 saylı mənzilə dair alğı-satqı və ipoteka müqaviləsi bağlanmış, həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Digər Cavabdeh2 da mənzilin iddiaçıya satılmasına yazılı razılıq vermişdir. Lakin sonradan cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının yaranması üçün mənzilin yeni mülkiyyətçisi olan iddiaçı ilə heç bir notariat qaydasında təsdiq edilmiş yazılı razılıq olmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, cavabdehlərdən hazırda mübahisəli mənzildə formal qeydiyyatda qalan Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməli, Cavabdeh2 isə mübahisəli mənzilə istifadə hüququ ümumiyyətlə yaranmadığından, ona münasibətdə istifadə hüququna xitam verilməsi tələbi rədd edilməlidir. Bu baxımdan, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 orada yaşamalarının heç bir hüquqi əsas olmadığı halda, mübahisə predmeti olan mənzildən çıxmamaları İddiaçı öz mülkiyyətindən istifadəsinə maneçilik törədir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya, apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, cavabdehlər iddiaçı ilə aralarında şifahi kirayə müqaviləsinin bağlandığını bildirsələr də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4363/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2698/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2698/2021
17.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver