Məhkəmə qərarları › İş №2(103)-270/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-270/2020

04.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-270/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2 və Cavabdeh5 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6174/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh6, Salamova (Əzizova) Səbinə Nizami qızı, Cavabdeh8 Nəsimi qızı, Cavabdeh9 oğlu, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9 Elna oğluna, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 (3-cü şəxslər X5 və Nəsimi rayon İcra Hakimiyyəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli 245 saylı sərəncamı ilə Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Azadlıq pr-ti ev 53 ünvanında yerləşməklə Cavabdeh1 mülkiyyətində olan sənəd üzrə ümumi sahəsi 74.4 kv.m-dən ibarət, faktiki olaraq 101.99 kv.m-dən ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının A blokunda 117.29 kv.m təmirli yaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 350 manat kirayə haqqı ilə və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya verilməklə həmin ərazidə MMC tərəfindən Nəsimi rayonu Azadlıq prospekti 53 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, ailə üzvləri Cavabdeh2, X6, Cavabdeh4 ilə birlikdə çıxarılmaqla həmin mənzilin boşaldılması, eyni şərtlərlə Nəsimi rayonu Azadlıq prospekti 57 ünvanında yerləşən mənzildən Cavabdeh5 mülkiyyətində olan faktiki ümumi sahəsi 122 kv.m-dən ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15 faiz əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasında hazrkı yaşayış sahəsinin həcmindən 15 faiz əlavə 140.30 kv.m təmirli yaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 400 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya verilməklə cavabdehlər Cavabdeh5 ailə üzvləri Cavabdeh6, X4, Cavabdeh8, Cavabdeh9 oğlu, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 ilə birlikdə Nəsimi rayonu Azadlıq prospekti 53 və 57 ünvanında yerləşən mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması, Cavabdeh1 mülkiyyətində olan Nəsimi rayonu, Azadlıq pr-ti 53 ünvanında yerləşən və Cavabdeh5 mülkiyyətində olan Nəsimi rayonu, Azadlıq pr-ti 57 ünvanında yerləşən qəzalı vəziyyətdə olan mənzillərin İddiaçı MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)- 6174/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh6, Salamova (Əzizova) Səbinə Nizami qızı, Cavabdeh8 Nəsimi qızı, Cavabdeh9 oğlu, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iddianın verilməsi üçün iddiaçının subyektiv hüququ olmamışdır. Belə ki, İddiaçı MMC ilə onun arasında hər hansı müqavilə olmadığından, onun tikinti işlərini həyata keçirməsi yalnız mülkiyyətçilərlə razılıq əldə etdikdən sonra yarandığından, digər şərtləri yalnız Nəsimi rayon İcra hakimiyyəti ilə birbaşa aralarında olan müqavilədən irəli gəldiyindən o, yalnız Nəsimi rayon icra hakimiyyətinə qarşı iddia qaldıra bilərdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh5, Cavabdeh7 (eyni zamanda digər cavabdehlər Cavabdeh11 və Cavabdeh12 qanuni təmsilçisi), Cavabdeh6, Cavabdeh8 Nəsimi qızı və Cavabdeh10 nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi və vəkili X7 isə apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlər və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın tam təmin edildiyini və apellyasiya şikayətinin cavabdehlər Cavabdeh5, Cavabdeh6, Salamova (Əzizova) Səbinə Nizami qızı, Cavabdeh8 Nəsimi qızı, Cavabdeh9 oğlu, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 tərəfindən verildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehlərə aid hissədə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 57 saylı evin mülkiyyətçisi Cavabdeh5dur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli Qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan və ətraf mühitə harmoniyasını itirmiş binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin daha da yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 27 12.2016-cı il tarixli 245 №-li Sərəncamı ilə Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması, rayonun Mirəli Qaşqay və Möhsün Sənanı küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Bununla bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx xxxxxx 2017-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən sözügedən ərazidə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini çoxdan başa vurmuş şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 15 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirlı abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 250-450 manat miqdarında aylıq kirayə haqqının verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı bildirir ki, onun tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərara, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 27 12.2016-cı il tarixli 245 №-li Sərəncama və sonuncu ilə bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə uyğun olaraq kifayət qədər işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti (85 mənzil mülkiyyətçisi ailə üzvləri ilə birlikdə) aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin cavabdehlər tərəfindən onlara edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, həmin sakinlər qeyri-real kompensasiyalarının verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların, iddiaçının müqavilə üzrə götürdüyü öhdəliyin icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən digər şəxslərin də hüquqları pozulmaqla davam edir. Belə ki, ünvan 1 ünvanının mülkiyyətçisi Cavabdeh5, onun yaşadığı mənzilin yerləşdiyi ünvanda yenidən tikiləcək yaşayış binasında yuxarıda qeyd olunan şərtlər əsasında, yəni hazırda yaşadığı mənzilin yaşayış sahəsindən 15% artıq yaşayış sahəsi verilməklə, mənzilin boşaldılması və daşınması üçün çəkiləcək xərclərin əvəzi olaraq 300 manat və yeni mənzil təhvil verilənədək müvəqqəti yaşayış sahəsi ilə təmin olunmaları üçün hər ay 350 manat kirayə haqqının verilməsi şərtlərini özündə əks etdirən «Qəzalı vəziyyətdə olan binanın sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə» dair müqavilə imzalanması, eyni zamanda qeyd olunan təminatlar əsasında ailə üzvləri ilə birlikdə yaşadığı mənzilin könüllü olaraq boşaldılması Cavabdeh5 təklif olunmasına baxmayaraq, sonuncu həmin müqaviləni imzalamaqdan və ailə üzvləri olan iş üzrə digər cavabdehlərlə birlikdə yaşadıqları mənzili boşaltmaqdan imtina edirlər. Halbuki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının xx xxxxxx 2016-cı il tarixdə tərtib etdikləri akta əsasən cavabdehlərin yaşadıqları həmin mənzil tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermədiyi, texniki cəhətdən qəzalı, istismar üçün təhlükəli olması müəyyən edilmişdir. Cavabdehlər tərəfindən yuxarıda qeyd olunan maneələrin yaradılması İddiaçı MMC-nin istər Nəsimi rayon İcra Hakimiyyəti qarşısında, istərsə də 85 mənzilin mülkiyyətçisi qarşısında götürdüyü öhdəliyi vaxtında yerinə yetirməsinə imkan vermir. Cavabdehlər Cavabdeh5, Cavabdeh6, Salamova (Əzizova) Səbinə Nizami qızı, Cavabdeh8 Nəsimi qızı, Cavabdeh9 oğlu, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 mö Cavabdeh5, Cavabdeh7 (eyni zamanda digər cavabdehlər Cavabdeh11 və Cavabdeh12 iddiaya etiraz edir və onların mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfındən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunda nəzərdə tutulmuş hallarda dövlət xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafızəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qeyd olunan maddə baxımından müdaxilənin mülkiyyət hüququnun pozuntusunu yaradıbyaratmadığını müəyyən etmək üçün aşağıdakı məsələlər qiymətləndirilməlidir: iş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ sayıla bilərmi; mülkiyyətə müdaxilə mövcuddurmu və əgər varsa belə müdaxilə qanunda nəzərdə tutulmuşdurmu; müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yəni cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazılığa nail olunması məqsədlərinə xidmət edirmi? Göstərilən yoxlama testinə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia təmin edildiyi halda mülkiyyət hüququna müdaxilə mövcuddur. Çünki mübahisəli sahə Cavabdeh5 mülkiyyətindədir, Konstitusiya və mülki qanunvericiliyə əsasən həmin hüququn müdafiəsinə dövlət tərəfindən təminat verilmişdir. Baxılan iş üzrə iddiaçı mübahisəli sahənin boşaldılıb ona təhvil verilməsi və əvəzində cavabdehə yeni tikiləcək binadan 140,30 kv.m təmirli yaşayış sahəsini verilməsini tələb edir. Beləliklə tələb edilən müdaxilənin yolverilən olması, yəni iddiaçının tələbinin təmin olunması üçün ilk növbədə buna icazə verən qanunvericılik aktı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda istinad olunan xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarında cavabdehin mülkiyyətində olan tikili qəzalı vəziyyətdə olduğu üçün mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə sökülərək yerində yeni binanın tikilməsi və mülkiyyətçilərin həmin binada müvafiq sahələrlə təmin edilməsi nəzərdə tutulmuşdur. Qərardan, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamından, habelə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısı ilə iddiaçı arasında bağlanmış müqavilənin tələblərindən də görünür ki, mübahisəli əmlakın sökülməsinə və cavabdehlərin köçürülməsinə yalnız qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərin və ya qanuni istifadəçilərlə qarşılıqlı razılıq əsasında müvafiq müqavilələr bağlandıqdan sonra yol verilir. Həmin akt və müqaviləyə əsasən iddiaçı müvafiq ərazidə yerləşən mülkiyyətçilərə söküntü ərazisində inşa ediləcək binalarda sökülən sahədən 15 faiz artıq sahəsi olan təmirli sahəsi ilə təmin etmək öhdəliyi daşıyır. Qeyd olunan aktlara (sənədlərə) əsasən mülkiyyətçilərin mülkiyyət hüquqlarına qarşılıqlı razılıq olmadan xitam verilməsi və əvəzləşdirilməsi müəyyən edilməmişdir. Həmçinin iş materiallarından göründüyü kimi mübahisəli əmlakın dövlət ehtiyacları üçün alınması barədə qanunvericiliyə uyğun hər hansı prosedura başlanmamışdır. Beləliklə, cavabdehin mülkiyyət hüququna iddia tələbində irəli sürülən şəkildə müdaxilə üçün qanuni əsas müəyyən edilmir, başqa sözlə belə müdaxilə qanunda nəzərdə tutulmamışdır. Belə olan vəziyyətdə iddiaçı tərəfindən cavabdehin mülkiyyət (əmlak) hüquqlarına müdaxilə ilə bağlı tələb əsassızdır və təmin oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti vermiş cavabdehlərə aid hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh5, Cavabdeh6, Salamova (Əzizova) Səbinə Nizami qızı, Cavabdeh8 Nəsimi qızı, Cavabdeh9 oğlu, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6174/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni Nəsimi rayonu Azadlıq prospekti 57 ünvanında yerləşən mənzildən Cavabdeh5 mülkiyyətində olan faktiki ümumi sahəsi 122 kv.m-dən ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15 faiz əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasında hazırkı yaşayış sahəsinin həcmindən 15 faiz əlavə 140,30 kv.m təmirli yaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 400 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya verilməklə cavabdehlər Cavabdeh5 ailə üzvləri Cavabdeh6, X4, Cavabdeh8, Cavabdeh9 oğlu, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 ilə birlikdə Nəsimi rayonu Azadlıq prospekti 57 ünvanında yerləşən mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması, Cavabdeh5 mülkiyyətində olan Nəsimi rayonu Azadlıq prospekti 57 ünvanında yerləşən qəzalı vəziyyətdə olan mənzilin İddiaçı MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar