Məhkəmə qərarları › İş №2(103)-2711/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2711/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2711/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Birliyin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadə nəticəsində yaranmış borcun ödənilməsi məqsədi ilə 1.074,25 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30,75 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə Birliyin abonenti olan cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” bağlanmış, bu müqavilə əsasında cavabdehin yaşadığı və Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvana **********2040 nömrəli abonent kodu verilmiş və qaz xəttinin üzərində isə “G4T” markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh həmin müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, istifadə etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə əsasən Birliyə tam həcmdə ödəyəcək. Birliyin əməkdaşları istehlakçı olan cavabdehin iştirakı ilə onun yaşadığı ünvana aid qaz xəttinə və qaz sayğacına xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın mexaniki göstəricisində 19.729 kub metr təbii qazdan istifadə edilməsi qeyd edilsə də, cavabdeh, təbii qazdan istifadə nəticəsində yaranmış borcunu ödəməmişdir. Birliyin əməkdaşları aşkar etdikləri bu faktı xx.xx.2022-ci il tarixli, ******* saylı akt ilə rəsmiləşdirmişlər. Aparılmış hesablama nəticəsində müəyyən edilmişdir ki, cavabdehin iddiaçı Birliyə olan borcu 1.074,25 manat məbləğindədir. Birlik həmin borcun ödənilməsini cavabdehdən tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də Birlik hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30,75 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə olan münasibəti barədə məlumat

3. Cavabdeh işə baxılan zaman Rayon Məhkəməsinə verdiyi izahatda iddia tələbinə etiraz edərək bildirmişdir ki, həmişə 100-150 manat ödəniş edilirdi. 6 aydan bir sayğaca baxış keçirilməlidir. Birdən birə bu qədər borc yaranmağı mümkün deyil. Mənzildə cəmi 2 nəfər yaşayır. 2022-ci ilin iyul ayının əvvəlində o, sayğacın iş balansını artırmaq istəyərkən sayğacın ekranının söndüyünü görmüş və dərhal Birliyin müvafiq idarəsinə zəng edərək məlumat vermişdir. Ona bildirmişlər ki, ona yeni smart kart veriləcək. İddia ərizəsində qaz sayğacına baxışın keçirilməsində və sayğacın çıxarılmasında onun iştirak etməsi göstərilsə də, bu həqiqətə uyğun deyil, həmin hərəkətlər həyata keçirilərkən onun iştirakı təmin edilməmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, laboratoriyada sayğaca baxış keçirilən zamanda onun iştirakı təmin edilməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Birlik sayğacın quraşdırılması zamanı cavabdehin də iştirakı olduğunu bildirsə də, cavabdehin iştirakı olmadan laboratoriyada baxış keçirilmiş və cavabdehin məlumatı olmamışdır. Belə olan halda hesab edilməlidir ki, Birliyin istinad etdiyi aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Bu səbəbdə də, iddia tələbi əsassız hesab edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

8. İddiaçı Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, sayğacdakı problem ondan ibarət olmuşdur ki, sayğacın klapanı işləməmiş və sayğac ondan keçən təbii qazın həcmini hesablamamış, sayğac mənfiyə işləmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

9. Apellyasiya baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətin dəlillərinə etiraz edərək Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, işdə olan sənədlərdən görünür ki, Birlik ilə cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” bağlanmış, müqavilə əsasında cavabdehin yaşadığı mənzil təbii qazla təchiz etmiş, ünvana **********2040 nömrəli abonent kodu verilmiş, qaz xəttinin üzərində “G4T” markalı smart tipli qaz sayğacı quraşdırılmışdır.

12. Qeyd edilən müqavilənin 2.3.1-ci bəndindən görünür ki, cavabdeh həmin müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, istifadə etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə əsasən Birliyə tam həcmdə ödəyəcək.

13. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan və işdə olan digər sənədlərdən görünür ki, cavabdehə məxsus yaşayış sahəsində quraşdırılmış sayğacda problem olduğundan, sayğac xətdən ayrılaraq çıxarılmış və yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Əvvəlki sayğacın əvəzində qaz xətti üzərinə yeni sayğac quraşdırılmışdır.

14. Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02864-1 nömrəli aktdan görünür ki, cavabdehə aid ünvandan götürülmüş və laboratoriyaya təqdim edilmiş qaz sayğacı baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın klapanı işləmir. Sayğacın elementinin (akkumulyatorun) elektrik enerjisi bitib. Sayğac ondan keçən təbii qazın həcmini hesablamır. Sayğacın xx.xx.2022-ci il tarixə olan göstərici 19.597 kub metrdir. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində “ALARM-1” rejimi aşkar olunmayıb. Xətalar normaya uyğundur. Sayğac istismara yararsızdır.

15. İşdə olan sənədlərdən görünür ki, Birlik tərəfindən aparılmış hesablama nəticəsində müəyyən edilmişdir ki, cavabdehin iddiaçı Birliyə olan borcu 1.074,25 manat təşkil edir.

16. Bunları nəzərə almış Birlik həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmiş, cavabdeh borcu ödəməmiş, bu səbəbdən də Birlik hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir.

17. Cavabdeh bu tələb ilə razılaşmır və bildirir ki, o, sayğaca müdaxilə etməmişdir. Sayğacın işlək vəziyyətdə saxlanılması Birliyin vəzifəsidir. Buna görə də, o, ona hesablanmış borcu ödəməməlidir.

18. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (maddə 13.). Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar (maddə 22.).

20. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (maddə 443.2.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (bənd 4.2.). Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (bənd 4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (maddə 4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (maddə 4.8.). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (maddə 4.9.).

23. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fıziki şəxs olan istehlakçıya (hazırki halda cavabdehə) məxsus yaşayış sahəsinə aid qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iddiaçı Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə cavabdeh tərəf məsuliyyət daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini, iddiaçı Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyrimümkün edir.

24. Eyni zamanda nəzərə alınmalıdır ki, Birliyin istinad etdiyi və müvafiq laboratoriya tərəfindən verilmiş aktdan da görünür ki, həmin aktda da sayğaca müdaxilə edilməsi barədə hər-hansı qeyd yoxdur.

25. Bu baxımdan müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

26. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar