Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2704/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 fevral 2024-cü il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) Nümayəndə, cavabdeh MTK-nın nümayəndəsi X3 və vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, vurulmuş maddi ziyanın əvəzi olaraq 3.893 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,93 manat məbləğində pulun cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MTK arasında xx.xx.2022-ci il tarixli, ÇP/4-22 saylı “Mənzilin alğı-satqısı barədə müqavilə” bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, "xxxx" olan MTK, özü tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən yaşayış kompleksinin 4-cü bina, 03-cü mərtəbəsində yerləşən, 12 saylı təmirsiz mənzilin tikintisini, 24 ay ərzində hazırkı müqavilə şərtlərinə uyğun olaraq tamamlayıb, “Sifarişçi” olan iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən mənzilin ümumi vahid dəyəri 72.108,50 manat müəyyən edilmişdir. Müqavilənin 2.5-ci maddəsinə əsasən, mənzilin ümumi dəyərinin 20.12 %, (yəni 14.508,50) manat hissəsi hazırkı müqavilə imzalandığı gün “Sifarişçi” tərəfindən ilkin ödəniş olaraq “İcraçının” bank hesabına ödənilməlidir. Mənzilin dəyərinin qalan 79.88 %-i - 57.600 manat hissəsi isə, "xxxx" ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən hazırki müqavilə bağlandıqdan sonra 15 gün müddətində və “Sifarişçiyə” həmin Bank tərəfindən ayrılmış vəsait hesabına ödənilməli idi. "xxxx" ASC və iddiaçı cavabdeh MTK qarşısında üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmiş, yuxarıda qeyd edilən məbləğləri MTK-ya ödəmişlər. Lakin, ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri cavabdeh MTK tərəfindən iddiaçıya təqdim edilməmiş və nəticədə ƏDV depozit hesabına köçürülməli olan ƏDV məbləği mənzilin ümumi dəyəri ilə birlikdə tam şəkildə cavabdeh MTK-nın bank hesabına köçürülmüşdür. İddiaçıya qaytarılmalı olan məbləğ (72.108,50 x 18% x 30% =) 3.893 manat təşkil edir. İddiaçı tərəfindən cavabdeh MTK-ya xx.xx.2023-cü il tarixli məktub göndərilərək, yaranmış uyğunsuzluqların aradan qaldırılması xahiş edilsə də, həmin müraciətin nəticəsi olmamışdır. Cavabdeh MTK-nın iddiaya etirazı onunla əsaslandırılmışdır ki, MTK, ƏDV-nin qaytarılmamasında maraqlı deyil. MTK, bundan heç nə qazanmır. Həmin dövrdə sistem işləmədiyindən elektron qaimə-faktura kəsmək mümkün olmamışdır. Bu halda MTK-nın heç bir təqsiri yoxdur. Həmçinin MTK, ƏDV qaytaran qurum deyil. Bu Vergilər Xidməti ilə vətəndaş arasında olan məsələdir. MTK-nın vahid hesabı olmuş və ora ödəniş edilməsi tələb edilmişdir. Əgər vətəndaş ƏDV qaytarılmasını istəyirdisə bunu bəyan etməli idi. MTK keçmiş tarixə elektron qaimə verə bilməz. Ümumiyyətlə MTK bu iş üzrə cavabdeh ola bilməz, Dövlət Vergi Xidməti cavabdeh olmalıdır. Belə ki, MTK, ƏDV-ni hər mənzil üzrə ayrı-ayrı deyil, ümumi dövriyyədən ödəyir. Bundan əlavə ƏDV ilə bağlı əməliyyatların elektron qaydada edilməsi yalnız bu ildən mümkün olmuşdur. Həmçinin həmin dövrdə iddiaçı vergi ödəyicisi olmadığından digər müqavilə öhdəlikləri üzrə kəsilən elektron qaimə də iddiaçıya verilə bilməzdi. Bu yalnız iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda mümkün ola bilərdi. Bankda tərəf ödəniş edərkən özü bu məsələni aydınlaşdırmalı idi, MTK alıcıya bunu izah etmək məcburiyyətində deyil və MTK-nın belə bir öhdəliyi yoxdur. MTK-ya ödəniş nağd olunmayıb və MTK bank vasitəsilə aldığı ödənişdən vergiləri və ƏDV-ni tam həcmdə ödəmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilən və tərəflər arasında mübahisə doğurmayan işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ÇP/4- 22 saylı “Mənzil alğı-satqısı barədə müqavilə” bağlanmış, iddiaçı tərəfindən mənzilin dəyəri cavabdehə ödənilmişdir. Ödəniş edilməsi üçün iddiaçıya qaimə fakturası təqdim edilməli olduğu və həmin qaimə fakturada alğı-satqı ilə bağlı ödənilmiş məbləğin ƏDV-si hesablanmalı olsa da, bu edilməmiş və nəticədə iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, yaşayış sahəsinin tam dəyərini (ƏDV daxil) satıcının bank hesabına ödəməyə məcbur olmuşdur. Bundan sonra iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 90 gün ərzində ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək və elektron kabinet yaradaraq, nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin 30%-nin qaytarılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və 12 saylı Ərazi Vergilər İdarəsinə müraciət etsə də, onun tərəfindən daşınmaz əmlakın tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi üçün ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Nəticədə iddiaçının nağdsız qaydada almış olduğu yaşayış sahəsinə görə ödədiyi ƏDV-nin 30%-i olan (72.108,50 x 18% x 30%=) 3.893 manat hissəsi ona qaytarılmamışdır. İddiaçı cavabdehə qarşı hazırki tələbi irəli sürərək hesab edir ki, ona vurulmuş maddi zərərin əvəzi olaraq 3.893 manat məbləğində pul cavabdehdən tutularaq onun xeyrinə ödənilməlidir. Cavabdeh isə hesab edir ki, iddiaçı ƏDV-nin qaytarılmalı olan hissəsini Dövlət Vergi Xidmətindən tələb etməlidir. İş materiallarından görünür ki, iddiaçı elektron kabinet vasitəsilə ƏDV-nin geri qaytarılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə xx.xx.2023-cü il və 12 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2023-cü il tarixlərdə müraciət etmiş və həmin müraciətlərə cavab olaraq ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasına” əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ƏDV-nin qaytarılması məqsədilə portalda (https://new.etaxes.aov.az/eportal/az/loain/) qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və müvafiq sənədləri skan edərək portala göndərir. Qeyd olunan qaydada müraciət edildikdən sonra qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Lakin iddiaçı inzibati orqanın bu imtina məktubu ilə kifayətlənərək ƏDV-nin bir hissəsinin geri qaytarıla bilməsinin artıq mümkün olmayacağı qənaətinə gəlmiş və cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmüşdür. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər (maddə 71.1.). Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (maddə 71.2.). Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət tabeçilik prinsipi əsasında qurulmasıdır. İPM-in 2.2.2-ci maddəsinə görə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-in 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Məhkəmə hesab edir ki, iddiaçı müraciəti lazımi qaydada edə bilməməsinin onun təqsiri ucbatından baş vermədiyinə əsaslanırsa, bununla bağlı dəlillərini inzibati mühakimə icraatı çərçivəsində inzibati orqana qarşı irəli sürə bilər. Odur ki, hazırki mübahisəyə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Rayon Məhkəməsi qeyd etmişdir ki, ƏDV-nin bir hissəsinin qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş zəncirin birinci halqası - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə uyğun eqaimə faktura tərtib etməsidir. Tərəflər arasındakı müqavilə İnternet Vergi İdarəsində müvafiq portal yaradıldığı tarixdən sonra - xx.xx.2022-ci il tarixdə bağlansa da, cavabdeh üzərinə düşən öhdəlikləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra etməmiş və nəticədə ƏDV-nin qaytarılması üçün nəzərdə tutulmuş sonrakı addımların atılması mümkün olmamışdır. Lakin Rayon Məhkəməsi mübahisənin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğunu nəzərə almamış, iddiaçının ƏDV-nin bir hissəsinin qaytarılması üçün inzibati orqanın imtinasını aldıqdan sonra, sonrakı addım olaraq müvafiq inzibati məhkəməyə müraciət edə biləcəyini iddiaçıya izah etməmişdir. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən tələb ilə mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki yaranmış mübahisə mülki hüquq münasibətlərindən deyil, publik hüquq münasibətlərindən yaranmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli Qərarına görə, məhkəmə aidiyyəti əsassız və qeyri-qanuni dəyişdirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 15.4-cü bəndində əks olunmuş hüquqi mövqeyə görə, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş ümumi məhkəmənin icraatına qəbul edilmişsə, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müraciət etmək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırki işin icraatının başlanmasına əsas olmuş iddia tələbinə (mülki icraat qaydasında) baxmaqla səhvə yol vermiş, məhkəmə aidiyyətini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.1-ci maddəsinin mənasına görə isə, iş məhkəmədə və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsi əsasında icraatı başlanılmış mülki iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinin mənasına görə isə, yuxarıda qeyd edilən hal apellyasiya icraatı zamanı aşkar edilərsə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-in 261, 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 fevral 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, o, mövcud mübahisə ilə bağlı inzibati orqana – müvafiq vergi orqanına qarşı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2704/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2704/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver