Məhkəmə qərarları › İş №2(103)-2699/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2699/2025

02.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2699/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Ofeliya Rəhimovanın iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinin müddətsiz sayılması və əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-202/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Diaqnostika və monitorinq mərkəzinin Yol elektrik laboratoriyasının mühəndisi vəzifəsində işləyib. Həmin departamentinin rəisinin xx.xx.2023-cü il tarixli əmri ilə əmr edilib ki, iddiaçının ştatı ixtisar olunduğuna görə, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilsin. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, onunla bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilsin, 2022-ci ilin dekabr və 2023-cü ilin fevral aylarında işdə olduğu günlərə görə iddiaçıya ödənilməyən əmək haqqı ödənilsin. 3.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 6.Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Ofeliya Rəhimova apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.İşə bundan əvvəl bir dəfə apellyasiya qaydasında baxılmış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmuş, lakin həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. 8.Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunub ki, xx.xx.2023-cü ildə qeydiyyata alınmış "xxxx" QSC-nin İnfrastruktur Departamentinin ştat cədvəlinə (cild 1, iş v. 49-53) əsasən, həmin departamentin Diaqnostika və monitorinq mərkəzinin Laboratoriyasında 1 yol üzrə aparıcı mühəndis, 2 elektrik təchizatı üzrə aparıcı mühəndis, 1 rabitə və işarəetmə üzrə aparıcı mühəndis, 1 rabitə və işarəetmə üzrə mühəndis, 4 elektrik təchizatı üzrə mühəndis vəzifələri mövcuddur. xx.xx.2022-ci ildə qeydiyyata alınmış "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Diaqnostika və monitorinq mərkəzinin ştat cədvəlinə (cild 1, iş v. 211-212) əsasən, həmin mərkəzin X1 ixtisasları göstərilməməklə ümumilikdə 5 mühəndis vəzifəsi mövcud olmuşdur. Kassasiya instansiyası məhkəməsi əvvəlki və yeni ştat cədvəllərini müqayisə etdikdən sonra qeyd edib ki, iddiaçının işlədiyi iş yerində əvvəl 5 mühəndis ştat vahidi (ixtisaslaşma olmadan) mövcud olduğu halda, xx.xx.2023-cü il tarixli ştat cədvəli ilə mühəndis ştatları arasında ixtisaslaşma aparılmaqla, ümumi ştatların sayı 9-a çatdırılmışdır. Yəni iddiaçının tutduğu ştat (sadə mühəndis) yeni ştatı cədvəlində qeyd olunmasa da, faktiki olaraq mühəndis ştatlarının sayında ixtisar deyil, artım olmuşdur. Kassasiya instansiyası məhkəməsi daha sonra qeyd edib ki, ştat cədvəlində bir adla müəyyən olunan vəzifənin çıxarılması, lakin eyni funksiyaları həyata keçirən ştatların başqa adla əlavə edilməsi (saxlanılması) ixtisarın real olmamasının göstərcisidir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi mühəndis ştatlarının sayında ixtisar deyil, artım olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 9.Bundan başqa, kassasiya instansiyası məhkəməsi qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tutduğu vəzifə üzrə funksiyalarının nədən ibarət olmasını, işəgötürənin fəaliyyəti üçün həmin funksiyaların hazırda da zərurətin qalmasını, yeni ştat cədvəlində bu funksiyaları həyata keçirən başqa vəzifələrin mövcud olub-olmamasını araşdırmamış və iddiaçının tutduğu ştatın ixtisarının real olub-olmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh bu halların araşdırılması üçün zəruri olan sübutları təqdim etmədiyinə görə, hesab olunur ki, iddiaçının tutduğu vəzifə üzrə funksiyalara zərurət aradan qalxmayıb, bu isə onu təsdiq edir ki, ştat ixtisarı real olmayıb. 10.Beləliklə, ştatın ixtisarı real olmadığına görə, iddiaçı ilə bağlanamış əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsas mövcud olmayıb. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv olunmalı, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. 11.İddiaçının əmək müqaviləsi müddətsiz hesab olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. İddiaçının əmək müqaviləsi 1 il müddətinə bağlanıb (cild 1, iş v. 142). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli qərarında qeyd olunub: “İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar”. İddiaçının əmək kitabçasından (cild 1, iş v. 11-13) görünür ki, o, xx.xx.2011-ci ildən etibarən "xxxx" QSC-də müxtəlif struktur bölmələrdə mühəndis vəzifəsində işləyib, bu müddətdə 3 dəfə əmək müqaviləsi ləğv edilsə də, ləğvlərin əsası işçinin təşəbbüsü olub, o cümlədən 1-ci ləğvdən 1 iş günü sonra, 2-ci ləğvdən 1 iş günü sonra, 3-cü ləğvdən 1 iş günü sonra iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanıb. 2011-2023cü illərdə, yəni 12 il ərzində tərəflərin arasında mövcud olan münasibətlərin həqiqi xarakteri (bu müddət ərzində əmək müqaviləsinin bir dəfə də olsun müddətin bitməsinə görə ləğv edilməməsi) onu təsdiq edir ki, onların heç birinin müddətli əmək münasibətində olmaq niyyəti olmayıb, əmək müqaviləsinin müddətli bağlanması formal xarakter daşıyıb. Odur ki, Konstitusiya Məhkəməsinin şərhi və Əmək Məcəlləsinin 45-ci maddəsinin mənası əsas götürülməklə, əmək müqaviləsi müddətsiz hesab olunmalıdır. 12.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1000 nömrəli ekspert rəyinə görə, iddiaçının orta aylıq əmək haqqı nəzərə alınmaqla gündəlik əmək haqqının məbləği 2022-ci ilin dekabr ayı üzrə 23,25 manat, 2023-cü ilin fevral ayı üzrə 41,89 manat təşkil edir. İddiaçı bildirir ki, 2022-ci ilin dekabr ayında iş günlərində, 2023-cü ilin fevral ayında isə 3 iş günü istisna olmaqla qalan iş günlərində işdə olmasına baxmayaraq heç bir əsas olmadan onun iş günləri qeydə alınmayıb və həmin iş günlərinə görə əmək haqqı verilməyib. İddiaçı daha sonra bildirir ki, əgər həqiqətən işə gəlməmişdirsə, belə halda ona intizam tənbehi verilməli və ya əmək müqaviləsi ləğv edilməli idi, lakin bunların heç biri tətbiq edilməyib, çünki işdə olub. Cavabdeh 2022-ci ilin dekabr ayında və 2023-cü ilin fevral ayında işə gəlməməsinə görə iddiaçının barəsində hər hansı bir tədbir görüldüyünü təsdiq edən sübutu məhkəməyə təqdim etməyib. Məhkəmə həmçinin qeyd edir ki, işçinin işə gəlibgəlməməsi faktı mübahisəli vəziyyətlərdə digər işçilərin aktları ilə rəmiləşdirilə bilməz, belə vəziyyətdə işçinin özünün izahatı alınmalı və müvafiq əsas olduqda onun barəsində intizam tənbehi tətbiq edilməlidir. Lakin cavabdeh bunu etməyib. Ona görə də, hesab olunur ki, iddiaçı həmin aylardakı iş günlərində işdə olub, yalnız 2023-cü ilin fevral ayından 3 iş günü işdə olmayıb, bunu iddiaçının özü etiraf edir. Cavabdeh həmin aylardakı iş günlərinə görə hesablanmış əmək haqqının iddiaçıya tam ödənildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə görə, məhkəmə Əmək Məcəlləsinin 12 və 154-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, həmin aylarda əmək haqqı ödənilməyən iş günlərinə (fevral ayında 3 iş günü istisna olmaqla) görə əmək haqqı iddiaçıya ödənilməlidir. 13.Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-202/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə "xxxx" QSC İnfrastruktur Departamenti rəisinin xx.xx.2023-cü il tarixli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə - "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Diaqnostika və monitorinq mərkəzinin Yol elektrik laboratoriyasının mühəndisi vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. İddiaçı əmək müqaviləsi müddətsiz hesab olunsun. 2022-ci ilin dekabr ayında əmək haqqı ödənilməyən iş günlərinə görə hər iş günü üçün 23,25 manat əmək haqqı, 2023-cü ilin fevral ayında 3 iş günü istisna olmaqla əmək haqqı ödənilməyən iş günlərinə görə hər iş günü üçün 41,89 manat əmək haqqı "xxxx" QSC tərəfindən İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza xərci olan 150 manat "xxxx" QSC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar