Məhkəmə qərarları › İş №2(103)-2705/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2705/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2705/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sənədlərin əslinin, möhürün, ştampın qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(005)-3529/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sənədlərin əslinin, möhürün, ştampın qaytarılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Abşeron rayon İK-nin 235 nömrəli, 25 oktyabr 1991-ci il tarixli qərarına əsasən yaradılmış «xxxx» (Layihətikinti) Kiçik Müəssisəsinin direktoru olmuş, 2000-ci ildə qardaşı Cavabdeh kiçik müəssisəni türklərə satacağını bildirərək kiçik müəssisəyə aid sənədləri ondan istəmiş, 15 may 2000-ci ildə «xxxx» Kiçik Müəssisəsinə aid 2 ədəd smeta kitabı, 1 ədəd baş xəritəni, 1 ədəd balans surətini, Əsasnamənin əslini, tikilmiş evlərin texniki pasportlarını (6 ədəd), möhür və ştampı, balans dəyəri barədə arayışın əslini, rayon üzrə torpağın aktların komplekt əslini, rayon üzrə xəritənin əslini, sərəncam, aktlar və qərarın əslini, smeta kitabının əslini (4 ədəd), 1991-ci ildən 1996-cı ilədək illər üzrə «xxxx» KVİ-nin sənədlərinin əslini Cavabdeh təhvil vermişdir. Bu barədə akt tərtib edilmişdir. Həmin sənədləri Allahverdiyev X3, X4 və X2 iştirakı ilə təhvil vermişdir. Lakin türklərə satma baş tutmamış, sonradan isə cavabdeh ondan aldığı həmin sənədləri müxtəlif bəhanələrlə qaytarmamışdır. Dəfələrlə ondan sənədləri qaytarmasını tələb etsə də, buna əhəmiyyət verməmiş və qeyri-qanuni olaraq kiçik müəssisəyə aid sənədlərin əslini özündə saxlamaqla cinayət törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(005)- 3529/2020 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olması, maddi hüquq normalarının pozulması, işin obyektiv araşdırılmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini əsassız sayaraq, izahatında iddia ərizəsində göstərilən sənədlərin iddiaçı tərəfindən ona verilməməsini, həmin sənədlərin onda olmamasını, hüquqi şəxsə aid sənədlərinin onda qalmasının məntiqsiz olmasını, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamasını, iddianın əsassız olmasını və s. göstərərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən iddiaçının müvafiq sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmış, qeyd etmişdir ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükünü, ilk öncə “xxxx” Kiçik Müəssisəsinin direktoru olması, yəni tələb etmə hüququnun ona məxsus olduğunu sübut etməli, digər tərəfdən MMC-yə məxsus sənədlərin cavabdehdə olmasını sübut edilməlidir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, MMC-yə məxsus sənədlərin cavabdehdə olmasını sübut edilməsi yükü iddiaçının üzərinə düşür. İddiaçı əlyazma ilə tərtib edilmiş sənədə istinad etsə də, həmin sənəd mötəbər dəlil kimi qəbul edilmə bilməz. Tərtib edilmiş sənəddə iddiaçının imzası əks olunmuş, Cavabdeh Məhərrəm oğlu tərəfindən qəbul edilməsi müəyyən olunmamışdır. İddiaçı həmin sənədlərin cavabdehdə olmasını əsaslandıra bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində göstərilən sənədlərin 2000-ci ildə cavabdehə verməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdeh də iddiaçının bildirdiklərini təsdiq etməmiş, ona hüquqi şəxsə aid iddia edilən sənədlərin verilməməsini göstəmişdir. İddiaçı sübut kimi birinci instansiya məhkəməsinə 15 may 2000-ci il tarixli sadə yazılı formada tərtib edilmiş siyahı təqdim etsə də, həmin sənəddən görünür ki, o iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib olunaraq imzalanmış, lakin sənəddə göstərilənlərin cavabdehə verilməsi, sonuncu tərəfindən qəbul edilməsi ilə bağlı hər hansı qeyd mövcud deyildir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi həmin siyahı iddianın əsaslı sayılması üçün yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, iddiaçı sənədlərin bir neçə şəxsin yanında cavabdehə verməsini göstərsə də, həmin şəxslərin adından sadə yazılı formada tərtib edilmiş ərizələrin həqiqiliyi müvafiq qaydada təsdiq olunmadığından, eləcə də özündə mübahisə ilə əlaqədar tam, hərtərəfli və obyektiv məlumat əks etdirmədiyindən iddia tələbinin qanuni həlli baxımından mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin qeyd edilməldir ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göründüyü kimi, iddiaçı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübutlar təqdim etməklə, tələbini əsaslandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürülmüş tələbin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «sənədlərin əslinin, möhürün, ştampın qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(005)-3529/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(005)-3529/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar