Məhkəmə qərarları › İş №2(103)-2719/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2719/2024

13.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2719/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X12 ilə X2 xx.xx.2003- cü il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra arvada Bağırova soyadı verilmiş, Elşən Bağırov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

2. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarı ilə, Xocəsən Bələdiyyəsinin ərazisində, Sulutəpə qəsəbəsində 600 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə hər kv metr üçün 80 qəpik olmaqla cəmi 480 manata X7 mülkiyyətinə verilmişdir.

3. İddiaçı Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarı ilə ərinə satılmış Sulutəpə qəsəbəsində 600 kv metr torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

4. Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin sədri X1, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin üzvü X9 və Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin üzvü X4 tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli akta görə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 nömrəli qərarına əsasən X7 mülkiyyətinə verilmiş 600 kv metr torpaq sahəsi Bakı Metropoliteninin Xocəsən deposunun tikintisi üçün ayrılmış sahənin hüdudları daxilində yerləşdiyinə görə əvəzləşdirilmiş, ona başqa ərazidə akta əlavə edilmiş cizgi-sxemlə ölçü və sahəsi müəyyən edilən 600 kv metr torpaq sahəsini naturada ölçüb künc nöqtələrini müəyyən etməklə təhvil verilmişdir.

5. X12 tərəfindən Xocasən Bələdiyyəsinin hesabına 240 manat ödəniş edilmişdir.

6. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarı ilə, Xocəsən Bələdiyyəsinin ərazisində 500 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə hər kv metr üçün 2 manat olmaqla cəmi 1120 manata Cavabdeh2 Firuddin oğlunun mülkiyyətinə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Sulutəpə qəsəbəsində yerləşən, onun istifadəsində olan 600 kv metr torpaq sahəsinə yerləşdirdikləri inşaat materiallarının götürülməsi vəzifəsinin həvalə edilməsi və həmin torpaq sahəsinə özbaşına daxil olmalarının qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X10 Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 25/24 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 600 kv metr torpaq sahəsi ayrılmışıdr. İddiaçı Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində ayrılmış həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edib ailəsi ilə birlikdə orada yaşayır, faktiki olaraq 600 kv metr torpaq sahəsini hasara alıb istifadə edir, torpaq və əmlak vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır, hesablanmış vergiləri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin hesabına ödəyir. İddiaçının inşa etdiyi yaşayış evi bütün komunal xidmətlərlə təmin edilmişdir. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının istifadə etdiyi torpaq sahəsini əlindən almaq üçün müxtəlif üsullarla cəhdlər etmişlər. Bir müddət bundan əvvəl isə cavabdehlər iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olub bir hissəsini qanunsuz zəbt etməyə çalışmışlar. İddiaçıya məxsus torpaq sahəsinə inşaat materialları gətirən cavabdehlər iddiaçının qanuni tələblərinə əməl etmirlər. Bu səbəbdən iddiaçının istifadəsində olan torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına, cavabdehlərin iddiaçının sahibliyində olan torpaq sahəsinə daxil olmalarına qadağa qoyulmasına zərurəti yaranmışdır. Torpaq sahəsindən 14 ildir istifadə edir. İddiaçıya ilkin ayrılan torpaq sahəsi metro stansiyasının inşası üçün ayrılmış torpaq sahəsinin hüdudlarında olduğuna görə ilkin ayrılan torpaq sahəsi iddiaçının hazırda istifadə etdiyi torpaq sahəsi ilə əvəzləşdirilmişdir. İddiaçının istifadə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən edilsə də, iddiaçı uzun müddət bu torpaq sahəsindən istifadə etdiyindən cavabdehlərə qarşı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Sulutəpə qəsəbəsində yerləşən 600 m2 torpaq sahəsinə yerləşdirdikləri inşaat materiallarının götürülməsi vəzifəsinin həvalə edilməsinə və həmin torpaq sahəsinə özbaşına daxil olmalarının qadağan edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi, İddiaçı mütəxəsis rəyinin alınması üçün ödənilən 156 manat Cavabdeh1 xeyrinə tutulması, İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı mərhum ərinə torpaq sahəsinin ayrılmasına dair cizgidə miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyinə görə ayrılan torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçının faktiki olaraq istifadəsində olmasını iddia etdiyi torpaq sahəsi “X19 Bi.Vi.” şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə “Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Sazişə əsasən, “X17” şirkətinə ayrılan, dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia etdiyi dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından cavabdehlərə qarşı həmin torpaq sahəsinə dair iddia irəli sürməyə subyektiv hüquqları yoxdur. Ona görə də iddia ərizəsi təmin edilə bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi, 71-ci maddəsinin 1-ci hissəsi və 127-ci maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3 və 240.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Müdaxilə edilmiş torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş daş hasar cavabdehlər tərəfindən zor gücünə sökülmüşdür. Məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Nəticədə norma tətbiq ediməmişdir. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Cavabdehlər tərəfindən özbaşına olaraq iddiaçıının istifadə etdiyi yaşayış sahəsindən və yerləşdiriyi torpaq sahəsindən istifadə məhdudlaşdırılmışdır. Məhkəmə qanunun normalarını tətbiq etməmişdir. Torpaq sahəsinin 14 ildən çoxdur ki, iddiaçının istifadə olunması faktı məhkəmə tərəfindən müəyyən edilsə də, həmin torpaq sahəsinə cavabdehlərin zorla müdaxiləsinə heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçının istifadəsində olmasına heç bir dövlət orqanın etirazı və ya geri alınma tələbinin mövcud olmamasına qiymət verilməmişdir

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1060/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi, dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından iddiaçının cavabdehlərə qarşı həmin torpaq sahəsinə dair iddia irəli sürməyə subyektiv hüququ yoxdur. Ona görə də iddia ərizəsi təmin edilə bilməz. Apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərindən başqa, müdaxilə edilmiş torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş daş hasar cavabdehlər tərəfindən zor tətbiq edilməklə sökülməsinə qiymət verilməməsi dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hasarın qanunsuz sökülməsi, vurulmuş ziyanın ödənilməsi ilə bağlı ayrıca iddia qaldıra bilər

16. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, ,178.1.,178.2, 238.1, 238.3, 240.1-ci maddəsi, Torpaq Məcəlləsinin 66, 67, 68-ci maddələri, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunuun 5, 6, 7-ci maddələri, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarına, Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarına, Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 372.1, 384.0.1, 384, 392, 393, 402 və 405-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-330/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1060/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 18.1 İddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçının iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsidir, bələdiyyənin həmin torpaq sahəsini satmaq səlahiyyəti olmamışdır, bələdiyyə ilə alqı-satqı müqavliəsinə əsasən iddiaçının həmin sahəsinə hər hansı bir hüququ yaranmamışdır ki, bu baxımdan da iddiaçının mövcud olmayan hüququn pozulması da mümkün deyildir, iddiaçının cavabdehlərə qarşı həmin torpaq sahəsinə dair iddia irəli sürməyə subyektiv hüququ olmamışdır. 18.2 İşin müəyyən edilmiş hallarına görə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə iddiaçının xx.xx.2020-ci il tarixdə ölən əri X10 fərdi yaşayış evinin tikintisi üçün Sulutəpə qəsəbəsində 600 kv metr torpaq sahəsi satılmış, sonradan torpaq sahəsi həmin qəsəbədə başqa ərazidə 600 kv metr torpaq sahəsi ilə əvəzləşdirilmiş, xx.xx.2008-ci il tarixli akta əvəzləşdirilmiş torpaq sahəsi Elşən Bağırova təhvil verilmişdir. Torpaq sahəsində yaşayış evi inşa edilmiş, iddiaçı həmin evdə qeydiyyatsız yaşayır və bələdiyyədə torpaq vergiçi ödəyicisi kimi qeydiyyata alınmışdır. 600 kv metr torpaq sahəsi 2008-ci il tarixdən iddiaçının faktiki sahibliyindədir. 18.3 Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisindən 500 kv metr torpaq sahəsini alan cavabdehlər iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin onlara məxsus olduğunu əsas gətirərək orada tikinti işlərini aparmağa başlamışlar. 18.4 İddiaçının faktiki sahibliyində 600 kv metr torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən “X17” Şirkətinin istifadəsinə verilən dövlət mülkiyyətinə aid torpaqlar addir, bələdiyyənin həmin torpaq sahəsini satmağa hüququnun olmaması və bələdiyyə tərəindən verilmiş sənədlərin əhəmiyyətsiz olmasını əsas gətirərək məhkəmə iddiaçının torpaq sahəsinə subyektiv hüququnun olmaması qənaətinə gəlmiş və iddianın rədd etmişdir. 18.5 Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi 2008-ci ildən iddiaçının faktiki istifadəsində olan, dövlət mülkiyyətində olan torpaq sahəsinə onun subyektiv hüququnun olmaması qənaətinə gələrkən, aidiyyatı dövlət orqanlarının, o cümldən torpaq sahəsi istifadəsinə verilmiş “X17” Şirkətinin buna etirazının olmadığını nəzərə almamış, üçün şəxslər, habelə cavabbehlər tərəfindən torpaq sahəsinə müdaxiləsi nəticəsində iddiaçının torpaq sahəsindən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia qaldırmaq hüququnun yaranmasını diqqətdən qaçırmış, məhkəmə cavabdehlərin həmin hərəkətlərinin qadağan edilmiş özbaşınalıq olubolmadığını müəyyən etməmiş, bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. 18.6 İş üzrə alınmış mütəxəssis rəyinə görə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarı ilə Cavabdeh2 Firuddin oğluna satılmış 500 kv metr torpaq sahəsinə dair miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizgi təqdim edilmədiyindən sərhədlərini müəyyən etmək mümkün olmamış, Cavabdeh2 verilmiş torpaq sahəsinin harada yerləşməsi müəyyən deyildir. Bundan başqa iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaqlara aiddir, cavabdehlərə satılan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğundan onların iddia etdikləri torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi olması da istisna olunur. 18.7 İddiaçının 600 kv metr torpaq sahəsinə faktiki sahibliyi hər hansı dövlət orqanı və “X17” Şirkəti mübahisələndirilmir, bununla əlaqədar etirazın olması müəyyən edilmir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

20. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onlar 2008-ci ildən əvvəl də orada yaşayıblar, sadəcə dövlət 2008-ci ildən onları qaz, su, işıqla təmin edib və onlar orada yaşayıblar. Onun yoldaşı torpağı alıb, evi tikib. O orada yaşayıb. Onun yoldaşı 20 il polis əməkdaşı olub, saxtakarlıq edə bilməz. Yoldaşı müharibə veteranı olub. O, rəhmətə getdi, o, indi iki qızı ilə yaşayır. Onun qızı mənəvi sarsıntı keçirdib. Bir səhər həyətə girib tikintiyə başladıqlarını görüb. Biri digərlərinə deyirdi ki, "Tikin, onsuzda bu həyətdə kişi yoxdur". 15 ildən sonra gəlib torpaqda ev tikirlər. O, hələ Cavabdeh2 tanımayıb, görməyib. Elə qazi olduğunu deyib həyətdə tikinti aparıb. O, sənəd işlərini bilmir, yoldaşı alıb və yaşayıb. Aktla səhv etmirsə 600 kv.metr sahə olmalıdır. Necə oldu ki, heç bir problem olmadı, amma yoldaşı rəhmətə getdikdən sonra cavabdehlər ortaya çıxdı.

21. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Ali Məhkəmənin qərarı ilə razıdırlar. Sulutəpə qəsəbəsində əhalinin çox hissəsi özbaşına tikilidə yaşayır. İddiaçı mübahisəli yerdə 14 ildir ki, orada yaşayır, faktiki istifadəsindədir. Cavabdehlər zorla həyətə girib, tikinti aparıblar. Tərəflərin heç bir sənədi yoxdur. Cavabdehlərin də hüquqmüəyyən edici sənədi yoxdur. Mütəxəssis rəyindən də aydın olur ki, hasar bölünüb. Bələdiyyə çizgi sxemi tərtib edərkən yalnışlığa yol verib, bu da iddiaçının təsqiri deyil. Mütəxəssis rəyində dönmə nöqtələri qeyd edilib. Qətnamənin icrası zamanı ondan istifadə edilə biləcək. Ekspert rəyi sxemin ümumiyyətlə uyğun olmadığını bildirib. Torpaq sahəsini naturada müəyyən edən torpaq sahəsinin sxemidir. Ekspert də uyğun olub-olmadığını müəyyən edə bilməyib, belə çıxır ki,uyğun deyil. Sonda bu torpaq sahəsinin SOCARA məxsus olduğunu deyib. Faktiki 15 ildir ki, iddiaçı həmin torpaq sahəsindən istifadə edir, ağac əkir. Qəfil bir gün ona məxsus hasarı söküb ona məxsus olan sahəyə daxil olaraq bir hissəsini zəbt etməyə çalışıblar. Subyektiv hüququn birbaşa pozulmasıdır. İddiaçı orada yaşayır, su, qazdan istifadə edir. Bununla bağlı sənədlər iş materiallarında var. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. 300- 400 kv.metr ərazidə olan ağacları çıxarıb, yerində tikinti aparırlar. Yavaş-yavaş evi də sökəcəklər. Yəni,evin bir hissəsinə daxil olublar. Bir hissəsində tikinti aparırdılar, onlar da qərardadla saxlatdıra biliblər.

22. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil bildirir ki, birinci instansiya məhkəməsində təmsil etdiyi şəxsi o müdafiə edib. Bu işin Ali Məhkəmədən qayıtmasına baxmayaraq hesab edir ki, iddiaçının belə iddia tələbi verməyə hüququ yoxdur. Məlum olur ki, iddiaçıya verilən torpaq sahəsi metronun çıxışında olub. 26 dekabr 2008-ci il tarixli Aktla həmin yer Cavabdeh2 verilmiş torpaq sahəsi ilə dəyişdirilir. Bələdiyyə üzvlərinin ümumi yığıncağının sayı var. Həmin sayla Aktla yerdəyişmə qanunda nəzərdə tutulmayıb.Əgər torpağın yerinin dəyişməsi ilə bağlı qərara gəlinibsə,onda minimum bələdiyyə üzvlərinin 7 nəfərin imzaladığı sənəd qanuni sayıla bilər. Bunu 3 nəfər imzalayıb. Bu gün həmin ərazi dövlət mülkiyyətində olan torpaqdır, Oil Companynin ərazisinə aiddir. İddiaçı ən azından yoldaşının adına olmuş torpaq sahəsini notarial qaydada vərəsə olaraq öz adına keçirtməli idi. Sonra həmin torpağa qanunvericilikdə nəzərdə tutulan formada sənədlər almalıydı və bugünkü gün də iddia verməli idi. Bağırova Rəsmiyə 28 avqust 2001-ci ildə polisə şikayət edib. Yazıb ki, qərarla on 300 kv.metr torpaq sahəsi verilib. Bu qərarı yeni əldə ediblər. 300 kv.metr qeyd edib, eyni tarix eyni nömrədir. 600 kv.metr də eyni tarix,eyni nömrə qeyd edilib. İddiaçı 26 dekabr 2008-ci ildə həmin əraziyə gəlib, ancaq Cavabdeh2 verilmiş torpaq sahəsi ondan əvvəlki tarixə aiddir. Bu gün Cavabdeh2 verilmiş torpaqda məskunlaşıb. İddiaçı sənədinin hüquqi əsası olmaya-olmaya cavabdehin yerinə sonradan gəlibsə, onun ərazisinə müdaxilə edə bilməz. Reallıq odur ki, Cavabdeh2 torpaq sahəsi xanımdan əvvəl verilib. Aktla yer götürülüb, ondan sonrakı tarixdə yer dəyişdirilib.Ümumiyyətlə qanunvericilikdə aktla yer dəyişdirilməsi nəzərdə tutulmayıb. Aktla yer dəyişdirilməsi üçün bələdiyyə üzvlərindən ən azı 7 nəfər üzvün imzası olmalıdır.Tərəfin iddiasının heç bir əsası yoxdur. Cavabdeh2 torpaq sahəsi 2008-ci ildən əvvəl verilib.2008-ci ildən əvvəl verildiyinə görə Cavabdeh2 torpağı ondan qabaq istifadə edir. Koordinatlar uyğun gəlməsə belə, bələdiyyənin verdiyi torpaq sahəsidir.

23. Təkrar apellyasiya baxışı zamanı keçirilən əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirir ki, İ qrup Qarabağ əlilidir. Mübahisəli yer onun yeridir. Qarşı tərəf bələdiyyənin hüquqşünası olub. İllərdir ki, məhkəmələrdədir. Bələdiyyənin nümayəndəsinə, polisə yoxlatdırıb, alıb. Bələdiyyə satıb. Yarıya kimi tikib. Ona iddiaçı xahiş etdi ki, kömək elə,iddiaçını toyuq saxladığı yeri də sökməyib.

Tətbiq edilən hüquq normaları:

24. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71.İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

30. Belə ki, işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisində, Sulutəpə qəsəbəsində 600 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı əsasında X7 mülkiyyətinə verilmiş və Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin üzvü X4 tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli akta görə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 nömrəli qərarına əsasən X7 mülkiyyətinə verilmiş 600 kv metr torpaq sahəsi Bakı Metropoliteninin Xocəsən deposunun tikintisi üçün ayrılmış sahənin hüdudları daxilində yerləşdiyinə görə əvəzləşdirilmiş, ona başqa ərazidə akta əlavə edilmiş cizgi-sxemlə ölçü və sahəsi müəyyən edilən 600 kv metr torpaq sahəsini naturada ölçüb künc nöqtələrini müəyyən etməklə təhvil verilmişdir.

31. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, X12 vəfat etdikdən sonra İddiaçı ərinə satılmış Sulutəpə qəsəbəsində 600 kv metr torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

32. İddiaçı hal-hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının faktiki istifadəsində olan Bakı şəhəri Sulutəpə qəsəbəsində yerləşən 600 kv torpaq sahəsinə yerlışdirdikləri inşaat materiallarının götürülməsi vəzifəsinin həvalə edilməsi və həmin torpaq sahəsinə özbaşına daxil olmalarının qadağan edilməsini xahiş edir.

33. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, iddiaçının iddia etdiyi dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından cavabdehlərə qarşı həmin torpaq sahəsinə dair iddia irəli sürməyə subyektiv hüquqları yoxdur.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5252 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarı ilə X10 ayrılan 600 kv.metr torpaq sahəsinin cizgisində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyinə görə, həmin 600 kv metr torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən “X17” Şirkətinin istifadəsinə verilən dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyi müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olmasına istinad edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlsə də, 2008-ci ildən iddiaçının mübahisə predmeti olan topaq sahəsinə faktiki sahibliyinə hər hansı dövlət orqanı və “X17” Şirkətinin etirazının olmamasını nəzərə almamışdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı uzun müddət sahiblik etdiyi torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etmək üçün subyektiv hüquqa malikdir.

37. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5252 saylı rəyindən müəyyən olunur ki, iddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş 644 kv metr torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş yarımtikili mövcuddur.

38. İşin halları ilə həmçinin müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarı ilə Xocəsən Bələdiyyəsinin ərazisində 500 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə hər kv metr üçün 2 manat olmaqla cəmi 1120 manata Cavabdeh2 Firuddin oğlunun mülkiyyətinə verilmişdir.

39. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarı ilə Cavabdeh2 ayrılan 500 kv metr torpaq sahəsinə dair miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizgi təqdim edilməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin xx.xx.2006 cı il tarixli 25/24 saylı qərarı ilə X10 ayrılan 600 kv.metr torpaq sahəsinin cizgisində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyindən sözügedən cavabdehə verilmiş 500 kv.metr torpaq sahəsinin iddiaçıya verilmiş 600 kv.metr torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır

40. İş üzrə alınmış mütəxəssis rəyinə görə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarı ilə Cavabdeh2 Firuddin oğluna satılmış 500 kv metr torpaq sahəsinə dair miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizgi təqdim edilmədiyindən sərhədlərini müəyyən etmək mümkün olmamış, Cavabdeh2 verilmiş torpaq sahəsinin harada yerləşməsi müəyyən deyildir. Bundan başqa iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaqlara aiddir, cavabdehlərə satılan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğundan onların iddia etdikləri torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi olması da istisna olunur.

41. Mütəxəssis rəyinə görə iddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş 644 kv.m torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş yarımtikili mövcuddur. Digər Cavabdeh1 da izahatında qeyd etmişdir ki, mübahisəli yer onun yeridir. Yarıya kimi tikib. İşdə olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 avqust 2021-ci il qərardan müəyyən olunur ki, Binəqədi rayonu Xocəsən Bələdiyəsinin qərarına əsasən Cavabdeh2 torpaq sahəsini etibarnamə ilə Cavabdeh1 satmışdır.

42. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçının sahiblik hüququnun pozulması halı öz təsdiqini tapdığından hazırki iddia tələbi təmin edilməlidir.

43. Mülki qanunvericiliyə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.§ 25

44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən, İddiaçı sahibliyində olan 600 kv metr torpaq sahəsinə yerləşdirdikləri inşaat materiallarının götürülməsi vəzifəsi həvalə edilməli və cavabdehlərə həmin torpaq sahəsinə özbaşına daxil olmaq qadağan edilməlidir.

45. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən, İddiaçı sahibliyində olan 600 kv metr torpaq sahəsinə yerləşdirdikləri inşaat materiallarının götürülməsi vəzifəsi həvalə edilsin və cavabdehlərə həmin torpaq sahəsinə özbaşına daxil olmaq qadağan edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş manat) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar