Məhkəmə qərarları › İş №2(103)-2716/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2716/2022

07.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2716/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdeh – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “əmrin ləğv ediməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.04.2007-ci il tarixindən 23.04.2021-cu il tarixinədək Dövlət Neft Şirkətinin (SOCAR) X2 Bibiheybət Neft NQÇİ-də müxtəlif peşələrdə, son olaraq isə Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsində quyuların əsaslı təmiri üzrə qazmaçı vəzifəsində işlədiyini, işlədiyi 14 il ərzində barəsində hansısa intizam tənbehi verilmədiyini, daim işində nizam-intizamlı və məsuliyyətli olduğunu, 5-ci dərəcə Neft və qaz hasilatı üzrə operator olaraq sertifikata layiq görüldüyünü, 23.04.2021-ci il tarixdə Bibiheybət Neft NQÇİ rəhbərliyi tərəfindən **********00070020B00069 nömrəli əmrlə əsassız və qanunsuz olaraq işdən çıxarıldığını, işdən çıxarılmasının özünün və ailəsinin sosial vəziyyətini daha da ağırlaşdırdığını, həmin idarədə işləyəndə sağ əlinin barmaqlarının kəsildiyini və 06.12.2007-ci il tarixdən 13.12.2007-ci il tarixə qədər X1 travmatologiya şöbəsində müalicə aldığını, amputasiya edildiyindən sağ əlinin barmaqlarının olmadığını bildirmiş, Dövlət Neft Şirkətinin (SOCAR) X2 Bibiheybət Neft NQÇİ-nin 23.04.2021-ci il tarixli SOCAR**********00070020B00069 nömrəli əmrinin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, birinci instansiya məhkəməsinin işə iştirakı olmadan baxdığı, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığı, sübutlara düzgün hüquqi qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, iddia müddətini ötürmüş olmasına dair əsassız nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh müəssisənin nümayəndəsi isə işçiləri ixtisar etməyin işəgötürənin hüququ olduğunu və iddiaçının iddia müddətini ötürdüyünü bildirməklə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının vaxtında məhkəməyə müraciət etmiş olmasını nəzərə almadan tamamilə əsassız olaraq gəldiyi nəticəni onun iddia müddətini ötürmüş olması qənaəti ilə əsaslandırmaqda səhvə yol vermiş, tərəflərin istinad etdikləri sübutları ümumiyyətlə tədqiq etməyərək onlara qiymət verməmiş, nəticəsini işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunaraq iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə iddiaçı, 13.04.2007ci il tarixindən etibarən “Bibiheybətneft” NQÇİ-də müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsində quyuların əsaslı təmiri üzrə qazmaçı vəzifəsi olmuş, cavabdeh müəssisənin 23.04.2021-ci il tarixli SOCAR**********00070020B00069 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, cavabdeh müəssisə tərəfindən 25.01.2021-ci il tarixdə iddiaçıya bildiriş ünvanlanmış, bildirişdə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin strukturunun optimallaşdırılması” haqqında 01.09.2020-ci il tarixli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən onun tutduğu vəzifə (peşə) üzrə işçilərin sayının azaldılmasının nəzərdə tutulduğu və bu səbəblə əmək müqaviləsinə 29.03.2021-ci il tarixində xitam veriləcəyi, xəbərdarlılq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmaq üçün bir iş günü əmək funksiyasının icrasından azad edildiyi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinəti, razılığı olduğu halda 9 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəlik işdənçıxarılma müavinəti ödənilməsinin nəzərdə tutulduğu, orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət almaq üçün rəhbərliyə müraciət etməli olduğu göstərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, həmin bildiriş onun qeydiyyatda olduğu ünvanda atası tərəfindən 03.02.2021-ci il tarixdə qəbul olunmuş, eyni zamanda onu bir-neçə dəfə şirkətin İnsan Resursları şöbəsinə dəvət edərək bildirişi təqdim etmək istəsələr də, razılaşmadığı üçün bundan imtina etmişdir. Apellyasiya baxışı zamanı tərəflərin izahatları ilə həmçinin müəyyən olunmuşdur ki, cavabdeh müəssisədə təxminən 100 nəfərə yaxın işçi ixtisara salınmış, iddiaçı da onlardan biri olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən cavabdeh müəssisə tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Məcəllənin 77-ci maddəsinə görə isə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının, ştatının ixtisarı həyata keçirilərkən ixtisasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə görə, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. Kollegiya onu da qeyd edir ki, iddiaçı, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Cavabdeh müəssisənin nümayəndəsinin iddia tələbinə etirazın dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürmüş olması arqumentini isə kollegiya əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; Mülki Məcəllənin 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əmək müqaviləsinə 23 aprel 2021-ci il tarixdə xitam verilmişdir; iş materiallarından isə aydın olur ki, iddiaçı iddia ərizəsini 19 may 2021-ci il tarixdə məhkəməyə ünvanlamış (poçta vermiş), beləliklə də müəyyənləşdirilmiş iddia müddətini ötürməmişidr. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3079/2021 saylı iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “əmrin ləğv ediməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar