Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2698/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları - 17.04.2015-ci il təvəllüdlü X1, 10.05.2018-ci il təvəllüdlü Cavabdeh2 Vüsal qızı ilə birlikdə əvvəllər cavabdehlərlə birlikdə yaşadığı, hazırda cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakim S.Ədilova, iş № e-2(005)-993/2022) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(005)-993/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə MPM-nin 39.1-ci maddəsinin tətbiqi dairəsinə düşür, lakin həmin maddəyə daha diqqətli nəzər yetirsək görərik ki, daşınmaz əşyaya köçürülmə barədə iddia tələbi verən şəxs ya mülkiyyətçi, ya da qanuni sahib olmalıdır. Lakin işin faktiki hallarından və iddia tələbindən görünür ki, hazırkı iddia tələbi iddiaçının gəlin köçüb cavabdehlərlə birgə yaşadığı, hazırda da cavabdehlərin yaşadığı özbaşına tikiliyə köçürülmə barədə iddia tələbidir. Mübahisə predmeti olan daşınmaz əşya özbaşına tikili olduğu üçün nə orada yaşayan cavabdehlər, nə də iddiaçı həmin mübahisəli evin nə mülkiyyətçisi, nə də qanuni sahibidir. Daşınmaz əşya özbaşına tikili olduğu üçün həmin evə də heç kəsin qanuni sahibliyi tanına bilməz. Cavabdehlər orada yaşadığı kimi iddiaçı da gəlin köçüb yaşadığı mübahisəli özbaşına tikiliyə azyaşlı övladları ilə birlikdə köçüb yaşaya bilər. Göründüyü kimi cavabdehlərlə bərabər iddiaçının da mübahisə predmeti olan özbaşına tikili ilə bağlı mülkiyyət və qanuni sahibliyi olmadığına görə hazırki iddia tələbi üzrə birinci instansiya məhkəməsinin ərazi aidiyyəti qaydalarına əməl edilməməsi əsasına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılması əsassızdır və Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsi hazırki iddia tələbinə münasibətdə tətbiq edilə bilməz, həmin maddənin təsir dairəsinə düşmür. Çünki subyektlər nə mülkiyyətçi nə də qanuni sahibdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad etməsinə baxmayaraq həmin prosessual normanın 01.10.2021ci ilədək qüvvədə olan məzmununu qeyd etmiş və həmin məzmunu əsas gətirmişdir. Göründüyü kimi məhkəmə prosessual normaya o qədər formal və səthi yanaşmışdır ki, hətta normanın hazırki qüvvədə olan məzmununa istinad etməməklə, yeni məzmuna baxmamaqla, normanı düzgün tətbiqini etməməmiş və maddi normaları pozaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmış və beləliklə kobud pozuntuya yol vermişdir. Halbuki Azərbaycan Respublikası MPM-nə bir sıra dəyişikliklər edilmiş və həmin dəyişikliklər 01.10.2021-ci il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə edilən dəyişiklikdən sonra yeni məzmun məhkəmənin qərardadında əks olunmamışdır. Məhkəmə istinad etdiyi qanun normasının məzmununu belə düzgün yazmadığı üçün kobud səhvə yol vermiş və buna görə də səhv nəticəyə gəlmişdir. Məhkəmənin mübaisəli qərardadında istinad etdiyi Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin həmin məzmunu hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin tətbiqində səhvə yol vermişdir, həmin maddənin tələblərini pozmuşdur. Məhkəmə ərazi aidiyyəti əsası ilə bağlı prosessual normanın müddəasına istinad etsə də, həmin normanın tətbiqini əsaslandırmamış, həmçinin bu nəticəyə gələrkən iddiaçının cavabdehlərə qarşı iddia tələbinin qanuni sənədli evə köçürülmə barədə iddia sənədsiz və heç bir sənədi olmayan özbaşına tikiliyə köçürülmə barədə iddia tələbinin olmasını nəzərə almamışdır. Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələblərini pozmuş, həmin normanın təbiqində səhvə yol vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, hazırkı iddia tələbi MPM-nin 39.1-ci maddəsinin təsir dairəsində olmaqla, qeyd olunan iddia tələbi üzrə mülki işə cavabdehin qeydiyyatda olduğu yer üzrə yox, əmlakın olduğu yer üzrə baxılmalıdır Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə kollegiyası şikayətə münasibətdə qeyd edir ki, iddiaçının köçürülmək istədiyi tikilinin özbaşına tikili olması hazıkı iddianın MPM-nin 39.1-ci maddəsinin təsir dairəsinə düşməməsi kimi qiymətləndirmək düzgün deyil. Belə ki, sözügedən maddə özbaşına tikililəri istisna etmir, həmçinin yalnız xüsusi mülkiyyəti də nəzərdə tutmur. Həmin müddəa ümumilikdə daşınmaz əşyaları nəzərdə tutduğundan hazırki iddia da məhz daşınmaz əmlakın olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2698/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2698/2022
16.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver