Məhkəmə qərarları › İş №2(103)-2699/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2699/2022

13.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2699/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7807/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasındakı 06 noyabr 2019-cu ildə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçı ilə qohumluğu çatır, cavabdehin valideynləri iddiaçının anası ilə aralarında onların nikaha daxil olması ilə bağlı razılığa gəlmişlər. iddiaçı cavabdeh ilə 06 noyabr 2019-cu il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Onların arasında nikah bağlanmasına baxmayaraq, toyları olmamış, birgə ər-arvad kimi yaşamamışlar. Cavabdeh tərəfindən nikah ailə qurmaq niyyəti ilə bağlanmamışdır. O, iddiaçının atası İsraildə yaşadığı üçün onun nikaha daxil olmuş, onun əsl məqsədi iddiaçının atasının hesabına İsrailə köçüb orada yaşamaq olmuşdur. Onların arasındakı nikah formal xarakter daşıyır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7807/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan 06 noyabr 2019-cu il tarixdə nikah bağlanmasına baxmayaraq, toyları olmamış, cavabdehlə birgə ər-arvad kimi yaşamamış, bir sözlə ər-arvad münasibətlərində olmamışdır. Cavabdeh tərəfindən nikah ailə qurmaq niyyəti ilə bağlanmamışdır, sonradan onlar məlum olmuşdur ki, atası İsraildə yaşadığından nikaha daxil olub və onun atasının hesabına İsrailə köçüb orada oturum alıb yaşamaq olmuşdur. Çox güman ki, sonra da, aralarında münasibətin kəsilməyi ilə nəticələnəcəkdir. Onun cavabdehlə nə niyyəti, nə arzusu, nə də istəyi var idi. Hətta valideynim (anasının) tərəfindən məcburiyyət də olmuşdur. Cavabdehlə ailə qurmağma hətta atam da razı deyildir, atam İzrayılda yaşadığından, aramızda belə vəziyyətin yaranmasından xəbəri yox idi, bildikdən sonra əvvək i öz fikrində qalmışdır və cavabdehlə mənim ailə qurmasına tərəfdarı heç vaxt olmamışdır. Bundan başqa, cavabdehin onunla toy eləmək niyyəti olmamış, əgər olsa idi 2019-cu ildən indiyə qədər edərdi. Bir sözlə aldanılmışdır. Cavabdehlə formal nikahın bağlanmasından artıq 2-ci ilə yaxınlaşır və o, nikahın çətinliklərini çəkir. Çünki, yaxın gələcək üçün ailə qurmaq istəyir və Cavabdeh ilə formal xarakter daşıyan nikah olduğundan, gələcəkdə əri ilə rəsmi nikaha daxil ola bilmir. Bundan başqa əgər aralarında nikah pozulsa, onda gələcək əri ilə ikinci nikahı olacaq və bu da, həm gələcək ərinin qarşısında problemlər yaşamayacaq, həm də onun valideynlərinin qarşısında. Odur ki, Cavabdeh ilə aralarında olan nikahın etibarsızlığı ona kömək olar. Nikahın etibarsızlığı ilə bağlı rəsmi ərizə ilə Mediyasiya şurasına müraciət olundu, cavabdehlə ora çağırıldı və orada qarşılıqlı razılaşmaya gəlindi, cavabdeh onun irəli sürdüyü tələbi qəbul etdi və nikahın etibarsız hesab edilməsinə razılıq verdi. Lakin birinci instansiya məhkəməsinin hakimi araşdırma aparılmasına baxmayaraq, məhkəmə iclasında cavabdehin iddianın etiraf etməsi və nikahın bağlanmasının səbəbi xarici ölkəyə getməsi faktının təsdiq etməsinə baxmayaraq əsassız olaraq iddianı təmin etməmişdir. Qeyd edildiyi kimi, cavabdeh onu aldadaraq nikaha daxil olmuşdur. Lakin onun niyyəti ailə qurmaq olmamışdır. Belə ki, bu günə kimi onların ümumiyyətlə toyu olmamış və ər-arvad kimi heç vaxt yaşamamışlar. Birinci instansiya məhkəməsi isə bu hallara qiymət verməmiş, eyni zamanda cavabdehin iddianın etiraf etməsini qanunvericiliyin tələblərinin pozulması kimi qeyd etmiş, lakin hansı qanunun pozulduğunu izah etməmişdir. Göründüyü kimi məhkəmə qətnamədə qeyd etdiyi maddi hüquq normaları göstərsə də həmin maddi-hüquq normaların pozulmasının əsasını göstərməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdehlə anasının istəyi ilə nişanlanmışdır. 2019-cu ildə nikahları olmuşdur, sonradan pandemiya olduğundan toyları baş tutmamışdır. Bu müddət ərzində məlum olmuşdur ki, atası İsraildə yaşadığı üçün cavabdeh İsrailə köçmək məqsədi ilə onunla evlənmişdir. Nişan dövründə isə aralarında bu barədə söhbət olmamışdır. Pandemiya vaxtı cavabdehin əsl niyyəti bəlli olmuşdur. Bundan sonra isə nikahın etibarsızlığı barədə qarşılıqlı razılığa gəlmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlilləri ilə razı olduğunu bildirməklə bu barədə yazılı ərizəni təqdim edərək izahatında həmçinin göstərdi ki, iddiaçının dəlilləri ilə razıdır, belə ki, İsrailə köçmək üçün iddiaçı ilə evlənmişdir. İddiaçı bunu bilmirdi, bu onun şəxsi fikri idi. İddiaçı elə zənn edirdi ki onu sevdiyi üçün evlənmişdir. Lakin nikahdan sonrakı müddət ərzində iddiaçı onun əsl niyyətini bilmişdir. Həmçinin qeyd etmək istəyir ki, iddiaçının onunla razı olacağını və İsrailə gələcəyini düşünürdü. İddiaçının atası İsraildə yaşayır, nikahlarından 1 il sonra səfirlik onlara viza verə bilərdi. İddiaçı özü yəhudi əsilli olmaqla onunla qohumdur. Həyat şəraitini düzəltmək üçün İsrailə getmək istəyirdi, sonradan isə ailəsinə kömək edəcəkdi. Bununla belə iddiaçı da razı olsa idi onunla İsrailə gedəcəkdi və ailə kimi yaşayacaqdılar. Düşünürdü ki, iddiaçı ilə aralarında sevgi də yaranacaqdı və boşanıb-boşanmayacağını düşünmürdü, əsas məqsədi İsrailə getmək idi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh 06 noyabr 2019-cu il tarixdə nikahlarını bağlamışlar. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 06 noyabr 2019-cu il tarixli AZ-İİ 368481 seriya nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində çıxış edən iddiaçının anası X1 öz izahatlarında bildirmişdir ki, iddiaçı və cavabdehi onlar tanış etmişlər. Onlar qohum olmuşlar. 2019-cu ildə iddiaçı cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Pandemiya ilə bağlı olaraq onların toyunu edə bilməmişlər. Sonradan onlar cavabdehin əsl məqsədinin evlənmək olmadığını, İsrailə gedib orada yaşamaq istədiyinə görə nikaha daxil olduğunu öyrənmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİ bəndinə əsasən, nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır və etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Hazırda iddiaçı nikahın bağlanmasına könüllü razılığının olmadığını, valideynləri tərəfindən tanış edildiklərini qeyd etmişdir. Birinci instansiya məhkəməsi izahatlara əsasən müəyyən etmişdir ki, tərəflər könüllü olaraq nikaha daxil olmuş, daha sonra aralarında müəyyən anlaşılmazlıqlar yaşandığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehin iddianı etiraf etməsinə münasibətdə hesab etmişdir ki, iddianın etirafı qəbul edilə bilməz. Belə ki, məhz bu halda iddianın etirafı qanunvericiliyin tələbləri pozularaq iddianın təmin edilməsi barədə qərar çıxmasına yönəlmişdir. Odur ki, qanunvericiliklə nəzərdə tutulan nikahın etibarsızlığı üçün müəyyən edilmiş halların hazırkı iş üzrə mövcud olmadığından birinci instansiya məhkəməsi iddianın təmin edilməsini mümkünsüz hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh iddiaçı ilə nikah bağlamasında məqsədinin İsrailə köçmək olmasını qeyd etsə də apellyasiya baxışı zamanı izahatında bildirmişdir ki, həyat şəraitini düzəltmək üçün İsrailə getmək istəyirdi, sonradan isə ailəsinə kömək edəcəkdi. Bununla belə iddiaçı da razı olsa idi onunla İsrailə gedəcəkdi və ailə kimi yaşayacaqdılar. Göründüyü kimi cavabdehin izahatı ilə müəyyən edilir ki, nəhayətində cavabdehin iddiaçı ilə ailə kimi yaşamaq niyyəti olmuşdur və belə olan halda tərəflərin formal olaraq başqa məqsədlə nikaha daxil olması müəyyən edilməmişdir. Bu baxımdan tərəflər arasında bağlanmış nikahın etibarsızlığı üçün əsasların olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7807/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar