Məhkəmə qərarları › İş №2(103)-2715/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2715/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2715/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 MTK və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul ) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-265/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 238100 (iki yüz otuz səkkiz min yüz) manat məbləğində vəsaitin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi, ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 60000 (altmış min) manat məbləğində vəsaitnin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçı Əliyev Ceyhun Elbrus oğluna verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9375/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-122/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçılar İddiaçı və Əliyev Ceyhun Elbrus oğlunun cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “öhdəliklərin icra edilməsi və borcun qaytarılması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

3. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin 2.3-cü bəndindən görünür ki, Cavabdeh1 MTK “Payçı”nın, yəni İddiaçı bu müqavilənin tərkib hissəsi olan öhdəçilik əsasında ödədiyi pay haqqının müqabilində ona ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 497 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı təhvil verməyi öhdəsinə götürür. Müqaviləyə əsasən payçı ilkin pay haqqını 149000 manat məbləğində pulu ödəməlidir.

4. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 497 kv.m mansardı dəyəri payçı tərəfindən tam olaraq ödənilmişdir.

5. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin 2.3-cü bəndindən görünür ki, Cavabdeh1 MTK “Payçı”nın, yəni İddiaçı bu müqavilənin tərkib hissəsi olan öhdəçilik əsasında ödədiyi pay haqqının müqabilində ona ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 297 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı təhvil verməyi öhdəsinə götürür. Müqaviləyə əsasən payçı ilkin pay haqqını 89100 manat məbləğində pulu ödəməlidir.

6. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 297 kv.m mansardı dəyəri payçı tərəfindən tam olaraq ödənilmişdir.

7. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 10/270 saylı rəydən görünür ki, ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasında mansard mərtəbəsi olmadığı üçün, İddiaçı ilə “Pərvin- İnşaat” Mənzil Tikinti arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə nəzərdə tutulmuş 497 kv.m qeyri-yaşayış sahəsi (mansard), İddiaçı ilə “Pərvin-Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2018- ci il tarixli müqavilədə tutulmuş 297 kv.m, Əliyev Ceyhun Elbrus oğlu ilə "xxxx" Mənzil Tikinti Koorperativi arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 200 kv.m mansard sahəsinin mövcud olmadığı müəyyən edilmişdir. Tədqiq olunan ünvanda binanın dam hissəsində mansard mövcud olmadığı üçün qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır.

8. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9915 nömrəli qəbzə əsasən İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına 430 manat məbləğində dövlət rüsumu ödəmişdir.

9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına 167 manat məbləğində dövlət rüsumu ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh1 MTK-ya qarşı “pul tələbi”nə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK və onun İdarə heyətinin sədri Cavabdeh2 müştərək qaydada maliyyə arayışları və müqavilələr üzrə ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsinə görə tərəfindən ödənilmiş 238100 manat məbləğində vəsaiti, eləcə də iddia verilməsi ilə bağlı məhkəmə xərci olaraq ödədiyi 430 manat dövlət rüsumunun, hüquqi yardım göstrilməsi ilə bağlı 50 manat xərcin, eləcə də illik 5 faiz hesabı ilə xx.xx.2016-cı ildən ödənilmiş 149000 manat pulun illik 5 faizi hesablanmaqla 48425 manat, xx.xx.2018-ci il tarixdən digər müqavilə üzrə ödənilmiş 89100 manatın 5 faizi hesablanmaqla 20100 manat faizin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 aprel 2018-ci ildə Bakı şəhərində “Pərvin -İnşaat“ Mənzil Tikinti Kooperativinin yerləşdiyi baş ofisində “Pərvin- İnşaat “ Mənzil Tikinti Kooperativinin İdarə heyətinin sədri Cavabdeh2, İddiaçı ilə müqavilə bağlamışdır ki, həmin kooperativə məxsus tikilidəki obyektin hər kv.m. görə 300 AZN ilkin üzvlük pay haqqı iddiaçı tərəfindən MTK-ya ödənilmiş və həmin binanın -Yeni ünvan 5 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsininin 297 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Öz növbəsində də 300 AZN-dən əlavə qalan 89100 AZN məbləğində vəsait də payçı kimi İddiaçı tərəfindən 02 aprel 2018-ci il tarixli maliyyə arayışı əsasında cavabdehə ödənilmiş və MTK-ya borcu qalmaması həmin arayışda dara heyətinin imzası və möhürü ilə təsdiqlənmişdir. 16 mart 2018-ci ildə Bakı şəhərində, “Pərvin-İnşaat“ Mənzil Tikinti Kooperativinin yerləşdiyi baş ofisində “Pərvin -İnşaat“ Mənzil Tikinti Kooperativinin İdarə heyətinin sədri Cavabdeh2 İddiaçı ilə müqavilə bağlamışdır ki, həmin kooperativə məxsus tikilidəki obyektin hər kv.m. görə 300 AZN ilkin üzvlük pay haqqı iddiaçı tərəfindən MTK-ya ödənilmiş və həmin binanın Yeni ünvan 5 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsininin 497 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Öz növbəsində də 300 AZN-dən əlavə qalan 149000 AZN məbləğində vəsait də payçı kimi İddiaçı tərəfindən 16 mart 2018-ci il tarixli maliyyə arayışı əsasında cavabdehə ödənilmiş və MTK-ya borcu qalmaması həmin arayışda idarə heyətinin imzası və möhürü ilə təsdiqlənmişdir. Cavabdehin ona olan əmlak borcu və ya onun dəyəri cəmi 299000 manat pul bu günə qədər ödənilməmişdir. Şifahi tələblərinə də müxtəlif bəhanələrlə söz verilsə də, əməl etməmiş, öhdəliyi icra etməkdən, borcu qaytarmaqdan bu günə qədər də müxtəlif bəhanələrlə yayınmışdır. Hazırda həmin binanın mansardının ümumiyyətlə mövcud olmaması və cavabdeh tərəfindən aldadıldıqları müəyyən edilmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-265/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi (hakim Orxan Məmmədli) ilə iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyriyaşayış sahəsinə görə ödənilmiş 238100 (iki yüz otuz səkkiz min yüz) manat məbləğində vəsait, hüquqi yardımın göstərilməsinə görə 50 (əlli) manat və ödənilmiş 430 (dörd yüz otuz) manat dövlət rüsumunun cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1, 443.2, 445.7, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnaməsinin qismən – iddianın təmin olunmasına dair hissədə ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmas qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın təmin olunmasına dair hissədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə yalnız ekspert rəyinə istinad edərək tərəflər arasında alqı-satqı müqaviləsinin obyekti olan mansard sahəsinin mövcud olmadığı qənaətinə gəlib. Halbuki ekspert rəyində həmin sahə texniki mərtəbə adı ilə qeyd olunub. Tərəflər arasında müqavilə bağlanarkən bina tam hazır idi və iddiaçı müqavilə üzrə ona hansı mərtəbənin satıldığından xəbərdar idi. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış, hər iki tərəfdən (alıcı və satıcı) icra olunmuş alqı-satqı müqaviləsi ləğv olunmadığı və ya etibarsız sayılmadığı halda yalnız formal olaraq ekspert rəyinə istinad etməklə kifayətlənmişdir. Halbuki heç bir sübutun, o cümlədən də ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə həmin sübutu işdə olan digər sübutlarla yanaşı obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlamalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. Maddə 21.1 hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Maddə 443.2 zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

25. Maddə 445.7 borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

26. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda, cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etdiyində qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-265/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

38. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən təmin edilə və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, İş materiallarından görünür ki, xx.xx.2016-cı il tarixli Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MTK İddiaçı ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 497 kv.m mansardı yüksək keyfiyyətlə təhvil verməyi öhdəsinə götürmüşdür. Daha sonra xx.xx.2018-ci il tarixli Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MTK İddiaçı ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 297 kv.m mansardı yüksək keyfiyyətlə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında Cavabdeh1 MTK tərəfindən verilmiş Vəsait mədaxil qəbzindən və maliyyə arayışından görünür ki, İddiaçı MTK-ya borcu yoxdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı öz üzərlərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 10/270 saylı rəyinə əsasən ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasında mansard sahəsinin mövcud olmadığı müəyyən edilmişdir.

39. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 238100 (iki yüz otuz səkkiz min yüz) manat məbləğində vəsait cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsidir.

40. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-265/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar