Məhkəmə qərarları › İş №2(103)-2705/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2705/2022

16.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2705/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə) mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6608/2021 nömrəli, 10 fevral 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən binanın B blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 48 saylı mənzili ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 2 ünvanında inşa edilən binanın B blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan, 4 otaqlı, 48 saylı mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi 04.10.2021-ci il tarixində cavabdehin nümayəndəsi, Vəkil elektron kabinetinə yerləşdirilməklə çatdırılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra 12 noyabr 2021-ci il tarixində icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə yönəldilmiş və icra məmuru A.Əhmədov tərəfindən 17.11.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdehin nümayəndəsi-vəkili elektron kabineti vasitəsi ilə Binəqədi Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qətnaməsindən 07.12.2021-ci il tarixində apellyasiya şikayəti vermişdir. Onun 07.12.2021-ci il tarixdə daxil olmuş apellyasiya şikayəti Binəqədi Rayon Məhkəməsinin 13.12.2021-ci il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Apellyasiya şikayətinin qaytarılmasına səbəb şikayətin prosessual müddət ötürüldükdən sonra verilməsi və qanunvericilikdə nəzərdə tutulmuş formada tərtib (təqdim) edilməməsi olmuşdur. Həmin qərardad 13.12.2021-ci il tarixində Cavabdeh MMC-nin elektron kabinetinə yerləşdirilmiş və 14.12.2021-ci il tarixində MMC tərəfindən oxunmuşdur. Cavabdehin nümayəndəsi-Vəkil 31.01.2022-ci il tarixində elektron qaydada apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, tərəfindən verilmiş ilk apellyasiya şikayəti Mülki Prosessual Məcəllədə edilmiş dəyişikliyə uyğun formada verilmədiyi üçün geri qaytarılmışdır. Eyni zamanda şikayət üçün müddətin ötürüldüyü də müəyyən edilmişdir. Halbuki, həmin dəyişikliklər 01.10.2021-ci il tarixindən qüvvəyə mindiyindən hazırki iş üzrə icraata köhnə qaydalar tətbiq olunmalıdır. Köhnə qaydalar ilə şikayətin formasına dair xüsusi tələb yoxdur. Eyni zamanda məlumat mübadiləsi (qətnamə, bildirişin çatdırlması və s.) ilə bağlı elektron məcburiyyətdə nəzərdə tutulmamışdır. Sənədlər poçt vasitəsi ilə tərəflərə çatdırılmalı idi. Bundan başqa apellyasiya şikayəti vaxtında hazırlanaraq, elektron qaydada göndərilmişdir. Lakin görünən odur ki, həmin dövrdə elektron sistemdə baş verən çatışmazlıqlar üzərindən şikayət məhkəməyə çatmamışdır. Belə ki, çatışmazlıqlar üzərində davamlı təkmilləşdirilmələr aparılmaqdadır. Bununla bağlı ictimaiyyətdə xəbərlər, məlumatlar mövcuddur. Beləliklə onlardan asılı olmayan səbəblərdən şikayəti vaxtında göndərə bilməmişlər. Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadına əsasən Məhkəmənin 29.09.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməmiş, verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi-vəkil şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən apellyasiya şikayəti vaxtında hazırlanaraq MPMin verdiyi hüquqlardan istifadə edərək elektron qaydada şikayəti göndərmişlər. Lakin görünən odur ki, həmin dövrdə elektron sistemdə baş verən çatışmazlıqlardan şikayət məhkəməyə çatmamışdır. Belə ki, həmin çatışmazlıqlar üzərində davamlı təkmilləşmələr aparılmaqdadır. Bununla bağlı ictimaiyyətdə də xəbərlər, məlumatlar mövcuddur. Beləliklə onlardan asılı olmayan səbəblərdən şikayəti vaxtında göndərə bilməmişlər. Lakin məhkəmə bu halları üzrlü səbəb kimi nəzərə almamışdır. Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qətnaməsi 04.10.2021-ci il tarixində cavabdehin nümayəndəsi-vəkili Vəkil elektron kabineti yerləşdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı üçün icraya yönəldilmiş, cavabdehin nümayəndəsi-vəkili isə 2 aydan sonra həmin qətnamədən verdiyi apellyasiya şikayətini məhkəməyə təqdim etməklə müddəti ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Prosessual qanunvericilik apellyasiya şikayətinin verilməsi müddətinin başlanğıcını qətnamənin rəsmi qaydada verildiyi vaxtdan müəyyən edir və şikayətin nöqsanlı tərtib edilməsi məsuliyyətini isə tərəflərin üzərinə qoyur. Həmçinin, prosessual qanunvericilik üzrlü ötürülən müddətin bərpası imkanını da müəyyən etmişdir. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Cavabdehin nümayəndəsi, vəkil mülki prosessual qanunvericiliyə əsaslanmaqla vaxtında elektron qaydada məhkəməyə apellyasiya şikayəti verdiyini, lakin sistemdə olan çatışmazlıqlar nəticəsində şikayətin vaxtında məhkəməyə çatdırılmadığını bildirsə də, öz mövqeyini əsaslandıra bilməmiş və qeyd etdiklərinə dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, məhkəmə sənədlərinin poçt vasitəsilə çatdırılmaması da müddətin ötürülməsi üçün üzrlü səbəb hesab ola bilməz. Çünki məhkəmə sənədinin işdə iştirak edən şəxsin elektron kabinetinə yerləşdirilməsi, həmin sənədin ona rəsmi qaydada təqdim edilməsi hesab olunur. Belə ki, Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsində qeyd edilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən isə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə qeyd olunanlara əsaslanaraq Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və mübahisələndirilən qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6608/2021 nömrəli, 10 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar