Məhkəmə qərarları › İş №2(103)-2701/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2701/2022

17.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2701/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(001)- 1774/2022 nömrəli qərardadından iddiaçının verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və ona məxsus əşyaların Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi 11 saylı yaşayış binasının 41 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılması və ona təhvil verilməsi, eləcə də, vurulmuş mənəvi zərərin əvəzi kimi 7000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(001)- 1774/2022 nömrəli qərardadına əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin qeyd edilən qərardadından iddiaçının nümayəndəsi və vəkili şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadını əsaslandırarkən irəli sürdüyü birinci dəlil ondan ibarət olmuşdur ki, cavabdehin rəsmi qeydiyyata alındığı yer Astara rayonunun Kakalos kəndi olduğu halda iddia Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsində nəzərdə tutulmuş cavabdehin olduğu yerə görə deyil, həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyat qaydalarına uyğun daşınmaz əşyanın olduğu yerə görə verilmişdir. Məhkəmənin ikinci dəlili ondan ibarət olmuşdur ki, dövlət rüsumunun ödənilməsinə dair qəbzdə rüsumun X1 tərəfindən ödənildiyi görünür. Halbuki hazırkı ərizə üzrə İddiaçıdır. Hakimin bu dəlilindən belə çıxmışdır ki, dövlət rüsumu şəxsən iddiaçı tərəfindən ödənilməlidir, digər şəxsin iddiaçının əvəzindən dövlət rüsumunu ödəməsi prosessual baxımdan yolverilməz olmaqla, qanunsuzdur. Əvvəla, dövlət rüsumunun iddiaçının şəxsən özü tərəfindən ödənilməli olması barədə hər hansı imperativ xarakterli qanuni göstəriş mövcud deyildir və belə bir göstərişin mövcudluğuna hüquqi lüzum da yoxdur. Digər tərəfdən qüvvədə olan mülki prosessual qanunvericilikdə dövlət rüsumunun iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən ödənilməsi iddia ərizəsinin qaytarılmasının hüquqi əsası kimi nəzərdə tutulmamışdır. Bundan əlavə hüquqi zərurət olmasa da bildirmək istəyirlər ki, qəbzdə adı qeyd edilmiş X1 iddiaçının doğma anası olmaqla, iddiaçının adından notarial qaydada ona verilmiş etibarnaməsi mövcuddur, həmin etibarnamə şikayətə əlavə edilir. Məhkəmənin üçüncü dəlili ondan ibarət olmuşdur ki, hazırkı iddia ərizəsinə yalnız ərizənin surəti əlavə edilməklə digər sübut əhəmiyyətli sənədlər bir nüsxədə əlavə edilmişdir. Bu zaman da məhkəmə nəzərə almamışdır ki, MPM-nin 150.1-ci maddəsi iddia ərizəsində göstərilən yazılı sübutların surətlərini işdə iştirak edən şəxslərin sayına görə iddia ərizəsinə əlavə edilən sənədlər siyahısında göstərsə də, həmin sənədlərin surətlərinin iddia ərizəsinə əlavə edilməməsi MPM-nin 152ci maddəsində iddia ərizəsinin qaytarılmasının hüquqi əsası kimi göstərilməmişdir. Ona görə də işə baxan hakim iddia ərizəsini qaytararkən subyektiv mülahizələrinə və MPM-nin digər maddələrinə deyil, məhz iddia ərizəsinin qaytarılmasının hüquqi əsaslarını təsbit edən 152-ci maddəsinə əsaslanmalı idi. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(001)- 1774/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi həmçinin, cavabdehin və ona məxsus əşyaların Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi 11 saylı yaşayış binasının 41 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılması və ona təhvil verilməsi ilə bağlıdır, belə olduğu halda iddia ərizəsi müstəsna aidiyyət qaydalarına əsasən daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.06.2021-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsi ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Göründüyü kimi, hazırkı iddia tələbi müstəsna aidiyyət qaydalarını tənzim edən hüquq normasının tələblərinə uyğun olaraq daşınmaz əşyanın olduğu yerə görə verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən dövlət rüsumunun ödənilməməsi və iddia ərizəsinə bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətlərinin əlavə edilməməsi barədə istinad etdiyi dəlili də əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. İddiaçının vəkili şikayətdə qeyd etmişdir ki, dövlət rüsumunu iddiaçının əvəzinə onun anası X1 ödəmişdir. Mülki prosessual qanunvericilikdə dövlət rüsumunun iddiaçının əvəzinə başqa şəxs tərəfindən ödənilməsinin yolverilməzliyi nəzərdə tutulmamışdır. Bundan əlavə iddia ərizəsində göstərilən yazılı sübutların surətlərini işdə iştirak edən şəxslərin sayına görə iddia ərizəsinə əlavə edilməməsi Mülki Prosesual Məcəllənin 152-ci maddəsində iddia ərizəsinin qaytarılmasının hüquqi əsası kimi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 167.1.2-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 70-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 70-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(001)- 1774/2022 nömrəli qərardadı ləğv edilsin və mülki iş baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar