Məhkəmə qərarları › İş №2(103)-2714/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2714/2025

19.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2714/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili X6, Cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1241/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2009-cu il tarixdə Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinin tələblərinə (dövlət orqanının ləğv edilməsi) əsasən onunla başlanmış əmək müqaviləsinə xitam verilmiş və iddiaçı xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsinin tələblərinə (dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük) uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin Sodial xidmət sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1077 nömrəli fərmanının 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinə keçmişdir. xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinin tələblərinə (dövlət qulluqçusunun öz arzusu ilə) əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı ilə həmin Agentlik arasında xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə əmək müqaviləsi bağlanılmış və o, Agentliyin 5 saylı filialına aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Agentliyin Bakı filialına aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli, 3-17-3/3-4-1670/2024 nömrəli əmrinə əsasən iddiaçı ilə xx.xx.2020ci il tarixində bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlanaraq işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün xx.xx.2024-cü il tarixdən işə bərpa ediləcəyi tarixədək əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, daim qüsursuz xidmətə görə vəzifədə irəli çəkilmiş və heç vaxt barəsində intizam tədbiri görülməmişdir. xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun bir sıra səlahiyyətləri Sosial Xidmətlər Agentliyinə verilmişdir. Bununla əlaqədar bir çox əməkdaşlar kimi o da də ərizə yazaraq DSMF-da işdən çıxmaqla Sosial Xidmətlər Agentliyinə işə qəbul olunmuşdur. Həmin ərizələr və işdən çıxma, işə qəbul əmrləri formal xarakter daşımış, əslində isə o, fasilə vermədən faktiki olaraq öz işinə eyni qaydada davam etmişdir. xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilə qədər cavabdeh Sosial Xidmətlər Agentliyinin filiallarında aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Ümumilikdə sosial xidmət sahəsində uzun illər ərzində təcrübəli və peşəkar işçi kimi fəaliyyət göstərmişdir. Öz işinin peşəkarı olduğu halda, öz əmək funksiyalarını məsuliyyətlə yerinə yetirdiyi, heç bir nizam-intizamı qaydasını pozmadığı halda kollektivdə yaranmış bir sıra münaqişələr, işçilərlə rəhbərlik arasında mövcud olan anlaşılmazlıqların “araşdırılması” nəticəsində onun işdən kənarlaşdırılması barədə “qərar qəbul olunmuşdur”. xx.xx.2024-cü il tarixli, 3- 17- 3/3-4-1670/2024 nömrəli Əmrlə əmək müqaviləsinin müddətinin bitməsi əsas göstərilərək tutduğu vəzifədən azad edilmişdir. Müqavilənin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi tamamilə formal xarakter daşımışdır. Onun əmək müqaviləsinə faktiki olaraq işəgötürənin təşəbbüsü əsasında xitam verilmişdir. Lakin işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin heç bir qanuni əsası olmamışdır. Cavabdeh hüquqdan sui-istifadəyə yol vermiş, işdən çıxarılma əsası kimi əmək müqaviləsinin müddətinin bitməsinə istinad etmişdir. Cavabdehin həmin əmri qanunsuzdur və ləğv olunmalıdır.

4. Cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətli olması iddiaçıya aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Bu isə iddia ərizəsində göstərilənlərin əksini sübut etmiş olur. İşçi ilə əmək münasibətlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla xitam verilmişdir. Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyildir. Tərəflər arasında əvvəllər də müddətsiz əmək münasibətləri olmadığından onunla ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanılması zamanı qanun pozuntusuna yol verilməmiş və bu səbəbdən işçinin ƏM-nin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi də qanuni hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 1241/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməsi, cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17- 3/3-4-1670/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin Bakı filialının aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə daşıdığı vəzifə üçün müəyyən edilmiş orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. (hakim X12)

6. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqtəyi nəzərdən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının dövlət qulluqçusu kimi 2009-cu ildən işlədiyi qurumda xx.xx.2020-ci ildə “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2020-ci ildə cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı ərizəsində müddətlə bağlı iradə ifadə edib. İradə ifadəsinin isə motivi olmalıdır. İddiaçı 2009-cu ildən uzun müddət həmin təşkilatda müxtəlif vəzifələrdə çalışdığı halda, xx.xx.2020-ci ildə hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi müəyyən deyildir, ağlabatan motivi yoxdur. Ona görə də, işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Əgər əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Çünki son dövrdə zərurət olmadan müddətli əmək müqaviləsi bağlanır, bununla da işəgötürənlər gələcəkdə yarana biləcək əmək mübahisələrindən özlərini sığortalayırlar. Belə ki, “arzuolunmaz” işçini əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad etmək işəgötürən üçün daha münasibdir, nəinki işçilərin sayının və ştatının ixtisara görə, yaxud əmək funksiyalarının yerinə yetirilməməsinə görə. İşəgötürən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin həmin maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa, “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə” ifadəsindən istifadə olunub. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Göründüyü kimi, tərəflərin hüquq bərabərliyi prinsipi də pozulmuşdur. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisənin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35ci maddəsi ilə müəyyən edilmiş əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Göründüyü kimi, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümü xarakter daşıması və.s) çıxış edərək müddətli əmək müqaviləsinə keçirilməsi işdən görünmür. Əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. Bu məsələyə hüquqi qiymət verilməsi iddia tələbinin mahiyyətindən irəli gəlir.

7. Məhkəmə,həmçinin, qeyd etmişdir ki, cavabdeh quruma 2020-ci ilin avqustsentyabr aylarında bağlanmış anoloji müqavilələr üzrə (əgər varsa) 3 aylıq deyil, fərqli müddətə bağlanmış əmək müqavilələrinin təqdim edilməsi təklif edilmiş, lakin, cavabdeh qurum tərəfindən fərqli müddətə bağlanmış digər müqavilə (lər) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə prezumpsiya olaraq hesab etmişdir ki, fərqli müddətə bağlanmış müqavilə cavabdeh qurumda mövcud deyildir. Deməli, hazırki mübahisə üzrə əmək münasibətləri üzrə 3 aylıq müddətin müəyyən edilməsi işçinin deyil, işəgötürənin iradə ifadəsidir. Bundan əlavə, iddiaçı uzun illər cavabdeh qurumla (hüquqi varislik nəzərə alınmaqla) əmək münasibətlərində olmuş, barəsində heç zaman intizam tənbehi tətbiq edilməmiş işçinin hazırki şəraitdə işdən çıxarılması qanuni və əsaslı hesab edilə bilməz. Müddətli əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququ olsa da, hüquqdan sui-istifadə etmək qadağandır. Müqaviləyə xitam verilmənin əsası pərdələnməməli, işçinin əmək hüquqları işəgötürənin sərhədsiz mülahizə sərbəstliyi çərçivəsində pozulmamalıdır. Əmək qanunvericiliyində müəyyən edilmiş səlahiyyətlərdən yalnız qanunun qarşısına qoyduğu məqsədlərə çatmaq üçün istifadə etmək yolveriləndir. Dispozitivlik imkanı qanunun məqsədilə uyğun olmalı, subyektə sərhədsiz səlahiyyət verməməlidir (şəxsin hüququnun sərhəddi digər şəxsin hüququnun pozulduğu yerdə bitir). Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə dispozitiv imkandan istifadə etmiş işəgötürən hakimiyyət subyekti olmaqla həm də müqavilə üzrə faktiki olaraq üstün tərəfdir. İşçi ilə işəgötürən arasında faktiki olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı qəbul edilir. Lakin, hazırki mübahisə üzrə hüquqi baxımdan fasiləsizlik mövcud deyildir. Belə ki, fasiləsiz (günə-gün) 5 illik müddət xx.xx.2025-ci il tarixdə tamam olacaqdır. Struktur dəyişiklikləri ilə əlaqədar iddiaçının əmək münasibətlərinə xitam verilməsi formal xarakter daşısa belə, qanunun normasının hərfi mənasına şərtsiz əməl edilməli, normanın mənası hədsiz formada genişləndirilməməlidir. Qanunun normasının şərhi isə qarşıya qoyulan məqsədlərə uyğun aparılmalı, normanın mahiyyətinə zidd şəkildə gərəksiz genişləndirmə və ya məhdudlaşdırılmaya yol verilməməlidir. Əks halda, “hüquqi müəyyənlik” prinsipinin şərtləri pozulmuş olacaq. O da nəzərə alınmalıdır ki, işçi ilə işəgötürən arasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı əmək münasibətlərinin qanunun tələbi əsasında öz-özlüyündə müddətsiz xarakterə keçid etməsi barədə hüquqi nəticədir. Həmin nəticənin sanki məhkəmə qərarı əsasında təmin edilmiş kimi qeyd edilməsinə hüquqi zərurət yoxdur. Yəni, məhkəmə qətnaməsində qeyd edilib-edilməməsindən asılı olmayaraq tərəflər arasında əmək münasibətləri 5 ildən artıq müddətə davam etdikdə müddətsiz əmək müqaviləsi hesab edilir və iddiaçı ilə əmək müqaviləsi müddətsiz formada bağlanmalıdır. Cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci, 47-ci, 68-ci, 73-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanının 5.1-ci bəndində əsasən digər qurumlara münasibətdə hüquqi varislik ilə əlaqədar məsələlərə toxunulduğu halda, Sosial Xidmətlər Agentliyinə münasibətdə qeyd edilən hal vurğulanmamışdır. Sosial Xidmətlər Agentliyi Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyildir. İddiaçı müraciəti əsasında xx.xx.2020-ci il tarixində “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda işlədiyi vəzifəsindən azad edilmişdir. Bundan sonra 1 aya yaxın bir müddət keçdikdən sonra iddiaçının ərizəsi əsasında Sosial Xidmətlər Agentliyi arasında xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında ilkin olaraq 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq Sosial Xidmətlər Agentliyinin 5 saylı filialına (mövcud Bakı filialına) aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bundan sonra həmin əmək müqaviləsinə bir neçə il ərzində əlavə və dəyişikliklər edilməklə əmək müqaviləsinin müddəti uzadılmış və ümumilikdə əmək müqaviləsinin ümumi müddəti 4 il 3 ay olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinə və iddiaçının iradə ifadəsinə düzgün qiymət verməmişdir. Belə ki, Əmək müqaviləsinə edilmiş əlavə və dəyişikliklər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin şərtləri, müddətli xarakter daşıması iddiaçıya işlədiyi müddət ərzində aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Müqavilə müddətinin hansı dövr üçün bağlanması əmək məcəlləsində göstərilməmişdir. Müqavilə müddəti tərəflərin razılaşdırıldığı müddətə bağlanılır. Birinci instansiya məhkəməsi əmək müqaviləsi bağlamasını əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qəbul edərək əsassız qətnamə qəbul edilmişdir. Belə ki, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi işçi ilə işəgötürən arasında əmək münasibətləri prosesində olan dövrü əhatə edir. Həmin şərtlərin əhatə dairəsi ƏM-nin 56-cı maddəsi ilə tənzimlənir. İddiaçının Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda işləməsi və öz ərizəsi əsasında Dövlət Sosial Müdafiə Fondunun işəgötürəni tərəfindən işdən azad edilməsi və 1 aya yaxın müddət keçdikdən sonra Sosial Xidmətlər Agentliyinin işəgötürəni ilə əmək müqaviləsi bağlanması halı əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hesab edilmir. Birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində qeyd etdiyi halları sübuta yetirməməsi ilə bağlı hər hansı bir mövqe bildirməmişdir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli və 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanlarında qeyd edilən Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmasını düzgün araşdırmayaraq Sosial Xidmətlər Agentliyinin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmasını əsas götürərək əsassız qətnamə qəbul etmişdir. İddiaçının Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda işləməsi və öz ərizəsi əsasında Dövlət Sosial Müdafiə Fondunun işəgötürəni tərəfindən işdən azad edilməsi və 1 aya yaxın müddət keçdikdən sonra Sosial Xidmətlər Agentliyinin işəgötürəni ilə əmək müqaviləsi bağlanması halı əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hesab edilmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, onun və iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X8 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə aid edilmişdir; 43-cü maddəsinin 2-ci hissənin “d” bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur; 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Bu səbəbdən tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Eyni zamanda, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunmaması xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə yoxlanılan hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı xx.xx.2009-cu il tarixdə Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinin tələblərinə (dövlət orqanının ləğv edilməsi) əsasən onunla başlanmış əmək müqaviləsinə xitam verilmiş və iddiaçı xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsinin tələblərinə (dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük) uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin Sodial xidmət sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1077 nömrəli fərmanının 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinə keçmişdir. xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinin tələblərinə (dövlət qulluqçusunun öz arzusu ilə) əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı ilə həmin Agentlik arasında xx.xx.2020-ci il tarixdə müddətli (3 ay müddətinə) əmək müqaviləsi bağlanmış və o, Agentliyin 5 saylı filialına aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Agentliyin Bakı filialına aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli, 3-17-3/3-4-1670/2024 nömrəli əmrinə əsasən iddiaçı ilə xx.xx.2020ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

22. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verildiyini xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Dövlət Sosial Müdafiə Fondunda sosial xidmətlər sahəsində dövlət qulluqçusu kimi çalışdığını, ölkə başçısının xx.xx.2020-ci il tarixli müvafiq Fərmanı ilə Fondun bir sıra səlahiyyətlərinin Sosial Xidmətlər Agentliyinə verildiyini, məhz bununla əlaqədar bir çox əməkdaşlar kimi ərizə yazaraq, xx.xx.2020-ci il tarixdə Fondan işdən çıxmaqla xx.xx.2020-ci il tarixdə Agentliyə işə qəbul olunduğunu, nəticə etibarı ilə öz işinə eyni qaydada davam etdiyini və xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Agentlikdə aparıcı mütəxəssis vəzifəsində çalışdığını, əmək fəaliyyəti dövründə hər hansı pozuntuya yol vermədiyini, Agentliyin öz hüquqlarından sui istifadə edərək, onunla bağlanmış əmək müqaviləsinə əmrdə göstərilən əsasla xitam verildiyini bildirir və həmin həmin əmrin ləğv edilməsini, işə bərpa edilməklə məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsini tələb edir.

23. Cavabdeh iddianı qəbul etmir, aralarında bağlanmış əmək müqaviləsinin müddətli olmasının iddiaçıya aydın olduğunu və müqavilənin bu şərtinin onun tərəfindən qəbul edilərək, müqavilənin imzalandığını, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmadığını, tərəflər arasında əvvəllər də müddətsiz əmək münasibətləri olmadığından onunla ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanılması zamanı qanun pozuntusuna yol verilmədiyini, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verildiyini,

24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət sahəsində işləmişdir. Cavabdeh iddiaçının əvvəl işlədiyi Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmasa da, yaradıldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə məhz cavabdehə keçmişdir. Bununla belə, 2009-cu il tarixdən etibarən Fondda sosial xidmət sahəsində çalışmış iddiaçı, bu xidmətlərin göstərilməsi ilə bağlı səlahiyyətlər ölkə başçısının xx.xx.2020-ci il tarixli müvafiq Fərmanı ilə cavabdehə keçdikdən sonra iddiaçı ilə Fond arasında bağlanmış müqaviləyə xx.xx.2020-ci il tarixdə xitam verilmiş və xx.xx.2020-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanaraq, iddiaçı 3 ay müddətinə 5 saylı filialına işə qəbul edilmiş, sonradan Bakı filialına keçirilmiş və hüquqi nəticə etibarı ilə yeni iş yeri üzrə də əvvəlki (eyni) əmək funksiyalarını həyata keçirmişdir.

25. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 9 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.

26. İddiaçının əmək funksiyası isə öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin maddənin “a-ə” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.

27. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi, müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları (tərəflərin əsl niyyəti və iradəsi, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmaması) araşdırılmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.

28. Belə ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun aidiyyəti (xx.xx.2011-ci və xx.xx.2024-cü il tarixli) qərarlarında ifadə olunmuş belə bir hüquqi mövqey diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.

29. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 2009-cu il tarixdən etibarən xx.xx.2020-ci il tarixədək fasiləsiz olaraq Dövlət Sosial Müdafiə Fondunun sosial xidmətlərin göstərilməsi sahəsində əmək fəaliyyəti ilə məşğul olan iddiaçının bu səlahiyyətlər cavabdehə keçdikdən sonra öz ərizəsi ilə Fondda tutduğu vəzifəsindən işdən azad edilməsi və həmin sahə üzrə fəaliyyət göstərməyə başlayan cavabdehin onunla 3 ay müddətinə müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz və bu müqavilənin müddətli hesab olunması üçün əsas yaratmır. Hər bir halda, belə uzun müddət ərzində qeyd edilən sahə üzrə çalışmış və müddətin bitməsi əsası ilə işdən azad edilməsindən kənar olan iddiaçının, sonradan əmək münasibətlərində olmaq imkanının 3 ay müddəti ilə məhdudlaşdırmaqla özünün bu əsasın təsiri altına salması heç bir halda onun həqiqi iradəsini ifadə edə bilməz. Nəzərə alınmalıdır ki, digər işçilər, o cümlədən cavabdehin nümayəndəsi ilə də eyni müddətə müddətli əmək müqavilələri bağlanmışdır. Halbuki, xeyli sayda işçinin müddətlə bağlı hissədə iradə ifadəsi bu qaydada standart olmaqla eynilik təşkil edə bilməz. Bu da öz növbəsində həmin müddətin müəyyən edilməsinin işçinin deyil, məhz işəgötürənin iradə ifadəsi olduğunu təsdiq edir.

30. Bununla belə, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuş və işin hallarına düzgün qiymət verərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17- 3/3-4- 1670/2024 nömrəli əmri ləğv edərək, iddiaçını əvvəlki vəzifəsinə bərpa etmiş və məcburi iş buraxma müddəti üçün cavabdehdən iddiaçının xeyrinə əmək haqqı tutmuşdur. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və şikayətin rədd edilməsini şərtləndirir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1241/2025 nömrəli qətnaməsi cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar