Məhkəmə qərarları › İş №2(103)-2710/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2710/2021

22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2710/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X22 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.08.2020-ci il tarixli, 2(005)- 2214/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 yanvar 2007-ci il təvəllüdlü X1 və 05 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 2020-ci ilin yanvar ayından başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsinin alınması və cavabdehi uşaqların müalicəsinə və digər əlavə xərclərdə iştiraka cəlb edərək hər ay ondan 500 manat sabit pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə əsasən uşaqların müalicəsinə və digər əlavə xərclərdə iştiraka cəlb edilərək, hər ay cavabdehdən 500 manat sabit pul məbləğinin tutulması hissəsində iddia tələbindən imtina etdiyini bildirmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi məhkəmə iclasında digər ərizə ilə müraciət edərək alimentin sabit pul məbləğində ödənilməsindən imtina etdiyini, aliment məbləğinin yalnız cavabdehin əmək haqqının və digər gəlir və qazancının 1/3 hissəsi miqdarında tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 25 noyabr 2005-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan 3 uşaqları - 25.01.2007-ci il təvəllüdlü X7, 05.01.2013-cü il təvəllüdlü X8 və 15.07.2016-cı il təvəllüdlü X9 anadan olmuşlar. Abşeron rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli 2(012)-7743/2017 nömrəli qətnaməsi ilə cavabdehlə arasındakı nikah pozulmuş, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 136.60 manat, cəmi 409.80 manat sabit pul məbləğində aliment və azyaşlı oğlunun 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermiş, Məhkəmənin 07 may 2018-ci il tarixli 2(105)- 1735/2018 nömrəli qətnaməsi ilə Abşeron rayon məhkəməsinin qərarının ləğv edilməsi, azyaşlı uşaqların iddiaçının yanında qalmaları, uşaqların yetkinlik yaşınadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat alimentin tutularaq ona verilməsi barədə qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin məlum qətnaməsindən kassasiya şikayəti vermək istəyərkən cavabdehdən bu qətnamədən şikayət verməmək, gələcəkdə ona qarşı heç bir əmlak iddiası tələbi irəli sürməmək müqabilində ona 150 000 (yüz əlli min) manat pul, uşaqlara da hər ay təyin olunmuş alimentdən əlavə pul verəcəyi, əlil azyaşlı oğlunun müalicə xərclərində iştirak edəcəyi barədə təklif daxil olmuşdur. İddiaçı 3 azyaşlı uşaqları ilə birlikdə evsiz- eşiksiz, kirayədə qaldığını, məhkəmə proseslərinin uzun çəkəcəyini və başqa amilləri nəzərə alaraq cavabdehin təklifi ilə razı olmuş və nəticədə 17 avqust 2018-ci il tarixdə onların arasında barışıq sazişi imzalanmışdır ki, bu da Xaçmaz rayon məhkəməsinin 2(067)- 287/2018 saylı qərardadı ilə təsdiq edilmişdir. Cavabdeh rəsmi ödəniləcək alimentdən əlavə uşaqların saxlanması üçün pul ödəyəcəyi və əlil oğullarının müalicəsinə daim maddi yardım edəcəyi barədə şifahi verdiyi vədə xilaf çıxaraq, dediklərinin heç birinə əməl etməmişdir. Aralarındakı nikah pozulduqdan sonra Cavabdeh uşaqların necə yaşamaları, müalicə olunmaları və başqa qayğıları ilə bir dəfə də olsun, maraqlanmamışdır. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba X6 həkim-cərrah vəzifəsində işləyir. 2020- ci ilin yanvar ayından onun işlədiyi tibb müəssisəsində icbari sığorta tətbiq olunduğundan onun aylıq əməkhaqqı da (gəliri, qazancı) artmışdır. Ona görə də müvafiq qətnamə çıxarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.08.2020-ci il tarixli, 2(005)- 2214/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(105)-1735/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh 25.01.2007-ci il təvəllüdlü X1 və 05.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ümumi olaraq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bu qətnamədən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərar qəbul edərkən yalnız iddiaçının ərizəsinə və verdiyi sənədlərə istinad etmişdir. Hansı ki, onun da predmetlə bağlı sübutları olmuşdur. Lakin məhkəmə ona həmin sübutları təqdim etməyə imkan yaratmamışdır. Məhkəmə iclasının bir tərəfli aparılması qanuna ziddir. Həmçinin məhkəmə iclasının bildirişinin ona gəlib çatmaması da məhkəmədə iştirak hüququnu pozmuş və müdafiəsini qura bilməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən tərəflərin məhkəmədə iştirakının təmin olunmaması kobud pozuntudur. Göstərilənləri nəzərə alaraq, mübahisələndirilən qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddiaçı ilə mübahisənin barışıq yolu ilə həll oluna biləcəyini qeyd edərək, barışıq üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən tərəflərə barışıq üçün vaxt verilsə də, tərəflər arasında barışıq əldə olunması barədə məhkəməyə məlumat verilməmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 17 avqust 2018-ci ildə 147 saylı Xaçmaz rayon qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 25 yanvar 2007-cü ildə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 25 yanvar 2013-cü ildə anadan olmuşdur. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15 iyul 2016-cı ildə anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(105)-1735/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-7743/2017 saylı, 11 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, 14 oktyabr 2006-cı il tarixdə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin nikahından doğulmuş azyaşlı uşaqların X4 yanında qalmaları, 25.01.2007-ci il təvəllüdlü X1 və 05.01.2013-cü il təvəllüdlü X2 və 15 iyul 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 110 manat cəmi 330 manat tutularaq ona verilməsi barədə qətnamə qəbul etmişdir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X21 X11 tərəfindən məhkəməyə ünvalanmış 24.07.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Quba X11 publik hüquqi şəxsin Cərahiyyə şöbəsində həkim ümumi cərrah vəzifəsində 02.11.2010-cu ildən işləyir və hal-hazırda onun əmək haqqı 440 manat təşkil edir. İş materiallarında olan sübutlarla və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadə ilə müəyyən edilmişdir ki, tərəflər arasındakı nikah 17 avqust 2018-ci ildə pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli 2(012)-7743/2017 nömrəli qətnaməsilə uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 136.60 manat, cəmi 409.80 manat sabit pul məbləğində aliment və azyaşlı oğlunun 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(105)-1735/2018 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-7743/2017 saylı, 11 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, 14 oktyabr 2006-cı il tarixdə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin nikahından doğulmuş azyaşlı uşaqların X4 yanında qalmaları, 25.01.2007-ci il təvəllüdlü X1 və 05.01.2013-cü il təvəllüdlü X2 və 15 iyul 2016cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 110 manat cəmi 330 manat tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh 02.11.2010-cu ildən Quba X11 publik hüquqi şəxsin Cərrahiyə şöbəsində həkim - ümumi cərrah vəzifəsində işləyir və hal-hazırda onun əmək haqqı 440 manat təşkil edir. Eyni zamanda iddiaçı Cavabdeh 25.01.2007-ci il təvəllüdlü X1 və 05.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ümumi olaraq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması hissəsində qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İddiaçı tərəf alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı əsas kimi cavabdehin işlədiyi tibb müəssisəsinin icbari sığorta əsasında fəaliyyətə başlaması ilə əlaqədar onun gəlirlərində dəyişiklik olmasına istinad etmişdir. Cavabdeh tərəf izahatında iddiaçının bu dəlilini təkzib etməmiş, bununla yanaşı hər uşağa görə 500 manat sabit pul məbləğində alimentin ödənilməsinə etiraz etmədiklərini bildirmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin qeyd edilən normalarından görunur ki, aliment məbləğinin hansı qaydada (sabit və ya aylıq gəlirlərdən tutulan hissə şəklində) tutulmasını, həmçinin müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsini tələb etmək iddiaçının hüququ kimi müəyyən edilmişdir. Beləliklə, müəyyən edilir ki, iddiaçı sabit məbləğdə tutulmaqda olan alimentin alimentin məbləğinin və tutulması qaydasının dəyişdirilərək cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/3 hissədə tutulmasını tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsaslanaraq və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas vernir. Belə ki, iş materiallarında olan məktub və çağırış vərəqələrinin reyestrindən görünür ki, cavabdehin yaşadığı ünvana məhkəmə tərəfindən lazımi qaydada bildirişlər göndərilmişdir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.08.2020-ci il tarixli, 2(005)- 2214/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Elşən Kazımov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar